Bilmirəm bu Çimnaz məndən nə istəyir - Aktrisa

"Çimnaz məndən hələ də əl çəkmir. Bilmirəm niyə görə". Sozcu.az Moderator-a istinadla xəbər verir ki, bunu aktrisa Nəzakət Məmmədova deyib. O əlavə edib: "Belə fikirləşirəm ki, mənim sayəmdə o həmişə gündəmdə qalmaq istəyir. Çünki Çimnazın işləri, nailiyyətləri yoxdur ki, insanların yadında onunla qalsın. Yalnız qalmaqal edərək özünü gündəmdə saxlamaq istəyir. Son zamanlar mən də gördüm ki, sosial şəbəkələrdə xəbər yayılıb ki, guya Çimnazın videosunun altına nəsə yazmışam. Bədəninin hansısa hissəsini göstərib həmin videoda. Həqiqətdə heç nə yazmamışam. Nə vaxtsa nəsə yazanda deyirəm ki, yazmışam, yaxşı etmişəm, haqqına etmişəm. Məni insanlar da görəndə deyirlər ki, düz deyirsiniz, Çimnazın etdikləri artıq biabırçılıqdır. Amma son yazını həqiqətən də mən yazmamışam. Çimnaz artıq başqa şeylərə əl atır, feyk profillər yaradaraq mənim adımdan rəylər yazır. Bu artıq acizlikdir". N. Məmmədova qeyd edib: "Mən Çimnaz haqqında sonuncu dəfə bir söz dedim. Aylar əvvəl olmuşdu bu qalmaqal. Mən artıq ona baş qoşmaq istəmirəm. Verilişlərin birində soruşdular ki, aktrisaların nəyi xoşunuza gəlmir?! Mən də bir tamaşaçı kimi fikrimi söylədim ki, Çimnazın geyim tərzi, özünü aparmağı heç Azərbaycan qadınına xas olan bir hərəkət deyil. Bu Azərbaycan üçün biyabırçılıqdır. Bu sözü demişəm və arxasında da dururam. Mən onu təhqir etmədim, tənqid etdim. O tənqidə təhqirlə cavab verir. O insanın tərbiyəsində, mədəniyyətində problemlər var. Hər bir insan tənqid edə bilər. Bütün xalq bizi tənqid edə bilər. Bu o demək deyil ki, insanları buna görə təhqir etməliyik. Mən qalım bir yana, o mənim oğlumun, qızımın haqqında təhqirəmiz sözlər yazıb. Bu artıq mədəniyyətsizlikdir. Filmlərdə çəkildiyim səhnələrdən görüntülər paylaşır. Mənim həyatımdan, qızımın, oğlumun həyatından götür nələrsə paylaş, mən də deyim ki, biz də özümüzü sənin kimi apara bilmirik. O ana deyil, ana olsaydı bala qədri bilərdi. Mən öz balalarımın qədrini bilirəm, onları qoruyuram, əzizləyirəm. Mən heç bilmirəm ki, onun övladı var yoxsa yoxdur?! Təbii ki, var övladı, amma ana deyil, övladı ilə yəqin ki, fəxr etmir. Çimnaz mənim səviyyəmə, statusuma uyğun bir adam deyil ki, onun haqqında danışım, qalmaqal edim. Odur məndən əl çəkməyən. Çimnaz deyir ki, məni heç kim tanımayanda, o gündəmdə olub. Mən Azərbaycanda tanınanda, sən ümumiyyətlə harada idin?! Səni hardan tanıyırlar? Nə nailiyyətin var? Sən yalnız seksual hərəkətlərini, gündəlik həyatını tamaşaçılara göstərmisən. Bu sənin həyat tərzindir. Mənim heç vecimə də deyil ki, Çimnaz ayağını, əlini açıb, nə göstərəcək?! Bu artıq xəstəlikdir, psixoloji problemdir. O bədənini insanlara nümayiş etdirməklə seksual həzz alır. Gedib özünü müalicə etdirsin, məndən də əl çəksin".

