"Qurtuluş"un rəhbəri ilə bağlı məhkəməyə təqdimat daxil oldu

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Sozcu.az xəbər verir ki, təqdimatda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilir. Təqdimata bu gün baxılacağı və qərar qəbul olunacağı gözlənilir. Xatırladaq ki, "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Salmanov Ceyhun Məzahir oğlu, daha iki əməkdaşı - Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu saxlanılıb. Onıar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüş zamanı həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci Düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.

Külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə yanvarın 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda palçıq vulkanı püskürüb

Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb. Bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib. Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub./APA

Bakıda 2 nəfər dəm qazından öldü

Bakıda daha iki nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Bundan əlavə analoji hadisə Nərimanov rayonunda yaşanıb. Xətai küçəsi, ev 33, mənzil 12-də yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında dəm qazından ölüb. Araşdırma aparılır.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanıldı

09:53 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Ceyhun Məzahir oğlu Salmanov, Elşad Məhərrəm oğlu Məhərrəmov və Natiq Eldəniz oğlu Əliyev tutulub. Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb. Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub. *** "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşa elan olunan ittiham məlum olub. Məlumata görə, onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Qar yağacaq, 15 dərəcə şaxta olacaq - ŞƏNBƏNİN HAVASI

Yanvarın son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...

“Bu məsələ düzgün şərh olunmayıb. Sumqayıtda qeydiyyatdan keçən  taksi sürücüsü yalnız Sumqayıt şəhəri ətrafında xidmət göstərə bilər, bu doğrudur. Eyni zamanda Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Buna qadağa yoxdur”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib. O qeyd edib ki, tələb yalnız  ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçib Sumqayıta gedib orada xidməti aktiv etmək olmaz:   “Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Sadəcə Bakıdan müştəri götürə bilməz. O, müştərini Bakıya gətirib çatdırıb təzədən Sumqayıta qayıtmalıdır və orada işini davam etdirməlidir. Eyni zamanda Bakıdakı sürücü də Sumqayıta müştəri olsa rahat şəkildə apara bilər. Tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçən sürücü Sumqayıtda xidməti aktiv edə bilməyəcək. Çünki sürücünün  qeydiyyatı hansı ərazi üzrədirsə, taksi tətbiqində də fəaliyyəti yalnız həmin ərzi üçün aktivləşir. Təbii ki, bundan bəziləri narazıdır. Onlar istəyir hər yerdə xidmət göstərsinlər. Amma  dövlətin qoyduğu qayda-qanun budur. Bu qaydalara əsasən, Bakı şəhəri üçün taksi kvotası 25 min olaraq müəyyən edilib. Hazırda isə bu rəqəm 40 mini keçib. Dövlət islahatlar aparır ki, Bakıda taksilərin sayı mərhələli şəkildə 25 minə düşsün. Bu, təbii proses olacaq və bu gün-sabah kiminsə buraxılış kartı ləğv edilməyəcək. Nəzərə almaq lazımdır ki, sürücülərin bir qismi Bakıdan kənarda – Sumqayıt, Abşeron və digər ərazilərdə yaşayır. Onlar qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərməlidirlər. Qanunla proses məhz bu cür tənzimlənir. Hazırkı qanunvericiliyin tələbi ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçmiş taksi Bakıda fəaliyyət göstərsin. Eyni ilə Sumqayıt, Xaçmaz və ya Şirvanda qeydiyyatda olan taksilər isə həmin ərazilərdə işləməlidir”. E. Muradlı bu islahatların qiymətlərə müəyyən təsir göstərəcəyini deyib: “Əgər Bakıda taksilərin sayı 25 minə endirilsə, qiymət artımı qaçılmaz olacaq. Bu, sürücülərin bir qisminin də arzuladığı məsələdir. Amma 40 minə yaxın taksini birdən-birə 25 minə salmaq mümkün deyil, bu yalnız zamanla baş verə bilər. Hazırda vəziyyət belədir ki, təxminən 15 min nəfər sadəcə sənəd alıb, amma aktiv fəaliyyət göstərmir. Bəziləri bunu ehtiyat variant kimi saxlayır. AYNA-nın apardığı yoxlamalar göstərir ki, Bakı şəhəri üzrə faktiki olaraq aktiv taksi xidməti göstərənlərin sayı 22 min civarındadır. Məhz bu rəqəmə əsaslanaraq 25 minlik kvota normal hesab olunur. Biz bu məsələni AYNA rəhbərliyi və digər qurumlarla müzakirə etmişik ki, əsas dolanışıq mənbəyi taksi fəaliyyəti olan insanlar kənarda qalmasın. Elə ailələr var ki, bir neçə nəsildir bu peşə ilə məşğuldur. Arzumuz odur ki, kvota təsdiqlənərkən bu cür sürücülərə müəyyən güzəştlər tətbiq olunsun. Axşamlar əlavə qazanc üçün taksi sürənlərlə, günün 12–14 saatını bu işə sərf edənləri eyniləşdirmək düzgün deyil. Təbii ki, daimi peşə kimi taksi fəaliyyətini seçən sürücülərə üstünlük verilməlidir”.  Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.  İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub. Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.

Nazirliyin əməkdaşı 18 kiloqram qızılla həbs olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. Sozcu.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub. İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib. Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Kriptovalyuta bazarında zəlzələ – 24 saatda 8000 dollardan çox itki

Kripto valyuta bazarı yanvar ayının sonunda kəskin dalğalanmalarla qarşı-qarşıya qalıb. Sozcu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazarın ən böyük kripto aktivi “Bitcoin” son 24 saata təxminən 6% ucuzlaşaraq 90.000 dollardan 82.000-in altına düşüb. Bu yanvar ayında 4-cü ucuzlaşmadır. Bu gün “Bitcoin” qiyməti təxminən 81.190 dollara geriləyərək son iki ayın ən aşağı səviyyəsini görüb. Bu ucuzlaşmaya “Bitcoin” ETF-lərindən milyardlarla dollar çıxışın baş verməsi mühüm rol oynayıb.

Ov mövsümünün müddəti uzadıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O bildirib ki, ölkə ərazisində quşların qış sayğısı yekunlaşıb və mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciətləri nəzərə alınaraq ov mövsümünün 1 mart 2026-cı il tarixinədək uzadılması məqsədəuyğun hesab olunub. Xidmət rəsmisi vurğulayıb ki, ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni icazə sənədləri əsasında ov etməlidirlər, qadağan olunmuş ərazilərdə, o cümlədən milli parklar və dövlət təbiət qoruqlarında ov hallarına yol verilməməlidir.

Tramp İranda gizli əməliyyatları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişləndirilmiş hərbi variantları, o cümlədən nüvə və raket obyektlərinə zərbələr endirməyi və ölkə daxilində mümkün reydləri nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Seçimlər hədəf hava hücumlarından tutmuş gizli əməliyyatlara və İran rəhbərliyini qeyri-sabitləşdirmək səylərinə qədər dəyişir”, - məlumatda bildirilib.

Bu gün Gizli Müsavatın rəhbəri Dadaş Həsənzadənin anım günüdür

Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri 28 yanvar 1927-ci ildə güllələnmişdir. 1926-cı ilin əvvəllərində ADSİ ikinci gizli "Müsavatın" üzvlərinin siyahısını əldə edərək və onların fəaliyyətlərini izləyərək onları həbs etmişdir. Dadaş Həsənzadə həmin ilin 11 mart tarixində həbs edilmişdir. 13 mart 1926-cı il tarixindən başlayaraq səkkiz ay davam etmiş Dadaş Həsənzadənin istintaq dindirilmələrində o, müsavatçı olduğunu, gizli təşkilata rəhbərlik etdiyini, Tiflisə getdiyini və Gürcüstan Milli Komitəsi ilə əlaqə qurduğunu inkar etmişdir. Yalnız 1926-cı ilin noyabr ayında D. Həsənzadə ona qarşı yığılan dəlillərin çoxluğu və müstəntiqlər tərəfindən tətbiq edilən ardı-arası kəsilməyən mənəvi və fiziki işgəncələrin tətbiq edilməsinin nəticəsində etirafedici ifadələr verməyə başlamışdır. Amma o, ancaq özünün təqsirli olduğunu etiraf etmiş, hər şeyi yalnız öz boynuna almış, yaxud da müsavatçıların mühacirətdə olan və ölən üzvlərinə qarşı ifadələr vermişdir ki, belələrini ADSİ həbs edə bilməzdi. İstintaq dindirilmələrinin mətnindən görünür ki, D. Həsənzadə nə Bakıdakı yoldaşları, nə də "Müsavatın" qəza komitələrinin tərkibi barədə bir kəlmə də olsun ağzından qaçırmamışdır. 28 yanvar 1927 ildə Müsavat Partiyasının ikinci gizli təşkilatının 34 üzvünün tezləşdirilmiş rejimdə məxfi qapalı məhkəmə prosesi keçirilmişdir. Bu məhkəmədə Dadaş Həsənzadə güllələnməyə məhkum olunmuşdur. D. Həsənzadə ADSİ mühafizəçiləri dindirilmələrin birində Jukov soyadlı müstəntiqə hücum edib onun bir gözünü vurub kor etdiyinə görə güllələmişdirlər. Sözcü.az

