“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğur sayılır...”

“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğurlu əməliyyat sayılır...” “Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır...” “Casusluqla mübarizə çox mürəkkəb və kompleks bir sistemdir. Dünya təcrübəsində xarici ölkələrin agentura şəbəkələrinə qarşı mübarizə əsasən casusların nəzarətə götürülməsi, onların şəbəkəsinin açılması, onların izlənməsi, əhatə dairəsinin öyrənilməsi və onların fəaliyyətinə, qarşılarına qoyulan vəzifələrə adekvat olaraq əks addımların atılması mərhələlərində aparılır. Casuslardan dezinformasiya mənbəyi kimi istifadə olunur, onlar əməkdaşlığa cəlb edilərək ikili casus kimi işlədilir. Yəni bu sahədə müxtəlif metod və praktikalar var”.  Bu fikirləri Moderator.az əməkdaşının “Dünya təcrübəsində xarici ölkə agentura şəbəkələrinin ifşası necə, hansı mərhələlərdə aparılır?” sualını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Həbs məsələsinə gəldikdə təbii ki, casuslar yalnız dövlət əhəmiyyətli məlumatları əldə etdikdə və yaxud dövlətin maraqlarına ziyan vurmağa başladıqda ifşa olunur və zərərsizləşdirilir. Dünya ölkələrində casusluqla mübarizə metodları və təcrübəsi olduqca müxtəlifdir. Lakin hər bir halda biz hansısa ölkədə kütləvi casus ifşasına çox az rast gəlirik. Məsələn, bir müddət öncə ABŞ-da Rusiya casuslarının ifşa olunması çox nadir hadisədir. Belə hallar adətən avtoritar, totalitar dövlətlərdə baş verir ki, bunun da arxasında əksər hallarda hansısa siyasi kontekst dayanır. Ancaq bir çox hallarda casusun həbs olunması strateji baxımdan uğurlu əməliyyat sayılmır. Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır. Və təbii ki, qarşı dövlət üçün həmin yeni casusları axtarıb tapmaq zaman, resurslar, səylər, enerji və s. tələb edir. Bir sözlə, dünya təcrübəsində casuslar daha çox nəzarətdə saxlanılır və onların fəaliyyəti üzərində əks-fəaliyyət, yəni əks-kəşfiyyat fəaliyyəti qurulur. Casusların həbsi isə yalnız onların dövləti maraqlar və təhlükəsizlik üçün ciddi təhdidlər yarandıqda həyata keçirilir. Yəni casusların həbsi yox, onların fəaliyyəti üzərində əks-fəaliyyət uğurlu əməliyyat sayılır”, - deyə keçmiş təhlükəsizlik zabiti vurğulayıb.

İrandan Azərbaycana silah-sursat və narkotik göndərildi

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən "Kalaşnikov" avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib. Bu barədə Sozcu.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, İdarəyə xidməti ərazi olan Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir nəfərin İranda yaşayan "Nadir" adlı şəxslə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra İran vətəndaşının əvvəlcədən təyin etdiyi nöqtəyə yaxınlaşan onun ölkə daxilində məxfi əməkdaşlığa cəlb etdiyi şəxs gizlədilən narkotik vasitə və avtomatı axtarmağa başlayır. Bu zaman o, İran vətəndaşı ilə əlaqə yaradaraq silahın və narkotiklərin yerini dəqiqləşdirir. Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılır. Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxs ilkin ifadəsində avtomat və narkotiklərin ona aid olmadığını bildirsə də, təkzibedilməz faktlar, həmçinin onun İran vətəndaşı ilə əlbir olduğunu sübut edən əməliyyat yolu ilə əldə edilən səs yazıları qarşısında cinayətini etiraf etməli olub. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, balıqovlama mövsümünün başa çatması ilə əlaqədar olaraq Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı "Qırmızı Kitab"a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Araşdırma zamanı müəyyən edilib ki, körpə cinsli nərə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilir. Həmin ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanunauyğun ciddi tədbirlər görüləcək.

