Paşinyan onları Bakıya təhvil verəcək - ŞOK İDDİA

Son günlər Qarabağın dağlıq hissəsində baş verən hadisələri separatçılar üçün "sonun başlanğıcı" olaraq qiymətləndirmək olar. Azərbaycanın “qalın, getməyin” təkliflərinə baxmayaraq, separatçılar tərəfindən bölgədən göndərilən sıravi ermənilərin Ermənistana qaçması isə görünür başda Rusiya sülhməramlıları olmaqla, bir çox qüvvələrin maraq dairəsindədir.  Hadisələrin bir-birinin ardınca baş verməsi, eləcə də separatçılar üçün halqanın daralması onlara görə ölümə bərabər bir situasiyadır desək, yanılmarıq. Son bir həftə ərzində baş verən olayların xronoloji ardıcıllığı isə onu deməyə əsas verir ki, 30 ildən çoxdur Qarabağda yuva salmış, indi isə qapana qısılan separatçıları nə Ermənistan, nə də digər ölkələr qəbul etmək niyyətində deyil.  Azərbaycanın 19-20 sentyabrda antiterror əməliyyatlarına start verməsindən sonra qondarma “Artsax Müdafiə Ordusu”nun ağ bayraq qaldıraraq özünü buraxması, əslində, separatçı xunta üçün kəndirin nazildiyi yerdən qopması anlamına gəlir. Elə daha sonra baş verənlər də fəlakətin onlar üçün hələ qabaqda olması anlamı daşıyırdı. Qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbsi, Xocalı qatili Vitali Balasanyanın Əsgərandakı evində sonunu gözləməsi, qondarma rejimin yeni “seçilən” “prezident”i Samvel Şahramanyanın tanınmamış “DQR”in buraxılması üçün imzaladığı “fərman”, Azərbaycan xüsusi-xidmət orqanlarının və silahlı qüvvələrin Ağdərə, Xocavənd və Xankəndiyə girməsi və digər amillər buna sübut ola bilər.  İndiki mərhələdə Qarabağdan könüllü surətdə Ermənistana gedən ermənilərinİrəvanda bomba effekti yaratması təhlükəsi var. Bir çox analitiklər düşünür ki, Qarabağı tərk edən ermənilər İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətinə xüsusi nifrəti ilə seçilən şəxslərdir və onların Paşinyan hakimiyyətinə qarşı baş verə biləcək hər hansı bir etiraz aksiyalarında maşa rolu oynaması istisna deyil. Doğrudur, qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan başda olmaqla, bir çox separatçı komandirlər, habelə “Qarabağ klanı”nın bəzi üzvləri Ermənistana qaçsa da, Paşinyanın “qara siyahı”sında olan bir neçə separatçı xunta üzvü də var ki, onlar üçün Ermənistana getmək Qarabağda qalmaqdan daha təhlükəlidir.  Qeyd edək ki, ötən gün Ermənistanın “Hraparak” nəşri də separatçı liderlərin Qarabağda olması ilə bağlı bir məqalə paylaşmışdı. Nəşr yazırdı ki, hazırda separatçı rejimə məxsus bir çox “komandirlər”, “eks-prezidentlər” və tanınmamış “DQR”də fəaliyyət göstərən bəzi “qurumlar”ın nümayəndələri bu günə qədər Xankəndini tərk etməyib. Bildirilib ki, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digər separatçı “rəhbərlər” hələlik Xankəndidədir və onların bölgədən çıxması mümkünsüzdür. Ermənilərin Qarabağı tərk etməsi fonunda bir çox erməni konfliktoloq və siyasilər isə rəsmi İrəvanın Qarabağ separatçılarına dəstək çıxmamaqda, habelə onların Ermənistana gəlməsində maneələr törətməkdə ittiham edirlər. İddialara görə, Nikol Paşinyan hakimiyyəti başda Araik olmaqla digər bölücü “siyasilər”in Ermənistana ayaq basacağı təqdirdə onların Azərbaycana ekstradisiya ediləcəyini bildirib. Məhz buna görə də Araik və ətrafı hazırda Xankəndidə gözləmə mövqeyindədir və ola bilsin ki, Azərbaycan DTX-si onun qapısını yaxın günlərdə çalsın. yenisabah)

Xankəndidəki partlayışda ölənlərin sayı artdı

Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölən 170 nəfərin meyitinin qalıqları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqlarına əsasən məhkəmə tibbi ekspertiza 170 nəfərin öldüyünü təsdiqləyib. Meyitlərin qalıqları və şəxsi əşyalar DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək. Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub.

Xankəndinin təhvil-təslim prosesi niyə 3 ay davam edəcək?

