Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş

Mayın 27-si axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsində ağır yol qəzası baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarə etdiyi mopedin yük avtomobilinə çırpılması nəticəsində ölən 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlunun şirkətlərdən birində işləməsi məlum olub. Belə ki, aqroparklardan birində aqronom kimi fəaliyyət göstərən Rasim mopedlə yaşadığı qəsəbədə hərəkətdə olarkən qəzaya düşüb.

Balakəndə kafedə DAVA: Xəsarət alan var

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb. O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.az-a bildirib ki, M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. “Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, – deyə M.Məsimov vurğulayıb.

Xırdalanda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 metr kabel yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda təcili eniş edən təyyarə yola düşdü

"Britiş Eyrveys" (British Airways) aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Sozcu.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Bildirilir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. "Boinq 787" (Boeing 787) təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb. "Britiş Eyrveys" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.

Telefonda interneti necə sürətləndirmək olar?

Mobil internetin sürəti təkcə telekommunikasiya operatorundan və şəbəkənin keyfiyyətindən deyil, həm də smartfonun özündə olan parametrlərdən asılıdır. Sozcu.az lent.az-a istinadən bildirir ki, parametrlərdə sadəcə iki düyməyə basmaqla smartfonunuzda internetin sürətini artara bilərsiniz.  Bunun üçün telefonunuzda interneti sürətləndirmək üçün parametrlərdə "Reklamların bloklanması" və "Trafikə qənaət" düymələrini sıxmaq lazımdır. Çünki reklamlar və pop-uplar səhifənin yüklənməsini çox ləngidir. "Reklamların bloklanması" və "Trafikə qənaət" funksiyaları sizə lazımsız elementlər olmadan internet saytlarını sadələşdirilmiş formada açmağa imkan verəcək. Bu iki funksiyanı işə salmaqla siz səhifənin yüklənmə sürətini əhəmiyyətli dərəcədə artıracaqsınız və spamdan xilas olacaqsınız.

Sağlam həyatı məhv edən xəstəlik

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır. Yuxusuzluğun növləri · Çətin yatmaq · Tez oyanmaq · Gecələr dəfələrlə durmaq · Nəhayət, yuxunun tamamilə olmaması Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır. Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir. Yuxusuzluğun fəsadları Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir. Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır. Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır. Yuxusuzluğun səbəbi: Tibb elmində "insomnia" adlanan yuxusuzluğun yaranmasına səbəb aşağıdakılardır: · Vərdiş olunmamış yataq, səs-küy, havasızlıq · Yatmazdan əvvəl tərkibində kofein olan qidalar, içkilər qəbul etmək · Axşam ağır və yağlı yeməklər yemək · Sinir pozğunluğu · Normal həyat tərzini dəyişmək · Stress, narahatçılıq · Artıq çəki · Qorxu, depressiya · Mədəaltı vəzin narahatçılığı, mədədə köp · Bronxial, ürək və ağciyər xəstəlikləri · Soyuqdəymə zamanı ağrılar Müalicəsi: Yuxusuzluq zamanı yuxugətirən dərmanların qəbulu digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, bu dərmanlar qaraciyərin çürüməsinə səbəb olur. Buna görə də belə dərmanları qəbul edərkən çoxlu süd məhsulları yemək lazımdır. Ən əsası isə həkimə müraciət edib, yuxusuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək lazımdır.  Yuxusuzluqdan əziyyət çəkənlər · Tərkibində kofein olan içkilərdən uzaq olmalı · Yuxudan 3 saat əvvəl yemək yeməli · İstiotu az olan yeməklərdən istifadə etməli · Yatmazdan əvvəl heç bir dərman qəbul etməməli (sakitləşdiricidən başqa) · Sakit, qaranlıq otaqda yatmalıdırlar

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Dünən Yevlax rayonunda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub. “Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Belə ki, avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər. Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb. Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Tatlısəslə bağlı sual Güneli əsəbiləşdirdi: "Ağıllı ol, adam kimi sual ver"

Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbiləşib. Axşam.az xəbər verir ki, sualları cavablandıran sənətçiyə Türkiyədə məşhurlaşmasına kömək edən İbrahim Tatlısəslə bağlı sual ünvanlanıb.  "İbrahimlə bir münasibətiniz var idi, hələ də var" sualı Güneli özündən çıxarıb. O, "Bizim hər zaman ata-qız münasibətimiz olub. İllər keçdikcə daha da gücləndi. O, mənim mənəvi atamdır. Yazdığınızı yanlış anlamaq istəmədim. Ağıllı ol, adam kimi sual ver. Pis niyyətlə soruşdunsa, Allah səni bağışlasın. Cəzanı Allah verər" cavabını verib. Günel daha sonra yeni albom üzərində çalışdığını, orada 20 mahnının yer alacağını deyib.

Prezident Çunqvon Çunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb. Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib. Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb. Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.

Xocalı canisinin keçmiş baş mühafizəçisi yenidən həbs edildi...

Ermənistanın terrorçu ekes-prezidenti  Serj Sərkisyanın mühafizəsinə rəhbərlik etmiş dövlət mühafizə xidmətinin sabiq rəisi, general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Sozcu.az xəbər verir ki, bu haqda  News.am məlumat yayıb. Həbsin səbəbləri hələki rəsmən açıqlanmayıb. Xatırladaq ki, V.Kazaryan ilk dəfə 2018-ci ilin noyabrında həbs olunmuşdu.  O zaman Xocalı canisinin keçmiş baş mühafizəçisi külli miqdarda mənimsəmələrdə, gəlirlərini gizlətməkdə, qanunsuz yolla varlanmaqda ittiham olunub. Onun evində aparılan əməliyyat axtarış tədbirləri zamanı 35 milyon erməni dramı və ya 1 milyon 110 min 400 ABŞ dolları və 230 min 500 avro aşkarlanıb. Növbəti gün isə onun qarajından əlavə 2 min dollar tapılıb.  “Sürücü Vaço” kimi tanınan və keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarından biri olan V.Kazaryan ilk dəfə 2018-ci ilin iyunundakı həbsindən az sonra zaminə buraxılmış və istintaq müddətində dövlətə vurduğu ziyanın 5,8 milyon dollarını ödədiyinə görə 2021-ci ildə amnistiyaya düşmüşdü.. Lakin 2022-ci ildə V.Kazaryan və arvadı bir daha həbs ediliblər. Onlar zor tətbiqetmə ilə  pul tələb etməkdə ittiham olunublar.

“Barselona”nın baş məşqçisi Messinin kluba qayıdışına münasibət bildirib

“Barselona”nın baş məşqçisi Xavi “PSJ” futbol klubunun hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb. Bu barədə “Barça Buzz” məlumat yayıb. “Bütün kataloniyalılar Messini sevir, o, tarixin ən yaxşı oyunçusudur, ssenari belədir ki, çox şey onun nə etmək istədiyindən asılıdır, sonra qərar verəcəyik. Messinin mümkün keçidi böyük ölçüdə onun özündən asılıdır”-deyə, o bildirib. Ümumilikdə Messi bu mövsüm Fransa çempionatında 31 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. O, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər etdiyi üçün komandadan uzaqlaşdırılıb. O, üzr istədikdən sonra məşqlərə buraxılıb.

Türkiyədə seçiciləri daşıyan avtobus yük maşınına çırpıldı: Onlarla yaralı var

Türkiyədə seçiciləri İstanbuldan Orduya aparan avtobus geri dönərkən yük maşınına çırpılıb.   Avtobusda Ədalət və İnkişaf partiyasının 22 seçicisi yaralanıb. Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndəriliblər. Avtobusda sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Yaralılar Sakarya və Kocaeli xəstəxanalarına aparılıblar.

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını alıb

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb. Məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb. Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 “Tu-95MC” təyyarə ilə 40 “X-101/X-555” qanadlı raket atıb. Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 “Shahed-136/131” PUA ilə hücum edib. Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və 35 PUA-dan 29-unu zərərsizləşdiriblər.

