Rus ordusu darmadağın

Ukrayna müharibənin 466-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 209 940 hərbçi, 3837 ədəd tank, 7512 ədəd zirehli döyüş maşını, 3555 ədəd artilleriya sistemi, 583 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 344 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6305 ədəd avtomobil texnikası, 3175 ədəd PUA, 1132 qanadlı raket, 18 gəmi/qayıq, 479 xüsusi avadanlıq itirib.

Rus hərbçilər mövqelərini qoyub qaçdılar

40-a yaxını rus hərbçisi iyunun 2-də Luqansk vilayətinin Svatovo şəhəri yaxınlığındakı mövqelərini tərk edərək qaçıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, fərarilərin axtarışına Rusiyanın iki helikopteri və Milli Qvardiyanın bölmələri cəlb olunub.

Dünyanın kəşfiyyat şefləri gizli görüş keçirdi: Ukrayna...

Sinqapurda keçirilən Şanqri-La Dialoq Təhlükəsizlik Sammiti çərçivəsində dünyanın 20-yə yaxın yüksək səviyyəli kəşfiyyat orqanının yüksək vəzifəli məmurları gizli görüş keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb. Agentlik bildirib ki, Sinqapur hökuməti hər il bu cür görüşlər təşkil edir və görüş sammitin yaxınlığında baş tutur, amma KİV-ə əvvəldən məlumat verilmir. Görüşdə ABŞ, Çin, Hindistan kimi ölkələrin kəşfiyyat nümayəndələri işrirak edib. Danışıq tərzi əməkdaşlıq olub, gərginlik yox. Əsəs müzakirə Ukraynadakı müharibə və transmilli cinayətkarlıq olub.

Arif Hacılı ürəyindən əməliyyat olundu

İyunun 3-də Müsavat başqanı Arif Hacılı  açıq ürək əməliyyatı olunub. Bu haqda onun müavini Fərəc Kərimli məlumat yayıb. Divan üzvü Mustafa Hacıbəyli  isə cərrahiyyə əməliyyatının uğurla keçdiyini bildirib: “Özünü normal hiss edir. Bütün dostlara salamı var”.

Bu axşam Türkiyə hökumətinin yeni tərkibi açıqlanacaq

Türkiyə səsvermənin başa çatması ilə yeni yola başlayıb, Türkiyə Yüz İli başlayıb. Sozcu.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib. Rəcəb Tayyib Ərdoğan deyib ki, bu axşam hökumətin yeni tərkibi açıqlanacaq: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.

Putin həyatını itirməkdən qorxur - Zelenski

"Rusiya lideri Vladimir Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır və buna görə də təhdidlərə əl atır". Sozcu.az xəbər verir ki, Bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib.  O xatırladıb ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. "İdarə olunan heyvan həyatını itirməkdən qorxur. O, dünyanın gücündən qorxmalıdır. Putin gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının təcrid olunmasından söhbət gedirsə, onda biz bunu etməliyik",-deyə Zelenski bildirib

Rusiya daxilində qarşıdurma ola bilər - Ukrayna kəşfiyyatı

Rusiyada üsyan və ya hərbi qarşıdurma ola bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib. "Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin uğurlu fəaliyyəti və ərazilərimizin işğaldan azad edilməsi nəticəsində Moskva vilayətinin özündə daxili münaqişələr mümkündür", - deyə Yusov qeyd edib. Onun sözlərinə görə, müvafiq ssenari Rusiya Federasiyası ərazisində öz hüquqları uğrunda mübarizə aparan üsyançılara təkan verə bilər.

