Ukrayna ordusu rus generalını öldürdü

Rusiya ordusunun general-leytenantı Oleq Tsokov Ukraynada davam edən döyüşlərdə öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqramda yazıb. O bildirib ki, general müvəqqəti olaraq işğal olunmuş Berdyansk bölgəsində məhv edilib: “Həmin general 2022-ci ilin sentyabrında da yaralanmışdı”.

Qucaqlaşmanın bilinməyən faydaları açıqlandı

Qucaqlaşmalar təkcə yaxınlarınızla emosional əlaqəni gücləndirməyə kömək etmir, həm də fiziki sağlamlığa faydalı təsir göstərir. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə Sankt-Peterburqdakı SM klinikasının endokrinoloqu və terapevti Anastasiya Kalmurzina məlumat verib. "Bu, ilk növbədə, orqanizmdə oksitosin, endorfin və dofamin hormonlarının istehsalının sürətlənməsi ilə baş verir. Oksitosin bağlanma hormonu kimi tanınır. Stress hormonu kortizolun təsirini neytrallaşdırır. İnsan sakitləşir, narahatlığı keçir və özünü təhlükəsiz hiss edir. Oksitosin çatışmazlığı xroniki stressin formalaşmasında əlavə amillərdən biridir və bu, orqanizm üçün ən pis şərtlərdəndir", - deyə Kalmurzina bildirib. Endokrinoloq qeyd edib ki, oksitosin ürək və qan damarları üçün də vacibdir - bu hormon qan təzyiqinin aşağı düşməsinə təsir göstərir. "Oksitosin istehsalı ilə yanaşı, qucaqlaşmalar bədəndə dopamin və endorfinin - müvafiq olaraq həzz və xoşbəxtlik hormonlarının istehsalını stimullaşdırır. Onların təsiri altında insan daha fəal olur, özünə güvənir və ətraf aləmə maraq göstərir. Serotonin və dopamin də qan damarlarının yumşalmasına, rahatlamasına kömək edir ki, bu da qan dövranını və bədəndə oksigen mübadiləsini sürətləndirir. Qan dövranının normallaşdırılması insan orqanizminin müxtəlif orqan və sistemlərinin qidalanmasını yaxşılaşdırmağa yardım edir", - həkim izah edib. Kalmurzina onu ​​da əlavə edib ki, artan hormon istehsalının digər mühüm təsiri əzələlərin rahatlamasıdır. Ona görə də qucaqlaşdıqdan sonra əzələ ağrıları yox ola bilər.

Səhər yeməyində bu qidaları yemək zərərlidir

Mütəxəssislər orqanizm üçün zərərli olan səhər yeməyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, sürətli səhər yeməyi bədənə heç bir fayda gətirmir. Taxıl tərkibli qidaların həddindən artıq istehlakı piylənmə və ciddi xəstəliklərin inkişafı riskini artırır. Sürətli səhər yeməyi yemək də gün ərzində enerjinin azalmasına və yavaş düşünməyə səbəb ola bilər. Bu, məhsulun tərkibində yüksək şəkər olması ilə bağlıdır. Dietoloqlar xəbərdarlıq edirlər ki, işlənmiş taxıl və şəkərdə yüksək olan taxıllar sürətli çəki artımına səbəb ola bilər. Əlbəttə ki, belə bir məhsulda faydalı komponentlər var. Xüsusilə, bir çox istehsalçı taxıllara müxtəlif vitaminlər və antioksidantlar daxil olmaqla qida əlavə edir. Ancaq yadda saxlamaq lazımdır ki, vitaminlərin həddindən artıq istehlakı və onların çatışmazlığı müxtəlif xəstəliklərə səbəb ola bilər".

"Qarabağ" və "Neftçi"nin dünya reytinqindəki yeni mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Sozcu.az qurumun saytına istinadən xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb. Ağdam təmsilçisi bundan əvvəlki reytinqlə müqayisədə 138,5 xalla 3 pillədə geriləyərək 74-cü pillədə qərarlaşıb. "Nefti" isə 4 pillə geriləyib və 67 xalla 291-ci sırada yer alıb. Qeyd edək ki, siyahıya 315 xalla "Real" başçılıq edir. "Mançester Siti" 311 xalla 2-ci, "Flamenqo" 296 xalla 3-cüdür.

