Müşahidə missiyasında israrlılığın əsasında Qarabağ üçün də Kosovo variantı dayanmır ki?..

“Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...”

“Hesab edirəm ki, Azərbaycan DSX Azərbaycanı tərk edən ermənilərin sayı haqqında həqiqəti əks etdirən rəqəmləri sonda deyil, bu günlərdə açıqlayacaq...”

“Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır...”

“Mən təsdiq edərdim ki, bütövlükdə Dağlıq Qarabağa münasibətdə biz atəşkəsin qorunmasını, humanitar ehtiyacların ödənilməsini, həmçinin şəffaflığı təmin edəcək və Dağlıq Qarabağın sakinlərinə inam yaradacaq müstəqil beynəlxalq missiyanın tezliklə yaradılmasını vacib hesab edirik. Mövcud vəziyyət üzərində işləmək bizim üçün prioritet məsələdir.”

Bu sözlər ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Millerə məxsusdur. Miller onu da əlavə edib ki, bu təklifi xarici müttəfiqləri və tərəfdaşları ilə müzakirə edirlər. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti  İlham Əliyevlə telefon danışığında beynəlxalq müşahidə missiyasının Qarabağda fəaliyyət göstərməsinə şərait yaradılması məsələsini xahiş etmişdi. ABŞ və onun müttəfiqlərinin müşahidə missiyasında israrlı görünməsinin əsasında nə dayanır? Kosovo variantımı? Kosovonu tərk edənləri də Qərb beynəlxalq təminat adı ilə geri qaytarıb Kosovonu müstəqil dövlət kimi  tanıdı. Qarabağdakı mövcud vəziyyət Kosovo ilə eyni olmasa da, Qərbin müşahidə missiyasının xoşməramlı olması şübhəlidir. Azərbaycan Bakıda fəaliyyət göstərən BMT nümayəndəliyinin rezident-kordinatorunun müşahidə missiyasını həyata keçirməsinə etiraz etmədiyini bildirib, amma görünür bu format ABŞ-ı qane etmir və daha geniş heyətlə fəaliyyətə başlamağı planlaşdırır. Əgər Azərbaycan dövlət strukturları hələ Xankəndidə və Rusiya sülhməramlılarının hələlik nəzarət etdikləri digər ərazilərdə fəaliyyətə başlamayıblarsa, müşahidə missiyası nəyi müşahidə etmək istəyir? 24 saatlıq lokal əməliyyat bitib, tərksilah prosesi gedir, erməni əhalisinin nümayəndələri ilə humanitar və digər məsələlərlə əlaqədar görüşlər keçirilir, separatçı rejim özünü buraxdığını elan edib. Qarabağ ermənilərini köçməyə biz deyil, məhz erməni “başbilənlər” özləri məcbur edir ki, Azərbaycanı yalançı “etnik təmizləmə”də ittiham edib beynəlxalq məhkəməyə versinlər və sairə. Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyəti isə hələlik rəsmən mövcud deyil. Kənardan humanitar yardım müxtəlif qurumların simasında davam edir. Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub... 

Bu, məsələnin bir tərəfidir. Azərbaycan qərəzsiz müşahidə missiyasından çəkinmir, əksinə onların obyektiv mövqe tutmaqla ermənilərə göstərdiyi humanitar yardımlara, perspektivdə isə tam təhlükəsizliklərinin təmin edildiyinə, hüquqlarının qorunmasına şahidlik etməsini istəyir. Təəssüf ki, Samanta Pauer Gorusda müsahibə verərkən Azərbaycanı ittiham edəcək sübutlar axtardığını və perspektivdə ABŞ Prezidenti Baydenə məruzə edib hansı qərarların qəbul ediləcəyindən danışır. Hər zaman olduğu kimi indi də Qərb mediası “etnik təmizləmə”dən danışır, Ermənistan ərazisinə daxil olmuş Qarabağ ermənilərindən müsahibə alıb,  onların yalanlarını tirajlayırlar. Biz Qərbin bu ikili standartlarına adət etmişik, bizim üçün yenilik deyil...

Azərbaycan üçün ilin sonunadək həqiqətən fürsət zamanıdır. Üç ay ərzində Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımlarını genişləndirməli və sosial proqramlarını elan edib, həm də Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlarınının qorunduğunu praktiki şəkildə həyata keçirməlidir. Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır. Açığını deyək ki, hazırda erməniləri daha çox əmlakları, evləri, bir sözlə şəxsi mülkiyyətləri düşündürür. Sabah bir erməninin əmlakına qanuni sahib olduğu və onu satdığı nümunə olaraq çox tərəddüdləri aradan qaldıracaq. Biz bunu zamanında -Birinci Qarabağ müharibəsində də görmüşük və ermənilər mülkiyyətləri ilə bağlı özlərinin qərar verdiyini biləndə situasiya tamam dəyişəcək, o zaman yalançı “etnik təmizləmə” keçməyəcək... 

Odur ki, beynəlxalq müşahidə missiyası bizim üçün problem yarada bilməz. Əlbəttə, missiyanın azsaylı tərkibi və fəaliyyət müddəti Azərbaycanla razılaşdırılmalı və heç bir hərbi strukturun daxil olmasına imkan verməməliyik. Qeyd edək ki, Rusiya hərbi kontingenti də Qarabağda qaldığı müddətdə oraya başqa ölkənin hərbi heyətinin daxil olmasına etiraz edəcək. Beynəlxalq müşahidə missiyasının yekun rəyinin bizim üçün müsbət və ya mənfi məzmun daşımasından asılı olmayaraq  nə siyasi, nə də hüquqi xarakteri yoxdur.

Azərbaycanı tərk edən ermənilərin sayı haqqında Ermənistan tərəfdən verilən rəqəmlər inandırıcı deyil və Azərbaycana qarşı növbəti və bəlkə də sonuncu “arqumentdi”.  Hesab edirəm ki, Azərbaycan DSX sonda deyil, bu günlərdə həqiqəti əks etdirən rəqəmləri açıqlayacaq. 

Ermənilər hazırda özlərindən başqa bütün dünyanı günahkar hesab edirlər, sanki bəşəriyyətin problemi daşnakların iddialarını təmin etmək olmalıymış. Bu iddiaları ilə dünya ölkələrini də bezdirdiklərinin fərqində deyildilər. Odur ki, yekun mərhələyə daxil olan Qarabağ məsələsi yalnız Azərbaycanı deyil, dünyanı da rahatlatdı. Müşahidə missiyaları, hansısa bəyanatlar erməni gözündən pərdə asmaq üçündür, sadəcə, bu pərdə arxasından onların bir daha Azərbaycan torpaqlarına baxa bilməsinə imkan verilməməlidir...moderator

İlham İsmayıl

Share on Facebook