Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a verir

Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, əslən azərbaycanlı olan P.Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir. Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib. Praqa Şəhər Məhkəməsi mayın sonunda P.Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər. Çexiya mətbuatı yazır ki, P.Ömərov Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq. Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

Abıyev vəzifədən çıxdı, var-dövlətinin siyahısı yayıldı

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Əhəd Abıyevin vəzifədən çıxması ilə dərhal onun var-dövlətinin siyahısı da sosial şəbəkələrdə yayılıb. Diqqət çəkən məqam isə onun var-dövlətləri siyahısında yaxın qohumlarına aid mülklərin də göstərilməsidir. Belə ki, Əhəd Abıyevə yaxın olduğu bildirilən digər şəxslərin də mülkləri “siyahıya” əlavə edilib. Daha bir maraqlı məqam Ə.Abıyevə aid olduğu bildirilən mülk, villa və digər daşınmaz əmlakların demək olar ki, hamısının 2007-ci ildən əvvələ aid olmasıdır (Yalnız Daşkəsəndə bir mənzil istisna olmaqla). Zəruri olaraq qeyd edək ki, Ə.Abıyev 2011-ci ildə Daşkəsən RİH-nin başçısı təyin edilib. Yayılan siyahıda Ə.Abıyevin özünə aid olduğu iddia edilən mülklər bunlardır: - Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil, - Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil, - Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil, - Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası, - Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası, - Gəncədə, Göygöldə mənzilləri, bağ evləri, - Badamdarda 3 ədəd villası, - Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi, - Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri. Bir daha xatırladaq ki, “obyekt və mülkləri” siyahısında göstərilən 37 əmlakın heç biri Əhəd Abıyevin adına deyil: qardaşları, əmisi oğlanları, bacısı oğlu, kürəkəni, “yaxın adamı” deyə ümumiləşdirilən şəxslərə aiddir.

Ukrayna ordusu Rusiyanın 25 PUA-sını məhv etdi

Ukrayna ordusu Rusiyaya məxsus 25 “Şahid” PUA-sını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukayna mediası məlumat yayıb. Məlumata görə, PUA-ların 21-i Odessa, 4-ü isə Nikolayev vilayətinin səmasında vurulub. Odessada vurulan raketlərin parçaları infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Bir nəfər yaralanıb.

Leninin mavzoleyinə molotov atıldı

Moskvada bir nəfər şəxs bu gecə Leninin mavzoleyini yandırmaq istəyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiyanın “112” Teleqram kanalı məlumat yayıb. Məlumatda şəxsin mavzoleyin divarına “Molotov kokteyli” atdığı bildirib. Şəxs yaxalanıb, lakin onun kimliyi açıqlanmayıb.

10 günlük körpəsini zibil qutusuna atan qadın kimdir?

09:11 Bakıda 10-15 günlük körpə küçəyə atılıb. Sozcu.az xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib. Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib. Körpənin bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. *** Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub. Oxu.az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib. Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib. Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

Rusiyanın itkiləri 239 MİNİ ötdü

Ukrayna müharibənin 510-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 239 010 hərbçi, 4119 ədəd tank, 8051 ədəd zirehli döyüş maşını, 4542 ədəd artilleriya sistemi, 689 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 428 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7086 ədəd avtomobil texnikası, 3839 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 677 xüsusi avadanlıq itirib.

Bu ərazilərimizə intensiv yağış yağdı

İyulun 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı: Astarada 54 mm, Biləsuvarda 39 mm, Balakəndə 36 mm, Lənkəranda 34 mm, Yardımlıda 28 mm, Neftçalada 24 mm, Lerikdə 22 mm, Sabirabadda 18 mm, Qax 17 mm, Göytəpə, Şəkidə 15 mm, Şahdağ, Oğuzda 9 mm, Qrız, Beyləqan, Qəbələ, İmişli, İsmayıllı, Qobustan, Şamaxı, Xaltan, Şahbuz, Ordubad, Naftalan, Altıağac, Quba, Tərtər, Göyçay, Zərdabda 6 mm-dək olub. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Duman: Şamaxı, Qrız, Lerik, Şahdağda duman müşahidə olunub. Külək: İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 m/s, Naftalan, Zaqatalada 18 m/s-dək güclənib. Havanın maksimal temperaturu: İyulun 17-sı Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub. İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 78,76 dollara, yüngül neftin bir barreli isə 74,44 dollara satılır.

Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb

Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib. “Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə - 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib", - Çerevatıy bildirib. O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik dövründə Sovet qoşunlarının 120 min şəxsi heyəti var idi. Çerevatıy qeyd edib ki, “Z” adlandırılan hücum bölmələri Liman-Kupyansk istiqamətində cəmləşdirdilib. Natiq vurğulayıb ki, ruslar Ukrayna müdafiəsini yarıb keçmək niyyətindədirlər. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski də rus ordusunun Kumyansk istiqamətində Ukrayna ordusunu darmadağın etmək üçün hücuma keçdiyini açıqlayıb.