NATO: “Ukrayna Rusiya ərazisinə hücum edə bilər”

“Ukrayna Rusiya ərazisinə hücum edə bilər”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısı başlamazdan əvvəl keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu, Ukraynanın özünümüdafiə hüququdur: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”. Müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını xatırladan Y.Stoltenberq qeyd edib ki, ancaq o özü də dayandıra bilər: “Biz Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Həmçinin Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir. NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ölkəyə işlənmiş maşınlar gətirənlər bu ödənişi edəcək

Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqının alınması nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar Haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Qadın onu döyən keçmiş sevgilisini bıçaqladı

Qaxda qadın onu döyən keçmiş sevgilisini bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb. Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır: "Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb".

Zelenski Kişinyova getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovanın paytaxtı Kişinyov şəhərinə gedib. Sozcu.az xəbər verir ki, V.Zelenskinin tədbirdə iştirakı əvvəlcədən açıqlanmayıb. Onun hərəkət etdiyi marşrut məxfi saxlanılır.

Güneyli milli fəallar Təbriz həbsxanasına köçürülüb

Təbrizdə yaşayan güneyli milli fəallar Hüseyn Amani, Əlirza Səbri və Cavad Əhmədzadə Təbriz həbsxanasına köçürülüblər. Bu barədə milli fəalların yaxınları məlumat verib. Bundan əvvəl təhlükəsizlik idarəsinin istintaq təcridxanasından həbsxanaya köçürülən Məhəmmədrza Amani (Araz) isə yenidən təcridxanaya geri qaytarılıb. 22 may qiyamının ildönümü öncəsi saxlanılan fəalların nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 72,66 dollara, yüngül neftin bir barreli isə 68,39 dollara təklif edilir.

Gəncədə növbə üstündə dava

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb. Sozcu.az xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib. Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Report-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bu gün və sabah gecə və səhər saatlarında yağıntılarda qısa müddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq: "Ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur".

Usta kondisioneri düzəldərkən yıxılıb öldü

Bakıda usta faciəvi şəkildə ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb. Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Rahim Oqtay oğlu Manafovun çağırışı ilə kondisioner quraşdırmaq üçün "Yasamal yağdəyişmə mərkəzi"nə gedib. Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Paşinyan erməni icması ilə görüşdən imtina etdi

Moldovada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovdakı erməni icması ilə görüşünü ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib. Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi: “İclas iştirakçılarının siyahısında birinci diaspor rəhbəri kimi mənim adım vardı. Amma sonra adımın üstündən xətt çəkdilər ki, tədbirdə iştirak etməməliyəm. Bildirdim ki, burada erməniləri təmsil edirəm və Ermənistanın baş nazirinə suallarım var, niyə iştirak etməməliyəm? Təxminən bir saat əvvəl mənə zəng edərək görüşün olmayacağını dedilər”.

Rusiyaya növbəti hücum: döyüş gedir

Ukrayna diversantları tankların da köməkliyi ilə Belqorod vilayətinin Şebekino şəhərindəki sərhəd-keçid məntəqəsinə hücum ediblər. Döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiyanın Teleqram kanalları məlumat yayıb. Bildirilib ki, gecə boyunca da şəhər güclü atəş altında olub, mərmilərdən biri vilayətin daxili işlər idarəsinin binasına düşüb. Bəzi sakinlər isə şəhəri tərk etməyə hazırlaşırlar. Vilayətin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərinin mərkəzinin və ətrafının “Qrad”dan atəşə tutulduğunu bildirib, nəticədə 5 mülki vətəndaş xəsarət alıb.

Rusiyanın itkiləri 209 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 463-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 208 370 hərbçi, 3804 ədəd tank, 7478 ədəd zirehli döyüş maşını, 3474 ədəd artilleriya sistemi, 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 333 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6239 ədəd avtomobil texnikası, 3131 ədəd PUA, 1107 qanadlı raket, 18 gəmi/qayıq, 458 xüsusi avadanlıq itirib.

