“Emosiyalar çox güclüdür. Təbii ki, qızıl medal qazanmaq daha yaxşı olardı, amma düşünürəm ki, gümüş medal da yaxşı nəticədir”.
Bunu Oxu.Az saytına açıqlamasında Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində gümüş medal qazanmış Zərifə Hüseynova deyib. Sablyaçı bu uğuru gözlədiyini bildirib:
“Dünya çempionatına ciddi hazırlaşmışdıq. Xarici ölkələrdə təlim-məşq toplanışı keçmişdik. Uğur qazanacağımı gözləyirdim”.
O, finalda məğlub olmasını yarımfinal qarşılaşmasında çox güc itirməsi ilə əlaqələndirib:
“Qrup mərhələsi mənim üçün uğurlu başladı. Yarımfinala kimi qarşılaşdığım rəqiblər texnikalı və hazırlıqlı olsalar da, ən çətin görüşüm yarımfinalda amerikalı qılıncoynadanla idi. Yarımfinalda tam gücümü ortaya qoyduğumdan finalda mübarizə aparmaq fiziki və psixoloji cəhətdən çətin idi”.
Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində ilk medalı qazanmaqla tarixə düşən Z.Hüseynova əsas hədəfinin Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək olduğunu qeyd edib:
“Qarşıdakı hədəflərlə bağlı indidən bir söz deyə bilmərəm. Lakin növbəti mövsümdə daha yaxşı çıxış etmək üçün üzərimdə çox çalışmalıyam. Mənim də bütün idmançılar kimi hədəfim Olimpiya medalıdır. Bu arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm”.
17 yaşlı idmançı Azərbaycanda ənənəvi idman növü hesab edilməyən qılıncoynatma ilə məşğul olmasını belə əsaslandırıb:
“Evimizin yaxınlığındakı məktəbdə qılıncoynatma məşqləri keçirilirdi və beləcə məndə də bu idman növünə maraq yarandı. Qılıncoynatmaya qədər digər idman növləri ilə də məşğul olmuşam. Amma yekunda bu idman növündə özümü sınamağa qərar verdim”.