Daha 18 ailə Laçına yola salındı

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Sozcu.az xəbər verir ki, daha 73 nəfərdən ibarət 18 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Ermənilər Laçın və Naxçıvanı atəşə tutdu

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Zelenski Rusiyanın “Taxıl sazişi“ndən” çıxmasından danışdı: “Biz qorxmuruq“

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını şərh edib.  Sozcu.az xəbər verir ki, dövlət başçısının fikirlərini onun sözçüsü Sergey Nikiforov feysbukda yayıb.  “Qara Dəniz dəhlizinin Rusiya Federasiyası olmadan belə istifadəsi üçün hər şeyi etməliyik. Biz qorxmuruq. İri gəmiçilik şirkətləri bizə müraciət ediblər. Onlar bildiriblər ki, əgər Ukrayna icazə versə və Türkiyə yol versə, o zaman hamı taxıl daşınmasını həyata keçirməyə hazırdır”, - V.Zelenski bildirib.  Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.  Rusiya bu gün "Taxıl sazişi"dən çıxdığını bəyan edib. 

Hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşib

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşib. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər. Qanunun indiyə qədərki variantında isə qeyd edilirdi ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Medianın İnkişafı Agentliyi məhkəməyə verildi

Medianın İnkişafı Agentliyi "Gündəm Xəbər" qəzeti tərəfindən məhkəməyə verilib.  Bu barədə Sozcu.az saytına "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri məlumat verib.  Şirin Cəfəri bildirib ki, bu gün saat 12:15-də Bakı İnzibati Məhkəməsində "Gündəm Xəbər'' qəzeti redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi və öhdəliyin götülməsi ilə bağlı növbəti məhkəmə proses keçrilib. Buna səbəb Gundemxeber.az" onlayn media redaksiyasının Media reyestrinə daxil edilməsindən qanunsuz imtina edilməsidir.  Şirin Cəfəri bildirib ki, keçrilən məhkəmə prosesində iddia ərizəsi hakim Tural Məlikova təqdim olundu və icraata götürüldü.   Növbəti məhkəmə prosesinin 31 avqust 2023-cü il tarixdə keçiriləcəyi elan olunub. 

Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? - TƏFƏRRÜAT

Oğuzdakı müəmmalı intihar hadisəsi araşdırılır.  Övladına toy edəndən bir neçə gün sonra intihar edən atanın bu addımı hansı səbəbdən atması hüquq-mühafizə orqanlarının diqqətindədir. Hadisədən ən çox acı təəssüf hissi keçirənlər isə kənd sakinləridir. Sozcu.az Bizim.media-ya istinadən xəbər verir ki, müəmmalı hadisə rayonun ucqar Böyük Söyüdlü kəndində qeydə alınıb. Belə ki, 51 yaşlı kənd sakini Ceyhun Məmmədkərimovun cansız bədəni ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib. Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən analiz olunduqdan sonra meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib. İlkin baxış zamanı meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Adlarının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, mərhum bir neçə gün əvvəl oğluna toy edib. Məclis yüksək səviyyədə təşkil edilib və Ceyhun da üzərinə düşən atalıq yükünü layiqincə yerinə yetirib. Ümumiyyətlə, Məmmədkərimovlar kənddə sakit və problemsiz ailələrdən biri kimi tanınır. Elə Ceyhun Məmmədkərimovun da hamı ilə ünsiyyətli və zəhmətkeş insan kimi münasibətləri olub. Baş verən hadisə sakinlərin dərin təəssüfünə səbəb olub. Hazırda baş verən intihar hadisəsi Oğuz Rayon Prokurorluğunda araşdırılır.

Natiq Cəfərli: “Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun...”

“Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb. Sənəddən sitat: "Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir”. Baş nazir deyir ki, ölkədə qiymət artımın günahı onlarda deyil, hamı günahkardır, bircə hökumətdən başqa. Yaxşı, qlobal təsirlər var, dünyada da inflyasiya güclənib, amma ölkədəki inhisarçılığı, yanlış rüsum-vergi siyasətini, bazara çıxış imkanlarının məhdudluğunu Putin edir, ya Bayden?! Bəlkə ÜST bizə, məsələn, ərzaq və dərmanlarda ƏDV-i 18%-dən aşağı salmağa qoymur?! Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun, eləmi?! Və ya, Yeni Zellandiyada inəklər qaz buraxır, iqlim korlanır, Azərbaycanda da qiymətlər qalxır?! Əli Əsədov 12 nəfər qalstuklu müəllimlərdən ibarət işçi qrupu yaradıb ki, qiymət artımının qarşısını alacaq. Müəllim, niyə camaata əziyyət verirsiz?! Yol-iz bəllidir, qrupa ayrıca vəsait, enerji xərcləməyin, bazarı liberallaşdırın, rəqabəti artırın, pərakəndə satışda ərzaq və dərmanlarda ƏDV-ni 18%-dən 2%-ə salın, gedin ÜTT-yə üzv olun, AB ilə yeni sazişi tez imzalayın, vəssalam, görəcəksiz ki, qiymətlər təbii, orqanik halda enməyə başladı”. Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib. “Həm imhisarçı, rəqabətsiz iqtisadiyyat qur, həm də qiymətlərin qalxmasından şikayət elə, işçi qrupu yarat – olmur belə, dolamayın camaatı, o işçi qrupa daxil olanların əksəriyyətinin qiymət artımında öz işlərini pis gördükləri üçün payı, və ya şəxsi marağı var...” – N.Cəfərli qeyd edib.

