Azərbaycana meydan oxuyan Balasanyan kimə arxalanır?

Ötən gün qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın “Laçın” sərhəd-keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra separatçılar arasında ajiotaj bir qədər də artıb. 

Belə ki, bölgədə qapana qısılan terrorçu xunta üzvlərinin qaçmağa yerləri olmadığı üçün onlar məcburi şəkildə sərhədi keçərək ərazidən çıxmağa çalışanda Azərbaycan xüsusi xidmət orqanlarının "radar"ına düşərək saxlanırlar. 

Bu şəxslərdən biri də “Artsax qəhrəmanı” olan Xocalı qatili Vitali Balasanyandır. Əslən Əsgəran ermənisi olan V. Balasanyan Birinci Qarabağ müharibəsi dövründə əliyalın, günahsız azərbaycanlılara divan tutulmasında xüsusi “fərqlənmişdi”. 

Qeyd edək ki, Azərbaycan xüsusi xidmət orqanlarının siyahısında olan V. Balasanyan onun üçün halqanın daraldığını bilməsinə baxmayaraq, hələ də hədyan dolu fikirlər səsləndirməkdə davam edir. O, açıqlamasında hazırda Əsgəranda olduğunu və Qarabağdan çıxmayacağını bildirib. Balasanyan yaşadığı ünvanı açıqlamaqla bir növ meydan oxumaqdan çəkinməyib. 

Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, əslində, Azərbaycanın hədəfi Vitali Balasanyan, Bako Saakyan, Araik Arutyunyan, Arkadi Qukasyan və digərləri deyil, əksinə, bizim hədəfimiz Qarabağ idi ki, onu da həll etdik. 

Onun sözlərinə görə, indi ayrı-ayrı terrorçuların bizim üçün elə də böyük bir əhəmiyyəti yoxdur: 

“Çünki bunlar terrorçudur və sonuncu nəfərinə qədər həbs olunacaqlar. Əgər Vitali Balasanyan Əsgərandakı evində olduğunu deyirsə, lap gözəl. O özünü belə “qəhrəman” kimi hiss edirsə, qoy, evində gözləsin, onu da gəlib aparacaqlar, kiminsə də bunda tərəddüdü olmasın”. 

BQP sədrinin fikrincə, bu hadisələr onu göstərdi ki, illərcə bir erməni mifi yaradılmışdı ki, guya bunlar torpaq uğrunda fədakarlıq edib canını qoyan bir millətdirlər: 

“Onlar özlərini dünyaya belə tanıtdırmışdılar, amma bu məqamın özün belə bunların nə qədər qorxaq və rəzil durumda olduğunu göstərdi. Biz onlardan heç birinin bu torpaq üçün hansısa bir fədakarlıq edəcəyini, ən azı özünün törətdiyi cinayətin miqyasını anlayaraq, intihar etdiyini müşahidə etmədik”. 

“Bu, o deməkdir ki, illərdir “qəhrəmanlıq”dan dəm vuran millətin liderlərinin nə qədər qorxaq olduğu bir daha üzə çıxdı. Bu da bir tarixdir və qeyddir ki, biz bunu unutmamalıyıq. Qısacası, harada olmasından asılı olmayaraq terrorçular həbs olunacaq və onlar Azərbaycanın Nürnberq məhkəməsi sayılan Xocalı məhkəməsində cavab verəcəklər”, - fikirlərini yekunlaşdırıb.

Share on Facebook