Premyer Liqa: “Qarabağ” bu gün çempionluğu təmin edə bilər

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək. Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq. Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 48 xalla dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb. İki komanda bunadək ölkə çempionatında üç dəfə üz-üzə gəlib. İlk matçda “Qəbələ” qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür - 3:1. Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Hazırda 84 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla doqquzuncu sırada yer alıblar. Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə “köhlən atlar” 18 dəfə qələbə sevinci yaşayıblar. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir - 47:8. “Qarabağ” son beş oyunda qələbə qazanıb. Son yeddi matçda ən azı üç qol vurub. Azərbaycan Premyer Liqası XXXIV tur 13 may (şənbə) 18:00. “Qəbələ” - “Turan Tovuz” Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Qəbələ şəhər stadionu. 20:30. “Səbail” - “Qarabağ” Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: İlham Əliyev “ASCO Arena”. Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” - “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” - “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.

Ukrayna ordusu ötən gecə Rusiyanın 17 “Shahed” PUA-sını vurub

Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed-136/131” tipli 21 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib. Bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb. Həmin PUA-lardan 17-si məhv edilib. Bildirilib ki, PUA-lardan biri Xmelnitski vilayətində infrastruktur obyekinə düşüb. Nəticədə 5 nəfər yaralanıb.

Gözlər yenidən Brüsseldə: Sabah Əliyev Paşinyanla görüşəcək

Avropa İttifaqı Şurası mayın 14-da keçirilməsi planlaşdırılan üçtərəfli görüş barədə məlumat yayıb.  Sozcu.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi bildirilir. Mayın 14-ü səhər saatlarında isə Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Elə həmin gün günorta saatlarında üçtərəfli görüş başlayacaq. Bundan əvvəl Avropa İttifaqının Brüssel görüşü barədə açıqlamasında deyilir ki, Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir. 

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,17 dollara, yüngül neftin bir barreli isə 70,04 dollara təklif edilir.

Bakıda ağır qəza: 2 nəfər yanaraq öldü

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb. Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir. Hadisənin təfərrüatı araşdırılır.

Rusiyanın itkiləri 198 MİNİ keçdi

Ukrayna müharibənin 444-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 198 260 hərbçi, 3751 ədəd tank, 7307 ədəd zirehli döyüş maşını, 3095 ədəd artilleriya sistemi, 561 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 314 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6011 ədəd avtomobil texnikası, 2665 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 402 xüsusi avadanlıq itirib.

Bakıda toyda dava: 1 nəfər bıçaqlandı

Bakıda toyda bıçaqlanma olub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları 36-cı dalanda baş verib. 1992-ci il təvəllüdlü Əmrah Kalam oğlu Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Həmidulla oğlu Əsgərov a kürək nahiyəsindən daxilə nüfuz edən 1 bıçaq xəsarəti yetirib. Faktla bağlı 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən Əmrah Alışov saxlanılıb.

MİT-dən əməliyyat: Heydər Dəmirəl məhv edildi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın şimalında antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Əməliyyat çərçivəsində, PKK/YPG-nin Əl-Hol bölgəsi üzrə “lideri” Heydər Dəmirəl məhv edilib.

İranda baş redaktor güllələndi

İranın Xuzistan əyalətinin İzə şəhərində "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Həmşəhri" qəzeti məlumat yayıb. Hadisə mayın 12-i gecə saatlarında baş verib. Bildirilir ki, İzə şəhərinin kafelərindən birində olan baş redaktor silahlı şəxsin hücumuna məruz qalıb. Əkbər Limonçu və onunla birlikdə olan bir neçə yaxını güllələnib. Xəstəxanaya çatdırlan Ə.Limonçunun orada keçindiyi, yaxınlarının isə xəstəxanada müalicə aldığı qeyd olunur. Silahlı hücumun təfərrüatı açıqlanmayıb. Hadisə araşdırılır.

