"Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir..."
"Müharibə başlanandan 485 ukraynalı uşaq həlak olub, 1005 uşaq yaralanıb, 19 505 nəfər deportasiya edilib, bunlar yalnız rəsmi rəqəmlərdir..."
"AŞPA-nın aprelin 27-də qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasyası soyqırım adlandırılıb..."
Ukrayna prezidenti Vladimir Zelenski iyunun 4-də Rusiyanın təcavüzü nəticəsində həlak olan uşaqların Xatirə Günündə bəyan edib ki, Ukraynanın hüquq təsisatları terrorda günahı olanların məsuliyyətə cəlb edilməsi üzərində işləyir.
Sozcu.az xəbər verir ki, bu barədə o, özünün növbəti videomüraciətində bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb.
O, iyunun 4-də gecə Dnepr şəhərinin raket zərbəsinə məruz qalması, nəticədə iki yaşlı körpə qızcığazın həlak olması və beş uşağın yaralanmasını xatırladıb.
"Rusiyanın terroru yüzlərlə uşaqlarımızın həyatına son qoyub. Təkcə fevralın 24-dən tammiqyaslı müharibə müddətində 485 nəfər uşaq həlak olub. Bu rəqəmi rəsmən təsdiq edə bilərik, çünki o uşaqların hər birini tanıyırıq. Təəssüf ki, onların sayı daha çoxdur", - o, deyib.
Prezident qeyd edib ki, hər dəfə müdafiə qüvvələri Ukrayna ərazisini rusiyalı işğalçılardan azad edəndə, onların günahından nə qədər uşağın həlak olduğu barədə həqiqət bəlli olur.
"Təəssüf ki, hələlik, Rusiyaya deportasiya edilən yüzlərlə uşaq haqqında tam məlumatımız yoxdur. Bugünədək müxtəlif səylərlə 371 deportasiya edilmiş uşaq Ukraynaya qaytarılıb.
Həm də bizim ən azı 19 505 nəfər ukraynalı uşağın deportasiya olunması barədə dəqiq məlumatımız var. Bu, hələ də düşmənin sərəncamında olan körpə ukraynalı oğlan və qızların yalnız bir hissəsidir. Biz onların hamısını qaytarmalıyıq", - o, bəyan edib.
Zelenski vurğulayıb ki, 2014-cü ildə Kreml "xalqların taleyini həll edə biləcəyinə" qərar verməsəydi, bir çox uşaq sağ qalardı.
"Bu quldurların hər biri məhkum ediləcək. Mən buna şübhə etmirəm. Bütün lazımi hüquqi təsisatlar bu nəticəyə işləyir", - prezident deyib.
Kontekst:
24 fevral 2022-ci ildə Rusiya Ukraynaya soxulub, müharibənin tammiqyaslı mərhələsinə başlayıb. Rusiya faktiki olaraq Ukraynaya qarşı 2014-cü ildə, Ləyaqət İnqilabından sonra qanunsuz olaraq Krımı ilhaq edib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib.
Ukrayna Baş Prokurorluğu Ofisinin məlumatına görə, Ukraynaya tammiqyaslı hərbi müdaxilənin əvvəlindən 485 uşaq həlak olub, 1005 uşaq yaralanıb.
"Müharibə uşaqları" dövlət portalının məlumatına görə, Ukraynadan ən azı 19 505 uşaq deportasiya edilib. Onlardan yalnız 371 nəfəri geri qaytarılıb.
Ukraynanın uşaq ombudsmanı Darya Qerasimçuk bəyan edib ki, Ukrayna ərazisinin bir hissəsi işğal altında olduğuna və hakimiyyətin oraya çıxışının olmadığına görə söhbət bir neçə yüz min oğurlanmış uşaqlardan gedə bilər.
Aprelin 27-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə ukraynalı uşaqların deportasiyası soyqırım adlandırılıb.