Bayden ukraynalı pilotlara F-16 təlimi keçmək üçün "yaşıl işıq yandırdı" – Pentaqon

ABŞ ukraynalı pilotların Amerika istehsalı olan Qərb tipli F-16 təyyarələrində təlim keçməsini dəstəkləyir. Sozcu.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq çərşənbə axşamı Ukrayna pilotlarının birinci qrupunun təlimlərə hazır olması ilə bağlı xəbəri şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bunu mümkün etmək, həmçinin F-16-da ukraynalı pilotların təliminə dəstək vermək üçün "yaşıl işıq yandırıb”. "Bildiyiniz kimi, hazırlıqlara Danimarka və Hollandiya rəhbərlik edir", - ABŞ müdafiə sözçüsü əlavə edib. Sinq qeyd edib ki, hələlik Amerika tərəfdən qarşıdakı təlimin təfərrüatları ilə bağlı rəsmi açıqlama yoxdur.

SEPAH zabiti Çaldıranda öldürüldü

Avqustun 8-də Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində SEPAH zabiti Əmir Hüseyn Salehian naməlum şəxslər tərəfindən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. “Zabit vəzifə başında olduğu vaxt əks-inqilabçı qüvvələr tərəfindən qətlə yetirilib”, - məlumatda qeyd olunub.

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi...

Sozcu.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktları təqdim edir. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq. *** Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. *** Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranır:  “Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım Nabat müəllimin xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”. Rayonda - xəstəxananın həyətində dostunun bir nəfərlə sözü çəpləşir. Dava başlayır. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.  “100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana göstərdi ki, əslində, həyat nədir, necədir...” Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Atasının ölüm xəbərindən sonra xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoyun, ölsəm, adının əvvəlinə “R” hərfini əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Rasim Balayevin ən yaxın dostlarından biri də Ramiz Əzizbəyli olub. Onların arasındakı dostluq münasibətləri zamanla şəxsi münasibətlərin pozulmasına, hətta düşmənçiliyə çevrilib. "Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimi danışdırmıram. Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm. Bu saat Rasim Balayev qapıdan içəri girsə, xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam". ***  Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə atası haqqında danışarkən deyir: “Rasim əmi nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, biz bir evli kimi olmuşuq. Sonradan soyuqluq yarandı. Görünür, onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər”. İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırlarmış. Həsən Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır və tapşırır ki, ssenarini verin ona oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. Rejissor Səhiyyə nazirinə zəng vurur. Xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana - əsəb sanatoriyasına göndərirlər. *** 1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir – onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayırmış. “Nəsimi” filmi Rasim üçün uğurlu başlanğıc olur. Filmin ilk nümayişinin səhəri o, artıq bütün Sovet İttifaqında məşhur idi. Moskvada, kino festivalı vaxtı köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir, onunla zarafat eləyirlər, cavab verir ki, hə, mənə yaman oxşayır. Köşkə yaxınlaşıb şəkli alır və baxır ki, öz şəklidir, arxasında da haqqında məlumat yazılıb.

