Bu gün öldürülən müğənni ilə bağlı tükürpədən fakt

Bu gün səhər saat 07 radələində Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov barəsində bəzi faktlar üzə çıxıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Abbasov 2008-ci ildən həbsdə imiş və bu ilin may ayında azadlığa çıxıb. Belə ki, 15 il əvvəl Hüseyn Bərdə rayonunda anası Ceyran Qiyasovanı döyə-döyə amansızlıqla qətlə yetirib. Həmin vaxt o, həbs edilib və uzun müddət həbsdə saxlanılıb. Həbs müddətində islah olunmayan şəxs azadlığa çıxandan sonra ögey (ata bir, ana ayrı) bacısı-Gəncədə yaşayan Səbinə ilə əlaqə saxlayıb. O, müğənnilik edən bacısından mütəmadi olaraq pul tələb etməyə başlayıb və aralarında narazılıq yaranıb. Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirməmişdən əvvəl də cinayət əməli törədibmiş.

Siqaret və spirtli içkilər bahalaşacaq - Təcili

Aksiz dərəcələri artırılır. Sozcu.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır. Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

HƏMAS-ın müdafiə xətti yarıldı - Təcili

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xəttini yarıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib. “Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Qoşunlarımız Qəzza zolağının şimalındadır. Kəşfiyyat məlumatları və koordinasiyalı hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttini yarıb", - o bildirib.

Məktəblərdə bu tarixlərdə dərs olmayacaq - Rəsmi

Elm və Təhsil Nazirliyi qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikində edilən dəyişikliyə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

Azərbaycanda alimentin məbləği ARTIRILDI

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manata olacaq. Sozcu.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qeyd edək ki, 2023-cü il üçün alimentin minimum məbləği 220 manat olub.

Xameneinin üstüörtülü ittihamı: Bu dəfə Bakıya çağırış etdi

İranın Ali dini rəhbəri Seyid Əli Xamenei 13 aban (4 noyabr) Tələbələr Günü və Milli Təkəbbürlə Mübarizə Günü münasibətilə tələbələrlə görüşdə Qəzzada baş verənlərdən danışarkən müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb. Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, İran açıq şəkildə olmasa da, Azərbaycan və Türkiyəni ittiham edir: “Bu gün İsrailə neft və qaz ixrac edən əsas ölkə Azərbaycandır. Rəsmi Bakı ilə Təl-Əviv arasında bu sahədə yüksək münasibətlər mövcuddur. İran isə həmişə olduğu kimi, bu gün də Azərbaycanı ittiham etməkdən çəkinmir. Necə ki, Azərbaycan ərazisindən İrana qarşı istifadəyə yol vermir, eyni qaydada heç bir ölkə də Bakının əməkdaşlıq etdiyi ölkələrə qarışa bilməz. Bu bizim xarici siyasətimizə müdaxilə cəhdidir. İranın HƏMAS-İsrail müharibəsində sərgilədiyi mövqe obyektiv deyil, çünki Tehranı nə Fələstin, nə də Qəzza maraqlandırır. İran üçün əsas məsələ Yaxın Şərqdəki maraqlarıdır. Bu məqsədlə Qəzzanı da qurban verə bilər”.

"Bir çox ərəb ölkələri bugünkü savaşda gizlincə İsrailə qələbə arzulayır..."