Rusiya ordusu Baxmutdan qaçır - Priqojin

Rusiya ordusu Baxmut yaxınlığındakı mövqelərini tərk edir. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib. Priqojin sosial mediada yayımladığı audio şərhdə bildirib ki, buna yenidən qruplaşma deyil, qaçmaq deyilir. Priqojin ayrıca videomüraciətində Rusiya Müdafiə Nazirliyinin bölmələrinin şəhərin şimal və cənubundakı mövqelərdən qaçdığını vurğulayıb. “Cinahlar uğursuzluğa düçar olur. Cəbhə dağılır”, - o qeyd edib. Priqojin, həmçinin Ukrayna qüvvələrinin Baxmut ətrafındakı su anbarında və taktiki yüksəkliklərdə mövqelər ələ keçirdiyini diqqətə çatdırıb.

Şəhidimizin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev şəhid olub. Sozcu.az şəhidimizin fotosunu təqdim edir:

Daha bir şəhidimiz var - Təcili

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

"Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq" -ARİF HACILI

Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə seçkiləri sona çatır.  Bu seçkilər Türkiyənin bütün islam dünyasında ən demokratik dövlət olduğunu, bəzi məqamlara, xüsusilə cəmiyyətin siyasi fəallığına görə hətta bəzi Avropa ölkələrindən geri qalmadığını təsdiq etdi.  Ümid edirik, inanırıq ki, seçki günü və seçkidən sonrakı günlərdə bəzi qüsurlara baxmaraq əsasən  azad siyasi rəqabət şəraitində keçən seçkilərə kölgə salacaq hər hansı olaylar baş verməyəcək. Seçki kampaniyası dövrünə aid bəzi nüanslara baxmayaraq hər kəs bilməli və nəzərə almalıdır ki, Türkiyə-Azərbaycan dostluğu seçkilərin istənilən nəticələrindən asılı olmayaraq yenə davam edəcək.  Çünki, bu dostluq ayrı-ayrı siyasi liderlərin, dövlət xadimlərinin, hətta hökümətlərin qarşılıqlı  münasibətlərinə deyil, dövlətlərarası, xalqlar arası dostluq  münasibətlərinə əsaslanır.  Bizim üçün ən vacib məsələ isə Türkiyədəki seçkilərin demokratikliyinin təmin edilməsi, xalqın iradəsinə əsaslanan hakimiyyət strukturlarının formalaşmasıdır.  Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq! Türkiyəmiz üçün xeyirli, uğurlu olsun!! Arif Hacılı, Müsavat Partiyasının başqanı

Azərbaycanda özünü buraxan partiyaların sayı 20-yə çatdı

1992-1993-cü illərdə Azərbaycanın Baş Prokuroru olan İxtiyar Şirinov tərəfindən yaradılan Milli Konqres Partiyası fəaliyyətinə son verib. Sozcu.az xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən partiyanın buraxılması haqqında bəyanatı sədr müavini Hikmət Şirinov imzalayıb. Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 20-yə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 

