Rusların 5 bölüyü məhv edildi - General

Ukrayna hərbçiləri Tavriya istiqamətində sutka ərzində rusların 5 bölüyünü və 46 zirehli texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bunu Tavriya operativ-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Tarnavski deyib. “Müdafiə qüvvələri Tavriya istiqamətində irəliləyirlər. Raket və artilleriya qoşunlarının bölmələri sutka ərzində 1487 atəş tapşırığı yerinə yetiriblər”, - Tarnavski bildirib.

Mənsimov atasının dəfn mərasimində iştirak edə bilməyəcək

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb. "Təəssüf hissi ilə bildiririk ki, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir", - deyə o bildirib.

Müəllimlərin 95 faizi imtahana gəlib - AÇIQLAMA

Müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət olduqca yüksək idi. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli bildirib.  "Ötən il 15 min müəllim imtahan dəvət edilmişdi. Davamiyyət yüksək idi. Müəllimlərdən əksəriyyəti imtahanı uğurla verdi. İlk cəhddə uğur qazanmayan müəllimlər təlimlərə cəlb edildilər. Bu, onların davamlı inkişafına hesablanmışdı. Bu məqsədlə 57 dəstək mərkəzi yaradıldı. Beləliklə, müəllimlər akademik təlimlərə cəlb olundular. Bu gündən yeni imtahanlara start verildi. 10 şəhərdə 13 imtahan mərkəzində proses gedir. Davamiyyət olduqca yüksəkdir. İmtahan verənlərin 95 faizi artıq imtahan verir. Ötən il 8700-dən çox müəllim maaşlarına əlavə aldılar. Ümid edirik ki, bu il belə müəllimlərin sayı daha çox olacaq", - deyə qurum rəsmisi qeyd edib.

Yazıçılar Birliyi Əkbər Azadın həbsini pislədi

İran Yazıçılar Birliyi Tehranda yaşayan Güney azərbaycanlı ziyalı və ana dili hərəkatının fəalı Əkbər Azadın həbsi və sürgün cəzasına məhkum edilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə Yazıçılar Birliyinin sosial media kanalında məlumat verilib. Bəyanatda Əkbər Azadın iki illik həbs cəzasından sonra iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə sürgünə göndərilməsi azad sözə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib. "İran Yazıçılar Birliyi bu cür qəddar hökmlərin verilməsini öz ana dilində danışmaq, yazmaq və nəşr etmək istəyən hər kəsə qarşı söz azadlığının açıq-aşkar pozulması və təzyiq nümunəsi hesab edir. Buna görə də yazıçının özü və ailəsinə qarşı vurulan ziyanların məsuliyyətinin bu ədalətsiz hökmləri verənlərin üzərinə düşdüyünü bildiririk",- bəyanatda qeyd edilib. Qeyd edək ki, Tehranda yaşayan Güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə gedib. 2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb

Bakıda təmir sexində yanğın baş verib. Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus “Mercedes-Benz” markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib. Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır. /apa/

İdman zalında qətl törədən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Abbasovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə edib. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə ittiham verilib. /Pravda.az/

Rusiya Qarabağdakı terrorçulara yüzlərlə “DJI Mavic 3” hücum PUA-sı verib...-"EU Reporter"

Xəbər verildiyi kimi, Ukrayna Putinin "sülhməramlı"ların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi milyarder "desant"ı Ruben Vardanyanı axtarışa verib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Lakin erməni milyarderin hansı səbəblərdən axtarışa verildiyi bizim üçün qaranlıq qalıb... Avropanın məşhur nəşrlərindən birinin təqdim etdiyi yazıda nəinki bu səbəblər, həm də "strateji müttəfiqimiz" olan Rusiyanın Qarabağda Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı gördüyü digər işlər də ifşa olunub. “ABŞ bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq edib”.  Sozcu.az xəbər verir ki, bunu Avropanın nüfuzlu "EU Reporter" analitik portalı yazır. Məqalə müəllifi Ruben Vardanyan da daxil olmaqla bu siyahını təcili tamamlamağa çağırır. “EUReporter”-in məlumatına görə, Putinin yaxın fiquru sayılan Vardanyan qondarma “Dağlıq Qarabağ respublikası”nın  “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur. Qəzet onu da yazır ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları Qarabağ ordusunu Çin minaatan kimi partlayıcı qurğuları işə salmağa imkan verən bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia olunur. “Onlardan təxribatlar üçün, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - deyə məşhur Avropa nəşri vurğulayır.