"Ərəb liderləri anlayır ki, İsrailin cavab tədbirləri nəticəsində fələstinlilərin qurban və əzabları artarsa, bu, öz vətəndaşlarında hiddət doğuracaq..." "Müharibənin indi dayandırılması HƏMAS-ın qələbəsi demək olacaq..." Bir çox ərəb ölkələri İsraillə qarşıdurmaya rəğmən, bugünkü savaşda gizlincə ona qələbə arzulayır. Sozcu.az xəbər verir ki, bu sensasiyaya yaxın fikirlə ABŞ Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə sabiq direktoru Dennis Ross çıxış edib. Məlumatı "The New York Times" nəşri yayıb. "İsrail HƏMAS-a qalib gəlməli olduğu inamında tək deyil. Son iki həftə ərzində bütün regiondan olan və mənim çoxdan tanıdığım ərəb nümayəndələri ilə söhbət edəndə onların hamısı HƏMAS-ın Qəzzada məhv edilməli olduğunu deyib", - diplomat qəzetdə dərc edilən məqaləsində yazıb. Rossun həmsöhbətlərinin sözlərinə görə, əgər HƏMAS regionda qalib kimi qəbul ediləcəksə, bu, İran və onun müttəfiqlərinə impuls verəcək, bu da digər ərəb ölkələri hökumətlərini müdafiə mövqeyində dayanmağa vadar edəcək. Ross qeyd edir ki, ərəb ölkələri nümayəndələri belə mövqeyini yalnız özəl söhbətlərdə ifadə edir və yalnız bəziləri HƏMAS-ın İsraildə 1400-dən artıq insanın kütləvi şəkildə qətlini açıq şəkildə pisləyib. "Niyə? Çünki ərəb liderləri anlayır ki, əgər İsrail cavab tədbirləri görərsə və fələstinlilərin qurban və əzablarının sayı artarsa, o zaman bu, öz vətəndalarında hiddət doğuracaq", - Ross izah edib. O, vurğulayıb ki, heç bir yerdə "küçənin ovqatına yüklənmək" HƏMAS-ın İsrail Müdafiə Ordusunun Qəzza bölgəsində Əl-Əhli xəstəxanasını bombalaması barədə bəyanatından sonra tələm-tələsik İsrailin ünvanına ittihamlarda belə parlaq şəkildə təzahür etməyib. Hətta HƏMAS-ın hücumunu pisləyən Birləşmiş Ərəb Əmirlikləri sonradan "İsrailin hücumuna" dəstək verməyib. "İsrailin Qəzza bölgəsində hava bombardmanları vüsət aldıqca və mülki əhali arasında qurbanların sayı artdıqca, atəşin dərhal dayandırılmasına beynəlxalq çağırışlar artır.  Bəziləri İsrailə yerüstü əməliyyatın dərhal dayandırılmasına çağırış edir. Lakin müharibənin indi dayandırılması HƏMAS-ın qələbəsi demək olacaq", - diplomat hesab edir. Rossun fikrincə, hazırda İsrailin siyasi liderləri HƏMAS hərbi məğlubiyyətə uğradıqdan və xeyli dərəcədə tərksilah edildikdən sonra  Qəzzanı tərk edəcəkləri və onun mühasirəsinə son qoyacağını aydın və açıq şəkildə vurğulamalıdır. "Onlar məlumat verməlidir ki, bütövlükdə fələstinlilərlə vəziyyətin siyasi nizamlanmasının zəruriliyini anlayır. İsrailin regiondakı tərəfdaşları imkan daxilində tez bir zamanda məhz bunu eşitməlidir", - diplomat vurğulayıb.

Bakıda bu həyət evlərinin qiyməti ucuzlaşacaq: “Orada heç kim yaşamaq istəməyəcək”

Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur. Bəs kommunal istiqamətdə edilən ciddi dəyişiklik fərdi yaşayış evlərinin də qiymətlərinə təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu dəyişikliyin qiymətlərə də təsir edəcəyini bildirib: “Yeni qərar həm çıxarışlı torpaq sahələrinin, həm də çıxarışlı həyət evlərinin qiymətini artıracaq. Digər tərəfdən çıxarışı olmayan torpaq sahələrinin və tikilməkdə olan həyət evlərinin qiymətlərində kəskin enmələr olacaq. Çünki torpaq sahəsi alan adam orada nə isə tikmək istəyir, evi tikdikdən sonra həmin adam kommunikasiya xətləri çəkə bilməyəcəksə, təbii ki, orada heç kim yaşamaq istəməyəcək, istəsə belə yaşaya bilməyəcək. Bu qiymətlərə ciddi şəkildə təsirini göstərəcək”. Ekspertin sözlərinə görə, çıxarışsız evlərə çıxarışların verilərsə, bu, dövlətin də böyük gəlir əldə etməsinə səbəb olacaq: “Təbii ki, bu addım çıxarışsız həyət evlərinin sayının azalması üçün atılıb. Çünki yüz minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri var. Amma həm də buna alternativ addımlar atılmalı idi. Düşünürəm ki, çıxarışı olmayan evlərin çıxarışla təmin olunmasına başlanmalı və paralel olaraq digər istiqamətdə işlər görülməli idi. Hələ ki, tikintilərin dayandırılması ilə bağlı bu cür addım atılıb deyə düşünürəm. Yəqin ki, bu addım effektiv olar.  Amma istənilən halda, çıxarışı olmayan həyət evlərinə çıxarışların verilməsi yalnız vətəndaşların hüquqlarının qorunub tanınması deyil, bu həm də dövlətin bu sahədən böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Çünki bu sahədə olan boşluqlara görə - çıxarışların olmamasına görə dövlət ciddi şəkildə itkilərə məruz qalıb.  Çıxarışı olan həyət evləri əmlak vergisi, torpaq vergisi ödəyir, sığortalanır, alqı-satqı zamanı hər kvadratına görə vergi ödənir və s. Amma çıxarış olmadığı halda dövlət bu gəlirlərdən məhrum olur. Bu baxımdan işlər paralel aparılsaydı, daha yaxşı olardı.  Nəticə olaraq, yeni qərar çıxarışlı həyət evlərinin qiymətini artıracaq, çıxarışı olmayanların qiyməti isə aşağı düşəcək”.

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş: "Gözümün qarşısında iki qadının meyitini yandırdılar"

"Gözümün qarşısında iki qadının meyitini yandırdılar". Bu fikir qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Mehrəliyevin ifadəsində əksini tapıb. O, ifadəsində qeyd edib ki, kəndə hücum zamanı atası və dayısı oğlu güllələnərək öldürülüb: "Kəndin bir neçə sakininin qətlə yetirilməsinin şahidi olmuşam. Gözümün qarşısında qətlə yetirdikləri iki qadının meyitini yandırdılar. Atamın meyitini dəfn etdikdən sonra çox əziyyətli günlər yaşadıq. Kənddən çıxanda əliyalın idik". Zərərçəkmiş Sədaqət İsmayılova isə istintaqa verdiyi ifadəsində deyib ki, Qarabağ müharibəsi başlayanda həyat yoldaşı Tahir könüllü şəkildə döyüşlərə qatılıb: "Mənə zəng edib dedilər ki, yoldaşın şəhid olub. Daha sonra məlum oldu ki, Tahir Meşəli soyqırımı zamanı öldürülüb. Həmin gün ermənilər evlərimizə od vurub yandırmışdılar". Qeyd edək ki, hər iki zərərçəkmiş üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiklərinə görə onların ifadələri elan olunub. /Report/

Pakistan Ermənistanı ölkə kimi tanımır - Muniri

Pakistan Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə qədər ölkə kimi tanımır. Sozcu.az xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri noyabrın 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib. Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırdı, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd etdi. Qonaq Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirdi.