“Əsas hədəfimiz Qarabağ olmalıdır, sülh müqaviləsi yox” - İlham İsmayıl

"Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmalıyıq”  Azərbaycan-Ermənistan danışıqlarının növbəti məkanı Moldovanın paytaxtı Kişinyov şəhəri oldu. Bu dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüş “beşli format”da keçirildi, amma hər hansı nəticə əldə olunmadı, sadəcə, növbəti görüşlərin anonsu verildi. Kişinyov görüşü ərəfəsində Ermənistanın təxribatları, Qarabağdakı separatçıların baş qaldırması, həmçinin şimal qonşumuzun gərginliyi tətikləməsi sözsüz ki, danışıqların nəticəsizliyinə hesablanmışdı. Amma vəziyyət bu cür qala bilməz. Azərbaycan Prezidenti mayın 28-də Laçından erməni separatçılarına, Ermənistana, həmçinin onları gizli və açıq himayə edənlərə açıq şəkildə xəbərdarlıq edib. Bütün bunlardan sonra hansısa təsirli addımların atılacağını hətta bəzi erməni ekspertlər də söyləyirlər. Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”ın suallarını cavablandırarkən çox maraqlı fikirlər səsləndirib. - İlham bəy, Kişinyov görüşünün nəticəsiz başa çatması sizin üçün gözlənilməz olmadı ki? - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüş ərəfəsində yazdığı hər bir cümlənin arxasında faktiki Kişinyov danışıqlarının leytmotivi əksini tapıb və görüşdən əvvəl də proqnozlar konkret bir sənədin qəbul edilməyəcəyini deyirdi. Əslində Şarl Mişelin qeyd etdiklərinin əsası bir ay əvvəl Vaşinqtonda müzakirə olunmuş və iki həftə əvvəl, mayın 14-də Brüsseldə dövlət başçılarının görüşündə, tam olmasa da, detallı razılaşmalar əldə edilmişdi. Ərazi bütövlüyünün rəqəmləri vurğulamaqla tanınmasını “bir daha təsdiqləmək” deyəndə, Şarl Mişel məhz Brüssel razılaşmasına işarə edirdi. Amma Brüssel görüşündən sonra tərəflərdən səslənən açıqlamalarda hiss olunurdu ki, hər şey heç də ütülü deyil. Elə bu səbəbdən də Kişinyovda “beşli format” təsadüfi sayıla bilməz. Hesab edirəm ki, bu görüş Qərbin Rusiya qarşısında üstünlüyünün nümayişi ilə yanaşı, tərəflərə və açığı deyək, daha çox Azərbaycanın mövqelərinə, əsasən Fransa Prezidentinin simasında təsir etmək məqsədi daşıyırdı. Almaniya kanslerinin iştirakının əsl səbəbi məlumdur. Şarl Mişel twitter səhifəsində nəyə daha çox diqqət çəkir? O, “Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoqun hazırda həlledici əhəmiyyət kəsb etməsi”ndən, “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmağın vacibliyindən” danışıb. Bunlar Ermənistana yox, bizə ünvanlanan mesajlardır. Şarl Mişel “cəsarətli qərarlar lazımdır” deyəndə də bizi qəsd edir. Və bu tezislər saat yarımlıq müzakirənin əsas predmeti olduğuna şübhə yeri qoymur. Yəni ərazi bütövlüyünün tanınmasının Qarabağla əlaqədar şərtlərdən keçdiyinə açıq işarədir. Və bilirik ki, bu şərt həm Ermənistan hakimiyyətinin, həm də qismən Qərbin mövqeyidir. “Putin 2030-cu ilədək Rusiya hərbi kontingentini Qarabağda saxlamaq istəyir” Azərbaycanın dövlət başçısı 28 mayda Laçından verdiyi mesajlarla bunlara cavab vermişdi, amma Paşinyanın görüşdən sonra “bizim anlayışımız ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində və ya beynəlxalq iştirakla baş tutmalı olan Bakı-Stepanakert (Xankəndi) dialoqu formatında müzakirə olunmalıdır”, deməsi göstərir ki, qarşı tərəf ərazi bütövlüyünün tanınmasını bu şərtlər əsasında görür. Azərbaycan isə Qarabağın daxili işi olduğunu, bu şərtləri qəbul etmədiyini dəfələrlə bildirib. Bütün bunlar hələ ki ilkin qənaətdir, fərqli nəticələr də ola bilər. Hər halda, Kişinyov görüşü və perspektivdə XİN rəhbərlərinin iyunun 12-də Vaşinqtonda, dövlət başçılarının iyulun 21-də Brüsseldə və oktyabrın 5-də Qranadada yenidən beşli formatda planlaşdırılan görüşləri Qərbin sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə hesablanıb. Amma hiss olunur ki, bu asan olmayacaq. - Fransanın prosesdə iştirakına amerikalı diplomat Metyu Brayzanın ilginc münasibəti olub. Bildirib ki, kaş ki, Fransa bu prosesdə iştirak etməzdi. Yeri gəlmişkən, Kişinyov görüşündən sonra da Azərbaycan XİN Fransa Prezidentinə etiraz bəyanatı yaydı. Paris məkrli niyyətindən əl çəkməyibsə, Bakı hansı addımı atmalıdır? - Metyu Brayzanın dediklərində həqiqət çaları var. Makron Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etsə də, separatçılara hansısa statusun verilməsi ideyasından əl çəkməyib. Hədəf Fransanın Cənubi Qafqaza girməsi üçün Ermənistanın minimum maraqlarını təmin edib Rusiyanı əvəzləməkdir. Ona görə Makron olan yerdə sülh müqaviləsinin imzalanması sual altındadır. Brayzanın dediyi “fikirayrılıqlarının azaldılması” isə Azərbaycandan çox Ermənistana ünvanlanıb, çünki fikir ayrılığına səbəb Ermənistanın Qarabağ şərtləridir. ABŞ-ın iştirakı ilə sülh müqaviləsinin imzalanması daha inandırıcıdır, amma birmənalı deyil, çünki Rusiya faktorunu unutmaq olmaz. Şimal qonşumuz masada zəif olsa da, sahədə təsiri Qərbdən üstündür. Ukrayna müharibəsinin gedişatı burada açar rol oynaya bilər. - İlham bəy, Kişinyov görüşü ərəfəsi Rusiya Müdafiə Nazirliyi Azərbaycanın guya atəşkəsi pozduğu barədə açıqlama yaydı. Üstəlik, Qarabağdakı hərbi kontingent təsir zonasının xəritəsinə Laçın şəhərini də əlavə etdi. Bu təxribatlar nəyə hesablanmışdı? - Rusiyanın diplomatik, hərbi təxribatlar törətməsi yenilik deyil. Hər dəfə Qərbin təşəbbüsü ilə görüşlər keçirilməsi ərəfəsində və ya sonra Rusiya hərbi kontingentinin nəzarət etdiyi Qarabağ torpaqlarında və dövlət sərhədində müxtəlif miqyaslı təxribatların baş verməsinin şahidiyik. Son günlər ruslar Laçın-Şuşa yolunda da bizim hərəkətimizə məhdudiyyətlər qoyub. Mahiyyət isə ondan ibarətdir ki, hələ iki dövlət və millət arasında gərginlik böyükdür və Rusiya olmasa, burada insanlıq fəlakəti yaşanar. Belə təxribatlar bizi əsas hədəfdən yayındırmamalıdır. Əsas hədəfimiz isə Qarabağ olmalıdır, yalnız sülh müqaviləsi yox!   - Məhz görüş ərəfəsində Prezident Laçından erməni separatçılarına, digər qüvvələrə açıq xəbərdarlıq etdi. Amma görünən budur ki, qarşı tərəf nəticə çıxarmaq istəmir. ABŞ-ın da dəstək verdiyi həll planının ardınca nə gözləyirsiniz: antiterror əməliyyatı? - Prezidentin xəbərdarlığı həm separatçılara, həm İrəvandakı revanşistlərə, dolayısı ilə Rusiyaya yönəlmişdi. Separatçıların, revanşistlərin və onların havadarının tezliklə iddialarından əl çəkib, Azərbaycanın tərkibinə qatılacağına, vətəndaşlığı qəbul edəcəyinə inanmaq sadəlövhlük olardı. Antiterror əməliyyatının keçirilməsi isə mövcud vəziyyətdə, yəni Rusiya hərbi kontingentinin hələ burada olduğu şəraitdə yalnız ermənilərin maraqlarına xidmət edər. Onlar maksimum çalışırlar ki, Azərbaycanla Rusiya arasında barışmaz gərginlik yaransın. Biz antiterror əməliyyatı keçirə bilərik. Bir şərtlə: Azərbaycan erməni silahlı qüvvələrin ərazimizdən çıxarılması üçün Rusiya və Ermənistana xəbərdarlıq etməklə konkret vaxt verir və əməl edilmədikdə, məsələnin hərbi güc tətbiq etməklə həll olunacağını bəyan etməlidir. O zaman qarşı tərəfi fakt qarşısında qoymuş olarıq. Əks halda, Rusiya ilə gərginlik yaranar və bu da bizim maraqlara uyğun deyil. - Qərbin moderatorluğu ilə növbəti görüşlərin anonsu verildi. Rusiya sakit qalacaqmı bu görüşlərin keçirilməsi fonunda? Yeri gəlmişkən, Putinin də həll planı var, amma ortada bir irəliləyiş yoxdur... - 2022-ci ildə də Brüssel formatı kifayət dərəcədə uğurla gedirdi və sülh müqaviləsinin ilin sonunda imzalanacağı gözlənilirdi. Sentyabrda sərhəddə, Praqa görüşündən sonra isə Valday forumunda və Soçi görüşündə Rusiya elə hərbi və diplomatik təxribatlar etdi ki, altı ay rəsmi danışıqlar dayandırıldı. Ukraynadakı müharibə Rusiyanın imkanlarını zəiflətsə də, imperiya ambisiyalarından tez və asanlıqla əl çəkməsini Kremldən gözləmək olmaz. Putinin həll planı 2030-cu ilədək Rusiya hərbi kontingentinin Qarabağda qalmasıdır. Bu da bizim maraqlara ziddir. - Sizə elə gəlmirmi ki, Avropa İttifaqı da Minsk Qrupusayağı görüşlər seriyasını uzatmağa çalışır. Ermənilər açıq etiraf edirlər ki, Paşinyanın ən böyük xidməti hər hansı sənədə qol çəkməməsi, vaxtı uzatması olar... - Avropa İttifaqı Rusiyanın müdaxiləsini və tərəflər arasında razılığın hələ tam yaranmadığını nəzərə alaraq görüşlər seriyasını uzadır. Qərbdən olsa, sülh müqaviləsi günü sabah imzalanar və onun Cənubi Qafqaz siyasətinin uğuru olar, amma reallıq başqa vəziyyəti diktə edir. Rusiya isə zamanın uzanmasında maraqlıdır və Paşinyana təzyiqi də əsasən, bu istiqamətdədir. Paşinyan da hakimiyyətini itirməmək və  daxili auditoriyanı tamamilə üzərinə qaldırmamaq üçün vaxtı uzatmağı hələ ki manevrləri ilə bacarır.  - Bəs Türkiyə necə, masa ətrafında yer ala bilərmi?  - Türkiyə qeyri-rəsmi zatən masadadır və masada olanlar bunu yaxşı bilir və siyasətlərində korrektələr etməyə məcbur olurlar. Türkiyə seçkidən sonra daha çox Rusiya ilə danışıqlar aparmalı və məsələnin həllinin zaman məsafəsini sürətləndirməlidir. Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmaq lazımdır. - Zəngəzur dəhlizi ilə bağlı gözləntiləriniz nədir?  - Zəngəzur yol olacaq, dəhliz statusu olmayacaq və praktik bu yoldan istifadə ən azı üç ildən sonra mümkün ola bilər. Fakt ondadır ki, Ermənistan tərəfdə nə dəmir yolu var, nə də magistral yol. Onun başa çatması üçün isə zaman və 220 milyon dollardan çox vəsait lazımdır. Ermənilər bu yoldan bizə qarşı hələlik təzyiq vasitəsi kimi istifadə edir. Ümumiyyətlə, Qarabağ probleminin həll yolu Zəngəzur yolunun açılmasından keçmir. Xankəndinə dövlət nəzarətimiz yaranmayınca, Zəngəzur yolu danışıqlar burulğanı olacaq, Xankəndidə bayrağımız ucalanda qalan məsələlər çox sürətlə gedəcək. Ona görə də siyasətimiz birbaşa Qarabağa istiqamətlənməlidir. - Hələ ki danışıqlarda ön sırada yer almayan, amma mühüm əhəmiyyətə malik olan anklavlar məsələsi də var. Belə məlum olur ki, anklavlar mövzusu da xeyli vaxt aparacaq. Bu məsələnin həllini necə görürsünüz? - Anklavlar haqqında Paşinyan Moldovadakı erməni icması ilə görüş zamanı fikir bildirib. Amma burada da tam yanlışlığa yol verib və guya Gədəbəyin Başkəndindən əlavə bizim hansısa kəndləri də tutduğumuzu söyləyib. Anklavlar paralel danışıqların predmetidir. Ermənilər bizim 121, 8 kv.km-lik anklav kəndlərimizi işğal edib, bizim nəzarətimizdə isə onların 40 kv.km-lik Başkəndi var. Mənim fikrimcə, Başkənd və Kərki dəyişilməli, qalan ərazilər, oradan keçən yolların sahələri hesablanıb ümumi rəyə gəlinməlidir. - Nəhayət, yaxın dönəmdə nə gözlənilir: Prezident xəbərdarlıq edib, müdafiə naziri təxribatların qarşılığında dərhal cavab zərbəsi endirmək əmri verib. Separatçıların atəşinin və dirənişinin qarşılığında genişmiqyaslı əməliyyat, yoxsa... - Nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması daha çox müzakirə olunsa da, real nəticə yoxdur. Azərbaycan üçün hazırda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması və Sərsəng su anbarının tamamilə nəzarətimizə keçməsi ən yaxın strateji hədəfimiz ola bilər. Dirəniş olarsa, o istiqamətdə genişmiqyaslı əməliyyatın keçirilməsi mümkündür.