Qarabağdakı separatçı rejimin özünü rəsmi olaraq buraxmasından sonra müzakirə olunan məsələlərdən biri də “prosesin niyə 2024-cü ilin 1 yanvar tarixinə” qədər davam etməsi, yaxud “niyə indi tam ləğv edilməməsi” ilə bağlıdır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda müzakirə olunur. Ermənistanda müxtəlif iddialar irəli sürülür. İddia olunur ki, Paşinyan hakimiyyəti separatçılardan belə istəyib və 1 yanvarı - Yeni il bayramını ermənilər üçün “yasa” çevirməyi planlaşdırırlar. Azərbaycanda isə belə iddialar irəli sürülür ki, qarşıdakı 3 ay ərzində vəziyyət dəyişə və separatçılar yenidən dirçələ bilərlər. 3 aylıq vaxt məsələsi də Rusiyanın planıdır. Bu iddiaların inandırıcılığı yoxdur. Təbii ki, Ermənistanda kimlərin hansı iddia irəli sürdüyü, nələr uydurduğu bizim üçün maraqlı deyil. Azərbaycanda irəli sürülən iddialar isə reallığa uyğun gəlmir və mövcud reallıqları nəzərə alnmadan irəli sürülən iddialar absurd görünür. Birincisi, qarşıdakı üç ay ərzində Qarabağda separatçıların dirçəlməsi üçün hərbi, siyasi, iqtisadi imkanları praktiki olaraq yoxdur; İkincisi, nəinki Rusiya, istənilən güc bu vəziyyəti dəyişdirə bilməz. Özünü buraxan separatçılara 3 ay – 1 yanvar 2024-cü il tarixinə qədər vaxtın verilməsinin yeganə səbəbi təhvil-təslim prosesinin həyata keçirilməsidir. Azərbaycan bunu 24 saat ərzində də edə bilər, lakin belə bir addım erməni əhalisinin reinteqrasiyası prosesində problemlər yarada bilər, o baxımdan, Xankəndində mərkəzi hakimiyyətin bərpası mərhələ-mərhələ həyata keçiriləcək. Və bayrağımızın ən gec 3 ay sonra Xankəndində dalğlanacağı şübhəsizdir.

SON DƏQİQƏ! Azərbaycan Ordusu Xankəndiyə daxil oldu

Azərbaycan Ordusu Xankəndi şəhərinə daxil olub. Sozcu.az xəbər verir ki, ordumuzun şəhər küçələrində olmasını əks etdirən görüntülər yayılıb.

Müşahidə missiyasında israrlılığın əsasında Qarabağ üçün də Kosovo variantı dayanmır ki?..

“Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...” “Hesab edirəm ki, Azərbaycan DSX Azərbaycanı tərk edən ermənilərin sayı haqqında həqiqəti əks etdirən rəqəmləri sonda deyil, bu günlərdə açıqlayacaq...” “Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır...” “Mən təsdiq edərdim ki, bütövlükdə Dağlıq Qarabağa münasibətdə biz atəşkəsin qorunmasını, humanitar ehtiyacların ödənilməsini, həmçinin şəffaflığı təmin edəcək və Dağlıq Qarabağın sakinlərinə inam yaradacaq müstəqil beynəlxalq missiyanın tezliklə yaradılmasını vacib hesab edirik. Mövcud vəziyyət üzərində işləmək bizim üçün prioritet məsələdir.” Bu sözlər ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Millerə məxsusdur. Miller onu da əlavə edib ki, bu təklifi xarici müttəfiqləri və tərəfdaşları ilə müzakirə edirlər. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti  İlham Əliyevlə telefon danışığında beynəlxalq müşahidə missiyasının Qarabağda fəaliyyət göstərməsinə şərait yaradılması məsələsini xahiş etmişdi. ABŞ və onun müttəfiqlərinin müşahidə missiyasında israrlı görünməsinin əsasında nə dayanır? Kosovo variantımı? Kosovonu tərk edənləri də Qərb beynəlxalq təminat adı ilə geri qaytarıb Kosovonu müstəqil dövlət kimi  tanıdı. Qarabağdakı mövcud vəziyyət Kosovo ilə eyni olmasa da, Qərbin müşahidə missiyasının xoşməramlı olması şübhəlidir. Azərbaycan Bakıda fəaliyyət göstərən BMT nümayəndəliyinin rezident-kordinatorunun müşahidə missiyasını həyata keçirməsinə etiraz etmədiyini bildirib, amma görünür bu format ABŞ-ı qane etmir və daha geniş heyətlə fəaliyyətə başlamağı planlaşdırır. Əgər Azərbaycan dövlət strukturları hələ Xankəndidə və Rusiya sülhməramlılarının hələlik nəzarət etdikləri digər ərazilərdə fəaliyyətə başlamayıblarsa, müşahidə missiyası nəyi müşahidə etmək istəyir? 24 saatlıq lokal əməliyyat bitib, tərksilah prosesi gedir, erməni əhalisinin nümayəndələri ilə humanitar və digər məsələlərlə əlaqədar görüşlər keçirilir, separatçı rejim özünü buraxdığını elan edib. Qarabağ ermənilərini köçməyə biz deyil, məhz erməni “başbilənlər” özləri məcbur edir ki, Azərbaycanı yalançı “etnik təmizləmə”də ittiham edib beynəlxalq məhkəməyə versinlər və sairə. Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyəti isə hələlik rəsmən mövcud deyil. Kənardan humanitar yardım müxtəlif qurumların simasında davam edir. Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...  Bu, məsələnin bir tərəfidir. Azərbaycan qərəzsiz müşahidə missiyasından çəkinmir, əksinə onların obyektiv mövqe tutmaqla ermənilərə göstərdiyi humanitar yardımlara, perspektivdə isə tam təhlükəsizliklərinin təmin edildiyinə, hüquqlarının qorunmasına şahidlik etməsini istəyir. Təəssüf ki, Samanta Pauer Gorusda müsahibə verərkən Azərbaycanı ittiham edəcək sübutlar axtardığını və perspektivdə ABŞ Prezidenti Baydenə məruzə edib hansı qərarların qəbul ediləcəyindən danışır. Hər zaman olduğu kimi indi də Qərb mediası “etnik təmizləmə”dən danışır, Ermənistan ərazisinə daxil olmuş Qarabağ ermənilərindən müsahibə alıb,  onların yalanlarını tirajlayırlar. Biz Qərbin bu ikili standartlarına adət etmişik, bizim üçün yenilik deyil... Azərbaycan üçün ilin sonunadək həqiqətən fürsət zamanıdır. Üç ay ərzində Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımlarını genişləndirməli və sosial proqramlarını elan edib, həm də Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlarınının qorunduğunu praktiki şəkildə həyata keçirməlidir. Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır. Açığını deyək ki, hazırda erməniləri daha çox əmlakları, evləri, bir sözlə şəxsi mülkiyyətləri düşündürür. Sabah bir erməninin əmlakına qanuni sahib olduğu və onu satdığı nümunə olaraq çox tərəddüdləri aradan qaldıracaq. Biz bunu zamanında -Birinci Qarabağ müharibəsində də görmüşük və ermənilər mülkiyyətləri ilə bağlı özlərinin qərar verdiyini biləndə situasiya tamam dəyişəcək, o zaman yalançı “etnik təmizləmə” keçməyəcək...  Odur ki, beynəlxalq müşahidə missiyası bizim üçün problem yarada bilməz. Əlbəttə, missiyanın azsaylı tərkibi və fəaliyyət müddəti Azərbaycanla razılaşdırılmalı və heç bir hərbi strukturun daxil olmasına imkan verməməliyik. Qeyd edək ki, Rusiya hərbi kontingenti də Qarabağda qaldığı müddətdə oraya başqa ölkənin hərbi heyətinin daxil olmasına etiraz edəcək. Beynəlxalq müşahidə missiyasının yekun rəyinin bizim üçün müsbət və ya mənfi məzmun daşımasından asılı olmayaraq  nə siyasi, nə də hüquqi xarakteri yoxdur. Azərbaycanı tərk edən ermənilərin sayı haqqında Ermənistan tərəfdən verilən rəqəmlər inandırıcı deyil və Azərbaycana qarşı növbəti və bəlkə də sonuncu “arqumentdi”.  Hesab edirəm ki, Azərbaycan DSX sonda deyil, bu günlərdə həqiqəti əks etdirən rəqəmləri açıqlayacaq.  Ermənilər hazırda özlərindən başqa bütün dünyanı günahkar hesab edirlər, sanki bəşəriyyətin problemi daşnakların iddialarını təmin etmək olmalıymış. Bu iddiaları ilə dünya ölkələrini də bezdirdiklərinin fərqində deyildilər. Odur ki, yekun mərhələyə daxil olan Qarabağ məsələsi yalnız Azərbaycanı deyil, dünyanı da rahatlatdı. Müşahidə missiyaları, hansısa bəyanatlar erməni gözündən pərdə asmaq üçündür, sadəcə, bu pərdə arxasından onların bir daha Azərbaycan torpaqlarına baxa bilməsinə imkan verilməməlidir...moderator İlham İsmayıl

BMT missiyasını Qarabağa buraxırıq - Hacıyev

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir: "Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”. H.Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma məsələ ilə bağlı bəyanatını şərh edərkən “etnik təmizləmə” ifadəsi istifadə etməsi ittihamını “təhqir” adlandırıb: “Təəssüf ki, dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur”. Prezidentin höməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib: “Lakin insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edəcək və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”. H.Hacıyev vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.

Rus ordusu Ukraynada “əriyir”

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 340 hərbçisini itirib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 277 660 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 10 zirehli döyüş maşını, 34 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Hərbçilərimiz Xocavəndin mərkəzində - Video

Azərbaycan hərbçilərinin Xocavənd rayonunun mərkəzində olduğunu təsdiqləyən videogörüntülər yayılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda erməni sakinlərin Xocavənd şəhərini tamamilə boşaltdığı görünür.

