İsveçrənin Kantonlar Şurası (parlamentin kiçik palatası) ölkədə bloklanan Rusiya aktivlərinin Ukraynaya verilməsinin lehinə səs verib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, belə bir qərarın qəbul edilməsi təşəbbüsü ölkənin ən böyük siyasi qüvvəsi - sağçı mühafizəkar Xalq Partiyası (SNP) istisna olmaqla, bütün parlament qrupları tərəfindən verilib.
“Rusiya dövlətinin və ona yaxın təşkilatların sanksiyalar çərçivəsində dondurulmuş aktivləri təzminat kimi Ukraynaya verilə bilməlidir”, - Kantonlar Şurasının qəbul etdiyi qərarın mətnində deyilir. Qərarda Federal Şura (hökumət) “beynəlxalq səviyyədə tələb olunan hüquqi bazanı inkişaf etdirmək üçün tədbirlər görməyə” çağırılır.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin məlumatına görə, 25 noyabr 2022-ci il tarixinə İsveçrə Konfederasiyasında 7,5 milyard İsveçrə frankı (təxminən 8,55 milyard dollar) dəyərində maliyyə aktivləri və 15 daşınmaz əmlak dondurulub. Rusiya Mərkəzi Bankının İsveçrədəki ehtiyatlarının və aktivlərinin ümumi məbləği 7,4 milyard İsveçrə frankı (təxminən 8,44 milyard dollar) təşkil edir.