NATO Baş katibi Türkiyəyə gəlir

İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün yaxın günlərdə Türkiyəyə səfər edəcəm. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Stoltenberq səfərin dəqiq tarixi ilə bağlı məlumat verməyib.

Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı dəyişiklik

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub. Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

"İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır" - Voskanyan

“İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır”. Sozcu.az xəbər verri ki, bunu erməni iranşünas Vardan Voskanyan jurnalistlərə deyib. O bildirib ki, iranlılar çox vaxt anlaşılan görünən məntiqə uyğun hərəkət etmirlər. “Bu mənada bizim regionda birlik dövləti var. Ermənistan və İranın maraqlarının böyük ölçüdə üst-üstə düşdüyü göz qabağındadır. Söhbət həm Ermənistanın, həm də iranlıların açıq şəkildə danışmadığı Qarabağın təhlükəsizliyindən gedir. İranlı ekspertlərlə təmaslara əsaslanaraq əminliklə deyə bilərəm ki, İran tərəfi məncə, buna hazırdır. İran Qarabağ probleminin ermənilərin xeyrinə həllini dəstəkləyir. Ona görə də hesab edirəm ki, bu münasibətlərdə İranın müsbət irəliləyişindən istifadə etməmək düzgün olmaz”, – deyə Voskanyan sərsəmləyib.

"Rusiya təşəbbüsü itirir və hərbi məqsədlərinə nail ola bilmir" - Britaniya kəşfiyyatı...

"Düşmən əkshücuma mane olmağı və Ukraynanın təkmilləşdirilmiş HHM sistemini məhv etməyi bacarmayıb..." "Mayın 30-a keçən gecə işğalçıların Ukraynaya buraxdığı 31 drondan 29-u məhv edilib..." Bu ay rusiyalı işğalçılar güclü hücumlara əl atıb, lakin düşmənə Ukraynanın əkshücumuna mane olmağa kömək etməyib, döyüş meydanında təşəbbüs isə daha çox itirilib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni məlumatında deyilir. Britaniyalı kəşfiyyatçılar qeyd edir ki, rusiyalı işğalçılar son ay ərzində hər şeydən öncə öz hərbi hədəflərinə irəliləmək əvəzinə, Ukraynanın hərəkətlərinə reaksiya verməyə məcbur olub. "2023-cü ilin may ayı ərzində Rusiya gecələr pilotsuz uçuş aparatları və qanadlı raketlərlə Ukraynanın dərinliklərinə birtərəfli zərbələr endirib. Ukraynanın təkmilləşdirilmiş hava hücumundan müdafiə sisteminin neytrallaşdırılması və Ukraynanın əkshücum qüvvərinin məhv edilməsi üzrə öz ehtimal edilən məqsədlərində Rusiya az uğur əldə edib", - məlumatda deyilir. Nazirlik qeyd edir ki, Rusiyanın qərbində partizanların hücumuna reaksiya verilməsi üçün işğalçılar öz təhlükəsiz qüvvələrini yenidən dislokasiya etməyə məcbur olub. Həmçinin qüvvələri Baxmut ətrafında cəbhə xəttində boşluqları doldurmaq əvəzinə, Ukrayna əkshücumunun güman edildiyi yerə cəmləşdirməyə cəhd edilir. "Operativ planda rusiyalı komandirlər, ehtimal ki, ehtiyat qüvvələrini yaratmağa və onları Ukraynanın, önların fikrincə, əkshücumu baş tutacaq yerdə yerləşdirməyə cəhd edir", - kəşfiyyatçılar qeyd edir. Ukraynaya gecə hücumları-nələri bilmək lazımdır May ayı ərzində rusiyalı işğalçılar Ukrayna ərazisinə güclü zərbələr endirilməsi praktikasına dönüb. Demək olar ki, hər gün düşmən Ukrayna şəhərlərinə müxtəlif tip raketlər və İran istehsalı olan onlarla kamikadze-dronlarla hücumlar edib. Düşmənin 17 güclü hücumları zamanı işğalçılar Kiyevi hədəfə alıb. Sonuncu, mayın 30-a keçən gecə hücum zamanı Ukraynaya 31 dron buraxılıb, Ukraynanın HHM sistemi onlardan 29-nu məhv edib. Kiyevdə Rusiya dronu qalıqlarının düşməsi nəticəsində Qoloseyevsk rayonunda evin yuxarı mərtəbələrində yerləşən mənzillər dağılıb. Hücum zamanı bir nəfər həlak olub, 11 nəfər zərər çəkib.

