"Dövlətimiz də, ordumuz da hələ Moskvanın davranışlarıyla ehtiyatlı olmalıdır...”

“Bu qəfil dönüşə, metamorfozaya  Rusiyanı iki amil vadar etdi: birincisi, Azərbaycan dövlətinin və ordusunun gücü, ikincisi isə...”

Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev Moderator.az əməkdaşıyla söhbətində Azərbaycan ordusunun  son uğurlu antiterror əməliyyatından sonra yaranmış hərbi-siyasi situasiya haqda danışıb.

-Cənab general, siz həm Rusiyada ali, akdemik hərbi təhsil alarakən, həm də I Qarabağ savaşı zamanı  Azərbaycan ərazisində, o cümlədən Qarabağın dağlıq hissəsində yerləşən rus-sovet hərbçiləri ilə ünsiyyətdə olmusuz, onların psixologiyasına, Moskva tərəfindən qoşunların idarəçilik texnologiyasına yaxşı bələdsiniz. Görəsən, necə oldu ki, dünənədək, yəni son təxminən 3 il ərzində Qarabağdakı separatçı silahlı birləşmələrə silah-sursat təminatında dəstək verən, onlara təlim keçən Rusiya “sülməramlı”ları birdən-birə 2023-cü il sentyabrın 19-20-dən bəri bizim, ordumuzun “yanında” durdu və öz silahlandırdığı separatçı-terrorçuları bu dəfə bizimlə bərabər tərksilah etməyə, eyni zamanda 2020-ci ilin 44 günlük savaşından sonra Ermənistandan geri- Qarabağa daşıdığı köçkün erməniləri bu dəfə öz helikopterləri ilə yenidən Ermənistana yola salmağa başladı? Bu metamorfozaya nə səbəb oldu?

-Zənnimcə, bu qəfil dönüşə, metamorfozaya  Rusiyanı iki amil vadar etdi: birincisi, Azərbaycan dövlətinin və ordusunun gücü, ikincisi də, Paşinyanın timsalında Ermənistanın Kremldən qəti şəkildə Qərbə, Amerikaya tərəf üz döndərməsi… 

Bununla belə, hesab edirəm ki, dövlətimiz də, ordumuz da hələ Moskvanın davranışlarıyla ehtiyatlı olmalıdır. Məsələn, ermənilərin kütləvi şəkildə Yuxarı Qarabağdan Ermənistana köçməsi Rusiyaya sərf edən bir məsələdir. Nəyə görə? Ona görə ki,  10 minlərlə köçkünün İrəvana axışması ilə Moskva tərəfindən Paşinyanın devrilməsi və onun yerinə artıq Azərbaycanın ərazi bütövlüyünü tanımayan, “artsaxı” “azad” etməyə çalışan Köçəryan, Sərkisyan tipli bir fiqurun gətirilməsi şansı artacaq. Yadımıza salaq ki, 1988-1992-ci illərdə Ermənistan, Yuxarı Qarabağ və ətraf rayonlardan elə həmin Rusiyanın dəstəyi ilə erməni silahlı birləşmələrinin hücum və qətliamları nəticəsində yüz minlərlə soydaşımızın didərgin düşərək Bakıya axışması ölkəmizdə bir neçə dəfə ardıcıl hakimiyyət dəyişikliyinə və xaosa səbəb oldu. İkincisi, Rusiya “sülhməramlı”larının komandanlığı maksimum çalışacaq ki, Xankəndində də ermənilərin xeyli hissəsi qalsın. Çünki əgər Xankəndindən ermənilərin hamısı köçsə, o halda Rusiya “sülhməramlı”larına ehtiyac qalmayacaq və onlar da tezliklə Azərbaycan torpağını tərk etməyə məcbur olacaqlar. Odur ki, ruslar bütün vasitələrlə; erməniləri dilə tutmaqla, onlara qayğı göstərməklə və s. onlardan azı 15-20 min nəfərin Xankəndində qalmasını təşkil edəcəklər… Bu da bizim üçün ikinci bir problem yarada bilər…

Amma  hətta ermənilərlə yanaşı, “sülhməramlı”lar da bir neçə il Xankəndində, Xocalıda qalsa belə, bizim onların qarşısında üstünlüyümüz ondadır ki, artıq Xankəndi də daxil olmaqla Yuxarı Qarabağın bir çox strateji məntəqələri, o cümlədən Ağdərə, Sırxavənd, Xankəndi ətrafındakı Kərkicahan, Malıbəyli, Xəlfəli və s. hərbi cəhətdən nəzarətimizə götürülüb…

Mən dövlətimizin o siyasətini də alqışlayıram ki, Qarabağdakı ermənilərə müraciət edirik ki, kimlər Azərbaycan vətəndaşlığını qəbul edib yaşayırsa, qalıb yaşasınlar, onların bütün hüquqları təmin ediləcək…Qoy bütün dünya anlasın ki, Azərbaycan öz torpağındakı ermənilərə qarşı heç bir etnik təmizləmə, soyqırımı həyata keçirmir…

Bütün hallarda həm Rusiya ilə, onun “sülhməramlı”larıyla, həm də ermənilərin arasındakı revanşist, separatçı, işğalçı xislətli qruplarla ehtiyatlı olmalıyıq ki, gələcək üçün torpaqlarımızda separatizmin heç bir közərtisi də qalmasın… 

-Hətta belə bir versiya da var ki, 44 günlük savaşdan sonra olduğu kimi, indi də Qarabağda  vəziyyət bir az stabilləşən kimi Rusiya Qarabağdan köçmüş on minlərlə erməninin yenidən Azərbaycan torpaqlarına qayıtması üçün çalışa bilər…

-Ola bilər. Bu da mümkündür. Ancaq bu dəfə onların qayıtması çətin olacaq. Çünki  2020-2021-ci illərdə Ermənistanla sərhədimizdə “Laçın” sərhəd-nəzarət məntəqəsi qurulmamışdı və “sülhməramlı”lar öz bildiklərini edirdilər.  Lakin indi həmin məntəqə var və Ermənistandan gələn hər bir erməni oradan keçib Xankəndinə gələ bilməyəcək…

- Tacəddin müəllim, o da mümkündür ki, Qarabağdan köçmüş ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamaq istədikləri haqda müraciət edə bilərlər və bu halda biz onları sərhəddən buraxmalı olarıq… Və belə bir durumda, eyni zamanda Ermənistanda Paşinyanın yerinə yenidən Qarabağ klanının hakimiyyətə gətiriləcəyi halda gələcək üçün Azərbaycan torpaqlarında yenidən separatizm təhlükəsi yarana bilər… 

-Bəli, Rusiyadan da, Ermənistandan da bizə qarşı hər cür təhlükə gözləmək olar. Amma yaxşı ki, dövlətimiz və ordumuz 1990-cı illərdəkindən qat-qat güclüdür… Bu gün milyarder Vardanyanın həbsi və Bakıya gətirilməsi siyasi baxımdan çox əhəmiyyətli hadisədir. İnşallah, inanıram ki, bunun davamı da olacaq və  digər separatçı-terrorçu erməni liderləri də həbs edilərək Azərbaycan məhkəmələri qarşısında cavab verəcək…Sadəcə,  bundan sonra da ayıq, ehtiyatlı və qətiyyətli olub düşmənlərin hər cür hiylə və təxribatlarının qarşısını almaq gərəkdir… 

Share on Facebook