Avqustun 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda görülən işlər müzakirə olunub və təşkilati məsələlərə baxılıb.
Gənc içtimai fəal Sənan Səbuhioğlu Müsavat Partiyası sıralarına qəbul edilib.
Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınan 25 Müsavat yetkilisinin təbliğat kampaniyası çərçivəsində həyata keçirdikləri tədbirlər barədə məlumat dinlənilib. Partiya rəhbərliyinin ötən həftə ATƏT-in Seçki Müşahidə missiyasının təmsilçiləri ilə görüşü təqdir edilib.
Daha sonra, hakimiyyətyönlü media orqanlarının yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı qəbul edilib (bəyanatın mətni xəbərə əlavə olunub).
İclasda Rusiya prezidenti Vladimir Putinin Bakıya iki günlük səfəri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ukraynaya işğalçı siyasət yürütdüyünə görə mütərrəqqi dünyada təcrid olunan Putin rejiminin rəsmi Bakı ilə yaxınlaşması Azərbaycanın dövlət maraqlarına yaxşı heç nə vəd etmir.
Avqustun 22-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anım günü ilə bağlı, onun məzarının ziyarət olunması qərara alınıb.
Sonda cari məsələlər müzakirə olunub.
***
Hakimiyyətyönlü saytların yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı
Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər.
Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb.
Qeyd edilməlidir ki, bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər.
Lakin “Qafqazinfo” saytı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib.
Müsavat Partiyası “Qafqazinfo” saytını və sözügedən yalan və böhtanları yayan digər hakimiyyətyönlü media irqanlarının təkzib dərc etmələrini və Müsavat Partiyasında üzr istəmələrini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir.