“Ukrayna Rusiya ərazisinə hücum edə bilər”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısı başlamazdan əvvəl keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, Ukraynanın özünümüdafiə hüququdur: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”.
Müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını xatırladan Y.Stoltenberq qeyd edib ki, ancaq o özü də dayandıra bilər: “Biz Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Həmçinin Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir. NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.