Ağsuda Qarabağ qazisi intihar edib - Video

Ağsu rayonunun ülgüc kəndində yaşayan Qarabağ qazisi Babayev Rabil Kamal oğlu intihar edib.  Sozcu.az xəbər verir ki, Ağsu rayonunun Ülgüc kənd sakini 44 günlük Vətən savaşının qazisi Babayev Rabil Kamal oğlu oktyabr ayının 30 - da, təxminən saat 07:08 radələrində həyətlərində olan ağacdan özünü asaraq intihar edib. Ailə üzvləri hadisədən axşam 19:00 radələrində xəbər tutublar.  Qazinin döyüş yoldaşlarının verdiyi məlumata görə, Rabil Babayevin sosial durumu çox ağır olub. Dəfələrlə işlə təmin olunması üçün aidiyyəti qurumlara müraciət etsə də, qazinin sosial problemi həllini tapmayıb. Sonunda süründürməçilikdən bezən qazi canına qəsd edib. 

Xaçatryanın dəstəsi qayınatamı diri-diri YANDIRDI

Vaqif Xaçatryanın dəstəsi qayınatanın evimin altında diri diri yandırdı. News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib. O bildirib ki, Aramis, Armais, Vaqif və qardaşı Qürgen Meşəli kəndinə hücum edən dəstəyə başçılıq edib: "Həmin adamlar evimizi yandırdı, maşınımı güllələdi. Mikrafonla çıxırdılar ki, kənddən çıxın. Yolumuz Badara kəndindən keçirdi. Yolumuzu kəsdilər, bizi qoymadılar o yoldan istifadə edək. Bizə həm dostluq, həm düşmənçilik edirdilər. Əvvəlcə onlar özlərini bizim evin adamı kimi hesab edirdi, gəlib gedirdilər, sonradan qənim kəsildilər. İndi burda məhkəmə qarşısındadır deyə, boynuna almır. Mən də onun yerinə olsam, boynuma almaram". Zərərçəkmiş bildirib ki, hadisədən bir həftə əvvəl azərbaycanlıların silahlarını yığıblar.  Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Levon Mnatsakanyanın Bakıda öldüyü TƏKZİB OLUNDU

“Levon Mnatsakanyanın Bakıda öldürülməsi ilə bağlı xəbərləri təkzib edirəm”. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu erməni hərbi əsirlərin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan deyib. Xatırladaq ki, bir neçə gündür ki, Ermənistanən bəzi KİV-ləri özünü buraxmış qondarma “Artsaxın keçmiş müdafiə naziri” Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalaraq öldüyü barədə xəbər tirajlayır. Xəbərin mənbəyi kimi isə ehtiyatda olan polkovnik Volodya Hovhannisyana istinad olunur. Erməni hərbi əsirlərin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan onu da bildirib ki, Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalması barədə də əllərində heç bir fakt yoxdur. Azərbaycanda inidyə kimi nə qədər erməni əsirinin öldüyü barədə suala Saakyan konkret cavab verməyib. Qeyd edək ki, 1965-ci il təvəllüdlü Levon Mnatsakanyan sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Saxlanılan şəxs Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib. L.Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub. Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub. 80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra L.Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib.  Sonra qondarma “Dağlıq Qarabağ ordu”sunda müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildə ona general-mayor rütbəsi verilib. Daha sonra Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini", 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunub. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsinə aparılıb. 2015-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası"nın başçısı Bako Saakyan ona general-leytenant rütbəsi verib və separatçıların "müdafiə naziri" təyin edib. Mnatsakanyan 2018-ci ilin dekabr ayına qondarma “Dağlıq Qarabağ respublikasının ordusu"na rəhbərlik edib.modern)

İlham Əliyev Asim Muniri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bakıda ana və qızı evlərində döyüldü- Biri öldü

Bakı şəhər Nəsimi rayonunda qonşular arasında dava-dalaş olub. Sozcu.az xəbər verir ki, oktyabrın 30-u saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib. Faktla bağlı cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.qafqazinfo)