Atası bankdan kredit götürdü, evini girov qoydu, obyekti yandırdı – MƏHKƏMƏ

Sumqayıt Şəhər Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Mahir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə 09 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində qeydə alınıb. Belə ki, Mahir Quliyev atası Sahib Quliyevə (şərti)  məxsus kafe və bərbərxanadan ibarət olan qeyri-yaşayış obyektini içərisindəki əşyalarla birlikdə qəsdən yandırıb. Nəticədə o, zərərçəkmiş şəxsə ümumilikdə 5 786 manat maddi ziyan vuraraq atasının əmlakını qəsdən məhv edib.  Məhkəmə iclasında Mahir Quliyev özünü təqsirli bilib. O deyib ki, atası Sahib Quliyev ilə münasibətləri pisdir. Son zamanlar aralarında mübahisələr yaranmışdı. Səbəb isə atası 5 ilə əvvəl ona məxsus evi banka girov qoyaraq 30 000 ABŞ dolları pul götürməsi və həmin pulu ödəməməsi olub. Mahir Quliyev söyləyib ki, atası Sahib Quliyev həmin kreditin yalnız 16 000 manatını ödəyib. Bu səbəbdən də bankla Mahirin arasında mübahisə yaranıb. Daha sonra Sahib bankdan götürdüyü kredit ilə “Mersedes” markalı avtomaşın alıb. Aata ilə oğulun arasında söhbət zamanı Sahib ona təsərrüfat yaradacağını və onu da orada nəzarətçi qoyacağını deyib. Ancaq atası dediklərinin heç birini etməyib. Hadisədən bir gün əvvəl hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı atası onu təhqir edərək kafedən qovub. O, kafeni yandıracağını bildirərək oradan çıxıb gedib. Daha sonra Mahir gecə saatlarında kafeyə bitişik olan bərbərxananı açaraq ora daxil olub və salfetka götürüb, obyektin içərisində olan əşyaları yığıb yandırıb. Bundan sonra o, kafeyə gedib və orada olan taxta stolları yığıb. Həmin stolları isə salfetka ilə yandırıb. Sonra digər otaqda da yanğın törədib. Mahir Quliyev əməlindən peşman olduğunu bildirib.pravda)

"Həmin uşaqlar travmaları üzərində şikəst talelərini yaşayırlar"

"Bizim ən böyük imtahanımız, şansımız bəlkə də uşaqlığımızdır. Çünki həyatımız o illərin kökləri, nəticələri, uğurlu və uğursuz səhifələri üzərində qurulur. Bu məqam isə çox vaxt özünü doğruldur. Uşaq ikən bol sevgiylə, nəvazişlə, doğru tərbiyəylə böyüyən, gözəl ailəylə müjdələnən insanlar adətən bu işığı davam etdirirlər". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı sosial şəbəkə hesabında yazıb. Oğlu ilə fotolarını yayımlayan Azər bunları əlavə edib: "Uşaqlığında sevgidən, diqqətdən, istilikdən məhrum olanlar, sığaldan, qucaqdan əskik qalanlar isə yaşa dolanda həyatın növbəti astanasında daha bir imtahan verirlər: ya həmin uşaqlıq travmaları üzərində şikəst talelərinə davam edir, həmin qaranlıqlarını qurduqları ailələrinə, eynən öz körpələrinə ötürür, ya da o ağrılardan, uşaqlıqlarının “buzlarından” dərs çıxarıb tam tərsinə, daha böyük məhəbbətə, sığala, qucağa çevrilirlər. Axı sevgisizliyin ağrısını, kasıblığını həm də ən yaxşı onlar bilirlər… Oğlum, layiq olduğun hər şeyi sənə verə bilirikmi, bilmirəm. Amma səni sevgidən əskik buraxmamaq üçün əlimdən gələni edirəm. Həyatın səni növbəti imtahanla sınağa çəkməsini istəmirəm. İnanıram, bilirəm ki, bir gün sən də öz balalarına sənə ən böyük yadigarımızı layiqincə ötürəcəksən… Səni sevirəm, səni sevirik, oğlum! Sən də həmişə sev, çox sev".

