Uşaqlarda baş ağrılarının səbəbləri nələrdir?

Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş ağrısı təkcə böyüklərin deyil, uşaqların da şikayət etdiyi problemdir.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, Uşaq Nevrologiyası Mütəxəssisi dossent Hepsen Mine Serin bildirib ki, uşaqlarda baş ağrılarının olnmasının bir çox səbəbi var.  Onun sözlərinə görə, uşaq tez-tez baş ağrılarından şikayətlənirsə, gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkirsə, məktəbə getmək istəmirsə və ev tapşırıqlarını yerinə yetirə bilmirsə, mütləq həkimə müraciət etmək lazımdır: "Ailələrin diqqət etməli olduğu mühüm məqam isə başı ağrıyan uşağa ağrıkəsici verməkdir. Çünki tez-tez istifadə olunan ağrıkəsicilər uşaqlarda baş ağrılarının daha uzun və şiddətli olmasına və müalicəsini çətinləşdirə bilər. Hər yaşda ola bilən miqren uşaqlarda da inkişaf edir və xüsusilə yeniyetməlik dövründə rast gəlinir. Migren kimi təkrarlanan baş ağrıları uşaqların həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Uşaqlarda migren simptomları böyüklərdən bir qədər fərqli ola bilər. Adətən, böyüklərdən fərqli olaraq, ağrı başın hər iki yerinə təsir edə bilər. Yetkinlərdə olduğu kimi uşaqlarda da başgicəllənmə, işığa və qoxuya qarşı həssaslıq, görmə zəifliyi və yorğunluq kimi problemlər ola bilər".  Uşaqlıq dövründə baş ağrıları "ilkin" və "ikinci dərəcəli" baş ağrıları olaraq iki qrupa bölünür. Birinci dərəcəli baş ağrıları: Migren və gərginlik adətən yeniyetməlikdə baş ağrılarının ümumi səbəbləridir. İkinci dərəcəli baş ağrıları: Bakterial infeksiyalar, burun tıxanıqlığı, diş kariyesləri, görmə pozğunluğu, hipertoniya, beyin şişi, hidrosefali, beyin qanaması və kəllə-beyin travması nəticəsində yaranır.

Ceyhun Bayramov və ATƏT sədrinin müzakirə etdiyi məsələlər açıqlandı

12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Buyar Osmani arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Geniştərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub. Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub. Ölkəmizin Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kiber təhlükəsizlik, kommunikasiya xəttləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib. İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda, əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb və Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda, ATƏT-in üsul və vasitələrinin təşkilatın post-münaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə, təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi post-münaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədənkənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib. Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Avropa İttifaqı Azərbaycanla Ermənistanı delimitasiya ilə bağlı danışıqları intensivləşdirməyə çağırdı

Avropa İttifaqı (Aİ) dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı bəyanat yayıb. Avropa İttifaqı bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmadan təəssüf hissi keçirir. “Bu hadisə bir daha vurğulayır ki, delimitasiya olunmuş sərhəd olmadığı halda, 1991-ci ilin sərhəd xəttinə hörmət edilməli, oxşar hadisələrin baş verməməsi üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafələrə çəkilməlidir. Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş öhdəliklərə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır. Biz tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrar edirik. Aİ bu səyləri ən yüksək səviyyədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”, - bəyanatda qeyd olunub./APA

Dünən şəhid olan hərbçimizin övladları ilə ürəkdağlayan görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində Ordumuz şəhidlər verib. Şəhidlərimizdən ailəli olan gizir Zalov Vidadinin ürəkdağlayan görüntüsü yayılıb. Belə ki, şəhid gizirimizin övladları ilə son fotosu sosial şəbəkələrdə hər kəsi duyğulandırıb./Milli.az

Bahalı nömrəli maşına daş yüklədi

Sosial şəbəkələrdə yayılmış foto görənləri heyrətə salıb. Sozcu.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-BW-002 dövlət nömrə nişanlı, "QAZ 31" markalı minik maşınına kubik daşlar vurulub və yük maşını kimi istifadə edilir. Qeyd edək ki, sosial şəbəkə istiifadəçiləri "maşının bahalı nömrəsi var" kimi fikirlər bildiriblər. 