İlham Əliyev Moldovada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib. Sozcu.az xəbər verir ki, Kişinyov şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.

Kəlbəcərin bu kəndində hayklar əkilməmiş torpaq qoymayıb...

“Kənddə yeni doğuşlar artıb və oğlan uşaqları üstünlük təşkil edir...” Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiya  "sülhməramlı" hərbi kontingentinin müvəqqəti(!) nəzarətində və separatçı-terrorçu rejimin faktiki işğalında qalan Həsənriz kəndində bu il “yazlıq tərəvəzlərin misli görünməmiş səpini aparılıb”. Sozcu.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu barədə “Aterk” adlandırılmış kəndin  qanunsuz  “icma rəhbəri” Vardan Qriqoryan danışıb. “Həyətyanı  və təsərrüfat sahələrində geniş miqyasda kartof və pomidor, lobya, kələm, badımcan, qarğıdalı yetişdirilir. Kənd camaatı blokadanın yaratdığı problem və çətinliklərə rəğmən ümidini üzməyib, əksinə, torpaqla daha fəal işləməyə başlayıb, günün çox hissəsini tarlalarda, bağlarda keçirib. Hazırda icmada əkilməmiş torpaqlar, demək olar ki, yoxdur”, - deyə V.Qriqoryan bildirib. “Sakinlərimiz iradəli insanlardır. Yalnız ümid etmək olar ki, Artsaxda layiqli sülhün bərqərar olmasını çox gözləməyəcəyik” -deyən erməni məmur, kənddə yeni doğuşlar artdığını və oğlan uşaqlarının üstünlük təşkil etdiyini sevinclə qeyd edib...moderator

Rayonda su qiymətinə olan kartof Bakıda od qiymətinə: “O məmurlar bilmir ki...”

