Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Sozcu.az xəbər verir ki, onun vəkili Aqil Layıc bu barədə Abzas Media-ya danışıb.
Vəkil bildirib ki, o, Cinayət Məcəlləsinin 182-ci maddəsilə (Hədə-qorxu ilə tələb etmə) ittiham olunur.
“Uzun müddətdir Bəydəmirlinin də səhmdarı olduğu “Avto-Qarant” ASC-də pay bölgüsü ilə bağlı mübahisələr var idi. Bu iş üzrə Nazim Bəydəmirli özü DİN-ə müraciət etmişdi və araşdırmalar gedirdi. İndi özünün şikayətçi olduğu iş üzrə özünü həbs ediblər. Nazim Bəydəmirli ittihamları rədd etdi və bildirdi ki, onu Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər. Sabah qərardan apellyasiya şikayəti verəcəyik” – vəkil bildirib.
Bəydəmirli məhkəmədə deyib ki, o, səhmdarı olduğu “Avto-Qarant” ASC-nin iclasında şirkətin xərclərilə bağlı məlumatların ictimailəşdirilməli olduğunu bildirib. Buna görə də “rüsvayedici məlumatların dərc edilməsi hədəsilə” həbs olunduğunu bildirib.
İyulun 4-ü iş adamı saxlanılarkən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat yayaraq N. Bəydəmirlinin Söyüdlü hadisələri ilə bağlı saxlanıldığını təkzib edib:
“Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, - Z.Hüseynov qeyd edib.
Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazların gedişində “Yeni Müsavat” saytı etirazların Rusiya tərəfindən təşkil olunduğu ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunub ki, təşkilatçılar aksiyanın koordinasiyası üçün Nazim Bəydəmirli və Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla əlaqəyə keçiblər. İddia olunur ki, N. Bəydəmirli hadisələri Bakıdan koordinasiya edib.
“Yeni Müsavat”ın bu iddialarını AZTV, daha sonra isə millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrarlayıb.
İyunun 26-da Nazim Bəydəmirli “Yeni Müsavat” saytını, AZTV-ni, millət vəkili Elman Nəsirovu məhkəməyə verdiyini açıqlayıb. O, iddiaların əsassız olduğunu və təkzib edilməsini tələb edib.