Ucarda 28 yaşlı qadın qətlə yetirildi: saxlanılan var

İyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, R.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Quba Rayon Prokurorluğunda maddələri ilə cinayət işi açılıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.a-a bildirilib ki, qurumun müdiri Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işinin aparılması barədə məlumatlar yayılıb: “Bildiririk ki, Rüfət Hacıyevin 2016-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbində direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib. Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Ukrayna ayda 1000 ədəd PUA istehsal edəcək

Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib. O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək. Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.

Ali Məhkəmə hüquqşünaslara müraciət etdi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət edib. Sozcu.az xəbər verir ki, Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi (əlavə 1) təsdiq edilib. Elmi-məsləhət şurasının əsas fəaliyyəti Ali Məhkəmənin Plenumuna məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına köməklik göstərməkdən ibarətdir. Elmi-məsləhət şurasının ilk iclasının cari ilin 23 iyun tarixində keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” (əlavə 2) mövzusu üzrə müzakirələr təşkil olunacaq. Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir. Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 9 iyun tarixədək bu elektron ünvana [email protected] müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Qaynadılmış, yoxsa çiy su – Yayda hansını içək?

Dünya diyetoloqlarının araşdırmalarına görə, həzm proseslərini aktivləşdirmək üçün daha çox su içmək lazımdır. Bu, dərini iltihabdan təmizləməyə, çəkini nəzarət altında saxlamağa və həzmi yaxşılaşdırmağa kömək edəcək. Həkimlərin hansı suyu içmək barədə fikirləri fərqlidir. Bəziləri qaynatmanın bütün zərərli mikrobları öldürdüyünü və buna görə də sağlamlıq üçün faydalı olduğunu təkid edirlər. Digərləri deyir ki, qaynadılmış suyu sağlam hesab etmək olmaz, çünki təkcə bütün zərərli bakteriyalar deyil, həm də faydalı bakteriyalar ölüb. Sozcu.az medicina.az-a istinadən xəbər verir ki, həkim - diyetoloq Marina Sorokinanın sözlərinə görə, belə fikirlər iki tərəflidir. Yəni hər iki tərəf hardasa özlüyündə haqlıdır. "Əgər böyüklər üçün sudan danışırıqsa, o zaman adi kran suyu içmək daha faydalı olacaq, lakin xüsusi bir cihazda və ya qabda süzülməlidir. Ancaq uşaqlara yalnız qaynadılmış su vermək yaxşıdır. Su 100 ° C-yə qədər qızdırıldığında, suda yalnız təhlükəli bakteriyalar yox, həm də zərərli çirklər yox olur. Üstəlik, belə su daha uzun müddət saxlanıla bilər (şüşə qablara tökmək şərti ilə). Bu o deməkdir ki, evdən kənarda plastik butulkalarda satılandan daha yaxşı olacaq. Çünki orada sağlamlığa zərərli və təhlükəli heç nə yoxdur. Unutmaq olmaz ki, mikrobioloji təhlükəsizlik baxımından qaynadılmış su hələ də standartdır".

Zelenski: Ukraynanın səbri tükənir

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin əks-hücuma hazır olduğunu bəyan edib. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” kanalında yazıb. Zelenski bildirib: “Ordumuz ümid etdiyi silahları almasa da, daha çox gözləyə bilmərik”. O əlavə edib ki, Ukrayna əlavə əks-hücum resurslarına sahib olmaq istəsə də, aylarla gözləyə bilməz: “Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm”. Prezident qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və təyyarələrdən müdafiənin olmaması əks-hücum zamanı böyük itkilərə səbəb ola bilər. Ukrayna rəhbəri vurğulayıb ki, Kiyevin cəbhə xəttində həm mülki şəxsləri, həm də əsgərləri qorumaq üçün əlavə “Patriot” komplekslərinə ehtiyacı var.

