İsrailə davamlı şəkildə silah göndərəcəyik - ABŞ

ABŞ silahlarının İsrailə tədarükü fasiləsiz olaraq davam etdiriləcək. Sozcu.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 12 oktyabr tarixindən bəri ABŞ hərbi-nəqliyyat təyyarələri İsrailə beş uçuş həyata keçirib: “Çox güman ki, siz İsrailə davamlı silah tədarükünə şahid olacaqsınız”.

“PUTİN SİZİ BOĞACAQ, VAXTINIZ ÇOX AZDIR, TƏRƏDDÜD ETMƏYİN...” – Saakaşvilidən Paşinyana "cəsarətli ol" çağırışı

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib. Sozcu.az Saakaşvilinin “feysbuk” səhifəsinə istinadla xəbər verir ki, o, Paşinyanı Putin təhlükəsi barədə xəbərdar edir və ona cəsarətli davranmağı, Azərbaycanla təcili olaraq sülh müqaviləsi imzalamağı, eyni zamanda Rusiyanın hərbi bazasını çıxarmağı və KTMT, Gömrük İttifaqı kimi təşkilatlardan çıxmağı tövsiyə edir. Saakaşvilinin müraciətini təqdim edirik: “Ermənistanın Baş naziri Nikol Paşinyana mesajım Mən ilk dəfədir ki, sizə müraciət edirəm və bunu açıq edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. Özümün Rusiya və bu yaxınlarda MDB sammitində məni bu təşkilatın dağılmasında günahlandıran Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq, sizə bir neçə məsləhət verməyi özümə rəva bilirəm. Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz, yəni, Putinin terminologiyası ilə desək - rəngli inqilab nəticəsində və inanın ki, siz onu necə mayalandırsanız da, sədaqət andı içsəniz də, o sizi heç vaxt bağışlamazdı və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək. Çox az vaxtınızın olduğunu başa düşməlisiniz. Hakimiyyətə gələndən sonra siz əsaslı islahatlar aparmadınız və ya apara bilmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolon”udur. Avropaya inteqrasiyada gecikmisiniz. Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik - açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək, bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü rədd edərək va-bank getməlisiniz. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqından çıxın və Avropa İttifaqı və NATO-ya ərizə verin. 2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozu ilə birlikdə İrəvana uçduq və boş yerə sələfinizi Moskvanın himayəsi altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmağa çalışdıq. Və nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız. Sizdə şəxsi cəsarət və siyasi cəsarət əskik olmayacaq və ümid edirəm ki, Putinə sizi məhv etməyə və eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz. Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm bu dəfə tərəddüd etməyəcəksiniz. Sizə və erməni xalqına uğurlar”."AzPolitika.info"

