“Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər...”
“Laçında sərhəd-buraxılış məntəqəmizin qurulmasını alqışlayıram. Bunu çoxdan etməliydik. Çünki həmin məkandan bizim dövlət sərhədimiz keçir və oraya sərhəd-buraxılış məntəqəsi qoymaqla bağlı heç kəslə məsləhətləşmək də lazım deyildi. Biz bir müstəqil dövlət olaraq öz suveren ərazimizdə beynəlxalq və yerli qanunların yol verdiyi hər şeyi edə bilərdik. Odur ki, Ermənistanla sərhəddə, bilavasitə Xankəndinə gedən yolun üzərində nəzarət-buraxılış məntəqəmizin qurulmasına heç bir xarici dövlətin etiraz etməyə nə ixtiyarı, nə də haqqı var”.
Bu fikirləri Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov ifadə edib.
“Əgər azı son 30-35 ildə Azərbaycan xalqının başına gətirdikləri faciələrə, işğallara, soyqırımlara baxmayaraq, Qarabağdakı ermənilərə sərhəd-buraxılış məntəqəmizdən keçməklə Ermənistana gediş-gəlişlərinə şərait yaradırıqsa, buna icazə veririksə, onlar bizə minnətdar olmalıdırlar. Onlar bu yolla silah-sursat, qadağan olunmuş məhsullar, texniki vasitələr və s. daşımayacaqlarsa, nədən ehtiyat edirlər, gəlib-getsinlər. Amma deyilənləri nəzərə alaraq Həkəri çayı üzərindəki körpüdə sərhəd xidməti ilə yanaşı, gömrük və baytarlıq xidmətlərinin də postları olmalıdır. Bundan əlavə, yalnız Laçında deyil, Ermənistanla keçmiş Dağlıq Qarabağ ərazisində keçidin mümkün olduğu bütün torpaq, qrunt yollarının, at, ulaq cığırlarının hamısının başında sərhəd postları qurulmalıdır”- deyə açıqlamasının davamında polkovnik bildirib.
“Xalqı narahat edən digər bir məsələ bəhs edilən sərhəd məntəqəsindən keçən Rusiyanın “sülhməramlı” adlanan hərbçilərinin minik və yük avtomobillərinin də yoxlanıb-yoxlanılmayacağıdır. Çünki son iki il yarıma yaxın müddətdə onların müvəqqəti nəzarətində olan ərazilərimizdə baş verənlərdən, xüsusən də Qarabağda rəsmi qurumlarımız tərəfindən də qeydə alınan son hadisələrdən, yəni Rusiya hərbçilərinin dəstəyi ilə kənar yollarla oradakı separatçı, işğalçı xislətli ermənilər üçün silah-sursat, əlavə canlı qüvvə daşınması faktlarından sonra “sülhməramlı”lar öz etibarlarını tamamilə itiriblər. Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər. Odur ki, Laçındakı sərhəd postumuzda Rusiya hərbçilərinin də yoxlanılması vacibdir”, - deyə sabiq nazir müavini vurğulayıb.