Qənirə Paşayevanın ölümü müəmmalıdır - Həkimdən şok

Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı. Sozcu.az Medicina.az-a istinadla xəbər verir ki, bu sensasion açıqlama ilə tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov çıxış edib. Onun fikrini belə izah edib: “Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok olsaydı, hipotenziya taxikardiya ilə birlikdə olardı və həkimlər tərəfindən tez bir zamanda, asanlıqla itirilən maye bərpa olunardı. Və ya arıqlatma dərmanlarının yan təsiri - hipoglikemik koma yaransa, hansı ki, bu praktik olaraq real deyil, və + MKX kimi yerdə hipoglikemiyadan ölüm mümkün deyildi. Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi”. Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qarabağı tərk edən ermənilərin sayı 78 mini ötdü

Qarabağı tərk edən ermənilərin ümumi sayı 78 354 nəfərdir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib. O, qeyd edib ki, bu, 28 sentyabr saat 22:00-a olan məlumatdır.

Ermənilər Azərbaycan səfirliyinə HÜCUM ETDİ

Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd ediblər. Sozcu.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib. Onlar Livan təhlükəsizlik qüvvələri tərəfindən səfirliyə yaxınlaşarkən dayandırılıb. Nəticədə Beyrutda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ermənilər arasında toqquşma baş verib. Məlumata görə, daşnaklar polisə molotov kokteyli və daşla hücum ediblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

Antiterror tədbiri: şəhidlərimizin sayı artdı

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib. Sozcu.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin bununla bağlı siyahısında 186 nəfərin adı qeyd olunub. Xatırladaq ki, bundan əvvəlki siyahıda 180 hərbçinin adı qeyd edilmişdi. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb. Şəhid olanlardan 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

BMT Baş Assambleyasının Prezidenti: “Ermənistanı Öhdəliklərini Yerinə Yetirməyə Çağırıram”

“Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıram”. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Baş Assambleyanın yeni sessiyanın fəaliyyətlərinə dair keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib. Jurnalist sualında Azərbaycanın mina böhranı ilə bağlı humanitar fəlakətlə üz-üzə qaldığını, hazırda dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri hesab olunduğunu xüsusi vurğulayıb və rəsmi məlumatları paylaşıb. Bildirib ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistan bir milyona yaxın mina basdırıb. 2020-ci ilin noyabr ayından 300-dən çox azərbaycanlı mülki şəxs həlak olub. Onlardan ikisi jurnalist idi. 6 000-dən insan mina partlayışları nəticəsində yaralanıb. D.Frensis cavabında Ermənistanın müharibədən sonra bölgədə miras buraxdığı minalarla bağlı bağlı narahatığını dilə gətirib: “Təsvir etdiyiniz vəziyyət ciddi narahatlıq doğurur. Beynəlxalq hüquq müəyyən edir ki, bəzi silah növləri münaqişələrdə istifadə edilməməlidir. Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağıraram”.

Ermənilərdən müsadirə edilən silah - sursatın bugünədək olan siyahısı

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi sentyabrın sentyabrın 28-i saat 18:00-a olan məlumatı təqdim edib.  SİLAHLAR 1. Atıcı silahlar – 1151 2. Qumbaraatanlar – 84 3. Top və haubitsalar – 16 4. Minaatanlar – 39 5. Tank əleyhinə silahlar – 22 6. HHM silahları – 132 TEXNİKA 1. Zirehli texnika – 18 2. Avtomobil texnikası – 120 3. Qoşqular – 21 4. Yardımçı texnika – 5 DÖYÜŞ SURSATLARI 1. Raketlər – 984 2. Top və haubitsa mərmiləri – 2722 3. Zenit top mərmiləri – 2627 4. Minaatan mərmiləri – 6653 5. Qumbaralar – 2266 6. Əl qumbaraları – 1368 7. Patronlar – 652842 8. Digər sursatlar – 2132 CİHAZLAR 1. Optik cihazlar – 216 2. Digər cihazlar – 31 TƏCHİZAT 1. Fərdi təchizat vasitələri – 677 2. Müxtəlif silahların qurğuları – 8 3. Digər təchizat vasitələri – 2076

Müsavat başqanı hakimiyyətə səsləndi: "Rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var"

“Ermənistanın rəsmi dairələri artıq 68 min nəfərin Qarabağdan Ermənistana gəldiyini bəyan edib. Bu rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var. Çünki, Qarabağda olan erməni əhalisinin sayının elan edildiyindən xeyli az olduğu məlumdur”. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb. “Azərbaycanın rəsmi dairələri ölkəni tərk edən erməni əhalisinin sayı barədə mütəmadi məlumat verməklə, Ermənistanın köçkün sayı ilə bağlı manipulyasiyasına imkan verməməlidir” – deyə, Arif Hacılı əlavə edib.

Qənirə Paşayeva vəfat etdi

Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.  Sozcu.az-ın məlumatına görə, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.  Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!

