İrəvanda beynəlxalq səviyyəli idman tədbirində Azərbaycan bayrağının yandırılmasında Rusiya kəşfiyyatının daha çox rol oynaması ehtimalı nə qədərdir?..
“Bu davamlı təxribat seriyalarının qarşısını almaq üçün, öncə dediyim kimi, səbəbkar, təhrikçi, təxribatçı aşkarlanmalı, onun fəaliyyəti faktlarla, sübutlarla ortaya qoyulmalı və o, ifşa olunmalıdır. Bu baş verməyincə sərhədlərimizdə, Qarabağda və yaxud İrəvanda belə təxribat və aksiyalar davam etdiriləcək...”
Görəsən, Ermənistanda ələ keçirilmiş hərbçilərimizə qarşı amansız münasibətdən və onların həbsdə saxlanmasından sonra İrəvanda beynəlxalq səviyyəli idman tədbirində Azərbaycan bayrağının yandırılması bu əməli törədənin öz təşəbbüsü idi, yoxsa daxildən hansısa qruplaşma, yaxud xarici kəşfiyyat tərəfindən təşkil olunub? Burada Rusiya kəşfiyyatının daha çox rol oynaması ehtimalı nə qədərdir? O mənada ki, Moskva bu cür təxribatlarla azı üç məqsəd güdür: birincisi, Azərbaycanla Ermənistan arasında daha çox qarşılıqlı nifrət yaratmaqla sülh prosesini daha da uzatmaq, ikincisi, Azərbaycanı Zəngəzur istiqamətində genişmiqyaslı hücuma təhrik etmək və üçüncüsü, Ermənistanı onun barbar ölkə obrazını gücləndirməklə Qərbin gözündən salmaq, yəni onun Qərbə inteqrasiyasının qarşısını almaq...
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
“İrəvanda Azərbaycan bayrağı və idmançılarımızla bağlı təxribatın kim tərəfindən hazırlandığını birmənalı olaraq deyə bilmərəm. Amma onu birmənalı deyə bilərəm ki, bu cür olayların bir qayda olaraq Azərbaycan-Ermənistan münasibətlərində müəyyən dinamika, hətta dinamikaya yaxın bir hadisələr, addımlar olanda meydana çıxması təsadüf sayılmamalıdır. Bunun hansısa xarici güc tərəfindən təşkil və ya təhrik edilməsini araşdırmaq isə ilk növbədə, əlbəttə ki, Ermənistan dövlət orqanlarının, təhlükəsizlik və hüquq-mühafizə qurumlarının və siyasi hakimiyyətinin marağında olmalıdır və bu, onların səlahiyyətindədir. Buyursunlar, araşdırsınlar, aşkarlasınlar və bildirsinlər ki, həmin təxribat kimin, hansı ölkənin sifarişi ilə həyata keçirilib. Bəli, onda bilinəcəkdir ki, həm siz deyən kimi Ermənistanı Qərb dünyasında gözdən salmaq, barbar dövlət kimi təqdim etmək, həm sülh prosesinə mane olmaq, həm də Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı nifrət yaratmaq və s. kimə lazımdır. O zaman, necə deyərlər, səbəbkarın adı və özü bəlli olacaq. Niyyəti isə öncədən bəllidir. Niyyət birmənalı şəkildə sizin sadaladığınız amillərdir. Bundan başqa da məqsəd həm də gündəmi dəyişməkdir. İstər Azərbaycandan, istər Ermənistandan gələn bütün müsbət tendensiyalar, müsbət mesajlar, özü də yalnız dövlətlər, hakimiyyətlər səviyyəsində deyil, həm də vətəndaş cəmiyyəti, sadə insanlar səviyyəsində yarananda təxribatçı güclər mütləq nəsə törədib gündəmi dəyişdirirlər. Özü də ilk baxışdan xırda, amma kifayət qədər effektiv bir nəticə ilə... Bax, bu hadisə də o seriyadan olan olaylardandır. Və təəssüflə deyirəm ki, bu proses hələ davam edəcək, durmadan yeni-yeni təxribatlar törədiləcək, yeni-yeni oxşar aksiyalar təhrik olunacaq, Və nəhayət, belə addımlar o zamanadək davam edəcəkdir, bu cür təxribatların təhrikçisi, təşkilatçısı aşkarlanıb faktla, sübutla və açıq mətnlə ortaya qoyulmayacaq. Hələlik isə bu davam edir. Və bu, Ermənistanın özünə də ziyandır. Bu, Azərbaycan- Ermənistan münasibətlərinin inkişafına da ziyandır. Bu, iki xalq arasında qarşılıqlı nifrəti daha da çoxaltmaqla yeni müharibə riskini artırmaq mənasında həm Azərbaycan, həm də Ermənistan üçün zərərlidir”.
Analitik hesab edir ki, bəhs edilən və bu günədək Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı digər təxribatların törədilməsində maraqlı olmasə ehtimal edilən tərəf ilk növbədə Rusiyadır.
“Bu məsələdə maraqlı olması ehtimal edilən tərəflərdən biri və birincisi, əlbəttə ki, Rusiyadır. Bu, çox birmənalıdır. Biz gördük ki, Qərbdən, Vaşinqtondan görüş təklifi gələn kimi cəbhə xəttində bir təxribat törədildi. Özü də məhz Azərbaycan-Ermənistan sərhədində... 2022-ci ilin sentyabrında da həmin o Brüssel prosesini pozmaq üçün yenə də sərhəddə eyni addım atıldı. Və daha böyük miqyasda... Artıq bu təxribatların müəlliflərini açıqlamağın zamanıdır. Və o da maraqlıdır ki, hər dəfə belə təxribatlar baş verən kimi onun ardınca Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada görüşüb sülh danışıqları aparmaq dəvəti gəlir. Amma əslində sülh danışıqları Rusiya üçün maraqlı deyil, Kremlə maraqlı olan bu iki ölkə arasında idealda müharibə baş verməsidir ki, bundan istifadə edib bölgəyə hərbi müdaxilə etsin. Və ən azı, yəni minimal vəzifə isə Azərbaycan-Ermənistan sülh prosesinin davam etməsinə yol verməməkdir. Odur ki, bu davamlı təxribat seriyalarının qarşısını almaq üçün, öncə dediyim kimi, səbəbkar, təhrikçi, təxribatçı aşkarlanmalı, onun fəaliyyəti faktlarla, sübutlarla ortaya qoyulmalı və o, ifşa olunmalıdır. Bu baş verməyincə sərhədlərimizdə, Qarabağda və yaxud İrəvanda belə təxribat və aksiyalar davam etdiriləcək” -deyə ekspert vurğulayıb.