“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğurlu əməliyyat sayılır...”
“Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır...”
“Casusluqla mübarizə çox mürəkkəb və kompleks bir sistemdir. Dünya təcrübəsində xarici ölkələrin agentura şəbəkələrinə qarşı mübarizə əsasən casusların nəzarətə götürülməsi, onların şəbəkəsinin açılması, onların izlənməsi, əhatə dairəsinin öyrənilməsi və onların fəaliyyətinə, qarşılarına qoyulan vəzifələrə adekvat olaraq əks addımların atılması mərhələlərində aparılır. Casuslardan dezinformasiya mənbəyi kimi istifadə olunur, onlar əməkdaşlığa cəlb edilərək ikili casus kimi işlədilir. Yəni bu sahədə müxtəlif metod və praktikalar var”.
Bu fikirləri Moderator.az əməkdaşının “Dünya təcrübəsində xarici ölkə agentura şəbəkələrinin ifşası necə, hansı mərhələlərdə aparılır?” sualını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
“Həbs məsələsinə gəldikdə təbii ki, casuslar yalnız dövlət əhəmiyyətli məlumatları əldə etdikdə və yaxud dövlətin maraqlarına ziyan vurmağa başladıqda ifşa olunur və zərərsizləşdirilir. Dünya ölkələrində casusluqla mübarizə metodları və təcrübəsi olduqca müxtəlifdir. Lakin hər bir halda biz hansısa ölkədə kütləvi casus ifşasına çox az rast gəlirik. Məsələn, bir müddət öncə ABŞ-da Rusiya casuslarının ifşa olunması çox nadir hadisədir. Belə hallar adətən avtoritar, totalitar dövlətlərdə baş verir ki, bunun da arxasında əksər hallarda hansısa siyasi kontekst dayanır. Ancaq bir çox hallarda casusun həbs olunması strateji baxımdan uğurlu əməliyyat sayılmır. Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır. Və təbii ki, qarşı dövlət üçün həmin yeni casusları axtarıb tapmaq zaman, resurslar, səylər, enerji və s. tələb edir. Bir sözlə, dünya təcrübəsində casuslar daha çox nəzarətdə saxlanılır və onların fəaliyyəti üzərində əks-fəaliyyət, yəni əks-kəşfiyyat fəaliyyəti qurulur. Casusların həbsi isə yalnız onların dövləti maraqlar və təhlükəsizlik üçün ciddi təhdidlər yarandıqda həyata keçirilir. Yəni casusların həbsi yox, onların fəaliyyəti üzərində əks-fəaliyyət uğurlu əməliyyat sayılır”, - deyə keçmiş təhlükəsizlik zabiti vurğulayıb.