Qarabağda müsadirə edilən texnika və silah-sursatlar - Siyahı

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi sentyabrın sentyabrın 28-i saat 18:00-a olan məlumatı təqdim edib. SİLAHLAR 1. Atıcı silahlar – 1151 2. Qumbaraatanlar – 84 3. Top və haubitsalar – 16 4. Minaatanlar – 39 5. Tank əleyhinə silahlar – 22 6. HHM silahları – 132 TEXNİKA 1. Zirehli texnika – 18 2. Avtomobil texnikası – 120 3. Qoşqular – 21 4. Yardımçı texnika – 5 DÖYÜŞ SURSATLARI 1. Raketlər – 984 2. Top və haubitsa mərmiləri – 2722 3. Zenit top mərmiləri – 2627 4. Minaatan mərmiləri – 6653 5. Qumbaralar – 2266 6. Əl qumbaraları – 1368 7. Patronlar – 652842 8. Digər sursatlar – 2132 CİHAZLAR 1. Optik cihazlar – 216 2. Digər cihazlar – 31 TƏCHİZAT 1. Fərdi təchizat vasitələri – 677 2. Müxtəlif silahların qurğuları – 8 3. Digər təchizat vasitələri – 2076

Prezident Zəngilanda açılışlar etdi

12:53 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub. Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Alıbəyli kəndi barədə məlumat verdi. Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır. Bildirildi ki, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Qeyd olundu ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur. Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq. Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib. Sonra Alıbəyli kəndinin inkişaf planı barədə videoçarx nümayiş etdirildi. Prezident İlham Əliyev Alıbəyli kəndinin təməlini qoydu. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib. Dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verilib. Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb. Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib. Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. Bildirildi ki, “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək. Prezident İlham Əliyevin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib. Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək. Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib. Dövlətimizin başçısı “Cahangirbəyli” Su Elektrik Stansiyasını işə saldı. Qeyd edək ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, media və qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib. İşğaldan azad edilən ərazilərdə bolsulu çaylar üzərində “AzərEnerji” tərəfindən tikilən və gələcəkdə inşa olunacaq 370 meqavat gücündə SES-lər say və güc baxımından ölkənin digər yerlərində fəaliyyət göstərən azsulu çayların üzərində yerləşən 1060 meqavat gücündə böyük SES-lərdən üç dəfə az olmasına baxmayaraq, daha çox enerji istehsal edəcək. Çünki əsasən Azərbaycan ərazisində formalaşan bolsulu və iti axan dağ çayları üzərində tikilən yeni stansiyalar ölkənin digər yerlərindəki stansiyalardan fərqli olaraq, suyun azalan vaxtı da məhsuldar işləyir. Belə ki, avqust-sentyabr aylarında istehsal həcmi 25-30 faizə düşsə də, aprel-may aylarında 80 faizdən yuxarı olur və ilin bütün fəsillərində orta hesabla 40-42 faiz güclə çalışır. Digər yerlərdə isə bu göstərici 10-12 faizdir. Beləliklə, işğaldan azad edilən ərazilərdə tam yeni tikilən 4 stansiyadan ibarət “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynamaqla, Prezident İlham Əliyevin regionu “Yaşıl enerji” zonasına çevirməklə bağlı tapşırığının icrasına mühüm töhfədir. Silsilə SES layihəsi regionun enerji və iqtisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçu çayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazi 111,3 hektardır. Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək. Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq. Dövlətimizin başçısı kəndin inkişaf planından bəhs edən videoçarxa baxdı. Prezident İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu. *** Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub. Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.

Mənim üçün Qarabağ məsələsi qapanmayıb - Serj Sərkisyan MEYDAN OXUYUR?

“Mənim üçün Qarabağ məsələsi qapanmayıb”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan yerli jurnalistlərlə söhbətində bildirib. “Ümidsizlik günahdır, bu həqiqət həmişə aktual olaraq qalır”, - deyə Sərkisyan qeyd edib.

"Dövlətimiz də, ordumuz da hələ Moskvanın davranışlarıyla ehtiyatlı olmalıdır...”