Məcburi köçkünlərə Bakıda verilən evlər əllərindən alınacaq? - Mühüm açıqlama

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ən çox müzakirə olunan məsələyə çevrilib.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin son açıqlamasında məcburi köçkünlərin dönüşünün könüllü olacağını deməsi müzakirələri daha da aktuallaşdırıb.  Hazırda ən çox sual doğuran məsələlərdən biri də budur: Bakıda evlə təmin olunmuş məcburi köçkünlər öz yurdlarına qayıtmayacaqları təqdirdə dövlət tərəfindən verilmiş mənzillər onların əlindən alınacaqmı? Məsələ ilə bağlı Yenisabah.az-a Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov danışıb. O, məsələyə təkcə millət vəkili kimi deyil, həm də məcburi köçkün olaraq yanaşıb: "Hörmətli Rövşən müəllim bu məsələ ilə bağlı fikrini bildirib, mən də millət vəkili olaraq deyil, məcburi köçkün olaraq fikrimi bildirəcəyəm. Hesab edirəm ki, Azərbaycan milləti öz yurduna, ocağına tarixən bağlı millətdir. Köçmək məsələsində heç kimə məcbur zor göstərməyə ehtiyac qalmayacaq. Doğma yurda qayıdış sevinclə, həvəslə, könüllü, istəyərək olmalıdır. Biz 30 ildən çox yurd-yuvamıza qayıtmağın həsrətilə yaşamışıq. 30 ildir sönmüş ocaqlarımızı yandırmağı gözləyirik. Burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz! Bu, ayıb olan bir şeydir. Hamı sevinclə, həvəslə öz yurd-yuvasına qayıdacaq. Ağalıya, Cocuq Mərcanlıya, Suqovuşana bundan əvvəl qayıdış oldu, bunun necə coşquyla baş verdiyinin şahidi olduq. Biz də həsrətlə gözləyirik ki, Xocalımız, Xankəndimiz, Xocavəndimiz, Ağdərəmiz erməni işğalından azad olsun, doğma yur-yuvalarımıza qayıdaq. Mənə elə gəlir ki, belə çaşqınlığa, təlaşa ehtiyac yoxdur. Bir məcburi köçkün kimi öz ev-eşiyimə, ocağıma qayıtmağın həsrətilə yaşayıram".  Deputat məcburi köçkünlərə verilən mənzillərin onlardan alınıb-alınmayacağına da münasibət bildirib:  "Kimlərinsə Bakıda verilən mənzillərlə bağlı narahatlığı varsa, bilməlidir ki, dövlət tərəfindən tikilmiş evlər dövlətin balansındadır. O mənzillər məcburi köçkünlərin mülkiyyətinə verilməyib. Bir məqamı vurğulayım, Ermənistandan o vaxt yurd-yuvalarından didərgin salınmış insanlar qaçqın statusuna malik idilər. Dövlət tərəfindən qaçqın statusu ləğv olunandan sonra dövlət tərəfindən onlara verilmiş evlər onların öz mülkiyyətinə verildi. Çünki onlar Ermənistana qayıtmayıblar və Bakıdadırlar. Ancaq məcburi köçkünlər artıq öz yurd-yuvalarına qayıdırlar. Dövlət tərəfindən onlara verilmiş evlər də dövlətin mülkiyyətindədir. Dövlət o evləri necə istifadə etmək lazımdırsa, özü müəyyən edəcək". 

Şuşaya avtobus reysləri artırılır? - AÇIQLAMA

Yerli vətəndaşların bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunur. İnsanları özünə cəlb edən yerlərdən biri də Qarabağın gözü olan Şuşa şəhəridir. Ötən il yanvar ayından etibarən Şuşaya avtobus reysləri təşkil olunur. Yay mövsümündə tələbatın çox olduğunu nəzərə alaraq Şuşaya avtobus reyslərinin artırılması nəzərdə tutulurmu? Məsələ ilə bağlı “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, marşrutlar mütəmadi olaraq təhlil edilir, tələbat və bilet satışı dinamikası nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində dəyişikliklər edilir. “İyun ayı üçün biletlər artıq satışa çıxarılıb. Tələbat artarsa, reyslərin sayının artırılmasına baxıla bilər”, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə iyun ayına olan biletlərin hamısı satılıb. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Aprel ayında isə Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçiktutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.