Bişmiş balığın gülməyi

Biri var imış, biri yox imiş. Qədim zamanlarda uzaq diyarların birində bir padşah var imiş. Bu padşahın arvadı öz isməti, ərinə öz sədaqəti ilə dillərdə dastan olmuşdu. Nə o padişahdan başqa bir kişi görmüşdü, nə də başqa bir kişi onu. Padşahın arvadı o qədər sədaqətli idi ki, dilinə heç erkək heyvan əti belə dəyməmişdi. O, ancaq dişi quşların və heyvanların əti ilə qidalanar, bunu özünə fəxr bilərdi. Günlərin bir günü bir balıqçının toruna qeyri-adi gözəlliyə malik bir qızıl balıq düşdü. Ətrafdakı digər balıqçılar bu qeyri adi balığın gözəlliyinə heyran olmuşdular. Təcrübəli balıqçılardan biri bu balığa heç vaxt bizim sularda rast gəlmədiyini söyləyərək, onun başqa ölkələrin sularından gəldiyini söylədi. Balıqçı bu balığı padşaha hədiyyə etmək qərarına gəldi. Düşündü ki, həm padşahın nəzərində hörmət qazanmış olar, həm də padşahın ona verdiyi ənam,  onun adı günlərdəki gəlirindən daha çox qazanc əldə etmiş olar. Tutduğu balığı padşaha hədiyyə etmək üçün onu saraya gətirdi. Padişah bu hədiyyədən çox məmnun oldu və balıqçıya ənam verərək onu yola saldı. Sarayın baş aşbazını çağırıb, balığın arvadı üçün ləziz şəkildə bişirilməsinə əmr verdi. Sarayın baş aşbazı əmri yerinə yetirərək balığı bişirdi və padşahın arvadının süfrəsinə gətirdi. Gözəl hazırlanmış balığı görən xanım ərindən soruşdu: – Padşah sağ olsun, biz necə bilə bilərik, bu balıq erkəkdir, yoxsa dişi? Gözlənilməz sual qarşısında özünü itirən padişah cavab verməyə macal tapmamış, arvadı bir az əsəbi və bir o qədər də nəzakətlə dilləndi: – Qibleyi aləm, axı mən erkək heyvan əti yemirəm, bunu ki, sən özün bilirsən… Balığın erkən və ya dişi olduğunu bilməsəm onu necə yeyə bilərəm? Padşahın arvadı sözünü yenicə bitirmişdi ki, qeyri-adi bir hadisə baş verdi. Bişmiş balıq qəflətən qəh-qəhə çəkərək güldü. Gördükləri mənzərə qarşısında çaşıb qalan padişah və arvadı bir müddət təəccüblə bir-birlərinin üzünə baxmaqla kifayətləndilər. Hadisənin təsirindən çıxan kimi padşah bu olayın izah edilməsi üçün ölkənin bütün bilicilərini, münəccim və alimlərini saraya çağıraraq, bu sirrin açılması üçün onlara əmr verdi. Bilicilərin müxtəlif cavabları  padşahı qane etmədiyi üçün, onun əmri ilə onlar bir-bir dar ağacından asılırdılar. İş o yerə çatmışdı ki, artıq bir dar ağacı bəs etmədiyi üçün, yeni dar ağacları qurulurdu. Günlərin bir günü vəzir padşahın hüzuruna gələrək saraya ucqar kəndlərin birindən bir qocanın gəldiyini və bu sirri aça biləcəyini dedi. Padşahın əmri ilə qoca saraya gətirildi. Qoca ədəb-ərkanla padşaha təzim etdi. Padşah və arvadı həmin hadisəni qocaya nəql etdilər. Qoca balığın niyə güldüyünün səbəbini bildiyini padşaha söylədi. Dərhal padşahın əmri ilə şəhər əhli meydana toplaşdı. Padşah üzünü qocaya tutub gur səslə dedi:- “Qoca, əgər sən bişmiş balığın niyə güldüyünü tapa bilsən, sənə ənam verib yola salacam. Yox əgər deyə bilməsən, səni də dar ağacından asdıracam”. Dünya görmüş ağ saqqallı nurani qoca müdrik görkəm alaraq  bir az fikirləşdikdən sonra üzünü xanımın gərdəyinə tutaraq dedi: ” Xanım, mən bişmiş balığın gülmə səbəbini bilirəm, bəlkə deməyim?” Padşah və xanımı təkidlə bu sirrə vaqif olmaq istədiklərini bildirdilər. Meydana toplaşmış əhali də bu fikri dəstəklədiklərini nümayiş etdirdilər. Qoca vəziyyətin gərginləşdiyini görüb dedi: ”Bişmiş balıq ona görə güldü ki, padşahın arvadı yaşadığı otağın zirzəmisində  qırx lotu gizlədilib və xanım gizlincə onlarla eyş-işrətlə məşğul olur, amma balığın erkək yoxsa dişi olmasını soruşur”. Qocanın bu sözündən sonra meydana ölü bir sükut çökdü. Padşah dərhal qocanın müşayəti llə otağın altındakı gizli zirzəmiyə  daxil olaraq  qırx bığıburma oğlanı gördü. Padşah bir anlıq əsəbləşsə də özünü tez ələ aldı və təmkinini pozmayaraq, eşiyə çıxıb qocanın yalan söylədiyini bildirdi. O cəllada qocanın boynunu vurmağı əmr etdi. Padşah bu müdrik qocadan çox qorxdu. Düşündü ki, onun ata və qardaşını zəhərləyib öldürərək hakimiyyətə gəldiyini nə vaxtsa xalqa açıb danışa bilər. Əbil Həsən