Beyində qan dövranını yaxşılaşdıran sadə masaj

Sadə məşqlərin köməyi ilə bədənin daha sürətli yuxuya getməsinə kömək edə bilərsiniz, eyni zamanda yatmazdan əvvəl həddindən artıq fəaliyyətin qəbuledilməz olduğunu nəzərə almaq lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə "Ria Novosti"yə psixoloq, kinezioloq Anna Ovnitskaya məlumat verib. "Orqanizmin yuxu rejiminə keçməyə hazırlaşdığı saat 19:00-dan 20:00-a qədər endokrin sistemin tsikllərini nəzərə alaraq, həddindən artıq fiziki fəaliyyət, həddindən artıq yemək, ağır fiziki fəaliyyətlə məşğul olmaq, məşq etmək, həddindən artıq emosional ünsiyyətə girmək və ya televizora baxmaq tövsiyə edilmir. Yuxuya getməyin ən yaxşı yollarından biri masajdır. Məsələn, üz üçün xüsusi məşqlər edə bilərsiniz: qaşlarınızı yuxarı qaldırın, üçə qədər sayın və yavaş-yavaş aşağı salın, sonra alnınızı güclü şəkildə büzün və üz ifadələrini zəiflədin. Siz həmçinin gözlərinizi bağlaya, sonra yavaş-yavaş aça bilərsiniz. Bu, sakitlik və emosional tarazlığa nail olmağa kömək edəcək. Üzün digər hissələri də masaja cəlb edilə bilər. Məsələn, çənənizi sıxın, sonra rahatlayın və ya ağzınızı və dodaqlarınızı sıxın, onları hərəkət etdirin və yavaş-yavaş əzələləri buraxın. Yaxud da yataqda rahatlamaq üçün gözlərinizə isti bir sarğı qoya bilərsiniz", - ekspert qeyd edib. Ovnitskaya prosedurun sonunda barmaqları üzdə gəzdirməyi məsləhət görüb. "Masaja qaşlardan yuxarıya, alnın ortasından gicgahlara qədər sığallamaqla başlamaq, üzdən başın arxasına və qulaqdan kəllə sümüyünə qədər nahiyəni yumşaq bir şəkildə masaj etmək tövsiyə olunur. Barmaqlar yorulursa, o zaman terapevtik masaj fırçasından istifadə edə bilərsiniz, bu da beyin dövranını yaxşılaşdırıb təzyiqi azaldacaq. Bəzi əzələləri rahatlaşdırmaqla biz emosional sferanın işinə də təsir edə bilərik. Gərginləşən zaman boyun yuxarı hissəsinin çiyin qurşağının nahiyəsini dartmış oluruq və o, yatmazdan əvvəl də rahatlanmalıdır. Məsələn, nəfəs alarkən çiyinləri yuxarı qaldırın və nəfəs verərkən əlləri aşağı salın, eyni zamanda çənəni boyun altına əyin, sakit nəfəs alıb verin və bir müddət belə oturun. Əlləri və ayaqları rahatlaşdırmaq faydalıdır, bunun üçün əzalarla dairəvi hərəkətlər etmək kifayətdir. Eyni zamanda, nəfəs almağa nəzarət etmək vacibdir, o, sakit və ritmik olmalıdır ki, bu da vegetativ və endokrin sistemlərə müsbət təsir göstərəcək", - ekspert yekunda bildirib. (publika.az)

Putin dünyanın başqa tərəfə baxacağını düşünürdü - Bayden

"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna məsələsində dünyanın qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi və bütün cəbhələrdə yanıldı”. Sozcu.az “The Guardian”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib. Onun sözlərinə görə, Putin Ukraynada genişmiqyaslı hücuma başlayanda dünyanın başqa tərəfə baxacağını düşünürdü. Bundan savayı, preizdent Bayden Ukraynaya tibbi avadanlıq da daxil olmaqla 170 milyon avro yardım etdiyinə görə irlandiya hakimiyyətinə təşəkkür edib. Qeyd edək ki, İrlandiya Rusiya əleyhinə sanksiyalara qoşulub və Ukraynadan olan 80 min qaçqın həmin ölkəyə sığınıb.

“50 qonaq çağırdım, 120 nəfər gəldi” - Rəqqasə

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etməyən qonaqlardan gileylənib.  Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu haqda “Həyat tərzi” proqramında danışıb. Fatimə bildirib ki, Əməkdar artist Nüşabə Ələsgərli gözləsə də, o, doğum gününə qatılmayıb:“Kərim (Kərim Abasov- red) demişdi ki, gəlməyəcəm, çünki məclisi var idi. Bir nəfər Nüşabə Ələsgərli idi ki, gəlmədi. Əslində mən belə şeylərdən inciyən, bəhsə- bəhs yaşayan insan deyiləm. Misal üçün Gülbahar Şükürlü məclisimə gəlmədi, amma bugün mən onun ad gününə gedirəm. Sabah Zenfiranın (müğənni Zenfira İbrahimova- red) doğum günü olsa, bilirəm ki, çağırmayacaq, amma mən yenə də iştirak edəcəm. Bilirsiniz ki, hamının yaxşı və pis günündə yanında olan insanam və mənə Allah nə qədər ömür veribsə, həmişə də belə olacam. Gələnlərin də canı sağ olsun. 50 nəfər çağırmışdım, 120 nəfər gəlmişdi”.