Paşinyan Kremlə meydan oxuyur - Ermənistandan Rusiyaya daha bir zərbə

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı demarşlar etməyə davam edir.  Sozcu.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir 9 noyabr 2020-ci il üçtərəfli bəyannaməsində yolların açılmasını müəyyən edən 9-cu maddəni ləğv edəcəklərini bildirib.  KİV yazır ki, erməni nazir uzun müddətdir ki, bununla bağlı açıq-aşkar eyhamlar vurur, fikirlərini komanda üzvlərinə çatdırmağa çalışır:  “Amma dünən, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı o, bunu demək olar ki, açıq mətnlə söylədi və bildirdi ki, Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq və onun vəzifəsi rabitənin təhlükəsizliyini təmin etmək olacaq.  “İndi biz Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bununla yanaşı, respublika ərazisindən insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin keçməsi üçün patrul polisini işə cəlb etdik”.  Xatırladaq ki, həmin sənədin 9-cu maddəsində “kommunikasiyalara nəzarət Rusiya FSB-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirilməlidir” bəndi yer alsa da, rəsmi İrəvan həmin sənədin müvafiq maddəsini ləğv etməklə Moskvaya meydan oxumağa başlayıb. 

Zərərçəkmiş: Vaqifin dəstəsi gecə hamımızı gülləbaran etdi

Onların məqsədi bizim kəndi məhv etmək idi və başda duran da Vaqif Xaçatryanın rəhbərlik etdiyi dəstə idi. Sozcu.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov deyib. O vurğulayıb ki, erməni silahlıları gecə vaxtı, insanlar yatdığı yerdə Meşəliyə hücum ediblər: "Hadisə vaxtı mən və bacım ayağımızdan, çiynimizdən güllə yarası aldıq. Səsucaldıcı ilə hamımızı çölə çıxarıb, gülləbaran etdilər. Kəndimiz minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulurdu. Nənəm baş nahiyəsindən güllə yarası almışdı. Bu hadisələrdə daha çox Badara kəndinin sakinləri iştirak edirdilər. Bütün kəndi mühasirəyə alıb məhv etmək istəyirdilər. Hücum edənlərin başında elə Vaqif Xaçatryan dayanırdı. Daha sonra Valeriy, Armais, Ermes adında olan erməni hərbçilərin dəstəsi qəddarlıq edib. Məhkəmədən Vaqifin ən ağır cəza almasını tələb edirəm".

İsrail qaçqın düşərgəsinə zərbə endirdi: 400 ölü və yaralı

İsrail qırıcıları Qəzzada Cəbaliyə qaçqın düşərgəsinə zərbələr endirib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində azı 100 nəfər həlak olub. Məlumata görə, dinc sakinlərin yaşadığı binalara 6 zərbə endirilib. *** Qaçqın düşərgəsinə zərbə nəticəsində ölən və yaralananların sayı 400-ə çatıb. Bu barədə Qəzza Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Ölənlərin əksəriyyəti qadın və uşaqdır.

Rus ordusu bu istiqamətlərdə hücuma keçdi, uğursuz oldu

Ukraynanın şərqində və cənubunda vəziyyət çətin olaraq qalır, ruslar Ukrayna ordusunun mövqelərinə basqın etməyə cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka, İvanovka və Luqansk vilayətinin Nadejda ərazilərində uğursuz hücum əməliyyatları həyata keçirib. Burada əsgərlərimiz 10-dan çox hücumu dəf edib. Düşmən Xarkov vilayətinin Pesçanı, Novoserqiyevka və Çerneşçina rayonlarına hava zərbələri endirib. Baxmut istiqamətində işğalçılar Donetsk vilayətinin Kleşçievka və Andreyevka yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd ediblər və Donetsk vilayətinin cənubunda uğursuz hücum əməliyyatları həyata keçiriblər. Vurğulanıb ki, ruslar Donetsk vilayətinin Konstantinovka yaxınlığında da hava zərbəsi endirib.

