“Samsung” un rəsmi distribütoru olan “Baku Electronics” ticarət mərkəzindən olunan müştəri şikayətini dərc etmişdik. Bakı sakininin 6 ay əvvəl “Baku Electronics”dən aldığı qaz plitəsinin keyfiyyətsiz və nasaz çıxması, müştəri, eləcə də onun yaşadığı bina sakinləri üçün ciddi problemə çevrildiyini qeyd etmişdik.
Müştərinin dediyinə görə, məişət cihazı alınan gündən normal işləməyib. Evə gətirilib quraşdırılandan sonra ailə demək olar ki, hər gün partlayış səsindən dik atılır. Qaz plitəsindən çıxan partlayışın zərbəsi vətəndaşın yaşadığı binadakı işıq sistemini də sıradan çıxarır. Analoji hal isə hər dəfə plitə işə salınarkən baş verir. Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq müşkül məsələyə çevrilib. Ev sahibi qorxulu yuxuya çevrilən bu məsələnin çözülməməsindən və şirkətə şikayət etməkdən artıq təngə gəlib.
Baxmayaraq ki, “Bakı Elektronics” iki aydan çoxdur ki, qaz plitəsini yenisi ilə əvəzləyəcəklərini vəd edir. Nə müştəri məmnuniyyəti təmin olunur, nə də yararsız və nasaz məhsul yenisi ilə əvəzlənir.
Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir
Növbəti dəfə saytımıza müraciət edən müştərinin dediyinə görə, şirkət servisindən qaz plitəsini təmir etmək üçün hər on gündən bir yeni əməkdaş göndərilir.
Servis əməkdaşlarının işi isə sadəcə məişət cihazına baxış keçirməkdən ibarət olur. Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir:
“6 aydır nasaz qaz plitəsini işlədirik. Aylardır gözlətdilər ki, anbarda məhsulumuz yoxdur, xaricdən gətirilsin, yenisi ilə dəyişərik. İndi də verdikləri vədi yerinə yetirmirlər. Nasaz detalı dəyişdirməyəcəklərini bildirirlər. 3 il zəmanətlə aldığım məhsul niyə yenisi ilə dəyişilməməlidir ki? Halbuki plitə aldığımız gündən normal işləmir. Anlamıram, bunların müştəri məmnuniyyəti, xidmətləri budur?”, - deyə müştəri əlavə edib.
“Bakı Electronics”ə aylar öncə ünvanladığımız sorğuya iaə cavab yoxdur. Baxmayaraq ki, Bizim.Media-ya araşdırma aparılandan sonra açıqlama verəcəkləri bildirilmişdi. Yəni, şirkətdən aylardır səs-səmir çıxmır.
“İstənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, “Bakı Elektronics”dən onlara da yağış kimi şikayətlər yağır:
“Dəfələrlə bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə bildirmişəm ki, bu şirkətləri toplayıb, onlarla konkret danışmaq lazımdır. Məsələ burasındadır ki, bu şirkətin işi məhsulu satana kimidir. Hansısa problem yarananda vətəndaşı qəbul etmirlər. Azərbaycanda hələ “Bakı Elektronics”in rəhbərinin qəbuluna düşən bir nəfər belə olsun istehlakçı olmayıb.
Bu şirkət “malını götür, itil cəhənnəmə” prinsipi ilə işləyir. Həftədə bizə 3-4 şikayət daxil olur. Bu şirkətin məhsullarının zavod qüsuru var. Qaldı ki, konkret o müştərinin şikayətinə, tək o deyil, istənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”.
Eyyub Hüseynovun sözlərinə görə, xoşagəlməz hallar ona görə artır ki, dövlətin istehlakçı hüququnu qoruyan qurum heç bir iş görmür:
“Aidiyyəti qurumun bu günədək müstəqil ekspertiza aparmasını görməmişik. Bu səbəbdən də biznes qurumları istehlakçıların başına istənilən oyunu aça bilirlər. Get-gedə ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar da zəifləyir. Adını çəkdiyim qanun 1995-ci ildə qəbul olunub. Necə dəfə dəyişiklik aparılıb və hamısı da istehlakçıların zərərinə olub.
Üstəlik, Nazirlər Kabinetinin 343-cü qərarı (təhlükəsizliyi təmin olunan malların sertifikatlaşdırılması) ləğv olunub. Yəni ölkəyə daxil olan bütün mallar əvvəlcədən yoxlanmalı, sonra qəbul olunmalıdır. Ona görə ölkənin əmtəə bazarında hər cür təhlükəli mallar tüğyan edir.
Aldadılan istehlakçılara tövsiyəm budur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər”.
Xatırladaq ki, bəhs etdiyimiz alıcı dekabrın 14-də “Baku Electronics”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi alıb. Evə gətirib quraşdırandan bir neçə gün sonra cihazdan partlayış səsi gəlib və bu, hər istifadə zamanı təkrarlanıb. Dərhal şirkət servisinə məlumat verilib. Servis əməkdaşı plitəni yoxlayandan sonra məhsulun istifadəyə yararsız və dəyişdirilməli olduğunu bildirib. Şirkət isə məhsulu yenisi ilə əvəzləməkdən boyun qaçırır.