Müsavat Partiyası Divanının iclası keçirilib

Noyabrın 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub.

Bildirilib ki, noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsi Müsavat rəhbərliyinin “Qafqazinfo” saytının partiyaya böhtan atması ilə bağlı apelyasiya şikayətini təmin etməyib. Saytın rəhbərliyi bu dəfə də məhkəmə prosesinə qatılmayıb. Bununla da yazdıqları ittihamların əsassız olduğunu etiraf etmiş olublar. Məhkəmə orqanları Müsavat rəhbərliyinin şikayətini təmin etməməklə bu böhtanların arxasında hakimiyyətin durduğunu təsdiqləyir.

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi haqda bu günə qədər qərar verilməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilib. Qeyd olunub ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24-dək təyin edilməli idi.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən qanunlara əməl olunmasını, vətəndaşların seçki hüququnun kobud şəkildə pozulması ilə bağlı izahat verilməsini tələb edir.

Divan noyabrın 8-də saat 12:00-da Şuşanın işğaldan azad olunmasının ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanın ziyarət olunması haqda qərar qəbul edib.

Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29)

Azərbaycanda

keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji

problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirir. Eyni zamanda təəssüflə qeyd edir ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekoloji problemləri qaldırdıqdan sonra həbs olunan Nazim Bəydəmirli də daxil olmaqla, cəzaçəkmə müəssisələrində çoxlu sayda siyasi məhbus var. Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir. Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır, Azərbaycan hakimiyyətindən həm də dövlətin maraqlarını nəzərə alaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir.

Moldovada və Gürcüstanda keçirilən seçkilər mövzusunda fikir mübadiləsi aparılıb. Moldovada Avropaya İnteqrasiya tərəfdarlarının qələbəsi müsbət hal kimi qiymətləndirilib.

Sonda cari məsələlər müzakirə olunub.

Share on Facebook