"Bakı dəyişib gözəlləşib, amma mənfi tərəfləri var. 1990-cı illər çətin idi, zirzəmiləri açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt".
Sozcu.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan "Şənbə axşamı" proqramında deyib. Müğənni Bakı küçələrindən gileylənib. O bildirib ki, piyadalar üçün yol yoxdur:
"Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur".
Sərxan paytaxtdakı evindən danışıb:
"Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram, evi oradan aldım. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm".