"Bizim ən böyük imtahanımız, şansımız bəlkə də uşaqlığımızdır. Çünki həyatımız o illərin kökləri, nəticələri, uğurlu və uğursuz səhifələri üzərində qurulur. Bu məqam isə çox vaxt özünü doğruldur. Uşaq ikən bol sevgiylə, nəvazişlə, doğru tərbiyəylə böyüyən, gözəl ailəylə müjdələnən insanlar adətən bu işığı davam etdirirlər". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı sosial şəbəkə hesabında yazıb. Oğlu ilə fotolarını yayımlayan Azər bunları əlavə edib:
"Uşaqlığında sevgidən, diqqətdən, istilikdən məhrum olanlar, sığaldan, qucaqdan əskik qalanlar isə yaşa dolanda həyatın növbəti astanasında daha bir imtahan verirlər: ya həmin uşaqlıq travmaları üzərində şikəst talelərinə davam edir, həmin qaranlıqlarını qurduqları ailələrinə, eynən öz körpələrinə ötürür, ya da o ağrılardan, uşaqlıqlarının “buzlarından” dərs çıxarıb tam tərsinə, daha böyük məhəbbətə, sığala, qucağa çevrilirlər. Axı sevgisizliyin ağrısını, kasıblığını həm də ən yaxşı onlar bilirlər…
Oğlum, layiq olduğun hər şeyi sənə verə bilirikmi, bilmirəm. Amma səni sevgidən əskik buraxmamaq üçün əlimdən gələni edirəm. Həyatın səni növbəti imtahanla sınağa çəkməsini istəmirəm. İnanıram, bilirəm ki, bir gün sən də öz balalarına sənə ən böyük yadigarımızı layiqincə ötürəcəksən… Səni sevirəm, səni sevirik, oğlum! Sən də həmişə sev, çox sev".