Zaqatala sakini sirkə turşusundan zəhərlənib

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində batan şəxsin axtarışları davam etdirilir

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək

Paşinyan: Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur

Hazırda Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda sülhün bağlanmasının mümkünlüyü barədə danışarkən deyib. Baş nazir parlamentdə bildirib ki, Ermənistan tərəfinin Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.

Ordumuz atəşə tutuldu

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Rusiyanın itkiləri 207 MİNİ keçdi

Ukrayna müharibənin 460-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 207 030 hərbçi, 3801 ədəd tank, 7467 ədəd zirehli döyüş maşını, 3435 ədəd artilleriya sistemi, 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 331 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6207 ədəd avtomobil texnikası, 3054 ədəd PUA, 1056 qanadlı raket, 18 gəmi/qayıq, 453 xüsusi avadanlıq itirib.

Britaniya baş nazirinin ticarət elçisi Bakıya gəlir

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün mayın 29-u Azərbaycana dördgünlük rəsmi səfərə gələcək. Bu barədə Sozcu.az-a Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, bu səfər Böyük Britaniyanın Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyinin növbəti göstəricisidir. Baronessa Nikolson Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin spikeri Sahibə Qafarova, eləcə də enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə görüşəcək. Böyük Britaniya Baş nazirinin ticarət elçisi bərpa edilmiş ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşlər keçirəcək. Səfər çərçivəsində Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və "təmiz" enerjiyə keçidi müzakirə etmək üçün "Baku Connect" tədbirində, həmçinin Bakı Enerji Həftəsində və Bakı Enerji Forumunda iştirak edəcək.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,24 dollara, yüngül neftin bir barreli isə 73,08 dollara təklif edilir.

İsrail Dəməşq yaxınlığına hava zərbələri endirdi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən hərbi obyektlərə hava zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu haqda SANA agentliyi məlumat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Dəməşq və ətrafındakı bir sıra obyektləri hədəfə alaraq Qolan təpələri üzərindən raketlər atıb.

Müsavat başqanı Cümhuriyyət Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Əziz bacı və qardaşlarım! Sizi 28 May Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm. 1918-ci il may ayının 28-də M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. M.Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən Tiflis şəhərində elan edilən Cümhuriyyətimiz xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Yaradılan dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk demokratik dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə dövrün az sayda olan azad dövlətlərindən biri kimi daxil oldu. Müsavat Partiyasının başqanı M.Ə.Rəsulzadə bu hadisəni “28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, – deyərək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, insan haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi. Təəssüf ki, qısa müddət sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal olundu. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu istiqamətində gedən proseslər dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı. M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 də özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüf ki, hakimiyyət uzun illərdi Cümhuriyyətimizin banilərinə, xüsusilə M.Ə.Rəsulzadəyə qarşı qısqanclıqla yanaşaraq gözdən salmağa çalışsa da xalqımız ona yoxdan bir bayraq və müasir dövlət yaratmış başda böyük Məhəmməd Əmin Rəsulzadə olmaqla unudulmaz tarixi şəxsiyyətləri layiqincə dəyərləndirir, onları hörmətlə yad edir. Müsavat Partiyası və digər demokratik qüvvələr ölkədə demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparır və əminik ki, ölkədə demokratik cəmiyyət qurulduqdan sonra ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ideyaları tam şəkildə həyata keçmiş olacaq. Əziz həmvətənlər! Sizi bir daha xalqımızın ən önəmli bayramı olan 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Ukrayna qoşunları Baxmutda bir sıra yüksəklikləri geri alıb

Baxmut bölgəsində son bir neçə gündə Rusiya qüvvələrinin hücumlarında azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib. Onun sözlərinə görə, rusların artilleriyası həm kifayət qədər intensiv işləyib, həm də kiçik nüans olsa da, fəaliyyətini davam etdirir: “Ukrayna Silahlı Qüvvələrinin bir sıra dominant yüksəklikləri öz nəzarəti altına qaytarması effektivliyi azaltmağa imkan verib. Rusların mövqelərinə təsir zonasını artırıb".

Cəlilabad sakini qətlə yetirildi: saxlanılan var

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə Ş.Əzimovun həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov şübhəli bilinir. O, saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. R.Aslanov polisə könüllü təslim olub. Araşdırma aparılır.