Taleh Kazımov bu şəxsə vəzifə verdi

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni təyinat olub. Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə Ceyhun Qurban oğlu Səməndov yeni binanın tikintisi şöbəsinin rəisi seçilib.

Erməni təxribatında şəhadətə ucalmış Vidadinin əmisi: “Vətən müharibəsində də şəhidlik xəbəri gəlmişdi”

“Vidadi 44 günlük Vətən müharibəsində iştirak edəndə də onun şəhid olduğunu demişdilər. Mən bunu 3 gün ailəsindən gizlətdim”. Bunu Oxu.Az-a açıqlamasında ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olmuş Vidadi Zalovun əmisi, ehtiyatda olan zabit Məhəmməd Zalov deyib. O deyib ki, qardaşımın bir oğul balasını bu gün xalq olaraq, fəxrimiz kimi torpağa tapşırdıq: “44 günlük Vətən müharibəsində xidmətdə olduğu hərbi hissədən mənə zəng gəldi. Dedilər ki, Vidadi Zalov şəhid olub. Mən özüm də zabit olduğum üçün təxmin edirdim ki, yanlışlıq ola bilər. Ailəsindən üç gün gizlətdim, demədim. Nəhayət üç gün sonra özü anasına zəng edib dedi ki, adım Sumqayıt şəhidlərinin içində gedib, amma narahat olmayın. Bu dəfə də zəng mənə gəldi. Yenə dəqiqləşdirməmiş demək istəmədim. Əfsuslar olsun ki, bu dəfə xəbər yalan çıxmadı. Azərbaycan ordusunun heç bir zabitinin şəhid olmasını, yaralanmasını istəməzdik. Allah bütün şəhidlərə rəhmət eləsin. Ailələrinə səbir versin”.

Tarixi uğura imza atan idmançımız: “Hədəf Olimpiya medalıdır”

“Emosiyalar çox güclüdür. Təbii ki, qızıl medal qazanmaq daha yaxşı olardı, amma düşünürəm ki, gümüş medal da yaxşı nəticədir”. Bunu Oxu.Az saytına açıqlamasında Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində gümüş medal qazanmış Zərifə Hüseynova deyib. Sablyaçı bu uğuru gözlədiyini bildirib: “Dünya çempionatına ciddi hazırlaşmışdıq. Xarici ölkələrdə təlim-məşq toplanışı keçmişdik. Uğur qazanacağımı gözləyirdim”. O, finalda məğlub olmasını yarımfinal qarşılaşmasında çox güc itirməsi ilə əlaqələndirib: “Qrup mərhələsi mənim üçün uğurlu başladı. Yarımfinala kimi qarşılaşdığım rəqiblər texnikalı və hazırlıqlı olsalar da, ən çətin görüşüm yarımfinalda amerikalı qılıncoynadanla idi. Yarımfinalda tam gücümü ortaya qoyduğumdan finalda mübarizə aparmaq fiziki və psixoloji cəhətdən çətin idi”. Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində ilk medalı qazanmaqla tarixə düşən Z.Hüseynova əsas hədəfinin Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək olduğunu qeyd edib: “Qarşıdakı hədəflərlə bağlı indidən bir söz deyə bilmərəm. Lakin növbəti mövsümdə daha yaxşı çıxış etmək üçün üzərimdə çox çalışmalıyam. Mənim də bütün idmançılar kimi hədəfim Olimpiya medalıdır. Bu arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm”. 17 yaşlı idmançı Azərbaycanda ənənəvi idman növü hesab edilməyən qılıncoynatma ilə məşğul olmasını belə əsaslandırıb: “Evimizin yaxınlığındakı məktəbdə qılıncoynatma məşqləri keçirilirdi və beləcə məndə də bu idman növünə maraq yarandı. Qılıncoynatmaya qədər digər idman növləri ilə də məşğul olmuşam. Amma yekunda bu idman növündə özümü sınamağa qərar verdim”.

