Maşın aşdı: Ata və ana yaralandı, övladları öldü

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar. Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vahid Əhmədovdan ittihamlara cavab: “Göstərişi kim verib, bilirəm”

“Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm”. Sozcu.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov deputat həmkarlarının ittihamlarına cavab olaraq deyib. O bildirib ki, bugünkü çıxışlarla bağlı kim bu göstəriş verib, onu da bilir: “Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”. Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm” – deyə bildirib.

Sumqayıt Tibb Mərkəzində araşdırma: Cinayət işi açıldı

“Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şəhid anası vəfat etdi

Şəhidimizin anası dünyasını dəyişdi. Faktmedia.az-a verilən xəbərə görə şəhid Ayhan Haqverdiyevin anası İntizar Haqverdiyeva cavan yaşında dünyasını dəyişib. Şəhidin bacısı  bildirib  ki, anası  övlad itkisinə  dözməyib ürəyi  dayanıb. Qeyd edək ki, Ayhan Haqverdiyev  2020-ci il oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün gedən Vətən müharibəsində şəhid olub.

Biləsuvarda yol qəzasında 3 nəfər xəsarət alıb

Biləsuvar rayonunda yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, qəza hadisəsi səhər saatlarında rayondakı Süd zavodunun yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 3 nəfər - 1989-cu il təvəllüdlü Gülnar Rufullayeva, 1989-cu il təvəllüdlü Tamaşa İmanova və 2016-cı il təvəllüdlü Dəniz Mirzəyeva xəsarət alıblar. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.

Prezident: Azərbaycan-İsrail əlaqələri daim yüksələn xətlə inkişaf edir

Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer almışdır. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubunda deyilir. “Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır”, - dövlət başçısı vurğulayıb.

İncenin partiyası yavaş-yavaş “incəlir”: Daha 150 istefa

Türkiyədə prezidentliyə namizəd Muharrem İncenin sədri olduğu, CHP-dən qopmuş Məmləkət Partiyasında növbəti dəfə kütləvi istefa olub. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə partiyanın Zonquldak vilayət təşkilatından 150 nəfər istefa verib. Məlumatı təsdiqləyən yerli təşkilatın sabiq sədri Mukadder Yalçın istefaların İncenin siyasətinə və deputatlığa namizəd seçiminə etiraz xarakteri daşıdığını vurğulayıb. Qeyd edək ki, bundan əvvəl partiyanın Hatay vilayət təşkilatından da 350 nəfər istefa vermişdi. Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur. 

Saatı beş manata olan avtodaynacaq paytaxtın hansı küçəsindədir?

Saatı beş manata olan avtodayanacaq paytaxtın hansı küçəsindədir? Bu günlərdə Belediyye.info daxil olan məlumatda paytaxtda bir saatı beş manata olan avtodayanacağın fəaliyyətə başladığı deyilirdi. Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsi 75 ünvanında fəaliyyətə başlayan avtodayanacaq əlli avtomobil üçün nəzərdə tutulub.  Tanınmış  bir supermarketin qarşısında fəaliyyət göstərən avtodayanacağın ilk bir saatı pulsuzdur. Novbəti bir saatı beş manat, iki saatdan artıq dayananlar üçün isə 10 manat müəyyən edilib. Ərazidə bizdə müşahidə apardıq. Ən müasir avadanlıqla təchiz edilmiş dayanacaqda qiymətlərin digər dayanacaqlardan dəfələrlə baha olması təəssüf və təəccüb doğurur. Paytaxtın bütün ərazilərində fəaliyyət göstərən ən müasir avtodayanacaqlarda saatı bir manata olduğu halda, maraqlıdır, bu dayanacaqda qiymət niyə və hansı əsasla baha müəyyən edilib. Nəzərə alaq ki, dayanacaq ümumi istifadə olunan ərazidə fəaliyyət göstərir. Yəni bu dayanacaq üçün hər hansı formada kapital qoyuluşu olmayıb. Sadəcə girişə çıxışa şlaqbaum yerləşdirilib. Yaxşı belə olan halda niyə bəs beş manat. Müşahidələrimiz göstərdi ki, burda supermarketdə daxil olan şəxslərin müəyyən qismi bir saat ləngiyə bilər. Lakin dayanacağın əsas maliyyəsi  yaxınlıqdakı sirkə gələn şəxslərdən daxil olur. Bunu orda çalışanlarda təsdiq etdi. Hər halda bu dayanacaq qiymətinin bu qədər baha olması yolverilməzdir. Maraqlıdır, dayanacaq rüsümunu ödəyənlərin hər birindən on qəpik yalnız bələdiyyə büdcəsinə ödənilməli olduğunu onu işlədənlər bilirlərmi? Bəzi dayancaqlardakı qiymətlərlə tanış olaq. "Park Bulvar"ın yeraltı dayanacaqdakı qiymətlər aşağıdakı kimidir:  1 saat - 1 AZN 1-3 saat - 2 AZN 3-8 saat - 3 AZN 8-12 saat - 6 AZN 12-15 saat - 10 AZN  Yeni açılan "Metropark" ticarət mərkəzinin dayanacağı tamamilə pulsuzdur. "Amay" ticarət mərkəzinin yeraltı dayanacağında 1 manat verməklə bir sutka avtomobili orada saxlamaq olar. "Nərgiz" ticarat mərkəzinin yeraltı dayanacağında 1 saat avtomobil saxlamağın qiyməti 1 manatdır. "Nizami" metrosu tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacaq da əhali arasında kifayət qədər populyardır. Bu dayanacağın qiymətləri aşağıdakı kimidir:  6 saat - 1 AZN 12 saat - 2 AZN 24 saat - 4 AZN Həmin dayanacaqda aylıq abunə haqqı 100 manatdır. "Park Center" ticarət mərkəzində avtomobil dayanacağının qiymətləri aşağıdakı kimidir:  1 saat - 1 AZN 1-3 saat - 2 AZN 3-6 saat - 4 AZN 6-12 saat - 6 AZN 12-24 saat - 8 AZN Hər halda düşünməyə dəyər. Ancaq inanırıq ki, müvafiq orqanlar bu məsələ ilə bağlı öz sözlərini deyəcək və qiymətlərin niyə belə baha olmasına bir aydınlıq gətirəcəklər.