İsrail Qəzzanı bombardman etdi: Xəstəxanada 600-dən çox insan öldü – VİDEO +13

İsrail ordusunun raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurması nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. Sozcu.az xəbər verir ki, “Əl-Cəzirə” ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib. ***22:20 İsrail qüvvələrinin bombardmanı Qəzzada bir xəstəxanaya tuş gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 300-dən çox insan ölüb, xeyli yaralı var. Qeyd edək ki, Qəzzadan da İsrailin bir neçə şəhərinə eyni vaxtda raket zərbələri endirilib.

İsrail səfirliyinə hücum edildi

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, İsrail ordusunun Qəzzada xəstəxanaya raket zərbəsi endirməsindən sonra sakinlər Əmmanda səfirliyə hücuma başlayıb.

HƏMAS İsrailə cavab zərbəsi endirdi

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına raket zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb. “Əl-Qəssam Briqadası mülki şəxslərə hücuma cavab olaraq Ramon hava bazasına raket zərbələri endirib”, - məlumatda deyilir. Qeyd edək ki, İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasına raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.

Paşinyan Avropa Birliyində nə danışıb və onun "sülh müqaviləsi" şərtləri nədir? - ÖZƏT

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa və münasibətləri tənzimləməyə hazır olduğunu deyib. Oktyabrın 17-si Strasburqda Avropa Parlamenti qarşısında çıxış edən Nikol Paşinyan Cənubi Qafqazda sülhün, iqtisadi, siyasi və mədəni əlaqələrin vacib olduğunu qeyd edib. “Qarşılaşdığımız müharibələrə, çətinliklərə və böhranlara baxmayaraq, mən Avropa Parlamentinə mühüm mesajı çatdırmaq üçün gəlmişəm. Regionumuzun, Cənubi Qafqazın sülhə böyük ehtiyacı var. Ölkəmiz yalnız o zaman həqiqətən dinc ola bilər ki, bütün region sülh içində olsun. Mənim əsas siyasi öhdəliyim qonşu ölkələrlə uzun müddətdir davam edən münaqişələrin yaratdığı çətinliklərə baxmayaraq, sülhün qurulmasını dəstəkləməkdir”, Paşinyan vurğulayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi baş tutan Brüssel görüşlərində, habelə Praqa və Kişinyov görüşlərində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilən razılaşmalara istinad edən Nikol Paşinyan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Paşinyan o cümlədən Yerevan-Meğri dəmir yolunu Ermənistanın öz yurisdiksiyası altında açmağa hazır olduğunu bildirib. “Biz bu ayın sonunda Brüsseldə görüşü gözləyirik və yuxarıda qeyd olunan prinsiplər rəsmən təsdiq olunarsa, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və normallaşma sazişinin imzalanması olduqca real görünür”, Ermənistan Baş Naziri əlavə edib. Nikol Paşinyan həmçinin hərbi əsirlərin, məhbusların və həbs edilmiş şəxslərin hərtərəfli mübadiləsinə, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, habelə minalardan təmizləmə işləri ilə bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Beynəlxalq ictimaiyyəti, Avropa İttifaqı və regionun digər ölkələrini davamlı sülhün reallığa çevirilməsi üçün dəstək verməyə çağıran Nikol Paşinyan davamlı dəstək və beynəlxalq diqqətin qeyd edilən prinsiplər əsasında sülh müqaviləsinin imzalanması, həm Ermənistan, həm Azərbaycanın 1991-ci il sərhəd xəttindən qoşunlarını geri çəkməsi üçün vacib olduğunu vurğulayıb. Bundan əlavə, Paşinyan qarşılıqlı əsasda iki ölkə arasındakı anklavlar məsələsini həll etməyə hazır olduğunu bildirib. Ermənistan Baş Naziri çıxışı zamanı həmçinin Qarabağ münaqişəsindən, Azərbaycanın ötən ay apardığı hərbi əməliyyatlardan, Ermənistanda demokratiya və ona qarşı təhdidlərdən, habelə Ermənistanın mütəffiqlərinin hərəkətsizliyindən danışıb. Paşinyan Azərbaycanın ötən ay apardığı hərbi əməliyyatları və sonrasında 100 mindən artıq Qarabağ ermənisinin Ermənistana köçməsinin “etnik təmizləmə” olduğunu deyib. Avropa Parlamentinə Qarabağda baş verənləri “öz adı ilə adlandırdığına” görə təşəkkür edən Paşinyan bunun öz vətənindən didərgin düşmüş insanların hüquqlarının gələcək müdafiəsi üçün çox vacib olduğunu qeyd edib. 2021-ci ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərinə hücum etdiyini və 4 kilometrə qədər irəlilədiyini deyən Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməli olan mütəffiqlərinin heç bir kömək etmədiyini deyib. “Təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki xarici təcavüz zamanı kömək etmədilər, həm də Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı açıq çağırışlar etdilər”, Paşinyan əlavə edib. Onun sözlərinə görə, xarici təcavüzdən, müttəfiqlərin hərəkətsizliyindən, müharibə hədəsindən və humanitar böhrandan Ermənistanda çaxnaşma yaratmaq, onun suverenliyini şübhə altında qoymaq və hətta oyuncaq hökumət qurmaq cəhdləri üçün istifadə olunub, amma hər dəfə xalq və demokratiya ölkənin suverenlik və müstəqilliyini xilas edib. Rəsmi Bakı Qarabağda etnik təmizləmə siyasətinin aparılmasını qəti şəkildə rədd edir və ermənilərin bölgəni tərk etməyə məcbur edilmədiklərini qeyd edir. Azərbaycan Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini vəd edib. Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.(Amerikanın Sesi)

