Təbrizdə oxuyan onlarla tələbəmiz təhlükədədir - Valideynlərdən müraciət

İranın Təbriz İslam Azad Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbənin təhlükəsizliyi ilə bağlı problem yaranıb. 

Bununla bağlı “Qafqazinfo”ya tələbələrin valideynləri müraciət ediblər. 

Onların iddiasına görə, azərbaycanlı tələbələr tez-tez maskalı şəxslərin hücumuna məruz qalır, döyülürlər. İki övladı sözügedən universitetin Stomatologiya fakültəsində təhsil alan Sevinc Babayeva deyir ki, artıq tələbələrlə əlaqə saxlamaqda da ciddi problemlə üzləşirlər: “Böyük oğlum Kamran Stomatologiya fakültəsinin 3-cü kursunda, kiçik oğlum Rəvan isə 1-ci kursunda təhsil alır. Əvvəllər belə problemimiz yox idi, Tehranda səfirliyimizə hücumdan sonra vəziyyət lap pisləşib. Uşaqlarımızı konsulluq da qeydiyyata almayıb. Əlaqə saxlaya bilmirik, çox pis vəziyyətdəyik. Oğlumun bir tələbə yoldaşına yolda hücum edib döyüblər, güclə əllərindən qaçıb qurtula bilib. Böyük oğlum iki ay əvvəl Təbrizə gedib, çünki imtahanları qalmışdı, onları verməli idi. Kiçik oğlum Bakıdadır, lakin o da getməlidir. Çünki getməsə, hərbi xidmətə çağırırlar. Halbuki uşaqlar neçə ildir zəhmət çəkib oxuyublar. İstəyirik ki, heç olmasa, onları Azərbaycanda özəl universitetlərə köçürsünlər”.

Digər bir valideyn Natəvan Hüseynova da övladının təhlükəsizliyinin sual altında olduğunu deyir: “Oğlum Yusif Hüseynov 2019-cu ildə 2 nömrəli Bakı Tibb Kollecinin Ortopedik Stomotologiya ixtisasını bitirib. Bir il sonra isə Təbriz İslam Azad Universitetinin Stomatologiya fakültəsinə daxil olub. Lakin son vaxtlarda İranda baş verən proseslər oğlumun və onunla birlikdə təhsil alan tələbələrin təhlükəsizliyini sual altında qoyub. Bir azərbaycanlı tələbəmiz polis tərəfindən döyülüb. Eyni universitetdə oxuyan yuxarı kurs tələbəsi naməlum şəkildə universitetdə öldürülüb. Övladım baş verən hadisələrlə əlaqəli psixoloji sarsıntı keçirib. Bu da məni bir valideyin kimi narahat edir və onu Təbrizə buraxmaq istəmirəm. İstəyirəm ki, oğlumun təhsilini burada davam etdirməsinə köməklik olunsun”.

Valideyn bildirir ki, tələbələrin vəziyyəti ilə əlaqadar dövlət qrumlarına müraciət ediblər. Lakin onların İranda universitetə attestatla qəbul olunmaları burada ali təhsil müəssisələrinə köçürülmələrinə maneə yaradır: “Müraciətimiz Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yönləndirilib. Bizə münasibətdən belə başa düşürük ki, övladlarımız attestatla universitetə qəbul olunublar deyə, burada 600 bal toplayan tələbələrlə oxumaq istəmələrini haqsızlıq hesab edirlər. Bilirik ki, bu gün Azərbaycan Tibb Universitetində Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və İrandan attestatla gələn tələbələr təhsil alırlar. Həmçinin təbrizli tələbələrin heç biri Təbrizə qayıtmır, Azərbaycanda fəaliyyət göstərirlər. Azərbaycanda diplomunu tanıdıb həkimlik fəaliyəti göstərən yüzlərlə həkim var. Biz Təbrizi maddi cəhətdən büdcəmizə uyğun olduğu üçün seçmişdik. İndi isə İranda vəziyyət pisdir, uşaqlara pul göndərmək belə çətinləşib. Dövlətimizdən xahişimiz odur ki, uşaqlarımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanda təhsillərinin davam etmələrinə köməklik göstərsinlər”.

Daha bir tələbə Rauf Şərifovun valideyni Rübabə Şərifova isə oğlunun hələ ötən il Azərbaycanda universitetə köçürülmə üçün müraciət etdiyini, lakin rədd cavabı aldığını deyir: “Oğlum Gəncə Dövlət Universitetini bitirmişdi. Təbrizə gedib tibb sahəsində təhsil almaq istəyirdi. Lakin sonradan Azərbaycana köçürülmək istədi. Bütün aidiyyəti orqanlara müraciət etdik, müraciətimizi Elm və Təhsil Nazirliyinə yönləndirdilər. Lakin rədd cavabı aldıq. Hazırda uşaqlarımızın təhlükəsiliyinə görə çox narahatlıq keçiririk”.   

Valideynlər sözügedən universitetdə tədrisin Azərbaycan dilində aparıldığını, lakin son hadisələrdən sonra isə dərslərin farsca keçildiyini deyirlər. 

Problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, tələbələrin köçürülməsi bu ilin yay tətili müddətində həyata keçiriləcək: “Bildiririk ki, respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Köçürülmə məsələlərinə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur”.

Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq. 

Share on Facebook