"Qiyamət günü gəldikdə namaz möminin yoluna nur saçacaq..."
Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).
Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur:
"De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163).
Namaz müəyyən edilmiş vaxtlarda gündəlik yerinə yetirilən, hətta təhlükəli vəziyyətdə belə tərk edilməyən vacib əməldir. Uca Allah buyurur:
“Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (əl-Bəqərə, 238-239).
Namaz bəndə ilə Rəbbi arasında olan bir əhddir. Peyğəmbər demişdir: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəmməd! Həqiqətən, Uca Allah buyurur: “Mən sənin ümmətinə beş namazı fərz buyurdum. Kim bu (namazların) dəstəmazına, vaxtlarına, rukusuna, səcdəsinə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərgahımda onun üçün bir əhd yoxdur. İstəsəm, ona əzab verərəm, istəsəm də ona rəhm edərəm”. (ət-Tayəlisi, 574).
Namaz öz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Onun əlaməti üzdə görünür və əzalara təsir edir. Peyğəmbər demişdir: “Təmizlik imanın yarısıdır. “Əlhəmdulillah” tərəzini doldurur. “Subhənallah” və “əlhəmdulillah” göylərlə yer arasını doldurur. Namaz bir nurdur. Sədəqə bir dəlildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhinə olan bir hüccətdir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəfsini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər”. (Muslim, 223).
Qiyamət günü gəldikdə isə namaz möminin yoluna nur saçacaq. Uca Allah buyurur:
“O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– deyiləcək. Bu, böyük uğurdur” (“əl-Hədid” surəsi, 12).
Namaz günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Uca Allah buyurur:
“Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114).
Peyğəmbər demişdir: “Deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun bədənində olan çirkabdan bir şey qalardımı?” Səhabələr: “Onun bədənindəki çirkabdan heç nə qalmazdı”- deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!” (əl-Buxari, 528).
Həmçinin demişdir: “Həqiqətən, bəndə namaza durduqda onun bütün günahları gətirilərək başının və hər iki çiyinlərinin üzərinə qoyulur. O, hər dəfə ruku və səcdə etdikdə günahları tökülür”.(İbn Hibban, 1734).Zikr.az