“Meyvə-tərəvəzin bölgələrdəki qiymətinin ucuz olması monopoliya deyil, əksinə, bu, sadəcə olaraq, idarəçilikdəki səriştəsizlikdir. Çox ciddi idarəçilik problemi var”. Bu sözləri Yenisabah.az-a açıqlamasında fermer, kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib. O, bölgələrdə meyvə-tərəvəz qiymətlərinin paytaxt Bakıya nisbətən daha ucuz satılmasından söz açıb. Xatırladaq ki, ötəngünkü yazımızda bölgələrdə meyvə və tərəvəz məhsullarının maya dəyərindən daha ucuz olması ilə bağlı məlumat vermişdik. Belə ki, Göyçayda göycə alçasının kilosu 50 qəpik olsa da, Bakıda bu qiymət 4-5 manat aralığında dəyişir. O cümlədən, Cəlilabadda kartofun 1 kiloqramı 20, xiyarın bir kiloqramı isə 10 qəpiyə müştərilərə təklif olunur. Xaçmaza gəldikdə, pomidorun 1 kiloqramı 40-50 qəpiyə, gilas isə 1 manata satılır. Öz növbəsində, Ş. Nəcəfov xatırladıb: “Yadınızdadırsa, Azərbaycanda “Meyvəli MMC” yaradıldı və guya kəndlinin məhsulunu alıb satacaqdılar və s. Dövlət buna böyük pullar ayırmışdı ki, bu pullar da yeyildi. Onsuz da Azərbaycanda büdcədən pul ayrılanda bu, oliqarx məmurların savaş meydanına çevrilir ki, o pulu basıb yesinlər. Qısası bu, çox ciddi bir səriştəsizlikdir. Kənd Təsərrüfatı nazirliyi hər zaman kənd təsərrüfatı məhsullarının ucuz satışı üzrə yarmarkalar təşkil edirdi. Amma Azərbaycanda hələ bir dəfə də olsun kənd təsərrüfatı məhsullarının maya dəyəri dövlət tərəfindən çıxarılmayıb ki, bu məhsul fermerə neçəyə başa gəlir? Hətta bunun üzərində tenderlər olmalıdır ki, maya dəyərini də bilək. Sual edirəm, Cəlilabadın kartofunun, Qubanın almasının, yaxud mal və qoyun ətinin maya dəyəri neçəyədir? Bu gün Hindistan ətinin qiymətinə 5-6 manata tenderlər edirlər, amma yerli məhsul batıb gedir”. Mütəxəssisə görə, bu gün müvafiq sahədə heç nə doğru deyil: “Dövlət, ilk növbədə, yerli fermerdən yararlanmalı və o məhsulları ondan alaraq, ona uyğun da tenderlərin keçirilməsi təmin olmalıdır. Fermeri bazarda görsəniz, bilin ki, o, ziyan edir. Çünki normalda biri istehsal etməli, o birisi marketinqini həyata keçirməli, digəri isə satmalıdır. Yəni bunun bir dəyər zənciri formalaşmalıdır ki, Azərbaycanda həmin dəyər zənciri yoxdur. Fikrimcə, yeni kadrların təyinatı da başqa bir dərddir. Haradansa tutub gətiriblər, göydən nazirliyə paraşütlə düşüb sanki. Ümumiyyətlə, o sahəni bilmir, kadr bazasını tanımır. Ona görə də problem budur, monopoliya deyil”. Müsahibimiz iddia edib ki, bu gün bir çox şeylər maya dəyərindən aşağı satılır, bunun xarici bazarlara çıxışı təmin olunmur, fermerə ciddi dəstək verilmir: “Bu gün o sistem yaradılmır, amma A-dan Z-ə dəyər zənciri formalaşmalıdır. Həmişə deyilir, lakin kimsə bunu etmir. Bu gün hər şey çox bahadır, amma yerlərdə maya dəyərindən aşağı satılır. Bu yaxınlarda kənd təsərrüfatı naziri təyin olundu. Görün, bir dəfə də olsun o, kollektivlə görüşübmü, ayrı-ayrı strukturlarla müzakirələr açıbmı? Hazırda ölkədə su və satış problemi var. Amma praktiki nəticə yoxdur, çünki bu sahədə olanlar yad adamlardır, heç bilmirlər ki, harada başlamaq və kimlərlə görüşmək lazımdır. Kənd təsərrüfatında da ciddi mütəxəssislər var ki, onlara görüşüb nələrisə müzakirə etmək, problemi yerində lazımi adamlardan eşitmək, habelə fermerlərlə dialoq qurmaq lazımdır. Bunların da heç biri olmur deyə get-gedə kəndlər də boşalır, kəndli yazda əkinçi, qışda dilənçi olur. Yəni hər dəfə bir amma çıxır ki, kənd insanı uğur qazanmasın. Axı bu insan həyata bir dəfə gəlib və bunun həyatı eksperiment deyil ki, bunların həyatı ilə təcrübə aparasınız?” “Bir neçə il bundan qabaq faraş kartofun gömrükdən buraxılmasını əngəlləmişdilər. Bunlar başa düşmürlər ki, faraş kartof sahədən çıxıb bazara gələnə qədər qaralır və o, saxlanmalı mal deyil. Adını qoymuşdular ki, qiymət bahadır və payızlıq kartof anbarlarda yığılır. Çünki ağlı başında olan hökumət faraş kartofun ildırımsürətli bazarlara çıxışı təmin etməlidir ki, bu məhsul sahibkarın əlində qalmasın. Yadınızdadırsa, gömrük faraş kartofun Rusiyaya çıxışını qapatmışdı. Amma başa düşmürlər ki, faraş kartof yaşıl dəhlizlə keçməlidir, bu qaralır, saxlamaq olmaz. İndi hansısa məmur guya öz ağlında ölkə daxilində bolluq yaratmışdı və demişdi ki, faraş kartofun çıxmasını qadağan etmişdi. Bax, belə problemlər və səriştəsizliklər ölkəni geri salır”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Şamaxıda 5 uşaq anası döyüldü

Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Camal şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 27-də baş verib.  Camal sərxoş vəziyyətdə yaşadıqları evdə aralarında ailə mübahisəsi zəminində yaranmış münaqişə zamanı arvadının baş və bel nahiyələrindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.  Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  O bildirib ki, Könül onun arvadıdır, həmin şəxslə əvvəllər münasibəti yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb:  “Könül ilə 2007-ci il avqust ayında ailə həyatı qurmuşam. Həmin nigahdan 5 övladım var”.  Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 27-də dostunun ad günündə spirtli ikçi qəbul edib:  “Evə daxil olan zaman otaqda arvadımdan içmək üçün çay gətirməsini dedim. Arvadım çay gətirmək üçün getdi. Çayı gətirən zaman dişinin ağrıdığını, niyə bu qədər içirsən dedi. Könülə niyə deyinirsən deyərək əsəbləşdim. Aramızda mübahisə yarandı. Mən şisə içkili olduğum üçün özümü saxlaya bilmədim. Arvadımın baş nahiyyəsinə bir dəfə, kürək nahiyyəsinə isə bir neçə dəfə yumruqla vurdum. Bundan sonra evdə olan atam bizim səs-küyümüzə otağa daxil oladu və bizi sakitləşdirdi. Həmin hadisədən sonra arvadımıa aramızda heç bir hadisə olmasada, fevralın 28-də arvadım atasının evinə getdi. Uşaqların ikisini arvadım aparsa da, üçü mənimlə birlikdə qaldı”. Təqsirləndirilən deyib ki, həmin hadisə zamanı arvadına başqa heç bir qanunsuz hərəkət etməyib. Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.  Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verilib.  O, cinayət məsuluiyyətindən azad edilib. 

Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır - Deputat

“Ölkəmizdə maliyyə sahəsində problemlər var. Şəffaflığın olmadığı göz önündədir. Daxil olan informasiyalar göstərir ki, ölkədə maliyyə şəffaflılığı ilə bağlı çox iş görülməlidir. Hesablama Palatasının təqdim etdiyi hesabatları qənaətbəxş hesab etməklə işimizi bitmiş sayırıq”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. O, çıxışı zamanı tənqidi fikirlər səsləndirib: “Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır. Sosial müdafiəyə ayrılan pulların xərclənmədiyini görürük. Milli Məclisdə “Büdcə və büdcəyə nəzarət” komitəsi yaradılmalıdır. Bundan əlavə Milli Məclisin bu komitəsi ciddi büdcə pozuntularını izləməli, qanun pozuntuları zamanı hesab sormalıdır. Milli Məclis təkcə dövlətdən qanun layihələri gözləməli deyil. Hətta biz görürük ki, bəzi dövlət orqanları hələ də hesablarını verməyiblər. Bu nə özbaşınalıqdır? Bundan başqa bəzi qurumlar var ki, maliyyəni hələ də öz hesabında saxlayır. Xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar”,- deyə deputat bildirib.

Fəhlə iş yerində nərdivandan yıxılıb ÖLDÜ

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb. Bu barədə Sozcu.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Güneyli rəssamın İstanbulda sərgisi keçiriləcək

İyunun 9-dan 24-ə kimi İstanbulda güney azərbaycanlı rəssam Reyhan Cabbarinin 35 əsərindən ibarət rəsm sərgisi keçiriləcək. Bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, Reyhan Cabbari karyerasını təkmilləşdirmək üçün 2015-ci ildə İstanbula gəlib. Hazırda o, rəssamlıqlaş məşğul olur, həmçinin fotoqrafiya, memarlıq və dizayn kimi sənət sahələrində çalışır.