"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köç davamlı bir prosesə çevriləcək".
Bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
"Hazırda həmin ərazilərdə əsas baza infrastrukturu ilə bağlı layihələr yekunlaşmaqdadır. Növbəti il biz işlərin əksəriyyətinin yekunlaşdığının şahidi olacağıq. Bu isə o deməkdir ki, artıq Qarabağın yol, kommunikasiya, digər infrastruktur xətləri tam olacaq, həyatın qayıtması üçün bütün zəruri şərait yaradılacaq. Böyük Qayıdış artıq başlayıb. İlk olaraq Şərqi Zəngəzurda yerləşən Zəngilanın Ağalı kəndinə məcburi köçkünlər köçürülüb. Köç bundan sonra davamlı prosesə çevriləcək", - deyə o qeyd edib.
E.Hüseynov vurğulayıb ki, keçmiş təmas xəttində yerləşən ərazilər Qarabağ iqtisadi rayonunun ərazisinə düşür: "Həm Ağdamda, həm də Füzulidə mina təmizləyən heyətin əməyi nəticəsində biz işlərimizi sürətləndirə bilmişik. Azərbaycan dövləti öz gücü hesabına Qarabağı bərpa edir. Qarabağın dirçəlişi üçün hər cür şərait var. Biliklərimizi, bacarıqlarımızı ortaya qoyaq, bu işləri vaxtında icra edək".