"COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”.
Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: "Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”.
K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: "Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”.