"Yolüstü"nün admini qəzada öldü

Feysbukda insanların yol yoldaşı axtardığı "Yolüstü" qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib. C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edildi

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb. Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib. Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi./Report

Antiterror əməliyyatı: 110 nəfər saxlanıldı

Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində PKK-ya qarşı Diyarbakır, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda əməliyyatlar həyata keçirilib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb. Hazırda əməliyyat davam etdirilir.

Ukrayna ordusu gələn ay hücuma keçəcək

Ukrayna aprelin sonuna qədər hər biri 4 minə yaxın hərbçidən ibarət 12 briqada hazırlamaq və may ayında hücuma keçmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, ABŞ və NATO-nun müttəfiqləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir və onları lazım olan silah-sursatla təchiz edir. Məlumata görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının detallarını çatdırıb. Məxfi məlumatda əks-hücum əməliyyatında iştirak edəcək qüvvələrin ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizində sahil xətti boyunca yerləşdiriləcəyi gözlənilir. Hazırda Ukrayna ordusunda kritik əməliyyata hazırlıq işləri gedir. 

Rusların Baxmutda irəliləməsi dayandı

Ruslar Baxmut və onun ətrafına hücumlarını davam etdirsələr də, son iki gün ərzində heç bir irəliləyiş əldə etməyiblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ukrayna ordusu Baxmutun şimal-qərbində rusların hücumlarını dəf edib. Onlar Xromovo-Çasov Yar yolundan vaqnerçiləri geri oturtmaq üçün mübarizəni davam etdirir. Rusiya nizami qoşunları isə Baxmutdan şimal-qərbdə Ukrayna Silahlı Qüvvələri ilə mövqe döyüşlərində iştirak edir. “Vaqner” şirkətinin rəhbəri Priqojin bildirir ki, onun muzdlularının vəzifəsi Ukrayna qüvvələrini mümkün əks-hücumdan əvvəl darmadağın etməkdir”, - məlumatda deyilib.

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu yenidən hakim qarşısına çıxır

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən, 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 27-nə təyin edilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə həbs cəzası verilib. İttihama görə, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb. Belə ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Z.Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirhadı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib. Qeyd edək ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.