Arvadını və evində usta işləyən şəxsi öldürən kişidən XƏBƏR VAR

Tərtərdə arvadını və evində usta işdəyən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib. Məhkəmənin hazılıq iclası iyunun 13-ə təyin edilib. Qeyd edək ki, bu il fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub. Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir. /apa/

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıblar. Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəşad Dağlının ailəsindən ETİRAZ

Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsi iddialı açıqlama yayıb. Bununla bağlı söz ustasının oğlu Yusifin səhifəsində paylaşım edilib və bu sözlər qeyd olunub: “Gözəl ata, sənə paxıllıq edən yanında olan oldu. Üzünə gülüb oyunlar oynadı. Allah övladlarından çəkdirsin. Sən həmişə öyrədirdin ki, kişi kişinin arxasından danışmaz. Allahın ədaləti böyükdür. Ən yaxın zamanda maskaları düşəcək. Buna inanıram. Siz də o şərəfsizləri görəcəksiz”. Qeyd edək ki, Rəşad İskəndər Mehtiyevi qətlə yetirdiyi üçün azadlıqdan məhrum edilib. (Olay.az)

Zaqatalada 52 yaşlı qadın itkin düşüb

Zaqatalada 52 yaşlı qadın itkin düşüb. 1970-ci il təvəllüdlü Elmira Pavlovna mayın 18-də evdən hava almaq adıyla çıxıb bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. /apa/

Vaşinqton və Kiyev rəsmiləri ABŞ-ın Ukraynaya F-16 qırıcıları göndərməsini müzakirə edib

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub. Bu barədə Ukrayna Prezident Ofisindən bildirilib. Tərəflər F-16-ların Ukraynaya tədarükünü, həmçinin bu qırıcıları idarə edəcək pilotların təlimini müzakirə ediblər. A.Yermak həmsöhbətini döyüş meydanındakı son durum barədə də məlumatlandırıb. O, verdiyi dəstəyə görə Ağ Evə minnətdarlığını bildirib.

Almaniya Putinin Cənubi Afrikada həbsi edilməsini qanuni hesab etdi: “Beynəlxalq hüquqa əməl edilsin”

“Rusiya Prezidenti Vladimir Putinin avqustda BRİKS sammitində iştirak üçün gedəcəyi Cənubi Afrikada həbsi qanunidir”. Bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib. Berbok Cənubi Afrikada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putinin mümkün həbsi ilə bağlı beynəlxalq hüquqa əməl edilməsinə çağırıb.  “Hazırda beynəlxalq hüquq aydın şəkildə bəyan edir ki, təcavüzkar müharibələrə görə cavabdehlik daşıyan hərbi cinayətkarlar nə vaxtsa məsuliyyətə cəlb olunacaqlar”, - deyə nazir Almaniyanın Vismar şəhərində Baltik Dənizi Dövlətləri Şurasının iclasından sonra çıxışında qeyd edib. Annalena Berbokun sözlərinə görə, BRİKS sammiti açıq şəkildə göstərir ki, amansız təcavüzkar müharibə və beynəlxalq nizamın pozulmasına görə məsuliyyət daşıyan hər bir təcavüzkar və hərbi cinayətkar bunun müəyyən nəticələrini görəcək. “Bu halda beynəlxalq konfranslarda iştirak etmək o qədər də asan olmazdı”, - deyə Almaniya xarici işlər naziri bildirib. O əlavə edib ki, Cənubi Afrika artıq Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olduğunu nümayiş etdirib. “Bu, Rusiyanın işğalçılıq müharibəsinin sırf Avropanın məsələsi olmadığını və bütün dünyanı təsir altına aldığını daha da aydın şəkildə göstərir”, - deyə Burbok vurğulayıb. /oxu.az/ Mənbə: “Zeit”

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

“Qarabağ” ilk yay transferini reallaşdırıb. Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, fransalı futbolçu Hamidu Keyta ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanıb. Keyta “atlılar”da 17 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, 28 yaşlı vinger son olaraq “Zirə”də oynayıb.

Dövlət xidməti əməkdaşlarının maaşları ilə bağlı qərar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları” yeni redaksiyada təsdiq olunub. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.