“Bu qəfil dönüşə, metamorfozaya  Rusiyanı iki amil vadar etdi: birincisi, Azərbaycan dövlətinin və ordusunun gücü, ikincisi isə...” Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev Moderator.az əməkdaşıyla söhbətində Azərbaycan ordusunun  son uğurlu antiterror əməliyyatından sonra yaranmış hərbi-siyasi situasiya haqda danışıb. -Cənab general, siz həm Rusiyada ali, akdemik hərbi təhsil alarakən, həm də I Qarabağ savaşı zamanı  Azərbaycan ərazisində, o cümlədən Qarabağın dağlıq hissəsində yerləşən rus-sovet hərbçiləri ilə ünsiyyətdə olmusuz, onların psixologiyasına, Moskva tərəfindən qoşunların idarəçilik texnologiyasına yaxşı bələdsiniz. Görəsən, necə oldu ki, dünənədək, yəni son təxminən 3 il ərzində Qarabağdakı separatçı silahlı birləşmələrə silah-sursat təminatında dəstək verən, onlara təlim keçən Rusiya “sülməramlı”ları birdən-birə 2023-cü il sentyabrın 19-20-dən bəri bizim, ordumuzun “yanında” durdu və öz silahlandırdığı separatçı-terrorçuları bu dəfə bizimlə bərabər tərksilah etməyə, eyni zamanda 2020-ci ilin 44 günlük savaşından sonra Ermənistandan geri- Qarabağa daşıdığı köçkün erməniləri bu dəfə öz helikopterləri ilə yenidən Ermənistana yola salmağa başladı? Bu metamorfozaya nə səbəb oldu? -Zənnimcə, bu qəfil dönüşə, metamorfozaya  Rusiyanı iki amil vadar etdi: birincisi, Azərbaycan dövlətinin və ordusunun gücü, ikincisi də, Paşinyanın timsalında Ermənistanın Kremldən qəti şəkildə Qərbə, Amerikaya tərəf üz döndərməsi…  Bununla belə, hesab edirəm ki, dövlətimiz də, ordumuz da hələ Moskvanın davranışlarıyla ehtiyatlı olmalıdır. Məsələn, ermənilərin kütləvi şəkildə Yuxarı Qarabağdan Ermənistana köçməsi Rusiyaya sərf edən bir məsələdir. Nəyə görə? Ona görə ki,  10 minlərlə köçkünün İrəvana axışması ilə Moskva tərəfindən Paşinyanın devrilməsi və onun yerinə artıq Azərbaycanın ərazi bütövlüyünü tanımayan, “artsaxı” “azad” etməyə çalışan Köçəryan, Sərkisyan tipli bir fiqurun gətirilməsi şansı artacaq. Yadımıza salaq ki, 1988-1992-ci illərdə Ermənistan, Yuxarı Qarabağ və ətraf rayonlardan elə həmin Rusiyanın dəstəyi ilə erməni silahlı birləşmələrinin hücum və qətliamları nəticəsində yüz minlərlə soydaşımızın didərgin düşərək Bakıya axışması ölkəmizdə bir neçə dəfə ardıcıl hakimiyyət dəyişikliyinə və xaosa səbəb oldu. İkincisi, Rusiya “sülhməramlı”larının komandanlığı maksimum çalışacaq ki, Xankəndində də ermənilərin xeyli hissəsi qalsın. Çünki əgər Xankəndindən ermənilərin hamısı köçsə, o halda Rusiya “sülhməramlı”larına ehtiyac qalmayacaq və onlar da tezliklə Azərbaycan torpağını tərk etməyə məcbur olacaqlar. Odur ki, ruslar bütün vasitələrlə; erməniləri dilə tutmaqla, onlara qayğı göstərməklə və s. onlardan azı 15-20 min nəfərin Xankəndində qalmasını təşkil edəcəklər… Bu da bizim üçün ikinci bir problem yarada bilər… Amma  hətta ermənilərlə yanaşı, “sülhməramlı”lar da bir neçə il Xankəndində, Xocalıda qalsa belə, bizim onların qarşısında üstünlüyümüz ondadır ki, artıq Xankəndi də daxil olmaqla Yuxarı Qarabağın bir çox strateji məntəqələri, o cümlədən Ağdərə, Sırxavənd, Xankəndi ətrafındakı Kərkicahan, Malıbəyli, Xəlfəli və s. hərbi cəhətdən nəzarətimizə götürülüb… Mən dövlətimizin o siyasətini də alqışlayıram ki, Qarabağdakı ermənilərə müraciət edirik ki, kimlər Azərbaycan vətəndaşlığını qəbul edib yaşayırsa, qalıb yaşasınlar, onların bütün hüquqları təmin ediləcək…Qoy bütün dünya anlasın ki, Azərbaycan öz torpağındakı ermənilərə qarşı heç bir etnik təmizləmə, soyqırımı həyata keçirmir… Bütün hallarda həm Rusiya ilə, onun “sülhməramlı”larıyla, həm də ermənilərin arasındakı revanşist, separatçı, işğalçı xislətli qruplarla ehtiyatlı olmalıyıq ki, gələcək üçün torpaqlarımızda separatizmin heç bir közərtisi də qalmasın…  -Hətta belə bir versiya da var ki, 44 günlük savaşdan sonra olduğu kimi, indi də Qarabağda  vəziyyət bir az stabilləşən kimi Rusiya Qarabağdan köçmüş on minlərlə erməninin yenidən Azərbaycan torpaqlarına qayıtması üçün çalışa bilər… -Ola bilər. Bu da mümkündür. Ancaq bu dəfə onların qayıtması çətin olacaq. Çünki  2020-2021-ci illərdə Ermənistanla sərhədimizdə “Laçın” sərhəd-nəzarət məntəqəsi qurulmamışdı və “sülhməramlı”lar öz bildiklərini edirdilər.  Lakin indi həmin məntəqə var və Ermənistandan gələn hər bir erməni oradan keçib Xankəndinə gələ bilməyəcək… - Tacəddin müəllim, o da mümkündür ki, Qarabağdan köçmüş ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamaq istədikləri haqda müraciət edə bilərlər və bu halda biz onları sərhəddən buraxmalı olarıq… Və belə bir durumda, eyni zamanda Ermənistanda Paşinyanın yerinə yenidən Qarabağ klanının hakimiyyətə gətiriləcəyi halda gələcək üçün Azərbaycan torpaqlarında yenidən separatizm təhlükəsi yarana bilər…  -Bəli, Rusiyadan da, Ermənistandan da bizə qarşı hər cür təhlükə gözləmək olar. Amma yaxşı ki, dövlətimiz və ordumuz 1990-cı illərdəkindən qat-qat güclüdür… Bu gün milyarder Vardanyanın həbsi və Bakıya gətirilməsi siyasi baxımdan çox əhəmiyyətli hadisədir. İnşallah, inanıram ki, bunun davamı da olacaq və  digər separatçı-terrorçu erməni liderləri də həbs edilərək Azərbaycan məhkəmələri qarşısında cavab verəcək…Sadəcə,  bundan sonra da ayıq, ehtiyatlı və qətiyyətli olub düşmənlərin hər cür hiylə və təxribatlarının qarşısını almaq gərəkdir… 