“Azərbaycanın paytaxtını qətiyyən dəyişdirmək olmaz” – Elbay Qasımzadə

“Azərbaycanın paytaxtını qətiyyən dəyişdirmək olmaz. Bu fikir neçə dəfə olub. Məncə, bu fikir yolverilməz bir anlayışdır. Bakı təkcə Bakı şəhərindən ibarət deyil, Bakı Azərbaycanın həm mədəni, həm də tarixi mərkəzidir. Bakının statusunu tıxaclara görə əlindən almaq ədalətsizlikdir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış memar, Bakı şəhərinin sabiq baş memarı Elbay Qasımzadə deyib. O, son vaxtlar mərkəzdə artan tıxaclar səbəbindən paytaxtın başqa şəhərə köçürülməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. E. Qasımzadə söyləyib ki, nəqliyyatın idarə olunmasında dəyişiklik edilməlidir: “Nəqliyyat istifadə edən qurumlar, həm də bunu idarə edənlər – Dövlət Yol Polisi və s. bir yerdə oturub işləməli və Bakıdakı nəqliyyatın qrafikini normal vəziyyətə salmalıdırlar. Lakin bununla heç kim məşğul olmur, gündə bir dənə marşrut dəyişirlər. O dəyişmənin də əsas məqsədi kommersiya maraqlarıdır”. Memarın fikrincə, şəhər böyük bir mexanizm, anlayışdır: “Ona görə də hansısa marağa görə qərar qəbul etmək olmaz. Bakının statusu var və şəhər ölkəmizin ən görkəmli yerində – sahildə yerləşir. Həmçinin, ölkənin sərhədlərinə də eyni məsafədədir. Bakı tarixi şəhərdir və 2 min ildən çoxdur ki, tarixi var. Gəlin, bu lazımsız söhbətləri bitirək”. “Ona qalsa, Azərbaycanda da çoxlu şəhərlər tikilir. Yeni paytaxtın tikilməsinə gəldikdə isə mən bir dənə Qazaxıstanın paytaxtı Astananı nümunə olaraq bilirəm. Hansı ki, orada da siyasi məqsədlər olub. Heç də Almatı böyük bir şəhər olmayıb, milyon yarım əhalisi olub. Nə şəhərdir ki? Orada Nursultan Nazarbayevin şəxsi siyasi maraqları var idi. Ona görə də mərkəzi dartdı apardı Astanaya. Çölün düzündə, iqlimi bərbad, qışda 40 dərəcə şaxta, yayda cəhənnəm istisi, bir dənə də bitki normal bitmir. Bu gün Astanaya baxırsan, heç şəhərə də oxşamır, memarlıq muzeyinə oxşayır. Bir binadan o birisinə getməkdən ötrü mütləq gərək taksiyə minəsən. Belə paytaxt olmaz!” “Qısası, paytaxta aid standartlar heç bir ölçü ilə ölçülə bilməz. Paytaxt mənəvi bir anlayışdır. Bakının 2 min illik tarixi varsa, onun 400 ili Bakı paytaxt olub. Şamaxıda zəlzələ olandan sonra Şirvanşahlar Bakıya köçüb və Bakı Azərbaycanın paytaxtı olub. Ona görə də paytaxtın dəyişdirilməsi fikirləri ilə qəti razı deyiləm”, – yekunlaşdırıb.

Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

“Tərtər işi” üzrə ittiham olunan generaldan xəbər var

“Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Proses aprelin 20-də davam etdiriləcək. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib./APA

Arda Turan baş məşqçiliyə başladı

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"u çalışdıracaq. Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib. Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.

Tramp prokurorluqda 8 saat ifadə verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ifadə vermək üçün Nyu York Baş Prokurorluğuna gəlib. Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb. Məlumata görə, Tramp ofisə yerli vaxtla səhər saat 9:30-da gəlib, axşam saat 18:00-dan sonra çıxıb. Nyu Yorkun Baş prokuroru Letitia Cames ABŞ-ın keçmiş prezidenti Donald Trampa, onun övladlarına və əlaqəli şirkətlərə qarşı “saxtakarlıq və yalan məlumat vermək” şübhəsi ilə 250 milyon dollarlıq iddia qaldırıb.

ABŞ-dan əsgərimizin döyülməsinə reaksiya

ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin rəsmi Feysbuk hesabında qeyd olunub. Açıqlamada tərəflərə sülh danışıqları ilə bağlı çağırış edilib: “Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”.