HƏMAS lideri Haniyənin oğlu öldürüldü

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə "Jewish Press.com" saytı məlumat yayıb. Bildirilib ki, Hazem İsmayıl Haniyənin Qəzzada İsrail ordusunun hücumları zamanı öldürüldüyü barədə məlumat dəqiqləşdirilir. Digər məlumata görə, kiçik Haniyəyə 2022-ci ilin iyul ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyədəki digər ailə üzvlərinə qoşulmaq üçün Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməyə icazə verilib. Lakin o vaxtdan bəri HƏMAS liderinin oğlu anklava gəliş-gediş edib.

İsraildən dəhşət: Xəstəxananı vurdu, yüzlərlə ölü...

İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurub. Sozcu.az xəbər verir ki, hücum nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. "Əl-Cəzirə" ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.

“Separatçı rejimin sənədlərinin Bakının əlinə keçməsinə imkan verməyin” - SENSASİYA

Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan yerli İT mütəxəssislərinə müraciət edərək Qarabağda separatçı rejimin zamanında fəaliyyət göstərən saytların bərpasını və məlumatların etibarlı mediaya ötürülməsini xahiş edib. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib. “Arxiv materiallarının düşmən əlinə keçməməsi üçün onlar məhv edilib. Üstəlik, söhbət hətta sosial şəbəkələrdə belə olmayan hüquqi aktlardan gedir. Mövcud rəsmi saytlar Azərbaycan hakimiyyəti tərəfindən bir neçə saat ərzində bağlanıb. Bu materiallar son dərəcə mühümdür və əhəmiyyəti əvəzsizdir. Həmin sənədlərin mənbələrinin tamamilə məhv edilməsinə yol vermək olmaz”, - deyə keçmiş nazir yazıb. Qeyd edək ki, bu paylaşım bizim yerli ekspertlər üçün əslində bir siqnal olmalıdır.Musavat.com