17 yaşlı qız həşərat dərmanı içərək öldü

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib. Sozcu.az xəbər verir ki, dünən rayon sakini olan 2006-cı il təvəllüdlü Z.Q. yaşadığı evdə həşəratlara qarşı istifadə edilən zəhərli məhlulu içib. Nəticədə qız vəfat edib. İlkin məlumatda hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.qafqazinfo

17 yaşlı qız həşərat dərmanı içərək öldü

Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib. Sozcu.az xəbər verir ki, dünən rayon sakini olan 2006-cı il təvəllüdlü Z.Q. yaşadığı evdə həşəratlara qarşı istifadə edilən zəhərli məhlulu içib. Nəticədə qız vəfat edib. İlkin məlumatda hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.qafqazinfo

Öldürülüb quyuya atılan 4 yaşlı Məryəmin atası HƏBS OLUNDU

Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək, dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə yüngül dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib. T.Allahyarov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. O, həyat yoldaşının ondan ayrılmasına görə bu yola əl atdığını bildirib. Hesab edib ki, həyat yoldaşı övladına əzab verdiyini eşidərsə geri qayıdacaq. Qeyd edək ki, ötən il fevralında 4 yaşlı Məryəmi qonşusu 32 yaşlı Mehman Mansurov qətlə yetirib. O, azyaşlını öldürüb quyuya atdıqdan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb. Hadisədən sonra azyaşlının atası da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə)maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Sərxan Sərxan Bakı yollarından narazıdır

"Bakı dəyişib gözəlləşib, amma mənfi tərəfləri var. 1990-cı illər çətin idi, zirzəmiləri açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt". Sozcu.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan "Şənbə axşamı" proqramında deyib. Müğənni Bakı küçələrindən gileylənib. O bildirib ki, piyadalar üçün yol yoxdur: "Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur". Sərxan paytaxtdakı evindən danışıb: "Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram, evi oradan aldım. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm".

Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA

San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hüceyrələrə təsir edərək aşkar oluna biləcəyini müəyyən ediblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar deyirlər ki, onların maya hüceyrələrində kəşfi insan qocalmasını necə yavaşlatacağını anlamaq üçün yol aça bilər. "Bu, daha mürəkkəb orqanizmlərin uzunömürlülüyünü effektiv şəkildə təşviq etmək üçün sintetik gen sxemlərinin inkişafı üçün zəmin yarada bilər", - professor Nan Hao deyib. Yeni bir araşdırmada mütəxəssislər qocalmanı hüceyrə səviyyəsində necə yavaşlatmağı tapıblar. Komanda genləri yenidən başlamaq və ya dayandırmaq üçün yenidən birləşdirilə biləcəyini tapıb. Onlar maya hüceyrələrinin degenerasiyasını ləngidən, iki fərqli vəziyyət arasında keçid etmək üçün sxemləri proqramlaşdırıblar. Bu, hüceyrələrin ömrünü əhəmiyyətli dərəcədə artırmağa imkan verib, genetik və kimyəvi müdaxilələr vasitəsilə ömrün uzadılması üzrə yeni rekorda imza atılıb. Hüceyrələr dəyişdirilməyən nəzarət qrupundan orta hesabla 82 faiz daha uzun yaşayıb. "Bu, ilk dəfədir ki, sintetik biologiya və hesablama ilə idarə olunan mühəndislik prinsipləri qocalmanı yenidən proqramlaşdırmaq üçün istifadə olunur", - professor Hao deyib. Daha sonra komanda nəticələrin insan hüceyrələrinə, o cümlədən kök hüceyrələrə və neyronlara necə tətbiq oluna biləcəyini öyrənəcək.

Bu qan qrupu olan insanlar daha çox yaşayır

Tədqiqatçılar hansı qan qrupu insanların digərlərindən daha çox yaşadığını müəyyən ediblər.  Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə baxmayaraq, həkimlər insanın həyat tərzindən, vərdişlərindən və yaşayış mühitindən çox şeyin asılı olduğunu da xüsusi qeyd ediblər. Bir sıra tədqiqatlar zamanı alimlər müəyyən ediblər ki, I qan qruplarından birinə sahib olan insanlar çox vaxt daha uzun yaşayır və müxtəlif xəstəliklərə qarşı daha davamlı olurlar. Onlar nəinki daha az xəstələnirlər, həm də hər hansı bir xəstəliyə tutulsalar, daha tez sağalırlar. Xüsusilə, alimlər I(0) qrupunun ən güclü hesab edildiyini müəyyən ediblər. Onun nümayəndələrinin ürək-damar xəstəliklərindən, yaddaş xəstəliklərindən, hətta mədə və mədəaltı vəzi xərçənginin müəyyən növlərindən əziyyət çəkmə ehtimalı azdır. Məhz bu müqavimət 1 qan qrupu olan insanların daha uzun yaşamasına imkan verir. Araşdırmalara görə, I qrupda qan laxtalanmasına səbəb olan daha az molekul var. Alimlərin fikrincə, bu, ürək və beyin üçün faydalıdır. Həmçinin, ürək-damar xəstəlikləri çox vaxt ruhi xəstəliklərə gətirib çıxarır. Buna görə də, birinci qrup olan insanlar onlardan daha az əziyyət çəkirlər. Maraqlıdır ki, ikinci qan qrupu olan insanlar viral xəstəliklərə daha az meyllidirlər.

