“Azərbaycan mediası sanki böyük bir fəlakət yaşayır. Daha nə deyim? Milli Məclisdə ağcaqanad məsələsini problem kimi qaldırmışam, anti-sanitariyadan malyariya yarana biləcəyini demişəm. Ağcaqanadların hədsiz artdığını dilə gətirmişəm. Çünki əvvəllər dezinfeksiya, sanitariya işləri aparılırdı, problemin qarşısı alınırdı. İndi isə on illərdir bunun olmaması, insanların xəstəliyə tutula biləcəyi məsələsini qaldırmışam ki, problem həll edilsin. Yaxud küçə itlərinin dişləməsi nəticəsində yarana biləcək quduzluq, hətta bunun adam ölümünə səbəb olması, şəhər və qəsəbələrdə kütləvi halda sahibsiz itlərin yayılması təhlükəsini ortaya qoymuşam. Təsəvvür edin, bu problemlər kənara qoyulub, çıxışımın içindən təkcə ağcaqanad hissəsini yazıblar. Utanmadan xəbərin başlığına da qoyurlar. Yaxşı, deyək ki, müxalifətdən kimsə bəyənmir, təhqir edir. Amma görürəm ki, iqtidarda da çoxunun xoşu gəlir, rəvac verir ki, xəbər yayılsın. Çünki özlərinin də məsuliyyəti var axı. Nəyə görə sanitariya tədbirləri həyata keçirilmir? Bu qədər dövlət vəsait ayırır və ya ayırmalıdır. Sanki, iqtidarlı-müxalifətli bir cəbhə açıblar”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, problem həll edilməlidir: “Sual şəklində demişəm ki, indi nə edək, sahibsiz itləri Koreyaya, Çinə sataq? Yəni tədbir görmək lazımdır. Amma bunlar yazırlar ki, Tahir deyir, itləri Çinə, Koreyaya sataq. Heyvansevərləri üstümə qaldırırlar. Təəssüf edirəm ki, biz bu gündəyik. “Qurani-Kərim”də Allah-Təala bir neçə yerdə “öldür” deyir. Bu gün İslamın əleyhinə olan Qərb və digər ölkələrdə deyirlər ki, İslam necə dindir, adamı öldürməyə təşviq edir. İslam əleyhinə ciddi çıxışlar edirlər, amma heç kim demir ki, Allah nə üçün, hansı halda “Quran”da “öldür” deyir. Mənim də çıxışım ştrix ola bilər. Ancaq heç kim demir ki, Tahir hansı problemləri ortaya qoyub? Bu problemlərdən danışmaq, həll etmək lazımdır. Problemi öz həllindən uzaqlaşdırmaqdan ötrü belə edirlər. İqtidar mənsubları da bunu bilir ki, problemi həll etmək lazımdır, amma həll etmir. Hansı subyektiv səbəblərə görə, bunu bilmirəm, iqtidarın marağı var ki, əleyhimə getsin. Bəs bu müxalifətdəkilər? Onlar arasında qərəzli olanlar da var, lakin sosial şəbəkələrdə əleyhimə yazanlar çoxdur. O qədər bunları cılızlaşdırıblar ki, xəbərin başlığında bir kəlimə görürlər ki, “Tahir Kərimli ağcaqanaddan danışdı”, başlayırlar söyməyə. Axı məsələnin kökünü bilmirlər, xəbəri açıb içini də oxumurlar. Tahir Kərimlinin müsahibəsini də dinləmirlər. Çıxışımın videosu da var. Belə hallar çoxdur, böyük bir dərddir. Məşhur filmdə deyildiyi kimi, “lənət olsun içimdəki insan sevgisinə...” Nə qədər deyirəm ki, xalqın, millətin problemi ilə bağlı danışmayım, hansısa ştrix söz çıxarıb, mənə qarşı hücuma keçəcəklər, yenə də olmur. Ürəyim dözmür, görünür, genetik olaraq belədir ki, xalqın qayğısına qalmaq lazımdır”.