“Ermənistan tarixi” dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi göstərildi

Ermənistanda 7-ci sinif üçün nəzərdə tutulan “Ermənistan tarixi” dərsliyində Qarabağ Azərbaycan ərazisi kimi göstərilib. Sozcu.az “Armenia Today”a istinadən xəbər verir ki, kitabdakı xəritələrdən birində Qarabağ Azərbaycanın bir hissəsi kimi təqdim olunub. Qeyd edək ki, dərsliyin müəllifi Smbat Hovhannisyandır. Sözügedən xəritə dərsliyin 80-ci səhifəsində yerləşdirilib.konkret)

Paşinyanın partiyasından olan deputat: Qarabağ məsələsi hələ qapanmayıb

Qarabağ məsələsi hələ qapanmayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputatı Akop Aslanyan tərəfindən səslənib. O, yerli mətbuata müsahibəsində “Qarabağ münaqişəsini həll olunmuş adlandıran” Rusiyanın xarici işlər naziri Sergey Lavrova etiraz edib. “Qoy Lavrovlar getsinlər dəfnə yarpaqlarını (rusça лавро́вый лист-dəfnə yarpağı) qurutsunlar. Ən böyük rolu o oynadığına görə, ümumiyyətlə, Rusiya faktorundan danışmayaq. Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar” - deyə deputat Akop Aslanyan bildirib. Erməni siyasətçi “çoxəsrlik erməni-rus dostluğunun mövcud olmadığını” sözlərinə əlavə edib.

İsraildən etiraf: Dinc sakinləri bombaladıq!

İsrail tərəfi Qəzzada Cəbaliyə qaçqın düşərgəsinə zərbə endirdiyini etiraf edib. Sozcu.az xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Riçard Heçt HƏMAS komandirini zərərsizləşdirmək məqsədilə düşərgəyə zərbə endirildiyini açıqlayıb. O, olayda dinc sakinlərin ölməsini sadəcə “müharibə faciəsi” adlandırıb: “HƏMAS komandiri dinc sakinlərin arxasında gizlənirdi”. Qeyd edək ki, sözügedən düşərgəyə zərbə nəticəsində azı 400 dinc sakin ölüb və yaralanıb.

Separatçıların həbsi ilə bağlı yeni təfərrüat

Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, keçmiş separatçı “rəhbərlər” Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb. “Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) “milli təhlükəsizlik naziri” Ararat Melkumyan və “daxili işlər naziri” Karen Sərkisyan saxlanılıb. Bildiriblər ki, keçmiş "liderlər” təslim olacaqları təqdirdə onlar buraxılacaq. Bundan xəbər tutan keçmiş “liderlər” gizləndikləri yerdən çıxıb, bundan sonra digərlərinin keçidinə icazə verilib”. Separatçıların silahlı dəstələrinin “komandiri” olmuş Levon Mnatsakanyan isə Laçın postundan keçmək istəyərkən saxlanılıb. Nəşr iddia edir ki, Azərbaycan sərhədçiləri Mnatsakanyanı saxladıqda ondan “Qarabağ Azərbaycandır” deməsini istəyiblər. Erməni mediası onun bunu deməkdən imtina etdiyini iddia edir, lakin bəzi mənbələr Mnatsakanyanın “Qarabağ Azərbaycandır” dediyini bildirirlər. Separatçı “liderlərin” qandallanaraq Bakıya gətirilməsinin ermənilər üzərində ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar “qəhrəman” elan edilmişdi və həmişə düşünürdülər ki, işğal davam edəcək. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, “erməni xülyalarını” məhv etdi.

Sumqayıtda 2 nəfəri öldürən şəxs evi partlatmaq istəyib - TƏFƏRRÜAT

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Coratda 2 nəfərin öldürülməsi, 4 nəfərə xəsarət yetirilməsi barədə birgə məlumat yayıb. Pravda.az-ın məlumatına görə, açıqlamada deyilir ki, oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müşfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam edir. "Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən qanunvericiliyinin tələblərinə riayət edilməsi və istintaq orqanı ilə dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur", birgə məlumatda deyilir.