“Azərbaycan polisi Xankəndidədir, onların hamısını bir-bir...” - Elman Məmmədov

“Hazırda bölgədəki bütün proseslər Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının nəzarəti altındadır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.  Müsahibimiz qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra digər separatçı xunta üzvlərinin həbsi ilə bağlı sosial şəbəkələrdə və ictimaiyyətdə yaranan tələb və fikirlərə münasibət bildirib.  Xatırladaq ki, Ermənistanın “Hraparak” nəşri bugünkü məqaləsində tanınmamış “DQR” “rəhbərləri”nin hazırda Xankəndidə olduğunu yazmışdı. Məlumata görə, qondarma rejimin sabiq “prezident”ləri Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, habelə “dövlət məmurları” və “hərbçilər” Xankəndidə qalmaqda davam edir. Öz növbəsində, E. Məmmədov söyləyib ki, Azərbaycan polisi artıq Xankəndi və ətraf ərazilərdədir: “Həmçinin DTX öz üzərinə düşən işləri bu sahədə yüksək səviyyədə yerinə yetirir. Buna görə də qətiyyən narahatlıq keçirməyə dəyməz ki, kimsə cəzadan yayınacaq. Ermənilər bir az həlləm-qəlləm millət olduqları üçün ola bilər ki, bir neçə pasportları olsun, yaxud görkəmlərini dəyişib cürbəcür imiclərə girə bilərlər. Bəlkə də başqa sənədlər altında sıravi ermənilərə qoşulub sərhədi keçə bilərlər”.  Millət vəkili hesab edir ki, bunlar olmayacaq: “Bunların könüllü təslim olanları da var. Kim lazımdırsa, bu illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı kim cinayət törədibsə, hamısı həbs olunub cəzasını alacaq. Separatçılarla bağlı bir sıra xarici dövlətlərdə və Ermənistanda narahatlıq keçirənlər var. Ancaq o, cinayət törədibsə, mütləq cəzasını alacaq”.  “Mütləq şəkildə başda Araik Arutyunyan olmaqla, onun kimiləri və ondan əvvəl olanların hamısı həbs olunacaq. 1988-ci ildən bu günə qədər kimlər ki, Azərbaycan dövlətinə qarşı qiyam qaldırıb, cinayətlər törədibsə, insanlarımıza qarşı soyqırımı edib onları qətlə yetiribsə, hamısının haqqında hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var. Qısacası, hamısı öz cəzasına çatacaq”, - fikirlərini yekunlaşdırıb.

Azərbaycana meydan oxuyan Balasanyan kimə arxalanır?

