İyunun 20- də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib.
Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının ildönümü ilə əlaqədar 24 iyun saat 12-də Fəxri Xiyabanda keçiriləcək Anım Tədbiri barədə məlumat verib.
Seçki məsələsi müzakirə olunub. Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumatların intensivləşdiyi, bu səbəbdən partiya daxilində müzakirələrin davam edəcəyi bildirilib. Seçkilərin vaxtı ilə bağlı ictimaiyyətə məlumatın verilməməsi mənfi qiymətləndirilib.
Partiya başqanı İsa Qəmbər ölkədə və dünyada baş verən siyasi proseslər haqda məlumat verib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurası üzvü olan bir ölkə kimi Fransanın münaqişələri körükləyən bəyanatlar verməsi və addımlar atması təəssüf doğurur.
Müsavat Partiyasının Rusiya hərbi qüvvələrinin bütün Cənubi Qafqazdan çıxarılması zərurəti barədə prinsipial mövqeyi xatırladılıb, eyni zamanda hər hansı başqa dövlətin, o cümlədən Fransanın regionda hərbi qüvvə yerləşdirilməsi təşşəbüsünün zərərli olduğu, bunun Cənubi Qafqazda sülhə və əmin-amanlığa xidmət etmədiyi vurğulanıb.
Sonda cari məsələlər müzakirə olunub