Xəbər verildiyi kimi, Ukrayna Putinin "sülhməramlı"ların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi milyarder "desant"ı Ruben Vardanyanı axtarışa verib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Lakin erməni milyarderin hansı səbəblərdən axtarışa verildiyi bizim üçün qaranlıq qalıb...
Avropanın məşhur nəşrlərindən birinin təqdim etdiyi yazıda nəinki bu səbəblər, həm də "strateji müttəfiqimiz" olan Rusiyanın Qarabağda Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı gördüyü digər işlər də ifşa olunub.
“ABŞ bu yaxınlarda Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan qrupun yeddi aparıcı üzvünə qarşı sanksiyalar tətbiq edib”.
Sozcu.az xəbər verir ki, bunu Avropanın nüfuzlu "EU Reporter" analitik portalı yazır.
Məqalə müəllifi Ruben Vardanyan da daxil olmaqla bu siyahını təcili tamamlamağa çağırır.
“EUReporter”-in məlumatına görə, Putinin yaxın fiquru sayılan Vardanyan qondarma “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur.
Qəzet onu da yazır ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları Qarabağ ordusunu Çin minaatan kimi partlayıcı qurğuları işə salmağa imkan verən bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia olunur.
“Onlardan təxribatlar üçün, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır. Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çatıb”, - deyə məşhur Avropa nəşri vurğulayır.