Ronaldo: "Əl-Nəsr"də oynamağım millidəki mövqeyimə təsir etmir"

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında oynamasının Portuqaliya milli komandasındakı mövqeyinə təsir etmədiyini bildirib. Qol.az "O Jogo"ya istinadən xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu deyib: “Mən Səudiyyə Ərəbistanında oynayıram, amma milli komandada da  çıxış edirəm.  Səudiyyə Ərəbistanına getdikdən sonra millidə üç oyun keçirmişəm. Buna görə də bu, mənim millidəki mövqeyimə təsir etmir. Məşqçiyə sual verə bilərsiniz. Səudiyyə Ərəbistanında liqa yaxşıdır. İndi isə transferlər öz sözünü deyir. Mən xoşbəxtəm və ümid edirəm ki, daha çox qol vuracağam”.

Bu həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq

Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib. Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq”. V.Qurbanov vurğulayıb ki, monitorinqlər zamanı həkimlərin peşəkarlığı və şəxsi keyfiyyətləri əsas götürüləcək.

Nikol: Bir də xəbər tutduq ki, Azərbaycan müdafiəni yardı

Şuşa ciddi əhəmiyyət kəsb edirdi və Şuşanın müdafiəsinin möhkəmləndirilməsi, təşkili ilə bağlı idi. Sonda lazım olan hər şeyin görüldüyü bildirildi. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib. “Həmin hazırlıq işlərindən qısa müddət sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndi ərazisində müdafiəmizi yararaq, Laçın-Xankəndi yolunu kəsib. Yəni faktiki olaraq Şuşa yolu bağlandı. Bu xəbəri mənə Qarabağın “prezidenti” çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləmədi. Yeri gəlmişkən, bu, müharibə illərində təxminən on dəfə təkrarlanan vəziyyət idi, Arutyunyan (Qarabağdakı separatçı-terrorçuların lideri – red.) xəbər verəndə baş katib xəbəri təsdiqləmədi, hətta təkzib etdi və bir müddət sonra etiraf etməli oldu ki, Arutyunyan düz deyirdi. Mahiyyət etibarı ilə Şuşanın tənəzzülü də bu andan başladı”, - o bildirib.

Keçmiş deputat vəfat etdi

Milli Məclisin keçmiş deputatı Akif Şahbazov vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, 65 yaşında Bakı şəhərində dünyasını dəyişib. Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Qeyd edək ki, Akif Rəhim oğlu Şahbazov 15 dekabr 1957-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Paşinyan: Üçtərəfli bəyanatı buna görə imzaladım

Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib. “Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”, - o bildirib.

Ukrayna bir gecədə 28 “Şahid” vurdu

Hava hücumundan müdafiə qüvvələri iyunun 20-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 30 “Şahid” PUA-sından 28-ni məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye və onun ətrafında 7 ədəd S-300 raketi atıb: “Raket zərbəsinin nəticələri barədə məlumatlar dəqiqləşdirilir”.

Ukrayna üç istiqamətdə uğurlu əməliyyat keçirdi

Ötən gün Ukrayna qoşunları cəbhənin ən azı üç istiqamətində uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ruslar Ukrayna ordusunun Baxmutun şimal-qərb, şimal-şərq və cənub-qərb istiqamətində hücumlarını davam etdirdiyini bildirib. Ukrayna Krasnopolovka yaxınlığında (Baxmutdan təxminən 12 km şimal-şərqdə) irəliləyib. Kiyev rəsmiləri isə son bir həftə ərzində ordunun Zaporojye istiqamətində 7 km-ə qədər irəlilədiyini və 113 kvadratmetr ərazini azad etdiyini vurğulayıb. O cümlədən Donetsk və Zaporojye vilayətlərinin qərbində 8 yaşayış məntəqəsi də azad edilib. Ötən günün geolokasiya görüntüləri isə təsdiq edir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində, Orexovdan təxminən 25 kilometr cənub-qərbdə yerləşən Pyatixatkini azad edib”, - məlumatda deyilib.

Rusların qorxulu yuxusu olacağıq - Budanov

Ölkədə “Ölməz komandirlərin xüsusi dəstəsi” yaradılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. “Bu dəstəyə Valeri Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin baş komandanı), Stepan Bandera (Ukrayna Millətçilər Təşkilatının lideri), Simon Petlyura (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri) daxil olacaq. “Ölməzlər dəstəsi” Ukraynanı ələ keçirmək istəyən rusların qorxulu yuxusu olacaq”, - o bildirib.

482-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 482-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 221 460 hərbçi, 3997 ədəd tank, 7750 ədəd zirehli döyüş maşını, 3888 ədəd artilleriya sistemi, 614 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 372 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 306 ədəd helikopter, 6645 ədəd avtomobil texnikası, 3393 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 531 xüsusi avadanlıq itirib.

Türkiyədə ağır yol qəzası: ölü və yaralılar var

Türkiyədə Mersin vilayətinin Tarsus rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarına gəlincə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.