Raci Şaşmaz bu azərbaycanlı kriminal avtoritetə aid film çəkir

Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan “Kurtlar vadisi” serialının ssenaristi Bahadır Özdener, Raci Şaşmaz və serialın məsləhətçisi Soner Yalçın bir araya gəlib. Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sina Koloğlu açıqlama verib. O bildirib ki, tərəflər mafiya hadisələrindən bəhs edən yeni serial çəkmək istəyirlər. Məlumata görə, müzakirələri davam edən serialın sujet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq. Jurnalist son dövrlər İstanbulda bir neçə mafiya liderinin öldürülməsini misal gətirib. Türkiyəli jurnalistin sözlərinə görə, İstanbulda öldürülən serb mafiya lideri Vukotiç, azərbaycanlı mafiya lideri Elnur Qasımov və digər mafiya liderləri ilə bağlı hadisələr çəkilməsi nəzərdə tutulan serialın sujet xətti olacaq.

Müəllimlərin nəzərinə

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan İlham Şahmar oğlu Dadaşov vəfat edib. Sozcu.az xəbər verir ki, o, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, Vətən müharibəsinin ilk günlərindən komandir vəzifəsində döyüşlərə cəlb olunub. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib. O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb. İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib. O, ailəli idi və iki övladı var. Allah rəhmət eləsin!

Baxmutda rus artilleriyası məhv edilir - Ekspert

Baxmut ruslar üçün tələdir. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib. “Baxmutda əsasən desant qüvvəsi var. Orada əsasən nə baş verir? Cənubdan, şimaldan Ukrayna ordusunun təzyiqi, dominant yüksəkliklərə nəzarət, şəhərdə aktiv əməliyyatların başlaması... Amma ən əsası Baxmutun şərq kənarından təxminən 5 km aralıda rus texnikasının, xüsusilə artilleriyasının məhv edilməsi ilə bağlı son vaxtlar getdikcə daha çox videoları müşahidə edirik", - ekspert deyib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 503-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 235 020 hərbçi, 4089 ədəd tank, 7983 ədəd zirehli döyüş maşını, 4385 ədəd artilleriya sistemi, 672 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 414 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 6966 ədəd avtomobil texnikası, 3693 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 640 xüsusi avadanlıq itirib.

Ermənilər mövqelərimizi yenidən atəşə tutdu

İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Təkəri partlayan maşın aşdı: ölən və yaralananlar var

İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb. Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı VAZ-2103 markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Samir Yusif oğlu Babayev ölüb, 1982-ci il təvəllüdlü Variz Cahid oğlu Ağayev və 1987-ci il təvəllüdlü Tərlan İmran oğlu Həsənov xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

İlham Əliyev Tobias Lindneri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Ukrayna bu ərazidə əsas yüksəkliklərə nəzarəti təmin etdi

Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı əsas yüksəkliklərə nəzarəti təmin edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqramda yazıb. O bildirib ki, Ukrayna ordusu Baxmutda uğurla irəliləyir.

“Putinin işi bitdi, Navalnı Rusiyanın gələcək prezidentidir!..”- Saakaşvili

Mixail Saakaşvili  “Putinin işi bitdi – bu, maksimum bir neçə ayın işidir”, Navalnı isə Rusiyanın “gələcək prezidenti” olduğuna əmin olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu "Qruziya Online" nəşrinin yaydığı məlumata görə, Saakaşvili bu haqda müxalif "Formula" telekanalının Droeba proqramına açıq məktubunda yazıb. Gürcüstanın həbsdə olan üçüncü prezidenti əmindir ki, Rusiya Federasiyasının parçalanması Şimali Qafqazdan başlayacaq. Keçmiş lider hesab edir ki, Rusiya müxalifətinin əksəriyyətinin Rusiyada olmamasına və Rusiyanın özündə Aleksey Navalnı və Vladimir Kara-Murza kimi müxalifətçilərin Putin tərəfindən həbsxanada saxlanmasına baxmayaraq, Rusiya müxalifəti “məhv edilməyib”. “Putin bitdi. Bu, bir neçə həftəlik, ən çoxu ayların işidir. Rusiyanın dağılması Şimali Qafqazdan başlayacaq. Artıq həm Tiflisi, həm də Batumini görmüş, bura çatmaq üçün əllərini ovuşduran 25 min Kkadırovçu ilə məşğul olmağa hazırıqmı?.. Rusiya müxalifətinin məhv edildiyini düşünmürəm. Navalnı həbsdən çıxsa da, çıxmasa da, mənim Rusiyadan qalacaq ərazinin lideri ilə,  onunla, Vladimir Kara-Murza və digər liderlərlə çox isti yazışmalarım var. Ən ağır vəziyyətdə olan Navalnının məni buraxmaq xahişi ilə İvanişviliyə müraciət etməsini çox yüksək qiymətləndirdim”, - Saakaşvili bildirib. Eks-prezidentin sözlərinə görə, dünyanın bütün liderləri onun azadlığa buraxılmasını tələb edirlər - Avropa Parlamentinin deputatları, Fransa prezidenti Emmanuel Makron, Moldova prezidenti Maya Sandu, Ukrayna lideri Vladimir Zelenski və hətta “Rusiyanın gələcək prezidenti” Navalnı. “Ancaq mən Podolyakın adamyeyən adlandırdığı sadistlərin əlindəyəm. Zaxarova Zelenskini gələcəkdə mənim taleyimlə hədələyib. Zaxarovanın sahiblərinin çoxdan öz taleləri haqqında düşünmələri lazımdır. Mən onlara danışıqlara başlamağı, sivil oyun qaydalarına və balanslaşdırılmış ədalətli sistemə keçməyi tövsiyə etdim”, - Saakaşvili müxalif "Formula" telekanalının Droeba proqramına açıq məktubunda yazır.

Şəmkir rayon Çinarlı qəsəbəsində yaşanan problem

Fotolar Şəmkir rayon Çinarlı qəsəbəsi Nizami küçəsindəndir. Bu fotoları evinin içərisində toz-torpaq udmaq məcburiyyətində qalan küçə sakinləri göndərib. Yaşanan bu problem bir neçə dəfə işıqlandırılsada hələdə çox təəssüf ki, heç bir tədbir görülməyib. Belə ki, qabaq ki, paylaşımların şərh bölümündə Şəmkir Rayon İcra Hakimiyyətinə məxsus sosial şəbəkə profilindən bildirilib ki, həmin küçədəki problem Çinarlı Bələdiyyəsi tərəfindən həll olunmalıdır.  İndi sual doğurur Çinarlı Bələdiyyəsi problemi həll etməsə küçə sakinləri toz-torpaqdan boğulmalıdır ? İnsanların övladı toz-torpaq içərisində böyüməlidir ?  Əlavə olaraq bildirməliyəm ki, Nizami küçəsi Çinarlı qəsəbəsinin əsas mərkəzi küçəsi sayılır. Şəmkir şəhər - Seyfəli kənd, Seyfəli-Gəncə şəhər avtobus marşurutları və həmçinin Seyfəli istiqamətində hərəkət edən böyük yük maşınları bu yol vasitəsi ilə hərəkət edirlər. Ümumilikdə başqa kəndlərində istifadə etdiyi yolun zəhərinin, xəstəliyinin, tozu-torpağının zərərli yükünü Nizami küçəsi sakinləri qəbul etməli deyil, yaranmış bu vəziyyətə aidiyyatı qurumlardan tədbir görülməsini küçə sakinləri tələb edirlər.  Problemi diqqətdə saxlayacağıq....!!! Ceyhun Nəbi

Narkotikin bir dəfə qəbulu ilə asılılıq arasında bir addım var

"Narkotik maddələrin bir dəfə qəbulu ilə narkotik asılılıq arasında yalnız bir addım var". Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib. O bildirib ki, yeniyetmələr arasında narkomaniyanın yayılma səbəbi narkotik maddənin zərərləri haqda məlumatın az olmasıdır: “Həmçinin yeniyetmələr daha çox eksperiment aparmaq istəyindən, çox vaxt sadə marağın olmasından narkotik istifadə etməyə başlayırlar. Təəssüf ki, bəzi yeniyetmələri formalaşmamış psixika ilə və düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. İlkin olaraq narkotik vasitələrin törətdiyi fəsadlar haqda maarifləndirici tədbirlər yeniyetmələr və gənclər arasında aparılmalıdır. Gənclər və yeniyetmələr bilməlidirlər ki, narkotik maddələrdən istifadə etmək, oyun əyləncə deyil, bu, çox ağır xəstəlikdir". “Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur", - həkim-narkoloq vurğulayıb.

4 bələdiyyə sədri cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 6-da Tovuz rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.  Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Tovuz rayon, Aşağı Öyrüslü, Yuxarı Öyrüslü, Cırdaxan və Qovlar kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bu gün geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması gözlənilir. Bu barədə Sozcu.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Bildirilib ki, kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub. M (R1-R2) və C sinif alışmalar baş verib. Günəşin səthində ləkələrin sayı artıb. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Günəşin səthində Tac dəliyi müşahidə olunur. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67). Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir. Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

Ukrayna SQ-nin baş komandanı: “Bir aydan sonra Krımda olacağıq”

“Bir aydan sonra Krımda olacağıq”. Bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) baş komandanı general Valeri Zalujnı Britaniyanın “The Times” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyyatdır: “Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir”. Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.

Azərbaycanda terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanıldı - DTX məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. Dövlət Təhlükəsizliyi Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib. Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Prezidentin təyin etdiyi yeni rəis kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sozcu.az xəbər verir ki, M.Seyidov bundan əvvəl Pentensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Prezident onu vəzifədən azad etdi

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Toyda zəhərlənənlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.  TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. 09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.  Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.