Ağdaşda qənnadı fabrikindən oğurluq edən, azyaşlıya qarşı soyğunçuluq törədən şəxslər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində oğurluq edən və azyaşlıya qarşı soyğunçuluq cinayəti törədən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhər ərazisində yerləşən qənnadı fabrikindən ümumi dəyəri 15 000 manat olan motorların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Həsənov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə metal qəbulu məntəqəsinə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə motorlar da satdığı yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 1 200 manat olan dəmir materiallar, elektrik naqili və digər məişət əşyaları oğurlayan rayonun Yuxarı Zeynəddin kənd sakini Rövşən Cavadov saxlanılıb, onunla əlbir olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı isə azyaşlının mobil telefonunu soyğuçuluq yolu ilə ələ keçirən 16 yaşlı rayon sakini, eləcə də yeni tikilməkdə olan evdən elektrik naqillərini oğurlayan daha iki yeniyetmə saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi mobil telefon saxlanılan şəxsin üzərindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Ağcabədidə sursat aşkarlanıb

Ağcabədidə sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müğənni qızına toy etdi

Müğənni Fuad Musayevin qızının toyu olub. Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, Bakıda keçirilən məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər. Gecədən görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, sənətçinin bir qız övladı da var.

Küsülü qala bilməyən 3 bürc

Bəzi insanlar sevdikləri ilə 3 gündən artıq küsülü qala bilmir. Onlar digərlərinə nisbətən daha asan bağışlayırlar. Astrologiyada da bu cür xarakterə malik olan bürclər var. Sozcu.az Bakupost.az-a istinadla küsülü qala bilməyən 3 bürcü təqdim edir. BALIQ - Sevdikləri ilə böyük problemlər yaşasalar da, barışmağın yolunu tapırlar. Kin saxlamırlar. Bəzən barışmaq üçün qarşı tərəfdən addım atılmasını gözləyirlər. Amma çox vaxt bunu özləri edir. OĞLAQ - Heç vaxt kindarlıq etmirlər. Olduqca bağışlayıcıdırlar. İnsanlarala ünsiyyətdə olmağı çox sevirlər. Heç vaxt mübahisə tərəfdarı olmurlar. Belə hal baş verərsə, həll yolu axtarmağa başlayırlar. ƏKİZLƏR - Ətraflarındakı insanlarla söhbət etməyi çox sevirlər. Ona görə də küsmək ağıllarından keçmir. Böyük mübahisələr yaşasalar da, bir neçə saat sonra dərhal barışırlar. Səbrsiz insanlar olduqları üçün kimləsə danışmadan qala bilmirlər.

Prokurorluq Biləsuvardakı partlayışla bağlı daha bir məlumat yayıb

Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib. Biləsuvar rayon prokurorluğundan Sozcu.az-a verilən xəbərə görə, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir. Beləliklə də, faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

TƏBİB Lənkəranda qidadan zəhərlənənlərin vəziyyəti ilə bağlı məlumat yayıb

Aprelin 24-də qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirilir. Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib. "Tibb müəssisəsinin müvafiq şöbəsində müalicə alan şəxslərin vəziyyətləri stabildir", - deyə vurğulanıb. Qeyd edək ki, ötən gün Lənkəran rayonunun Bəliton kənd sakini Ağayev Arzuman Vəliağa oğlunun yaşadığı evdə keçirilən ad günü mərasimindən sonra sonuncu, onun ailə üzvləri və qohumları, ümumilikdə 17 nəfər şəxs “dəqiqləşdirilməmiş zəhərlənmə, ürək bulanma” diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra 7 nəfər şəxsin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Hazırda faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.

“Əl-Nəsr” uduzdu, Ronaldo məşqçiləri ilə mübahisə etdi

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsində "Əl-Vehda" ilə oyundan sonra məşqçilər heyəti ilə mübahisə edib.  Sozcu.az xəbər verir ki, portuqaliyalı hücumçu məşqçiləri qıcıqlandıran sözlər deməyə başlayıb. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.  Matç isə 1:0 hesabı ilə “Əl-Vehda”nın xeyrinə başa çatıb. Beləliklə, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda mübarizəni dayandırıb. Turnirin final oyununda "Əl-Vehda" "Əl-Hilal"la qarşılaşacaq.  Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl Nəsr"lə müqavilə imzalayıb. 38 yaşlı forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 13 oyunda 11 qol və 2 qol ötürməsi ilə yadda qalıb. 

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan daha biri Bakıya təxliyə edilib. Sozcu.az-ın məlumatına görə, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb. Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.report

Qusar sakini 2-ci mərtəbədən yıxılaraq öldü

Qusar sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində baş verib. Belə ki, Məhəmməd Coğrafəddin oğlu Əhmədov Qusar rayonun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbəsindəki pəncərəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Həmin faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 82,70 dollara, yüngül neftin bir barreli isə 78,74 dollara təklif edilir.