Bakıda evə basqın edildi: Saxlanılanlar var

Bakıda evə basqın edilib, saxlanılanlar var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə  Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 7-si saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İbtidai istintaq davam etdirilir.

Neymar “Barselona”ya qayıda bilər

PSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıda bilər. Karyerasını “İnter Mayami”də davam etdirməyə qərar verən Lionel Messinin transferinin alınmamasından sonra İspaniya klubu diqqətini digər oyunçulara yönəldib. Kataloniyalılar ulduz futbolçunu transfer etmək istəyirlər. Neymar artıq “Barselona”ya təklif olunub. Amma parislilərin irəli sürə biləcəyi şərtlər braziliyalı hücumçunun transferi üçün danışıqları çətinləşdirə bilər. Neymar ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl bildirilib ki, PSJ bu yay Neymar da daxil olmaqla bir neçə ulduz futbolçunu satmağı planlaşdırır. Neymar 2017-ci ildə 222 milyon avroya Kataloniya klubundan Paris təmsilçisinə keçib. Mənbə: Sport.es

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub. Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,73 dollara, yüngül neftin bir barreli isə 72,34 dollara təklif edilir.

Ermənilər Laçın və Şuşanı atəşə tutdu

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

SES-in partlaması ruslara böyük ziyan vurdu - Ukrayna

Ruslar Kaxovka SES-in bəndinin dağılması nəticəsində şəxsi heyət və texnika itkisinə məruz qalıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Rusiyanın 7-ci Hava Desant Diviziyası və 22-ci ordu korpusunun bölmələrində yaralananlar, ölənlər və itkin düşənlər var. Həmçinin, bu bölmələrdə döyüş sursatı və ləvazimatları olan bir neçə səhra anbarı, maşın və zirehli texnika itirilib”, - məlumatda qeyd edilib.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Andırın rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 6,99 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat qeydə alınmayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 470-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 212 730 hərbçi, 3891 ədəd tank, 7576 ədəd zirehli döyüş maşını, 3668 ədəd artilleriya sistemi, 595 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 355 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6384 ədəd avtomobil texnikası, 3234 ədəd PUA, 1171 qanadlı raket, 18 gəmi/qayıq, 500 xüsusi avadanlıq itirib.

Rusiya öz PUA-sını vurdu

Rusiya Krım üzərində İran istehsalı olan PUA-sını vurub. Sozcu.az xəbər verir ki, bu barədə “Nyusvik” məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində ölən və ya dağıntı olmayıb. Vurulan pilotsuz təyyarə İran tərəfindən təchiz edilmiş kəşfiyyat və zərbə PUA-sı - “Mühacir-6”dır.

NATO ölkələri Ukraynaya qoşun göndərəcək - Rasmussen

Ukrayna NATO sammitində üzvlük zəmanəti və keçid üçün təminat almazsa, alyansa üzv ölkələr Ukraynaya qoşun göndərə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, əgər NATO Vilnüs sammitində Ukraynanın üzvlüyü ilə bağlı addımlar ata və ya onun təhlükəsizliyinə təminat verilməsi ilə bağlı qərar qəbul edə bilməsə, bəzi ölkələr fərdi şəkildə hərəkətə keçə bilər: “Polşa Ukraynaya konkret yardım göstərməkdə yaxından iştirak edir. İstisna etmirəm ki, Polşa milli səviyyədə bu kontekstdə daha çox iş görəcək, onun ardınca Baltikyanı ölkələr də. Ola bilsin ki, Ukraynaya qoşun da göndərilsin. Ukrayna Vilnüsdə heç nə əldə etməsə, Polşa koalisiya yaratmaq barədə ciddi düşünəcək. Ukraynanın belə hərbi yardım istəməsi tamamilə qanuni olardı”.

Şiddətli döyüşlər gedir, təşəbbüs Ukraynadadır

Ukraynadakı müharibənin əməliyyat mənzərəsi son dərəcə mürəkkəb olaraq qalır. Cəbhənin bir neçə sektorunda şiddətli döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “Əksər sahələrdə təşəbbüs Ukraynaya məxsusdur. Görünür, Rusiya qüvvələrinə hələ də mümkün qədər tez hücuma keçmək əmri verilib. Çeçen bölmələri 2015-ci ildən bəri cəbhə xəttinin az dəyişdiyi Donetsk yaxınlığındakı Marinka şəhərini ələ keçirmək üçün uğursuz cəhd ediblər. İyunun 7-də Kaxovka bəndinin dağılmasından sonra Dnepr çayının aşağı axınında daşqın səviyyəsi yüksəlməyə davam edib, lakin iyunun 8-də bu, azalmağa başlayacaq”. Qeyd olunur ki, atəş insanların su basmış ərazilərdən təxliyəsi üçün bəzi cəhdləri çətinləşdirib.