Bakı metrosunda yanğın olub

Bakı metropoliteninin "20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb. "Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir", - deyə B. Məmmədov əlavə edib.

Təhsil krediti gələcək üçün riskdir - EKSPERT

Təhsil Tələbə Krediti Fondu yaradılanda həm onun müsbət tərəflərini qeyd etmişdim, həm gələcəkdə yaradacaq risklərində bildirmişdim ki, bu sahədə kredit siyasətinin konturları dəqiq və ciddi cızılmasa, gələcək üçün başqa bir problemin əsası qoyula bilər. Sozcu.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O fikirlərini belə əsaslandırıb: "İnkişaf etmiş ölkələr belə bu mexanizmlə oxuyan tələbələrin xeyli hissəsi sonra kreditlərini qaytara bilmir. Azərbaycan kimi inkişaf etməkdə olan ölkərdə bu mexanizm əla fürsətlər açsa da, amma 20-25 il sonra üçün ciddi risklər yaradır. Ona görə yenə bu mövzuya toxundum ki, ABŞ Prezidenti Co Bayden 804 min amerikalı tələbənin 39 milyard dollar borcunu silib. Bütün dünyada iş imkanlarına görə birinci olan ölkədə 3 milyondan çox insan tələbə olarkən aldığı kreditləri qaytara bilmirsə, indi inkişaf etmiş ölkələrdə bu proses qaçmaq olacaqmı? Çətin! Həm də elə bilməyin ki, Amerika 39 milyardla bu problemi həll etdi. Xeyr! Çünki, hələ 5 il əvvəl, 2018-ci ilin sonlarına doğru ABŞ-da ödənilməmiş ali təhsil kreditlərinin həcmi 1 trilyon 465 milyard dollara çatmışdı. İndi bəlkə də 2 trilyonu haqlayıb. Odur ki, tələbələr həvəsə düşüb kreditin yaratdığı riskləri dərk etməyə bilər, amma həm dövlət, həm valideynlər bu məsələyə çox çiddi yanaşmalıdır", - ekspert sosial şəbəkə hesabında vurğulayıb.

Payızda referendum keçiriləcək, ikipalatalı parlament olacaq - Deputatdan ŞOK AÇIQLAMA

2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli bildirib. O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. "Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar", - deyə deputat vurğulayıb. Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq: "Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır". Erkin Qədirli sosial şəbəkə hesabında yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı - proporsional seçkinin bərpası gözlənilir. "1995-2002 illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır", - o parlamentari əlavə edib. Deputatın sözlərinə görə, parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur:  "Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri vardır. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün, bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir". Erkin Qədirli onu da qeyd edib ki, indiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur: "Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentidir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)".

Bakıda qadını vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutulub.  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Krım körpüsünə hücumda iştirak edənlər mükafatlandırılacaq

Ali Radada Krım körpüsünə hücumda iştirak edənlərin dövlət mükafatlarına təqdim edilməsi təklif edilib. Təşəbbüsü Radanın deputatı Oleksiy Qonçarenko səsləndirib.  Sozcu.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, O.Qonçarenko Krım körpüsünə hücumu “Ukraynanın böyük uğuru” adlandırıb. Bundan əvvəl Ukrayna Krım körpüsündə baş verən fövqəladə vəziyyətdə Kiyevin iştirakına eyham vurmuşdu. “RBC-Ukrayna” nəşrinin mənbələri hücumu Ukrayna dəniz qüvvələrinin və kəşfiyyat xidmətinin “xüsusi əməliyyatı” adlandırıb. Qondarma Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Kiyevdə törədilən terror aktına görə qisas almağa çağırıb. Qeyd edək ki, artıq Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub. Bildirilib ki, Simferopol-Moskva qatarı Krasnodar diyarına yola düşüb. Körpüdəki partlayış nəticəsində ər-arvad ölüb, qızları isə yaralanıb. Daha əvvəl Krımının qondarma rəhbəri Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Röya gecə yağışlı havada hovuza girdi

Xalq artisti Röya Ayxan hovuzdan videosunu yayımlayıb.  Müğənni gecə saatlarında yağışlı havada paltarla hovuza girib.  O, videoya "Səssizlik, qaranlıq və depressiya..." qısa şərhini yazıb. 

Bakıda DƏHŞƏT: Qadın tanışının evindən özünü atdı

Bakıda intihar hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonu, T.Şıxəliyev küçəsində qeydə alınıb. 44 yaşlı Səriyə Əjdərova binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. İntiharın səbəbləri məlum deyil. Bildirilir ki, qadının intihar etdiyi mənzil özünə məxsus olmayıb. O, tanışının evində eyvandan özünü atıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırılma aparılır. /Lent.az/