"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir" - Britaniya səfiri

Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld özünün Tvitter paylaşımında qeyd edib. Səfir bunun yolverilməz olduğunu vurğulayıb: “Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.

İlham Əliyev 5 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 16-cı maddəsinin 1-ci, 2-ci (ikinci halda) (dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur; 1.4. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (ikinci halda) (yay, qış otlaqlarının icarəyə və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur; 1.5. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur. 2. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843; 2020, № 5, maddə 559; 2022, № 12, maddə 1432; 2023, № 1, maddə 71) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 2.1-ci bənddən “16-cı maddəsinin 8-ci hissəsində,” sözləri çıxarılsın; 2.2. 2.1-1-ci bəndə “Məcəllənin” sözündən sonra “16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində,” sözləri əlavə edilsin; 2.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-2-ci, 2.5-1-ci və 2.5-2-ci bəndlər əlavə edilsin: “2.1-2. həmin Məcəllənin 16-cı maddəsinin 1-ci, 2-ci (ikinci halda) (dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; “2.3-2. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (ikinci halda) (yay, qış otlaqlarının icarəyə və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur;”; “2.5-1. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur; 2.5-2. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;”; 2.4. 2.3-1-ci bəndə “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə uyğun olaraq),” sözləri əlavə edilsin. 3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddələr 542, 610; 2012, № 11, maddə 1081; 2014, № 11, maddə 1419; 2016, № 2 (II kitab), maddə 240; 2021, № 7, maddə 728; 2022, № 12, maddə 1432) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. üçüncü abzasa “otlaqları torpaqlarının” sözlərindən sonra “(dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə)” sözləri əlavə edilsin; 3.2. səkkizinci abzasdan “16-cı maddəsinin 1-ci hissəsində,” sözləri çıxarılsın. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanununun tətbiqi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur; 1.3. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur; 1.4. həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) nəzərdə tutulur. 2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418; 2016, № 2, maddə 254, № 11, maddə 1818; 2018, № 6, maddə 1228; 2020, № 4, maddə 416; 2022, № 12, maddə 1445) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 2.1-ci bəndə “10-1.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(hər iki halda)” sözləri əlavə edilsin; 2.2. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “2.7. həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) nəzərdə tutulur;”; 2.3. 2.8-ci bəndə “10-1.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9-cu və 2.10-cu bəndlər əlavə edilsin: “2.9. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur; 2.10. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.”. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 827-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940; 2020, № 7, maddə 897, № 9, maddə 1147; 2022, № 3, maddə 228, № 9, maddə 1036) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 3.1.3-3-cü və 3.2.3-3-cü yarımbəndlər əlavə edilsin: “3.1.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi;”; “3.2.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması;”. 2. 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.29-cu və 5.1.30-cu yarımbəndlər əlavə edilsin: “5.1.29. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər və həmin müraciətlərə baxılması üzrə sənədlər; 5.1.30. icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair icarəçilər tərəfindən təqdim edilmiş məlumatlar.”. 3. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 18-ci və 19-cu abzaslar əlavə edilsin: “18. dövlət mülkiyyətində olan torpaqları icarəyə (istifadəyə) götürmək məqsədilə müraciət etmək; 19. icarəyə götürdüyü dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair məlumat təqdim etmək;”. 4. 7.1.9-cu yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.10-cu və 7.1.11-ci yarımbəndlər əlavə edilsin: “7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları: 1. qeydiyyatdan keçmək; 2. elektron kabinetdən istifadə etmək; 3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə baxmaq; 7.1.11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti: 1. qeydiyyatdan keçmək; 2. elektron kabinetdən istifadə etmək; 3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər üzrə rəy vermək.”. *** Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci iI 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841; 2018, № 4, maddə 672, № 12 (I kitab), maddə 2553; 2019, № 8, maddə 1386; 2020, № 4, maddə 405, № 5, maddə 562; 2022, № 8, maddə 867; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2038 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 1. 2.7-1-ci bənddə “, 24.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin. 2. Aşağıdakı məzmunda 2.7-5-ci bənd əlavə edilsin: “2.7-5. həmin Qanunun 24.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (götürülməsi, məhv edilməsi, zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı qərar qəbul edilməsinə münasibətdə) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (götürülməsinin, məhv edilməsinin, zərərsizləşdirilməsinin, emalının və ya təkrar emalının təmin edilməsinə münasibətdə) nəzərdə tutulur.”. 3. 2.8-ci bəndə “birinci halda” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 3.2.3-cü yarımbəndə ikinci halda “qeydiyyatının aparılması,” sözlərindən sonra “karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi,” sözləri əlavə edilsin. 2. 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.29-cu yarımbənd əlavə edilsin: “5.1.29. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar.”.

Türkiyədə zəlzələ zamanı ölənlərin sayı artdı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 500-ə yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat yayıb. Məlumata görə, ölənlər arasında 1020 nəfərin kimliyini müəyyən etmək mümkün olmayıb. Araşdırmalar davam edir.

Adil Kərimli mədəniyyət naziri təyin edildi

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

“Taym” 3 iranlını nüfuzlu şəxslər siyahısına saldı

"Taym" (Time) jurnalı bu il üçün 100 nüfuzlu şəxsin siyahısını açıqlayıb. Sozcu.az xəbər verir ki, jurnalın açıqladığı siyahıda İranda həbsdə olan iki jurnalist və bir müğənninin adı da yer alıb. Məlumata görə, müğənni Şərvin Hacıpur, jurnalistlər İlahə Məhəmmədi və Nilufər Həmidinin adları jurnalın siyahısına salınıb. Xatırladaq ki, Şərvin Hacipur etiraz aksiyalarından təsirlənərək oxuduğu "Bəraye" mahnısına, jurnalistlər isə etiraz aksiyaları barədə məlumatlar yaydıqlarına görə saxlanılıblar.

Ramiz Tahirov amerikalı generalla görüşdü

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb. Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Erməni polisi əsgərimizi MTX-yə təhvil verdi

Erməni polisi Qafanda saxlanılan əsgərimizi Milli Təhlükəsizlik Xidmətinə təhvil verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb. Polis məsələ ilə bağlı təfərrüatı açıqlamayıb.

“Bizim belə bir anlayışımız var ki, 1991-ci il sərhədlərinə qədər bütün ərazilərimizi azad etmək lazımdır"

Ukrayna Ordusunun planları, xüsusən də əks-hücum planları ilə bağlı hər hansı gümanların heç bir əsası yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov telemarafonun efirində bildirib. Qurum rəsmisi qeyd edib ki, hər şey son anda qərar veriləcək. “Müdafiəçilərimizin cəbhədə hadisələrin inkişafı variantı nə bir, nə iki, nə üç, nə də dörddür, çünki bu, hər gün qiymətləndirilən bir çox amillərdən asılıdır”, - Danilov vurğulayıb. Onun sözlərinə görə, hamı başa düşməlidir ki, Ukrayna rəhbərliyi təkcə əks-hücumdan danışmır. “Bizim belə bir anlayışımız var ki, 1991-ci il sərhədlərinə qədər bütün ərazilərimizi azad etmək lazımdır. Biz bunu etmədikcə, Silahlı Qüvvələrimiz bunu etmədikcə, müharibənin dayandırılmasından söhbət gedə bilməz”, - MTMŞ katibi əlavə edib.

ABŞ Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarını Ukraynaya göndərmək istəyir

ABŞ Rusiya Mərkəzi Bankının xarici banklardakı hesablarında saxlanılan dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə etməyi düşünür. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ABŞ-ın Ticarət Palatasının təşkil etdiyi ABŞ-Ukrayna tərəfdaşlıq forumunda deyib. "Fevralda biz 5,4 milyon dollarlıq birinci tranşın ayrıldığını elan etdik və yenilərini planlaşdırırıq. Təbii ki, bizim və müttəfiqlərimizin 300 milyard dollar məbləğində dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri də müzakirə olunur”, - o bildirib. Rəsminin sözlərinə görə, Dünya Bankı Ukraynanın bərpasını 411 milyard dollar qiymətləndirib.

Ermənilərin əsir düşən əsgərimizlə bağlı dəhşətli planı...

Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur. Ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir. “Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir. Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir. Asif Nərimanlı

Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.apa

Naxçıvanda avtomobil yaşayış binasına çırpılıb, sürücü xəsarət alıb - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, sürətlə hərəkət edən 71-BD-440 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq, səkiyə dəyib. Nəticədə 2004-cü il təvəllüdlü şəhər sakini Hacıyev Altay Pərviz oğlunun idarə etdiyi avtomobil yaşayış binasına dəyərək dayanıb. Hadisə nəticəsində, avtomobil tam yarasız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.apa

Aeroport yolunda avtomobil qəzasında 3 nəfər yaralanıb

Bakının Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, aeroport yolunda iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Bağırov Zaur Cəlil oğlu, 1993-cü il təvəllüdlü Əliyev Nicat Kamil oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Samir Aqil oğlu yaralanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.report