Emin Hüseynov: "Qarabağa köç davamlı bir prosesə çevriləcək"

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köç davamlı bir prosesə çevriləcək". Bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib. "Hazırda həmin ərazilərdə əsas baza infrastrukturu ilə bağlı layihələr yekunlaşmaqdadır. Növbəti il biz işlərin əksəriyyətinin yekunlaşdığının şahidi olacağıq. Bu isə o deməkdir ki, artıq Qarabağın yol, kommunikasiya, digər infrastruktur xətləri tam olacaq, həyatın qayıtması üçün bütün zəruri şərait yaradılacaq. Böyük Qayıdış artıq başlayıb. İlk olaraq Şərqi Zəngəzurda yerləşən Zəngilanın Ağalı kəndinə məcburi köçkünlər köçürülüb. Köç bundan sonra davamlı prosesə çevriləcək", - deyə o qeyd edib. E.Hüseynov vurğulayıb ki, keçmiş təmas xəttində yerləşən ərazilər Qarabağ iqtisadi rayonunun ərazisinə düşür: "Həm Ağdamda, həm də Füzulidə mina təmizləyən heyətin əməyi nəticəsində biz işlərimizi sürətləndirə bilmişik. Azərbaycan dövləti öz gücü hesabına Qarabağı bərpa edir. Qarabağın dirçəlişi üçün hər cür şərait var. Biliklərimizi, bacarıqlarımızı ortaya qoyaq, bu işləri vaxtında icra edək".

Bərdədə qumbaraatan satmaq istəyən şəxs saxlanılıb - FOTO

Bərdədə qumbaraatan silahını 3300 manata satmaq istəyən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub. Onun yaşadığı ünvandan "RPQ" markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Hesab etmirəm ki, təxribatın müəllifi Paşinyandır, bunun arxasında Rusiya və İran dayanır...”