Təbrizdə oxuyan onlarla tələbəmiz təhlükədədir - Valideynlərdən müraciət

İranın Təbriz İslam Azad Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbənin təhlükəsizliyi ilə bağlı problem yaranıb.  Bununla bağlı “Qafqazinfo”ya tələbələrin valideynləri müraciət ediblər.  Onların iddiasına görə, azərbaycanlı tələbələr tez-tez maskalı şəxslərin hücumuna məruz qalır, döyülürlər. İki övladı sözügedən universitetin Stomatologiya fakültəsində təhsil alan Sevinc Babayeva deyir ki, artıq tələbələrlə əlaqə saxlamaqda da ciddi problemlə üzləşirlər: “Böyük oğlum Kamran Stomatologiya fakültəsinin 3-cü kursunda, kiçik oğlum Rəvan isə 1-ci kursunda təhsil alır. Əvvəllər belə problemimiz yox idi, Tehranda səfirliyimizə hücumdan sonra vəziyyət lap pisləşib. Uşaqlarımızı konsulluq da qeydiyyata almayıb. Əlaqə saxlaya bilmirik, çox pis vəziyyətdəyik. Oğlumun bir tələbə yoldaşına yolda hücum edib döyüblər, güclə əllərindən qaçıb qurtula bilib. Böyük oğlum iki ay əvvəl Təbrizə gedib, çünki imtahanları qalmışdı, onları verməli idi. Kiçik oğlum Bakıdadır, lakin o da getməlidir. Çünki getməsə, hərbi xidmətə çağırırlar. Halbuki uşaqlar neçə ildir zəhmət çəkib oxuyublar. İstəyirik ki, heç olmasa, onları Azərbaycanda özəl universitetlərə köçürsünlər”. Digər bir valideyn Natəvan Hüseynova da övladının təhlükəsizliyinin sual altında olduğunu deyir: “Oğlum Yusif Hüseynov 2019-cu ildə 2 nömrəli Bakı Tibb Kollecinin Ortopedik Stomotologiya ixtisasını bitirib. Bir il sonra isə Təbriz İslam Azad Universitetinin Stomatologiya fakültəsinə daxil olub. Lakin son vaxtlarda İranda baş verən proseslər oğlumun və onunla birlikdə təhsil alan tələbələrin təhlükəsizliyini sual altında qoyub. Bir azərbaycanlı tələbəmiz polis tərəfindən döyülüb. Eyni universitetdə oxuyan yuxarı kurs tələbəsi naməlum şəkildə universitetdə öldürülüb. Övladım baş verən hadisələrlə əlaqəli psixoloji sarsıntı keçirib. Bu da məni bir valideyin kimi narahat edir və onu Təbrizə buraxmaq istəmirəm. İstəyirəm ki, oğlumun təhsilini burada davam etdirməsinə köməklik olunsun”. Valideyn bildirir ki, tələbələrin vəziyyəti ilə əlaqadar dövlət qrumlarına müraciət ediblər. Lakin onların İranda universitetə attestatla qəbul olunmaları burada ali təhsil müəssisələrinə köçürülmələrinə maneə yaradır: “Müraciətimiz Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yönləndirilib. Bizə münasibətdən belə başa düşürük ki, övladlarımız attestatla universitetə qəbul olunublar deyə, burada 600 bal toplayan tələbələrlə oxumaq istəmələrini haqsızlıq hesab edirlər. Bilirik ki, bu gün Azərbaycan Tibb Universitetində Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və İrandan attestatla gələn tələbələr təhsil alırlar. Həmçinin təbrizli tələbələrin heç biri Təbrizə qayıtmır, Azərbaycanda fəaliyyət göstərirlər. Azərbaycanda diplomunu tanıdıb həkimlik fəaliyəti göstərən yüzlərlə həkim var. Biz Təbrizi maddi cəhətdən büdcəmizə uyğun olduğu üçün seçmişdik. İndi isə İranda vəziyyət pisdir, uşaqlara pul göndərmək belə çətinləşib. Dövlətimizdən xahişimiz odur ki, uşaqlarımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanda təhsillərinin davam etmələrinə köməklik göstərsinlər”. Daha bir tələbə Rauf Şərifovun valideyni Rübabə Şərifova isə oğlunun hələ ötən il Azərbaycanda universitetə köçürülmə üçün müraciət etdiyini, lakin rədd cavabı aldığını deyir: “Oğlum Gəncə Dövlət Universitetini bitirmişdi. Təbrizə gedib tibb sahəsində təhsil almaq istəyirdi. Lakin sonradan Azərbaycana köçürülmək istədi. Bütün aidiyyəti orqanlara müraciət etdik, müraciətimizi Elm və Təhsil Nazirliyinə yönləndirdilər. Lakin rədd cavabı aldıq. Hazırda uşaqlarımızın təhlükəsiliyinə görə çox narahatlıq keçiririk”.    Valideynlər sözügedən universitetdə tədrisin Azərbaycan dilində aparıldığını, lakin son hadisələrdən sonra isə dərslərin farsca keçildiyini deyirlər.  Problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, tələbələrin köçürülməsi bu ilin yay tətili müddətində həyata keçiriləcək: “Bildiririk ki, respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Köçürülmə məsələlərinə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur”. Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq. 

İyunda 12 gün İŞ OLMAYACAQ

İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq. 26 İyun – Silahlı Qüvvələr Günüdür. İyunun 28,29-u Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir. Beləliklə, iyunda şənbə və bazar günləri də daxil olmaqla 12 gün qeyri-iş günü olacaq.

Tanışını öldürən şəxsə hökm oxunub

Tanışını qətlə yetirməkdə ittiham olunan Şəmşad Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Şəmşad Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən daha yüngül 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif olunub. Şəmsad Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 20 il həbs cəzası istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin yanvarında Bakının Nərimanov rayonunda qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəmsad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib

Əlahiddə Ümumqoşun Ordunun “2023-cü il döyüş hazırlığı planı”na əsasən birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib. Sozcu.az xəbər verir ki, toplantı zamanı ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi, xüsusi, kütləvi qırğın silahlarından mühafizə hazırlığından və kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki bilik və bacarıqlarının artırılması məqsədilə məşğələlər təşkil olunub. Məşğələlərdə radiasiya və kimyəvi şəraitdə nəzarətin təşkili, tüstü maskalanmanın həyata keçirilməsi, döyüş sahəsində kimyəvi zəhərlənməyə məruz qalmış heyətin təxliyyəsi və bir sıra digər fəaliyyətlərin metodikası praktiki olaraq məşq etdirilib.

Əliyev və Paşinyan bu tarixdə sənəd imzalaya bilər

Paşinyanla Əliyev arasında ən azı iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılan görüş zamanı konkret sənəd ətrafında razılaşma baş tuta və sənəd imzalana bilər. Sozcu.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazır. Nəşr qeyd edir ki, Paşinyanın Brüssel görüşü öncəsi ilk növbədə diasporla bağlı bəzi qorxuları var: “İstər Nikol Paşinyan, istərsə də diasporla iş üzrə baş komissarı Zare Sinanyan səviyyəsində diaspor nümayəndələri ilə son təmaslar göstərdi ki, bundan sonra heç kim susub dözmək istəmir. Paşinyanın Azərbaycanla sülhün bağlanması gündəliyi ilə Brüsselə səfəri təbii ki, diaspordan yan keçməyəcək və sürprizlər az olmayacaq”. Qeyd edək ki, mayın 14-də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin görüşü gözlənilir.

Ərdəbilli mili fəala 6 il həbs cəzası verildi

Əslən Ərdəbil əyalətinin Təzəkənd kəndindən olan və Tehranda yaşayan milli fəal Ramin Əliniya Təzəkəndə ağır həbs cəzası verilib. Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi milli fəalı “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” ittihamına görə 5 il, “rejim əleyhinə təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhlum edib. Bununla yanaşı məhkəmə milli fəalın 2 il müddətinə sosial mediada, ictimai təşkilatlarda üzvlüyünə, fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyub. Ramin Əliniya Təzəkənd özünün idarə etdiyi "Gündəm" adlı sosial media kanalında hakimiyyəti tənqid etdiyinə görə rejimin qəzəbinə tuş gəlib. Qeyd edək ki, 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 30 noyabrda Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

İsmayıllı sakini dostunu bıçaqlayaraq qaçıb

İsmayıllıda bıçaqlanma olub. Sozcu.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1975-ci il təvəllüdlü Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Onların İsmayıllıya istirahət məqsədilə gəldikləri deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.apa

Həkim: Abortlar sonsuzluğa qədər gətirib çıxara bilər

“Ən uğurlu” abortların da ciddi fəsadları olur. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”, - deyə həkim bildirib. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib.

Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur

Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. Həkimin sözlərinə görə, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil: “Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”. Hamiləliyin mütləq planlı olduğu halda doğulan uşaqların da arzuolunan olduğunu bildirən Bilqeyis Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadları olduğunu bildirib: “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib: “Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.apa

Şəhid hərbçi Ağstafada dəfn olundu

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.