İran Yazıçılar Birliyi Tehranda yaşayan Güney azərbaycanlı ziyalı və ana dili hərəkatının fəalı Əkbər Azadın həbsi və sürgün cəzasına məhkum edilməsi ilə bağlı bəyanat yayıb.
Bu barədə Yazıçılar Birliyinin sosial media kanalında məlumat verilib.
Bəyanatda Əkbər Azadın iki illik həbs cəzasından sonra iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə sürgünə göndərilməsi azad sözə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib.
"İran Yazıçılar Birliyi bu cür qəddar hökmlərin verilməsini öz ana dilində danışmaq, yazmaq və nəşr etmək istəyən hər kəsə qarşı söz azadlığının açıq-aşkar pozulması və təzyiq nümunəsi hesab edir.
Buna görə də yazıçının özü və ailəsinə qarşı vurulan ziyanların məsuliyyətinin bu ədalətsiz hökmləri verənlərin üzərinə düşdüyünü bildiririk",- bəyanatda qeyd edilib.
Qeyd edək ki, Tehranda yaşayan Güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə gedib.
2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.