“AZAL”ın payçı olduğu sığorta şirkəti biznesini itirir - 11 milyonluq azalma

2023-cü ilin ilk yarısında hava nəqliyyat vasitələrinin sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta" şirkətinin topladığı sığorta haqları 1,57 milyon manat təşkil edib. "Yeni Sabah"ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 87,8% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 11,34 milyon manat olub. 2022-ci ilin birinci yarısında "İpək Yolu Sığorta" 12,9 milyon manat sığorta haqqı toplaya bilmişdi.  Yığımların kəskin azalması fonunda sığorta şirkətinin ödənişlər cüzi azalıb. "İpək Yolu Sığorta"nın sığorta ödənişləri 2022-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin altı ayında 19,8% və ya 22 min manat azalaraq 90 min manata enib. 2022-ci ilin ilk yarısında bu rəqəm 112 min manat təşkil edib.  2022-ci ilin ilk yarısında "İpək Yolu Sığorta" topladığı hər 100 manatdan 0,9 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 5,7 manat təşkil edib. Yəni, yığımlardakı kəskin azalma sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) təsir göstərsə də, ümumilikdə zərərlilik hələ də çox aşağı olaraq qalır.  Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Numan Kurtulmuş: “Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qəbul etmirik”

“Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qəbul etmirik”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən XIV səfirlər konfransında çıxışı zamanı deyib. O bildirib ki, buna baxmayaraq, Türkiyə danışıqlar üçün qapını Rusiyanın üzünə bağlamır: "Türkiyə sülhün tərəfdarıdır".

Bakıda 20 yaşlı gənci avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov prospektində avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Rasim Mürvət Rasim oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

“5-6-cı sinifdə oxuyan qızlar elə geyinirlər ki, adam dəhşətə gəlir” - ETİRAZ

"Uşaqlıqda hər kəsin bir istəyi olur - böyümək. Amma böyüdükdən sonra hamı uşaqlığına dönmək istəyir, yaşaya bilmədiyi, bəyənmədiyi anları yenidən yaşamaq istəyir.  Zaman qurşağı fərqli insanlar yetişdirir, hər dövrün insanı fərqli olur. Məsələn, əvvəlin pionerləri ilə indinin şagirdlərini müqayisə etsək görərik ki, nəinki geyimlərində, hətta düşüncələrində də çox fərq var. Çünki zaman dəyişib. Gənclər çox fərqli olublar, onların həm düşüncələrində, həm görüntülərində, həm geyim tərzlərində fərq var". Bu sözləri Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib. Bu gün ölkəmizdə yeniyetmələrin yaşından çox böyük görünməsi, buna can atması barədə danışan psixoloq bunun səbəblərini açıqlayıb:  "Müxtəlif ailə tipləri var. Bu ailə tiplərində uşaqların hərəsi bir cür tərbiyə edilir. Hər uşaq öz evinin aynasıdır sözü boşuna deyil. Avtoritar ailə tiplərində uşaq ailəyə tabe olur, onlar nə istəyirsə, onu da edir. Onlar uşağı özünə o qədər tabe edir ki, həmin uşaq azad olacağı günü gözləyir, tez böyümək istəyir. Bu zaman da ortaya başqa problemlər çıxır, bəzən uşaqlar zamansız böyüyürlər, onlar özünü böyük göstərmək üçün bəzən zərərli vərdişlərə qurşanır, siqaret çəkir, qızlar fərqli geyimlərdən, kosmetikalardan istifadə etməyə başlayır, hansı ki, 18 yaşa qədər həmin kosmetikalar üz dərisi üçün uyğun deyil. Bu, dermatoloqlar tərəfindən də qəbul olunmur.  Ən əsası isə sosial şəbəkələrdə gördükləri onlara təsir edir. Xarici videolara baxaraq örnəyi onlardan götürürlər. Nədənsə bizdə Avropanın ancaq pis tərəfləri örnək götürülüb inkişaf etdirilir. Biz avropalaşmaq deyəndə elə bilirik ki, soyunmalıyıq, çılpaq şəkillər çəkdirməliyik, dodağımıza, burnumuza, qaşımıza müxtəlif pirsinqlər etdirməliyik, bütün bədənimizə döymə vurdurmalıyıq.  Valideyn nəzarəti hər zaman övladın üzərində olmalıdır. Övlad bunu kontrol kimi düşünməməlidir. Nəzarət hökmən olmalıdır. Bəzən mənim adını belə bilmədiyim sosial şəbəkəni 13 yaşlı yeniyetmə danışır.  Valideyn elə bilir ki, gedib pul qazanırsa, övladına lazım olanları alırsa, onun üçün hər şey etmiş sayılır. Bu belə deyil!" Onun sözlərinə görə, yeniyetmələrin yaşından böyük görünmək istəməsində əsas günahkar sosial şəbəkələr və orada gördükləridir: "Bu gün 5-6-cı sinifdə oxuyan qızlar elə geyimlər geyinirlər ki, adam dəhşətə gəlir. Qaşlarını nazik formada alırlar. Baxıb şoka düşürəm ki, görəsən, valideyn hara baxır? Valideyn özünü bu gün elə bir yerə qoyub ki, onun sözü eşidilmir, ondan yalnız hansısa tələblər edilir.  Burada əsas problem sosial şəbəkələrdir. İnsan nə görürsə, odur, beyin gördüyünü şəkilləndirir və onu əks etdirməyə başlayır. Bu baxımdan bugünkü yeniyetmələr gəncdən daha çox orta yaş təbəqəyə uyğun gəlirlər. Onların düşüncələri də fərqlidir. Bu gün yeniyetmələr belə olduğu üçün erkən nikahların, evdən qaçmaların sayı da artır. Buna əsas səbəb onların zamansız böyümələridir. Özlərini böyük kimi göstərib istədikləri insanla tanış olub danışırlar sonra da bu cür problemlərlə qarşılaşırlar.  Əgər valideyn övladın sevgi, diqqət, qayğı verməsə, uşaq özünü sanki böyümüş kimi göstərib o sevgini ətrafdakı hansısa əks cinsdə axtarmağa çalışır". 

Bu şəxslərin kreditlərinin 50 faizi bağışlanacaq

Texniki peşə təhsil müəssisələrində oxuyanlara da kreditlərin verilməsi sosial və standart olmaqla iki qaydada aparılır. Sosial həssas qrupa daxil olan tələbələrələ yanaşı, kəsiri olmayan və orta göstəriciləri 71 faizdən yuxarı olan ödənişli təhsil alanlar yararlana bilirdilər. Elə bu şərtlər peşə təhsil müəsissələrinin tələbələrinə də şamil olunur. Sozcu.az ARB TV-yə istinadən xəbər verir ki, texniki peşə təhsili səviyyəsində isə 5 ballıq sistem olduğuna görə aralıq qiymətinin qiymətləndirmə balı 4 və 5 olan tələbə götürdüyü kreditə görə faiz hesablanmayacaq, əgər tələbə bütün təhsil dövründə normativ təhsil müddətində qiyməti 5 olacaqsa, o zaman götürdüyü kreditin 50 faizi ona bağışlanılacaq. Standar təhsil tələbə kreditində isə aralıq qiymətləndirmə balı 5 olacaqsa həmin tələbənin kreditinə faiz hesablanmayacaq, normativ təhsil müddətində 5 ili yəni əlaçı kimi bitirəcəksə o zaman həmin tələbənin götürdüyü kreditin 25 faizi ona bağışlanacaq. Hazırda texniki peşə təhsili üzrə 6 minə yaxın tələbə ödənişli əsaslarla təhsil alır. Onların da avqustun 5-dən  fonda müraciət etmək imkanı var. Kreditdən yararlanan tələbələr 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində bərabər hissələrlə qaytara bilərlər. Növbəti illərdə kreditin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Fondun nizamnamə kapitalı ilkin olaraq 80 milyon manat nəzərdə tutulmuşdu və həmin vəsait fondun hesabına köçürülmüşdü, daha sonra 22 milyon və 8 milyon olmaqla həmin məbləğ artırılmış və 110 milyona çatdırılmışdır. Yəni nə qədər tələbə müraciət etsələr onların müraciətlərin rəsmiləsinə, maliyələşdirilməsinə vəsaitimiz çatır. Gələcəkdə əlbəttə ki, həmin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı ilk peşə təhsili məsələsinə baxıla bilər. Sadəcə bildiyiniz kimi ödənişli təhsil alanlara bu şamil olunur. Əgər orda da ödənişli təhsil alan tələbələr varsa onlara da şamil olunması gözlənilir.  Təhsil Tələbə Kredit Fonduna iki il ərzində 26150 müraciət daxil olub, onlardan 19544 tələbə kreditdən yararlana bilib.

