Ağstafa Rayon İcra Hakimiyyətinin mayın 17-də “Ağstafa rayonunda abadlıq işlərinin satınalınması” üçün elan etdiyi tenderin nəticələri və qalibi açıqlanıb.
Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 195 880 manat olan tenderin qalibi “Topxana Layihə İnşaat” MMC (VÖEN - 2000157981) olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən şirkət Ağstafa rayonu ərazisində təmir və bərpa işlərini həyata keçirəcək. Bu işlər sırasına 410 metr sahədə beton-bort daşlarının quraşdırılması, 14,1 kubmetr sahədə qum-çınqıl qatışığından ibarət əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, və təbii qum-çınqıl qatışığının tökülməsi, 1 883 kvmetr sahədə sıx iri-dənəvər AB və ABV tipli asfalt-beton qatışığından qalınlığı 4 sm olan örtüyün qurulması, eləcə də örtüyün qalınlığı 0,5 sm dəyişdikdə əlavə etmək və ya çıxmaq və digər 76 adda təmir-tikinti işləri daxildir.
Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.
Araşdırmalarımız zamanı məlum oldu ki, şirkət yarandığı vaxtdan bu günə qədər qalmaqallı tender layihələrində iştirak edib və hər dəfə dövlətə vergi borcunun olduğu ortaya çıxıb.
Belə ki, 2022-ci ilin oktyabr ayında 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub. Təkcə bu fakt sübut edir ki, həm şirkət, həm də ASC tender qanunvericiliyinin müddəalarını kobud şəkildə pozub.
Yəni, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Həmin ilin dekabr ayının sonlarına yaxın şirkət ilk dəfə Ağstafa RİH başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi olub və tərəflər arasında 434 min 695 manat məbləğində müqavilə imzalanıb.
Bu fakt və yeni açıqlanan tender sübut edir ki, rayon ərazisində ötən ilin dekabr ayından başlayan abadlıq işləri hələ də başa çatmayıb və şirkətin bu işlərə davam etməsi üçün yeni maliyyə mənbələrinə ehtiyacı yaranıb.
Qeyd edək ki, şirkət ötən il ərzində Xızı Rayonu İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 349 min 516 manat dəyərində “Xızı şəhərində yolların əsaslı təmiri” (15.09.2020), “Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi 696 min 200 manat dəyərində “”Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci il üçün mexanika, elektrik, santexnika, yanğından mühafizə sistemləri üçün texniki xidmətin, təmir işlərinin və bu sistemlər üçün ehtiyat hissələrinin satınalınması” (13.06.2022) və "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 298 min 540 AZN dəyərində “Müxtəlif obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması” (23.02.2022) tenderlərinin də qalibi olub.
Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır.
"Topxana Layihə İnşaat" MMC cari ilin yanvar və və mart aylarında Biləsuvar şəhər, Mübariz İbrahimov küçəsində iki dəfə asfaltlanma işlərini həyat keçirib. Belə ki, yanvar ayında döşənən asfalt yolunu mart ayında sökərək yenidən təmir ediblər. Çünki həmin yolun müəyyən hissələrində dağılmalar əmələ gəlib.