“Bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir... Nə qədər ki, belə bir vəziyyət mövcuddur...”
“Hesab edirəm ki, Həm Azərbaycan, həm Ermənistan sülh danışıqları zamanı baş verən təxribatlarla bağlı vahid mövqedən çıxış edərək həmin təxribatların Rusiya tərəfindən törədilməsini isbatlaması üçün iki amil gərəkdir. Yəni bunun baş tutması üçün ən azı iki şərt olmalıdır”.
Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Həm Azərbaycan, həm Ermənistan birgə səylərini ortaya qoysa, məhz sülh danışıqları zamanı baş verən təxribatların Moskva tərəfindən təşkil olunduğunu isbat edə bilərlərmi?” sualını cavablandırarkən ifadə edib.
“Birincisi, tərəflərin bununla bağlı siyasi iradəsi və cəsarəti ortalığa qoyulmalıdır. Digər tərəfdən isə tərəflər arasında qarşılıqlı etimad olmalıdır ki, qarşılıqlı və birgə addım atılsın. Əslində belə bir müştərək addım atılsaydı, əlbəttə, bu, sülh prosesinin özünə ciddi bir töfhə olardı. Bu, dünyaya da, beynəlxalq aləmə də bir ciddi mesaj olardı ki, artıq Azərbaycanla Ermənistan ən azı Rusiya tərəfindən törədilən həmin o təxribatlar məsələsində vahid mövqedən çıxış edirlər. Və artıq ayrı-ayrılıqda deyil, təxribatın törədilməsində bir-birini ittiham etməkdə deyil, təxribatların 3-cü tərəf vasitəsilə, 3-cü tərəfin təşəbbüsü ilə törədilməsində vahid mövqe nümayiş etdirirlər ki, bu da öz növbəsində sülh prosesinə ciddi bir təkan olardı və həm beynəlxalq aləm, həm də danışıqlarda iştirak edən, vasitəçilik edən ölkələr və qurumlar tərəfindən də bir yeni yanaşma, yeni təşəbbüs kimi qəbul olunardı. Bu olacaqmı?”- deyə davamında analitik sual edib.
Ekspert hesab edir ki, həm Azərbaycan, həm Ermənistanda “5-ci kalon”un fəallığı səbəbindən təxribatların Kreml tərəfindən törədilməsinin sübut olunması hazırkı durumda mümkün olmayacaq.
“Təəssüf ki, düşünmürəm ki, bu olacaq. Bu olmayacaqdır. Ən azı, ona görə ki, Qarabağ və iki ölkə sərhədlərində həmin təxribatları istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən törədən “5-ci kalon”dur. Həmin “5-ci kalon” hər iki tərəfdə mövcuddur. Və bunlar yalnız silahlı qüvvələrdə deyil... Təxribatın bilavasitə baş verdiyi ərazilərə silahlı qüvvələr nəzarət edir. Ancaq bu təxribatlar yalnız onlar tərəfindən törədilmir. Biz bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir... Nə qədər ki, belə bir vəziyyət mövcuddur, elə bir siyasi bəyanat verilməsi, yəni birgə səylər nəticəsində təxribatların Rusiya tərəfindən törədilməsi faktının isbat olunması qeyri-mümkündür. Bir sözlə, bu, nəzəri baxımdan müzakirə oluna biləcək bir məsələdir. Lakin, təəssüf ki, praktiki baxımdan isə hazırkı durumda mümkün deyil”, -deyə Ərəstun Oruclu vurğulayıb.