Ermənistan Makronun dəstəyi ilə bu silahları alır

Yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistandan silahların Ermənistana çatdırılmasına başlanılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Kaliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb. Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Caesar” özüyeriyən artileriyanın hind analoqundan gedir: “Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla İrəvana deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana gətirilməsi planlaşdırılır”.

Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16 qırıcılarının alınması və Ukrayna ilə bağlı taxıl sazişi məsələləri müzakirə olunub.

Azdrama qarşı dələduzluq: zərərçəkənlər var

Akademik Milli Dram Teatrına (Azdram) qarşı dələduzluq edilib, zərərçəkənlər var. Sozcu.az xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir: "Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

Ermənistan iki vətəndaşmızı qaytarmaqdan imtina edir

Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq və konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacaq və beynəlxalq səviyyədə müvafiq addımlar atmaqda davam edəcək: "Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə cavab verməsi, cəzalandırılmamış bənzəri olmayan cinayətlərinin günahkarlarını cəzalandırmaq və məsuliyyətə cəlb etmək üçün məhkəmə prosesləri başlatmışdır. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir. Azərbaycan səmimiyyətlə inanır ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmətinə əsaslanan münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yoludur. Biz normallaşma gündəmini birbaşa ikitərəfli danışıqlar yolu ilə irəli sürməkdə qətiyyətli və əzmliyik. Bu səydə biz həm də sülhsevər və firavan Cənubi Qafqaz məqsədi daşıyan beynəlxalq tərəfdaşlarımızın ədalətli və qərəzsiz dəstəyinə və yardımına arxalanırıq".

“Bakı ilə bu mövzudakı danışıqlarda irəliləyiş əldə olunub” - Paşinyan

“Moskvada nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli komissiyanın iclasında mühüm irəliləyiş əldə edilib”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib. “Mən bir daha Ermənistan Respublikasının bu kommunikasiyaların keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”, - o qeyd edib. Paşinyan bildirib ki, Ermənistan tərəfi təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu, bizim təkliflərimizə oxşamır, bunlar bizim son iki il ərzində hazırladığımız kompromis həllərdir”.

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. İyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub. Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.

300 manat bir həftəlik yaşayışa bəs edir - Vahid Əhmədov

300 manat adamın bir həftəlik yaşayışına bəs edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. "Regionlarda işsizlik ciddi problemdir. Maraqlıdır dövlət büdcəsində işsizliklə əlaqədar nə qədər işlər görülüb. Rayonlarda iş yerləri yoxdur. Bununla bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova da müraciət etdim. Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə onlara iş verməliyik. 300 manat adamın 1 həftəlik yaşayışına bəs edir”, - deputat vurğulayıb. Millət vəkili dərman  və ərzaq qiymətlərinin də diqqət saxlanılmasının vacibliyini vurğulayıb. "Əhalini dərman və ərzaq qiymətlərini nəzərə almalıyıq. Əmək haqqlarının 10% artırılması gözlənilir. Amma bu artım sadəcə inflyasiya qarşısında balansı bərpa edir. İqtisadiyyat Nazirliyi ciddi monitorinqlər aparmalıdır. Mərkəzi Bank inflyasiya pronozunu 8,3%, hökumət isə 10,4% proqnozlaşdırır. Bu iki rəqəm arasında reallıq nə qədərdir? – deputat bildirib./Anews.az

Generalın qardaşı Qubada bir ailəni məhkəməyə verdi - 5 qardaş və bir bacı...

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun qardaşı Qubada bir ailənin bütün üzvlərini məhkməyə verib.  Qaynarinfo-nun məlumatına görə, generalın biznesmen qardaşı, Yerfi kəndinin keçmiş icra nümayəndəsi Nazim Əlixanovun 5 qardaş və bir bacı barəsində məhkəməyə müraciət etməsinin səbəbi torpaq mübahisəsidir. Nazim Əlixanovun məhkəməyə verdiyi şəxslər bunlardır: Babayev Hafiz Şahbaba oğlu, Babayev Kamil Şahbaba oğlu, Babayev Elman Şahbaba oğlu, Babayev Elxan Şahbaba oğlu, Babayev Şamil Şahbaba oğlu və Babayeva Gülqız Şahbaba qızıdır.  Məhkəmədə maraqlı şəxs qismində Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edəcək. İşə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.  Qeyd edək ki, general və qardaşının Qubanının Yerfi kəndində, o cümlədən Qəçreş qəsəbəsində bir sıra otellər, villalar və digər biznes obyektləri mövcuddur. Dəfələrlə kənd sakinləri KİV-lərdə Nazim Əlixanovun onların torpaqlarını zəbt etməsi ilə bağlı məlumatlar dərc edilib.

Üç nazir yola salınır: Kəmaləddin Heydərov istefa ərizəsi yazıb?

Azərbaycan hakimiyyətində anonsu verilən kadr dəyişikliyi gerçəkləşmək üzrədir.  Yaxın günlərdə hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə yenisabah.az-a iqtidar düşərgəsindəki nüfuzlu mənbədən bildirilib. Qeyd olunub ki, kariyerası ilə vidalaşacaq hər 3 şəxs nazirdir.  Məlumatlı şəxs yol üstündə olan "üçlük"ün siyahısına Fövqəladə hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyini bildirib. Onun sözlərinə görə, postunu təhvil vermək K.Heydərovun öz arzusudur. Mənbə "fövqəlnazir"in hələ ötən ilin dekabrında istefa ərizəsi yazdığını bildirib.  Hakim komandanı tərk etməyə hazırlaşan ikinci şəxs isə Ədliyyə naziri Fikrət Məmmədovdur. 68 yaşlı Məmmədovun yaxın günlərdə təqaüdə göndəriləcəyi bildirilir.  Qeyd edək ki, ölkənin ən uzunömürlü nazirlərindən olan F.Məmmədov bu posta 2000-ci ilin aprelində təyin olunub. Onun hüquq-mühafizə orqanlarında aparılan islahatlar çərçivəsində işdən çıxarılması gözlənilir.  Postunu itirməsinə real baxılan üçüncü hökumət üzvü isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarları ilə müqayisədə xeyli gənc və enerjili olan Əmrullayevin "vurulmasının" sırf ictimai rəylə bağlı olduğu deyilir.  Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün "əcəl zəngi" sayıla bilər.  Bildirək ki, E.Əmrullayevlə bağlı sərt qərarın qəbul ediləcəyinə real yanaşmayanlar da var. Onların fikrincə, 41 yaşlı nazirin cəmi 3 il əvvəl bu posta təyinat alması onun adını "qara siyahı"dan çıxara bilər.  Həmsöhbətimiz isə cəzalandırma prosesində bu faktorun aparıcı rol oynamadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda yüksək rütbəli məmurların erkən cəzalandırılması presedenti var:  "Sabiq Mədəniyyət naziri Anar Kərimov 5 yanvar 2021-ci ildə vəzifəyə təyin olunmuşdu, amma fəaliyyəti ilə bağlı narazılıq artdığı üçün nazir postunda 2 ilini belə tamamlaya bilmədi".  Xatırladaq ki, A.Kərimov 5 yanvar 2021-ci ildə Mədəniyyət naziri təyin olunsa da, təxminən 23 ay sonra - 22 dekabr 2022-ci ildə tutduğu vəzifədən azad edilib. 

Bakı və İrəvan üçün ilk dəfə olaraq sülh əlçatandır - Nazir

Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır: "Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir". "Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib", - nazir vurğulayıb.

Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki Green Farm Azərbaycan MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib. Sozcu.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mətləb Musayev Şahriar Malekinin yerinə Green Farm Azərbaycan MMC-yə yeni direktor təyin olunub. Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan Green Farm Azərbaycan MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Green Farm Azərbaycan MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.

Vəfat etmiş şəxsin pensiyasını bu halda yoldaşı ala bilər

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər? Sozcu.az xəbər verir ki, bu barədə hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bildirib ki, övladları 18 yaşına çatmamış şəxslər, eyni zamanda ər və ya qadın öz həyat yoldaşını itirdiyinə görə onun pensiyasını almaq hüququ var: “Təəssüflər olsun ki, bəzi hallarda, xüsusilə bölgələrdə insanların bu sahədə savadsız və ya məlumatsız olması onları qanunla bağlı bir sıra məsələlərdən xəbərsiz qoyur. Yoldaşı vəfat şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasının ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər. Yəni məsəl üçün kişinin pensiyası 600 manat idi, arvadın pensiyası isə 400 manatdır və kişi düyasını dəyişdi. Bu zaman qadın Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını özü ala bilər, lakin bu zaman öz aldığı pensiyadan imtina etməli olacaq”. Hüquqşünas bildirib ki, 18 yaşına çatamamış, yəni himayədə olan uşaqlar da vəfat edən öz ata və ya analarının pensiyasını ala bilərlər. Onun sözlərinə görə, 18 yaşına çatmamış, 18 yaşına çatanadək olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.