Ötən gün qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın “Laçın” sərhəd-keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra separatçılar arasında ajiotaj bir qədər də artıb.  Belə ki, bölgədə qapana qısılan terrorçu xunta üzvlərinin qaçmağa yerləri olmadığı üçün onlar məcburi şəkildə sərhədi keçərək ərazidən çıxmağa çalışanda Azərbaycan xüsusi xidmət orqanlarının "radar"ına düşərək saxlanırlar.  Bu şəxslərdən biri də “Artsax qəhrəmanı” olan Xocalı qatili Vitali Balasanyandır. Əslən Əsgəran ermənisi olan V. Balasanyan Birinci Qarabağ müharibəsi dövründə əliyalın, günahsız azərbaycanlılara divan tutulmasında xüsusi “fərqlənmişdi”.  Qeyd edək ki, Azərbaycan xüsusi xidmət orqanlarının siyahısında olan V. Balasanyan onun üçün halqanın daraldığını bilməsinə baxmayaraq, hələ də hədyan dolu fikirlər səsləndirməkdə davam edir. O, açıqlamasında hazırda Əsgəranda olduğunu və Qarabağdan çıxmayacağını bildirib. Balasanyan yaşadığı ünvanı açıqlamaqla bir növ meydan oxumaqdan çəkinməyib.  Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, əslində, Azərbaycanın hədəfi Vitali Balasanyan, Bako Saakyan, Araik Arutyunyan, Arkadi Qukasyan və digərləri deyil, əksinə, bizim hədəfimiz Qarabağ idi ki, onu da həll etdik.  Onun sözlərinə görə, indi ayrı-ayrı terrorçuların bizim üçün elə də böyük bir əhəmiyyəti yoxdur:  “Çünki bunlar terrorçudur və sonuncu nəfərinə qədər həbs olunacaqlar. Əgər Vitali Balasanyan Əsgərandakı evində olduğunu deyirsə, lap gözəl. O özünü belə “qəhrəman” kimi hiss edirsə, qoy, evində gözləsin, onu da gəlib aparacaqlar, kiminsə də bunda tərəddüdü olmasın”.  BQP sədrinin fikrincə, bu hadisələr onu göstərdi ki, illərcə bir erməni mifi yaradılmışdı ki, guya bunlar torpaq uğrunda fədakarlıq edib canını qoyan bir millətdirlər:  “Onlar özlərini dünyaya belə tanıtdırmışdılar, amma bu məqamın özün belə bunların nə qədər qorxaq və rəzil durumda olduğunu göstərdi. Biz onlardan heç birinin bu torpaq üçün hansısa bir fədakarlıq edəcəyini, ən azı özünün törətdiyi cinayətin miqyasını anlayaraq, intihar etdiyini müşahidə etmədik”.  “Bu, o deməkdir ki, illərdir “qəhrəmanlıq”dan dəm vuran millətin liderlərinin nə qədər qorxaq olduğu bir daha üzə çıxdı. Bu da bir tarixdir və qeyddir ki, biz bunu unutmamalıyıq. Qısacası, harada olmasından asılı olmayaraq terrorçular həbs olunacaq və onlar Azərbaycanın Nürnberq məhkəməsi sayılan Xocalı məhkəməsində cavab verəcəklər”, - fikirlərini yekunlaşdırıb.

"Müxalifət bazasını qorumalıdır " - Elşən Əlisoy

Son günlər baş verən hadisələr bir məsələni aşkara çıxartdı ki, hakimiyyətin radikal adlandırdığı müxalifət partiyaları əslində deyilən qədər də radikal deyil. Bu günkü müxalifət ölkənin taleyni düşünən, dövlətin maraqlarından kənara çıxmayan, siyasi mübarizəsini kin - küdurət üzərində yox, düşüncə və dövlət maraqları üzərində quran siyasi qüvvələrdir.  Görünən odur ki, bu günkü müxalifət təşkilatlarından kənarda təşkilatlanmamış daha radikal qüvvələr mövcuddur. Mənə elə gəlir ki, hakimiyyət də nə qədər əzməyə çalışsa da, bu qüvvələrin meydanı tutmaması üçün demokratik müxalifətin tam olaraq sıradan çıxarılmasında yox, güclənməməsində maraqlıdır.  Bütün bunlara rəğmən yenə deyirəm;  demokratik müxalifət hakimiyyətdən narazı bazanı loyallaşdırmalı da deyil. İllərdir ki, ölkənin narazı kəsiminin böyük bir hissəsi hakimiyyətə qarşı neytirallaşır. Mübarizə isə bitməyib. Azərbaycanın ən ciddi problemi demokratiya problemidir. Yaranan şəraitin verdiyi imkanlarla əldə etdiyimiz qələbəyə ölkənin ən vacib məsləsi olan hüquqi dövlət məsələsini qurban vermək olmaz. Demokratiya, insan hüquqları , hüquqi dövlət Azərbaycan vətəndaşlarının ən böyük haqqı və uğrunda mübarizə aparmalı olduğu ən vacib dəyərlərdir! Elşən Əlisoy

Xankəndidə bayrağımız nə vaxt qaldırılacaq?

Xəbər verdiyimiz kimi, bu gün separatçı-terrorçu xunta rejimi özünü buraxdığını elan etdi. Sozcu.az xəbər verir ki, artıq Azərbaycanın tərkibində onillərdir yetişdirilən qarayara birdəfəlik kəslib atıldı. Ötən gün Xankəndi və ətrafında baş verə biləcək yanğınların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin briqadaları Xankəndi şəhərində xidmətə başlayıblar. Artıq Xankəndi və ətrafında baş verən yanğınları da söndürdükləri haqda məlumatlar da adiləşməkdədir. Bu gün isə Daxili İşlər Nazirliyi əməkdaşlarının, o cümlədən Çevik Polis Qüvvələrinin Xankəndiyə daxil olduğunu əks etdirən görüntülər yayılıb. Siyasi müşahidəçilərin fikrincə, Xankəndidə bayrağımız bu gün qaldırıla bilər.