“Hazırda bölgədəki bütün proseslər Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının nəzarəti altındadır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
Müsahibimiz qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra digər separatçı xunta üzvlərinin həbsi ilə bağlı sosial şəbəkələrdə və ictimaiyyətdə yaranan tələb və fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Ermənistanın “Hraparak” nəşri bugünkü məqaləsində tanınmamış “DQR” “rəhbərləri”nin hazırda Xankəndidə olduğunu yazmışdı. Məlumata görə, qondarma rejimin sabiq “prezident”ləri Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, habelə “dövlət məmurları” və “hərbçilər” Xankəndidə qalmaqda davam edir.
Öz növbəsində, E. Məmmədov söyləyib ki, Azərbaycan polisi artıq Xankəndi və ətraf ərazilərdədir:
“Həmçinin DTX öz üzərinə düşən işləri bu sahədə yüksək səviyyədə yerinə yetirir. Buna görə də qətiyyən narahatlıq keçirməyə dəyməz ki, kimsə cəzadan yayınacaq. Ermənilər bir az həlləm-qəlləm millət olduqları üçün ola bilər ki, bir neçə pasportları olsun, yaxud görkəmlərini dəyişib cürbəcür imiclərə girə bilərlər. Bəlkə də başqa sənədlər altında sıravi ermənilərə qoşulub sərhədi keçə bilərlər”.
Millət vəkili hesab edir ki, bunlar olmayacaq:
“Bunların könüllü təslim olanları da var. Kim lazımdırsa, bu illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı kim cinayət törədibsə, hamısı həbs olunub cəzasını alacaq. Separatçılarla bağlı bir sıra xarici dövlətlərdə və Ermənistanda narahatlıq keçirənlər var. Ancaq o, cinayət törədibsə, mütləq cəzasını alacaq”.
“Mütləq şəkildə başda Araik Arutyunyan olmaqla, onun kimiləri və ondan əvvəl olanların hamısı həbs olunacaq. 1988-ci ildən bu günə qədər kimlər ki, Azərbaycan dövlətinə qarşı qiyam qaldırıb, cinayətlər törədibsə, insanlarımıza qarşı soyqırımı edib onları qətlə yetiribsə, hamısının haqqında hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var. Qısacası, hamısı öz cəzasına çatacaq”, - fikirlərini yekunlaşdırıb.