“Ermənistanın ötən gün törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin, yaralılara cansağlığı versin. Bu təxribatın arxasında yalnız Rusiya dayanmır, həmçinin İran da var. Çünki bu iki dövlətin mövqeləri Qarabağ məsələsində faktiki üst-üstə düşür. İran Ermənistana mütəmadi yardım edir və bunu heç gizlətmir də. Aprelin 9-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda oldu, həmkarı ilə görüşdü. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya qayıdandan sonra onun müavini də Ermənistana gəldi. Hazırlıqlı iş gördülər. Çünki Ermənistanın bir dövlət olaraq öz sözü yoxdur. Onu idarə edən Rusiya və İran dövlətidir. Dövlət kimi sözü olsaydı, ümumiyyətlə, bu təxribata yol verməzdi. Bir neçə gün əvvəl müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirovun ABŞ-a səfərinin də bu məsələyə böyük təsiri var. Müəyyən danışıqlar, hazırlıqlar gedir, bunu Rusiya da, İran da qəbul etmir və belə təxribatlara əl atırlar. İkinci tərəfdən, Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin may ayında görüşü gözlənilir. Dünənki təxribat bu görüşü təxirə salmaq üçün atılan addım da ola bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat bildirib ki, ümumiyyətlə, nə İran, nə Rusiya Qarabağda sülhün imzalanmasını istəyir: “İran ona görə istəmir ki, Ermənistan strateji müttəfiqidir. Qarabağ ərazisindən vaxtında kifayət qədər narkotik vasitələr, silah-sursat və s. daşıyıb. Rusiya isə hər iki dövlətə təzyiq etmək üçün istəyir ki, öz sülhməramlı kontingenti daimi Qarabağda qalsın. Bundan Azərbaycana və Ermənistana mütəmadi təsirlərdən ötrü istifadə etmək istəyir və belə bir təxribat törətdilər. Hesab etmirəm ki, dünənki təxribatın müəllifi Baş nazir Nikol Paşinyandır. Onun danışıqlarına, görüşlərinə fikir vermişəm, o, bəlkə də, çoxdan sülh sazişini imzalayardı. Daxildə Rusiyapərəst qüvvələr ona böyük təzyiqlər edir. Əlbəttə, bir tərəfdə Fransa da var, amma əsas Rusiya və İrandır. Həmişə hansısa tədbir olanda, Brüsseldə, ABŞ-da və s. yüksək səviyyəli görüş keçiriləndə belə təxribatlar törədirlər ki, görüş alınmasın. Çünki görüş sülh sazişinin imzalanması ilə nəticələnə bilər. Ona görə də belə addımlar atırlar. Doğrudur, Ordumuz onların layiqli cavablarını verir, amma ayıq olmaq lazımdır. Çünki sülh sazişinə yaxınlaşdıqca, Ordumuz irəlilədikcə, yüksəklikləri əldə etdikcə belə təxribatların şahidi ola bilərik. Azərbaycan Xankəndi də daxil olmaqla, əraziləri də öz ərazisi hesab edir, müəyyən əməliyyatlar keçirir. Sülh yolu ilə alınmasa da, Azərbaycan yumşaq metodla bu işi axıra çatdıracaq. Fikir verdinizsə, dünənki təxribatda ermənilər İran PUA-larından istifadə etdilər. Faktiki Rusiya da Ukrayna ilə müharibədə İran PUA-larından istifadə edir. Yəni İran dövləti elə təxribatlarla məşğuldur. Gah Rusiyaya silah satır, gah Ermənistana. İran Rusiya-Ukrayna müharibəsində də Rusiyanı müdafiə edir. Artıq aydındır ki, İran dövləti terror törətməkdə pərgardır. Son ayların xronologiyası da bunu göstərir. İrandakı səfrliyimizin ardından deputat Fazil Mustafa da terrora məruz qaldı. Bütün bunlar hamısı faktlardır”.

“İndi xəbər tutdum, çox ağırdır” - Röya

Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı paylaşım edib. Sozcu.az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi instaqramda status yerləşdirib. Estrada ulduzu şəhid olan hərbçilərimizə görə kədərli olduğunu dilə gətirib: "İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin! Başın sağ olsun, Azərbaycan". Qeyd edək ki, düşmənin axşam saatlarında törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımız şəhid olub. Hazırdan sərhəddə gərginlik davam edir.

Vahid Əhmədov: "Hesablama Palatasının hökumətlə münasibətləri normal deyil"

Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib. "Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır", - deyə o qeyd edib. Bundan başqa, deputat təklif edib ki, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt olsun və genişləndirilsin: "Ora nəzarətdən uzaq bir yerdir. Bu istiqamətdə auditi daha da genişləndirmək lazımdır"./Report

Qusardakı Şəhidlər xiyabanı ilə bağlı utancverici mənzərə

Martın 25-də sosial şəbəkələrdə Qusar şəhərindəki Şəhidlər xiyabanı ilə bağlı utancverici mənzərə paylaşılıb. Fotoda görünür ki, məşhur - “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - beytindən istifadə edilərkən ciddi səhvə yol verilib. Belə ki, “əgər” sözü unudulub. Bundan başqa, “torpaq” sözündən sonra vergül əvəzinə tire işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra addım atılıb və səhv qismən düzəldilib. Xiyabanın yayılan son fotosundan görünür ki, iki sözün arasındakı tire götürülüb, əvəzinə vergül qoyulub. Bu isə kifayət deyil, çünki şeirdəki misra "Torpaq, əgər uğrunda ölən varsa, vətəndir" formasındadır. Bununla bağlı Qusar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Başçının birinci müavini Şahid Fərəməzov Oxu.Az-a açıqlamasında bu səhvi paylaşanları tənqid edib: “Bu məsələlərlə kimlərisə provokasiyaya cəlb etmək istəyirlər. Onların nəzərinə çatdırım ki, Şəhidlər xiyabanında 105 şəhidin xatirəsi əbədiləşdirilib. Bunu yayanlar 105 şəhidə 105 gül alıb, onların xatirəsini yad edirlərmi? Boş-boş işlərlə məşğuldurlar”.