Bu xəstəxanaya baş həkim əvəzi təyin edildi - Bir ayda ikinci dəfə

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim əvəzi təyin edilib. Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə həkim-psixiatr Sultanə Salmanova sözügedən vəzifəyə gətirilib. Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev bir ay əvvəl bu vəzifəyə Yaqut İlyasova Hidayət qızını təyin etmişdi. Naməlum səbəblərdən Yaqut İlyasova vəzifəsindən azad edilib. Sosial şəbəkələrdə Yaqut İlyasovanın qazilərə hörmətsizlik etməsi ilə bağlı iddialar yayılmışdı.

“Xəzər asayişi” Alyansının təməlləri atılır

İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri Yerusəlim-Bakı, Yerusəlim-Astana münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricidir. İsrail və Azərbaycan arasında münasibətlərin “strateji tərəfdaşlıq” mərhələsinə daxil olması, Qazaxıstanın Abraham sazişiniə qoşulması ABŞ, Azərbaycan və İsrail arasında şərti olaraq “Xəzər asayişi” Alyansı adlandırdığım hərbi-siyasi ittifaqın çox yaxın gələcəkdə gerçəkləşəcəyini söyləməyə imkan verir. Hətta Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri zamanı əldə olunan razılaşmalarla bu ittifaqın təməllərinin atıldığını söyləmək mümkündür.  ABŞ, Azərbaycan və İsrail arasında “Xəzər asayişi” Alyansı hərbi-siyasi ittifaqın yaradılması ideyası ilə çıxış edərkən Mərkəzi Asiya dövlətlərinin, ilk növbədə Qazaxıstanın bu Alyansa qoşula biləcəyini qeyd etmişdim. Ancaq belə görünür ki, Qazaxıstan ilk gündən bu Alyansın üzvü ola, üçlü deyil, dördlü regional hərbi-siyasi ittifaq yarana bilər. ABŞ vitse-prezidenti  Ceyms Di Vensin fevral ayında Azərbaycana səfəri “Xəzər asayişi” Alyansının formalaşması prosesini daha gücləndirəcək. Venslə eyni vaxtda İsrail prezidenti və ya Baş naziri Bakıya səfər edərsə, “Xəzər asayişi” Alyansı bir neçə gündən sonra təsis edilə bilər.  Cəmi bir neçə ay əvvəl çoxlarına xəyal kimi görünən “Xəzər asayişi” Alyansı üçlü ittifaqı artıq gerçəkləşmə mərhələsinə daxil olub və prosesin geri dönüşü yoxdur.  “Xəzər Asayişi” Alyansının yaranması Xəzər hövzəsində son 200 ildə formalaşmış və Rusiyanın ağalığını təmin edən siyasi düzəni dağıdacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın faciələrinin səbəbi məhz bu siyasi düzənin dağıdacaq yeganə formul budur.  Rusiyanın ağalığını təmin edən siyasi düzəninin dağılması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın suverinliyini gücləndirməklə yanaşı bu ölkələrin təhlükəsizliyinin təminatına çevriləcək. “Xəzər Asayişi” Alyansının yaranması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstan, Özbəkistan və Türkmənistan qlobal iqtisadiyyata inteqrasiyasına güclü təkan təkan verərək bu ölkələrin xalqlarının rifahının yüksəlməsinə də ciddi təsir edəcək. Bu proses eyni zamanda Güney Azərbaycanın və İrandakı digər türk bölgələrinin, yaxın gələcəkdə isə Rusiya əsarətindəki türk xalqlarının həyati əhəmiyyətli maraqlarının hüquqlarının qorunmasında da böyük rol oynayacaq.  Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri hər iki ölkə ilə yanaşı bölgədəki Türk dövlətlərinin və xalqlarının həyati əhəmiyyətli maraqlarının təmin edilməsinə xidmət edən hadisə olsa da, Türkiyədə böyük narazılıqla qarşılanıb. Siyasi islamçıların əsas yayım orqanlarından olan “Yeni Agit” qəzeti Azərbaycan prezidentini sərt tənqid edib. Xarici İşlər naziri Hakan Fidana yaxınlığı ilə tanınan jurnalist Adnan Zentürk bir qədər də irəli gedərək Azərbaycanı və Qazaxıstanı təhdid edərək, Türkiyənin tədbir görəcəyini bəyan edib. Azərbaycanı və Qazaxıstanı tənqid, təhdid edənlərin yeganə “dəlili” ondan ibarətdir ki, Bakı və Astana Qəzzanı özlərinin maraqlarına qurban verirlər. Elə bir gün olmur ki, Rusiyadan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın ünvanına təhdid səslənməsin. Ən son olaraq müasir raşizmin ideoloqlarından biri olan Aleksandr Duqin  Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digər postsovet respublikalarının müstəqilliyinin Rusiya üçün qəbuledilməz olduğunu bəyan edib. Bütün bu təhdidlərə bir dəfə olsun cavab verməyənlərin Azərbaycan və Qazaxıstanı tənqid etməyə mənəvi haqqları yoxdur.  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan özlərinin həyati əhəmiyyətli maraqlarını Qəzzaya, ərəblərə qurban verməyə istəmək ümumiyyətlə sağlam ağılın məhsulu ola bilməz. Xəqani Cəfərli, politoloq

