Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək, dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə yüngül dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib.
T.Allahyarov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. O, həyat yoldaşının ondan ayrılmasına görə bu yola əl atdığını bildirib. Hesab edib ki, həyat yoldaşı övladına əzab verdiyini eşidərsə geri qayıdacaq.
Qeyd edək ki, ötən il fevralında 4 yaşlı Məryəmi qonşusu 32 yaşlı Mehman Mansurov qətlə yetirib. O, azyaşlını öldürüb quyuya atdıqdan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb. Hadisədən sonra azyaşlının atası da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə)maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.