Ruslar tükənib, müharibə bu il bitəcək - Qudkov

Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna görə Rusiyanın hərbi-siyasi rəhbərliyində isterika davam edir, eyni zamanda işğalçıların özləri də fiziki və mənəvi cəhətdən tükəniblər. Müharibənin bu il bitməsi ehtimalı var. Sozcu.az xəbər verir ki, bu fikirləri rusiyalı müxalif siyasətçisi Gennadi Qudkov deyib. Qudkov qeyd edib ki, Rusiya işğalçı qüvvələri döyüş sursatı, ərzaq və digər təchizatla bağlı vəziyyəti yaxşılaşdıra bilsə də, itkiləri artmaqda davam edir: “Rusiya döyüş ruhunu və hücum qabiliyyətini itirir. Və o, başa düşsə ki, heç bir nəticə yoxdur və Ukrayna güclənir, o zaman müharibə sonsuza qədər davam edə bilməz. Mən həqiqətən Ukraynanın gələcək əks-hücumuna çox inanıram”, - siyasətçi vurğulayıb.

Sinan Oğan Kılıçdaroğlu ilə görüşəcək

ATA İttifaqından prezidentliyə namizədi Sinan Oğan bu gün Millət İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, görüş CHP-nin mərkəzi qərargahında keçiriləcək. Görüş zamanı “seçki təhlükəsizliyi” məsələsinin müzakirə olunacağı bildirilir.

Prezidentdən ötəngünkü təxribatla bağlı ilk açıqlama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini Ermənistanın ötən gün törətdiyi təxribat barədə məlumatlandırıb. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib. Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Erməni komandanın təxribat zamanı ərazidə olması... - Nazir

Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: “Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi. Ermənistan xüsusi təyinatlı korpusunun komandanının və onun müavininin təxribat zamanı ərazidə mövcudluğu göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi". Nazir bildirib ki, təxribatın Laçında baş tutması həm də məcburi köçkünlərin geri qayıdışına mane olmaq cəhdi kimi qiymətləndirə bilər: "Ermənistan belə destruktiv addımlardan çəkinməlidir. Əks halda nəticəsi ağır olacaq. Biz dünən də bunu gördük. Ona görə də Ermənistan məsuliyyətsiz, təhlükəli addımlardan çəkinməlidir. Beynəlxalq tərəfdaşlar da buna çalışmalıdırlar. Prezident İlham Əliyev Qazaxıstanda qarşı tərəfə ciddi mesajlar vermişdi. Əlbəttə, bir gün sonra bu cür təxtibatın baş verməsi qəbuledilməzdir”.

Erməni təxribatı: 4 hərbçimiz yaralandı

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur.

AB missiyası Dığ kəndinə gəlməkdən imtina etdi

Ermənistan dövlətinin ölkədəki AB missiyasını dünən döyüşlərin baş verdiyi əraziyə aparmaq cəhdi uğursuzluqla nəticələnib. Sozcu.az xəbər verir ki, bununla bağlı erməni sosial şəbəkələrində məlumat yayıb. Məlumatda bildirilib ki, Ermənistan XİN müşahidə missiyasının rəhbəri Markus Ritterə Dığ kəndi yaxınlığındakı erməni mövqelərinə baş çəkməyi təklif etsə də, Ritter buna mənfi cavab verib. Missiya üzvləri erməni hərbçilərinin müşayiəti ilə belə oraya getməyə razı olmayıb.

Urmiya gölünün səviyyəsi daha 49 sm aşağı düşdü

İran hökumətinin Urmiya gölünün bərpası, gölə su buraxılması ilə bağlı təbliğatlarına baxmayaraq, gölün hazırkı durumu ötən ilin eyni dövrü ilə müqayisədə daha pisləşib. Sozcu.az xəbər verir ki, bu barədə Xəzər və Urmiya Gölü Su Ehtiyatlarının İnteqrasiya edilmiş İdarəetmə Mərkəzinin baş direktoru Kiyasət Əmirian deyib. Onun sözlərinə görə, göldə suyun səviyyəsi ötən ilin aprel ayına nisbətdə 49 santimetr aşağı düşüb. Hazırda göldə 1.63 milyard kubmetr su olduğu bildirilib. Qeyd edək ki, Urmu gölünün su həcmi göl qurudulmamışdan öncə ortalama 17.28 milyard kubmetr olub.

ATƏT sədrindən erməni təxribatına - Reaksiya

Ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal mənə məlumat verildi. Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər", - B.Osmani deyib. Fəaliyyətdə olan sədr qeyd edib ki, ATƏT regiona sülh gətirmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır. Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olub.

Adaların sahibi dəyişməyəcək - Təhlil

Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra ona məxsus Kuril – İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi. Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq daha sonra SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu. SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi.  Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi. Bundan başqa Rusiyada keçirilən referendumda Konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarmaq qanuni yolla qadağan edildi. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır. Bu arada, Çin də Kuril adalarıyla bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişdi. Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında sərhəddə gərginlik 1964-cü ildə baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı lideri Mao Tsedun faktiki Yaponiyanın adalarla bağlı siyasətinin haqlı olduğunu dəstəkləyirdi. Pekin uzun illər Kuril adalarıyla bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra Pekin bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Tsi Cinpin Moskvada Vladimir Putinlı görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın mövqeyini dəstəkləməyəcəyini bildirib.  “Atlas” Araşdırmalar Mərkəzi

"Müdafiə Nazirliyi yayılan video ilə bağlı açıqlama yaymalıdır" - Mustafa Hacıbəyli

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoda sərhəd ərazisində azərbaycanlı hərbçilərin pikap maşını ilə orada "mühəndis işləri" aparan ermənilərin üstünə getdiyi, orada əlbəyaxa dava düşdüyü, sonradan atışma başladığı iddia olunur. Hərçənd, dünən hər iki tərəfin verdiyi itkilərin məhz həmin videoda əks olunan qarşıdurma ilə bağlı olduğu şübhə doğurur. Çünki videoda kiminsə yaralandığı, yaxud öldüyü əks olunmayıb, görüntü kəsilib. Əgər Ermənistanın iddia etdiyi kimi atışmanı Azərbaycan hərbçiləri başlayıbsa, nə üçün videonun o hissəsini paylaşmayıblar?" Sozcu.az xəbər verir ki, bunu Azərbaycan - Ermənistan sərhədində baş verən atışmaya münasibət bildirən Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli deyib.  "İkincisi, videoda görünür ki, hadisə həm sağda, həm solda Azərbaycan bayrağının dalğalandığı ərazidə baş verir. Yəni Ermənistan hərbçiləri Azərbaycan ordusunun tam nəzarəti altında olan əraziyə girərək burada "mühəndis işlərinə" başlayıblar. Təxribat elə budur. Onları bu təxribata kim cəsarətləndirib? İran? Rusiya?  Azərbaycanı təxribatı törədən tərəf kimi göstərirlər. Əgər Müdafiə Nazirliyimizi bu məsələ narahat edirsə, həmin video ilə bağlı açıqlama yayılmalıdır".