Mina qurbanlarının sayı açıqlandı

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib. Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Mirzoyan sülh müqaviləsindən danışdı: yaxın aylarda...

“Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsi imzalanacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 28 yanvarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı bildirib. "Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə qarşılıqlı yardımın göstərilməsi daxildir", - deyə Mirzoyan bildirib. O əlavə edib ki, TRIPP (Zəngəzur dəhlizi) Cənubi Qafqaz regionunda "sülh və əməkdaşlıq üçün semantik amilə" çevriləcək.

Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə ötən il 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.

İran Əfqanıstandakı proksi qüvvələrini meydana çıxarır

ABŞ-ın İrana hücum ehtimalının artması ilə eyni vaxtda Tehran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana çıxarmağa çalışır. Sozcu.az xəbər verir ki, bununla bağlı ötən gün İranın Əfqanıstanın Məzari Şərif şəhərindəki baş konsulluğunda tədbir keçirilib. Tədbirdə ölkənin şiə din xadimləri və İrana bağlı qrupların rəhbərləri iştirak edib. Onlar İrana qarşı hər hansı hücumda Əli Xameneini dəstəkləyəcəklərini bildiriblər. İranın Əfqanıstandakı baş konsulu Əlirza Əhmədi dəstəyə görə əfqanıstanlı şiə alimlərinə minnətdarlığını bildirib. Qeyd edək ki, əfqanıstanlı şiələrdən ibarət SEPAH-a bağlı "Fatimiyyun" silahlı qruplaşmasının İranda etirazçılara qarşı repressiyalarda iştirak etdiyi barədə məlumatlar yayılıb.

Tramp İranı hədələdi: Vaxt bitir, növbəti hücum daha pis olacaq

Nəhəng bir armada İrana doğru gedir. O, böyük güc, həvəs və məqsədlə hərəkət edir. Bu, Venesuelaya göndərilən böyük təyyarədaşıyan gəmidən daha böyük bir donanmadır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Venesueladakı kimi, o da öz missiyasını lazım gələrsə, sürətlə və zorakılıqla yerinə yetirməyə hazırdır, istəklidir və qadirdir. Ümid edirəm ki, İran tez bir zamanda masa arxasına keçəcək və ədalətli, bərabər bir razılaşma - nüvə silahlarına yox - bütün tərəflər üçün yaxşı olan bir razılaşma əldə edəcək. Vaxt bitir. Bu, həqiqətən də vacibdir! İrana demişdim ki, razılaşma bağlasın! Onlar bunu etmədilər və İranın böyük bir məhvinə səbəb olan "Gecəyarısı Çəkic" əməliyyatı baş verdi. Növbəti hücum daha pis olacaq! Bunu bir daha təkrarlamayın”, - o qeyd edib.

Kanada özünü məhv edir - Tramp

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə əməkdaşlığını sərt tənqid edərək bunun ölkə üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib. Sozcu.az xəbər verir ki, Donald Tramp "Truth Social" sosial şəbəkəsində Kanadanın Çin Xalq Respublikası ilə yaxınlaşmasının özünə zərər vurduğunu qeyd edib. “Kanada sistemli şəkildə özünü məhv edir. Çinlə saziş onlar üçün fəlakətdir”, - ABŞ prezidenti yazıb. Trampın sözlərinə görə, Ottavanın Pekinlə bağlayacağı mümkün razılaşma Kanada tarixində ən uğursuz ticarət sazişlərindən biri ola bilər.

Tahir Əmiraslanova qadağa qoyuldu - Kulinardan ETİRAZ

“Təsadüfən öyrəndim ki, bir TV kanalında mənım çıxışlarıma qadağa qoyulub. Adını çəkmirəm oradakı jurnalistlərə hörmətim var”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov bildirib. “Bütün TV-lərə, ümumiyyətlə jurnalistlərə həmişə hörmətlə yanaşmışam. Amma hansısa TV kanala və ya jurnalistə heç vaxt “gəlin məndən müsahibə alın” dediyim olmayıb. Öz tamaşaçısına və ya oxucusuna mənim sənətimdən nəsə demək istəyən olkəmizdəki yaxud xaricdəki TV, mətbu orqanı, jurnalist özləri təşəbbüs göstərib müsahibə istəyiblər, mən də çalışmışam “yox” deməyim... Mətbəximizin tanınmasında, millətimizin mariflənməsində bu müsahibələrin böyük rolu olub. Hər dəfə jurnalistlər müsahibənin nə qədər rezonans yaratdığını deyib, yeni müsahibə istəyiblər”, - T.Əmiraslanov deyib. O, adını çəkmədiyi TV-nin rəhbərliyinə də səslənib: “Siz mənı kiminləsə səhv salmısınız! Siz mənı yox, öz tamaşaçınızı, öz oxucunuzu cəzalandırmısınız. O da bunu cavabsız qoymayacaq. TV-nin pultunu başqa kanala çevirəcək... Mən fikrimi özüm istəyəndə sosial şəbəkələrdən, yaxud digər TV-lərdən çatdırmağı da bacarıram... Amma başa düşmürəm bunu hansı ağılla və niyə edirsiniz? Mənı işdən çıxaranda da səbəbini başa düşmədim. Məni çıxarandan sonra, 3 ildə yerimə dördüncü direktor qoymusunuz. Nəticəsi? Kim itirdi bundan? Mən, yoxsa xalqımız, dövlətimiz? Kim qazandı? Yalnız qonşular. İndi kim itirir? Kəndimizdə belə hallarda deyərdilər “Başına at təpib?” …Hərdən bir qərar verəndə papağınızı önünüzə qoyub fikirləşin! Əgər papağınız varsa! Bir də imkan olanda, məni düşmən görmənızin heç olmazsa səbəbini bildirin! Lütfən!”

İsrail Hizbullaha yenidən zərbələr endirdi

İsrail hərbi qüvvələri Livanın müxtəlif rayonlarında Hizbullah mövqelərinə yenidən zərbələr endiriblər. Sozcu.az xəbər verir ki, İsrail ordusunun (ÇAXAL) mətbuat xidmətinin məlumatında deyilir. "Hizbullahın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın bir neçə ərazisində Hizbullah terrorçularının hədəflərinə zərbələr endirib", - deyə bildirilib.