Ukrayna ordusu sol sahildə müdafiəni yardı

Ukrayna ordusu Xerson vilayətində Dnepr çayının sol sahilinə uğurlu reyd keçirib. Hərbçilər oradakı müdafiəni 800 metr dərinliyə qədər yarıblar. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbi müxbirlərə istinadla məlumat yayıb. “Rus müxbirlərin məlumatına görə, Ukrayna ordusu hərəsində 6-7 nəfər olan 7 katerlə Dneprin sol sahilindəki Kazaçye Laqer yaşayış məntəqəsinə keçə biliblər. Müxbirlərdən birinin dediyinə görə, bir müddət əvvəl Rusiya komandanlığı desantlardan ibarət hazırlıqlı qrupu həmin yaşayış məntəqəsindən çıxarıb və onların əvvəzinə adi əsgərləri yerləşdirib. Bu da bu rayonda rusların mövqelərini zəiflədib. Ukrayna ordusu da bu taktiki sürprizdən istifadə edərək şərq sahilə keçməyə müvəffəq olub. Dünən günün sonunda rus hərbi müxbirlər Ukrayna hərbçilərinin geri çəkildiyini yazıblar. Hesab edilir ki, bu, məhdud reyddir, müdafiə xəttinin tam yarılması deyil”, - məlumatda qeyd olunub.

Film çəkilişlərində ölmüş 5 Hollivud ulduzu

Sozcu.az lent.az-a istinadən film çəkilişləri zamanı həyatını itirmiş, sənətə qurban getmiş məşhurlar barədə məlumat verir. 26 yaşlı Con Erik Heksam 1984-cü ildə çəkiliş meydançasında həlak oldu. "Gizlədilən faktlar" macəra filminin çəkilişi zamanı agent rolunu oynayan Cona saxta əvəzinə həqiqi güllələrlə atəş açılmış, o elə hadisə yerində ölmüşdü. Karyerasına komediya ustası kimi başlamış Redd Foks "Kral ailəsi" sitkomunun çəkilişləri zamanı çəkiliş meydançasında ölməliydi. Senariyə əsasən aktyoru ürəyi tutmalı və o keçinməliydi. O rolu çox  real oynadı. Ölüm səhnəsi çəkilib qurtarandan sonra aktyorun həqiqətən öldüyü məlum oldu. Bryus Linin oğlu Brendon Li 28 yaşında "Ölüm qülləsi" filminin çəkilişində ölüb. O da yanlışlıqa atılmış gülləyə qurban gedib. Tayron Pauer "Süleyman  şah" filminin çəkilişləri zamanı İspaniyada şah taxt- tacında oturarkən ölüb. Necə ki, Süleyman şahın ölümündən xəbər tutulmamışdı, ilk 10 dəqiqədə heç kim ulduz aktyorun öldüyünü yoxsa rol oynadığını anlamamışdı. Con Ritter çəkiliş meydanında ürəktutmasından ölmüşdü. Ailəsi kinoşirkəti məhkəməyə vermiş, böyük miqdarda kompensasiya almışdı.

Klassik musiqi sədaları altında zibil yığımı - MARAQLI GÖRÜNTÜLƏR

Özbəkistanda zibili klassik musiqi sədaları altında yığmağa başlayıblar. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb əvvəllər yerli sakinlərin zibil maşınının siqnalının zəhlətökən səsindən şikayətlənmələri olub. Məsələ ilə bağlı ölkənin Ekologiya Nazirliyindən hələ ki, bu üsulun Daşkənd, Kaşkədərya və Buxara vilayətlərində test rejimində sınaqdan keçirildiyi bildirilib.

Avtobus və metronun insan sağlamlığı üçün təhlükəsi

İnsanların sıx olduğu nəqliyyat vasitələrində xəstəliklərin mövcudluğu və yoluxma qaçılmazdır. Nəqliyyat vasitələrindəki xəstəliklərdən həm sərnişinlər, həm də sürücülər eyni dərəcədə əziyyət çəkirlər. Yoluxucu xəstəliklərin yayılması üçün əla mühit olan ictimai nəqliyyat vasitələrində, xüsusilə də metro və trolleybusda bakteriya və viruslar asanlıqla hava damcı və fiziki təmas yolu ilə ötürülür. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, elm adamları ictimai nəqliyyatın SARS xəstəliyinə necə təsir etdiyini araşdırıb. Araşdırmanın nəticəsinə görə, bir şəxs 5 gün ardıcıl tramvay və ya trolleybusdan istifadə edirsə, yoluxma riski 6 dəfə artır. Bundan əlavə, vərəm, qızılca kimi yoluxucu və daha ciddi xəstəliklərə tutulma ehtimalı da yüksəkdir. Həmçinin, təkcə şəhər daxilində gündəlik istifadə edilən nəqliyyat vasitəsində deyil, həm də qatar və ya şəhərlərarası avtobusla nadir səyahətlər də eyni səviyyədə təhlükəlidir.

"İnter Mayami" Messinin transferinə qarşı çıxan futbolçusunu qovdu

"İnter Mayami" qapıçısı Nik Marsmanla müqaviləyə xitam verdiyini açıqlayıb.  Sozcu.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin saytı məlumat yayıb. Klub bu qərarının səbəblərini açıqlamayıb. Ancaq qolkiperin bir neçə həftə əvvəl  Lionel Messinin transferinə açıq şəkildə qarşı çıxdığı üçün bu qərar verildiyi güman edilir. Messinin transferi öncəsi Marsman deyib: “Şəxsən mən klubun Messinin transferinə hazır olduğunu düşünmürəm. Müvəqqəti stadionumuz var, insanlar qazonda gəzə bilər, darvazalar yoxdur. Stadionu mühafizəsiz tərk edirik. Düşünürəm ki, infrastrukturumuz Messinin gəlişinə hazır deyil”. Xatırladaq ki,  Lionel Messi "İnter Mayami"nin heyətində 4 oyunda 7 qol vurub və 1 qolun ötürməsini verib.

Bayden Vyetnama gedir

ABŞ Prezidenti Co Bayden Vyetnama səfər edəcəyini söyləyib. Sozcu.az xəbər verir ki, bu barədə Bayden Nyu-Meksiko ştatında maliyyə donorları qarşısında çıxış edən zaman qeyd edib. Baydenin sözlərinə görə, Vyetnam ABŞ-la tərəfdaşlıq etmək istəyir. Bayden səfərin tarixini açıqlamayıb.

Hizbullah rəhbəri güneyliləri təhdid etdi

Hizbullahın rəhbəri Həsən Nəsrullah Güney Azərbaycana salam göndərərək deyib ki, onlar Xameneinin əmrindən çıxmasınlar. Onun Güney Azərbaycana mesajını təhdid kimi dəyərləndirmək olar. Bu sözləri Axar.az-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Hizbullah rəhbərinin Ərdəbilin cümə imamı Həsən Amili vasitəsi ilə güneylilərə göndərdiyi mesajı şərh edərkən deyib. Onun sözlərinə görə, bu, adi mesajdan daha çox təhdiddir və terror qrupunun rəhbəri bununla rejimin yanında olduqlarını göstərmək istəyir: “Ərdəbilin cümə imamı Həsən Amili özü Livan əsillidir. Livanın Cəbəl-Amil bölgəsindədir. Azərbaycana sonradan gəliblər. Eyni kökdən olan iki insan görüşüb, Azərbaycanı müzakirə ediblər. Heç vaxt Güney Azərbaycanın hüququndan, dil haqlarından, iqtisadi və siyasi ayrı-seçkiliyindən danışmayan bir adamın güneylilərə çatdırdığı sözlər başqa cür də anlaşıla bilməz”. Cavadi bildriib ki, rejimə bağlılığı ilə seçilən Hizbullah təşkilatı azərbaycanlılara qarşı əsl simasını dəfələrlə göstərib: “Nəsrullahın və İrana bağlı olan digər terror qruplarının Azərbaycana qarşı siyasətlərini və əməllərini uzun illərdən bəridir ki, görmüşük. Bunlar Qarabağ müharibəsində açıq şəkildə Ermənistanı dəstəkləyiblər. İranda və Güney Azərbaycanda keçirilən xalq etirazlarının yatırılmasında rejimin yanında olublar. Onlara dəstək veriblər”. Sözçü hesab edir ki, mesajın indiki məqamda göndərilməsi rejimin və onun ətrafının Azərbaycanla bağlı baş verən hadisələrə reaksiyasıdır: “İranda Azərbaycan məsələsi çox aktualdır. Güney Azərbaycanla yanaşı, Quzeylə münasibətlərdə gərginlik yaşanır. Urmiya gölü ilə bağlı xalqın gündən-günə artan narazılığı və oyanışı rejim tərəfdarlarını narahat edir. İndiki vəziyyətdə bu, sadəcə, xəbərdarlıqdır. Lakin yaxın zamanlarda İranda qarışıqlıq düşsə, Azərbaycan türklərinə qarşı terror əməllərinə əl atacaqları istisna olunmur. Çünki Güney azərbaycanlıların İranda əsas təsir qüvvələrindən biri olduğunu anlayırlar. Belə təhdidlər Güney Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan türklərinin Nəsrullah kimilərin sözünə məhəl qoyacaqlarını düşünmürəm. Onlar milli mücadilələrini belə boş sözlərə fikir vermədən davam etdirəcəklər. Bizim millətin üzərində bu mesajın təsir gücü yoxdur. Sadəcə, düşmənlərimizi daha yaxşı tanımış oluruq”.

Daha bir nəfər dənizdə batdı

Şabranda bir nəfər dənizdə batıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,03 dollara, yüngül neftin bir barreli isə 82,77 dollara satılır.

Rusiyanın itkiləri 252 minə yaxınlaşır

Ukrayna müharibənin 532-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 251 620 hərbçi, 4262 ədəd tank, 8290 ədəd zirehli döyüş maşını, 5013 ədəd artilleriya sistemi, 711 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 469 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 312 ədəd helikopter, 7479 ədəd avtomobil texnikası, 4175 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 742 xüsusi avadanlıq itirib.

Blinken qiyamçılara çağırış etdi: Prezidenti azad edin!

ABŞ Dövlət katibi Entoni Blinken qiyamçıları Niger Prezidenti Məhəmməd Bazum və ailəsini azad etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Blinken Tvitter hesabında yazıb. "Mövcud konstitusiya böhranının sülh yolu ilə həlli istiqamətində davamlı səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazumla telefon danışığı apardıq. ABŞ onun və ailəsinin dərhal azad edilməsi çağırışını təkrarlayır", - siyasətçi qeyd edib.

Sumqayıtda qadın ərini öldürdü

Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir. Bu barədə Sozcu.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. İbtidai istintaq davam etdirilir.

Bakıda evdən qızıl və pul oğurlandı

Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8500 manat, 11000 dollar pul və 13000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başladı

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb. Sozcu.az xəbər verir ki, saat 11:00-da başlamış proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.