“Buna hələ uzun bir yol var... Bu yol bölgəyə təsirlərin dinamikasının dəyişməsindən, tərəflərin özünü nə qədər güvənli hiss etməsindən və siyasi iradənin hansı səviyyədə olmasından asılıdır...”
“Kişinyov danışıqlarının nəticələrindən danışsaq, göründüyü kimi, ortalıqda heç bir nəticə yoxdur. Yəni hər hansı bir sənəd imzalanmadı, gözlənildiyi kimi, hər hansı bir anlaşma əldə edilmədi. Əslində, bunu bir sıra KİV-ə öncəki açıqlamalarımda mən də demişdim ki, oradakı görüşlərdən real heç nə gözləmirəm. Ona görə ki, bugünkü mürəkkəb geo-siyasi situasiyada Azərbaycan və Ermənistan arasında hər hansı bir sənəd imzalanması tərəf tutmaq kimi olacaq”.
Sozcu.az xəbər verir ki, bu sözəri moderator.az-a açıqlamasında iyunun 1-də Kişinyovda Avropa İttifaqı, Almaniya və Fransa liderlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin danışıqlarının nəticələri haqda danışan siyasi təhülksəizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu belə deyib.
“Biz gördük ki, Vaşinqton danışıqları, ondan öncə və sonrakı Brüssel görüşləri – bunlar hamısı Moskva tərəfindən çox aktiv müdaxilə ilə qarşılanır. Rusiya bununla demək istəyir ki, anlaşma heç bir halda əks tərəfin, yəni Qərbin,- istər ABŞ, istər Avropa İttifaqı olsun, istər ikisi birlikdə olsun, - əldə oluna bilməz. Və bunu həm İrəvanda, həm də Bakıda çox yaxşı anlayırlar. Odur ki, tərəflər hələlik mümkün qədər sülhlə bağlı yekun sənədin, hətta nəinki yekun sənədin, ilkin, çərçivə sənədinin imazalanmasına belə, ciddi təşəbbüs göstərmirlər. Ona görə ki, bu halda Rusiya tərəfdən təzyiq güclənəcək. Digər tərəfdən isə Kremlin vasitəçiliyi ilə sülh sazişini imzalamaq Qərbin hədəfinə gəlmək demək olacaq, həm də Rusiyanın bölgəyə müdaxiləsinə şərait yaradacaq”- deyə açıqlamasının davamında analitik söyləyib.
“Yadınızdadırsa, Moskva görüşü ərəfəsində də Rusiya baş nazirinin müavini Aleksey Overçuk hansısa sənədin imzalanacağı haqda optimist açıqlama vermişdi. Amma həmin gün Rusiya müdafiə naziri Şoyqu da açıqlama vermişdi. O demişdi ki, bölgədə sülh yaranması üçün KTMT-nin “sülhməramlı” qüvvələri də yeridilməlidir. Yəni Rusiyanın hədəfləri açıq-aydın görünür: hərbi güc vasitəsilə bölgəni öz nəzarətinə qaytarmaq. Təbii ki, bu da istər Ermənistanın, istərsə də Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də sülh sazişi, onun tezliklə əldə olunacağı haqda Azərbaycan mediası və ictimai-siyasi kəsimində gedən müzakirələr, verilən optimist proqnozlar reallıqdan çox uzaqdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasına hələ xeyli yol var. Uzun bir yol... Bu yol bölgəyə təsirlərin dinamikasının dəyişməsindən, tərəflərin özünü nə qədər güvənli hiss etməsindən və siyasi iradənin hansı səviyyədə olmasından asılıdır. Bax, bunlardan asılı olaraq sülhə doğru yol hələ xeyli gediləcək”, -deyə ekspert vurğulayıb.