DTX-nin saxladığı 10 erməni: Onlar kimdir? - Maraqlı məlumatlar

Sentyabr ayının 19-20-də keçirilən antiterror əməliyyatlarından sonra separatçı qurumun “müdafiə ordusu” ağ bayraq qaldıraraq təslim olmuş, daha sonra isə sentyabrın 28-də qondarma rejimin “prezident”i Samvel Şahramanyan tanınmamış “DQR”in “dövlət strukturları”nın 1 yanvar 2024-cü ilə qədər ləğv edilməsi barədə “sərəncam” imzalamışdı.  Sıravi Qarabağ ermənilərinin bölgədən könüllü əsaslarla başladılan köçündən sonra əli günahsız azərbaycanlıların qanına batmış bəzi separatçı rejim nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış və onların bir çoxu Bakıya gətirilmişdi.  Sozcu.az Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunan separatçılarla bağlı məlumatları təqdim edir: Siyahıda ilk yerdə İkinci Qarabağ müharibəsi zamanı əli sıravi şəxslərin qanına batan, Gəncənin bombalanmasını əmr edən Araik Arutyunyan dayanır. Uzun illər separatçı rejimin “Baş naziri” və “dövlət naziri” “vəzifə”lərində çalışan A. Arutyunyan 19 may 2020-ci ildən 31 avqust 2023-cü ilə qədər qondarma “DQR”in 4-cü “prezidenti” “post”unu tutmuşdu. O, sələfləri kimi 3 oktyabr 2023-cü ildə DTX tərəfindən saxlanılaraq Bakıya gətirilmişdi.  Siyahıda növbəti yerləri isə separatçı qurumun sabiq “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan tutur. Qondaram rejimin 2-ci “prezident”i olan A. Qukasyan 1997-2007-ci illərdə müvafiq “vəzifə”də çalışmışdı. B. Saakyan isə 2007-2020-ci illərdə “prezident” “vəzifə”sini icra etmişdi. DTX tərəfindən Bakıya gətirilən sabiq “rəhbərlər” barəsində də müvafiq olaraq cinayət işi açılmış və həbs qətimkan tədbiri seçilmişdir.  Qondarma rejimin sabiq xarici işlər naziri, 5-ci “prezident” Samvel Şahramanyanın “müşavir”i olan Davit Babayan isə siyahımızda 4-cü yeri tutur. D. Babayan da Azərbaycana qarşı hədyan dolu çıxışlarla yadda qalan separatçılardan biri olmuşdu. O, “vəzifə”də olarkən qondarma “Artsax”ın heç bir zaman Azərbaycanın tərkib hissəsi olmayacağı ilə bağlı sərsəm bəyanatlarla çıxış etmişdi. D. Babayan 29 sentyabrda saxlanılmışdı.  Siyahıda 5-ci yerdə “Daşnaksutyun” Partiyasının üzvü, separatçı rejim “parlament”inin “spiker”i Davit İşxanyanın adı var. Avqustun 7-də “parlament” “spiker”i “postu”nu tutan D. İşxanyan A. Arutyunyan, A. Qukasyan və B. Saakyanla birlikdə oktyabrın 3-də DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib.  Qondarma rejimdə “dövlət naziri” “post”unda cəmi-cümlətani 4 ay qalan Ruben Vardanyan isə siyahıda 6-cı yerdə qərarlaşıb. Erməniəsilli rusiyalı emissar ötən ilin yay aylarında qanunsuz şəkildə Qarabağa gəlmiş və Rusiya vətəndaşlığından imtina edərək separatçı “Artsax”ın “dövlət naziri” “vəzifə”sinə təyin olunana qədər bölgədə “humanizm fəaliyyətlər” aparmışdı. Milyarder R. Vardanyanın adı Qarabağa gəlməmişdən öncə də bir sıra korrupsiya əməllərində də hallanmışdı.  Özünü buraxan “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” Davit Manukyan da Azərbaycanın “radar”ına düşən separatçılar sırasında 7-ci yeri tutub. O, terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib. Siyahıda 8 və 9-cu yerlərdə isə qondarma rejimin sabiq “müdafiə naziri” Levon (Lyova) Mnatsakanyan və tanınmamış “DQR”in “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan dayanır. Onlar sentyabrın 29-da Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılmışdılar.  Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının iştirakçılarından biridir.  Siyahıda sonuncu, 10-cu yerdə isə Xocalı qatili, Meşəli kəndində 27 insanın ölümündə əli olan separatçı Vaqif Xaçatryanın adı var. O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılıb.  Beləliklə də, hazırda Bakıda yerləşən istintaq təcridxanasında 10 separatçı saxlanılaraq cəzalarını gözləməkdədir. Lakin, bu, hələ son deyil. Azərbaycan qatil Samvel Babayan, Xocalı cəlladı Vitali Balasanyan, eləcə də müharibə dövründə komandan olmuş Robert Koçaryan və Serj Sarkisyan barəsində də axtarış elan etmiş və onların Bakıya gətirilməsi istiqamətdə işləri davam etdirir.

Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik!

Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib. "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir", - dövlət başçısı vurğulayıb.

Ukrayna “qan gölü”nə çevrilib: 289 min rus “boğulub”

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 800 hərbçisini itirib.  Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 289 430 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 20 zirehli döyüş maşını, 26 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Paşinyan Azərbaycana qarşı çıxan məşhur ermənini tutdurmaq istəyir

Qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan ötən gün bəyan edib ki, o, “prezident” Samvel Şahramanyanın “fərman”ının ləğvinə qarşı mübarizəyə başlayacaq.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Erməni nəşri əlavə edib ki, onun bu ifadələrindən sonra dünən barəsində Ermənistanın Cinayət Məcəlləsinin 550-ci - “Hərbi qulluqçuların səhlənkarlığı” maddəsi ilə cinayət işi başlanıb.  Qəzet iddia edir ki, bununla da Ermənistan hakimiyyəti əlində qılıncla qondarma “Artsax”ın “hərbi-siyasi rəhbərliyi”nin başının üstünü kəsdirib ki, Nikol Paşinyana qarşı aksiyalara başlamaq heç kimin ağlına gəlməsin.  KİV vurğulayıb ki, S. Şahramanyanın sentyabrın 28-də imzaladığı, Qarabağın “dövlət strukturları”nın buraxılması və yanvarın 1-dən tanınmamış “DQR”in mövcudluğunu dayandırması barədə “fərman”ına gəlincə, S. Şahramanyan onu hansı şəraitdə imzaladığını hələ aydınlaşdırmayıb:  “Yalnız o məlumdur ki, bundan əvvəl o, “təhlükəsizlik şurası”nın “iclas”ı çərçivəsində “Artsax”ın “keçmiş prezidentlər”i ilə görüşüb. Mənbələrimiz bildirib ki, S. Şahramanyan bunu imzalamazdan əvvəl “Artsax rəhbərləri” məsələni müzakirə ediblər. Onlar deyiblər ki, imzalanan “fərman”ın heç bir hüquqi qüvvəsi yoxdur, bu, “konstitusiya”ya ziddir. Çünki “Artsax prezidenti” “məhkəmə sistemi”ni ləğv edə bilməz və yalnız “xalq” “referendum” yolu ilə “respublika”nı ləğv edə bilər”.  Qəzet yazır ki, Paşinyan və komandası bundan təbliğat məqsədilə istifadə edir, qondarma “Artsax”ın təslim olmasının günahını S. Şahramanyan və digərlərinin üstünə atır: “İndi “Artsax hökuməti”nin nümayəndələri İrəvandakı “Artsax nümayəndəliyi”nə toplaşanda Paşinyan mümkün hadisələrdən ehtiyat edərək onlara qarşı yeni silahlardan istifadə edir”.  Sözügedən KİV iddia edib ki, Paşinyan İrəvana sığınan "Artsax" liderlərini təqib etdirir. Qəzetin yazdığına görə, Samvel Babayan Bakının maraqlarına qarşı çıxdığı üçün Ermənistan hakimiyyəti onu həbs etdirmək istəyir. 

Vəkili Xaçatryandan imtina etdi, yenisi təyin olundu

Vaqif Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. Sozcu.az xəbər verir ki, o, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın hüquqlarını vəkil Radmila Abulova qoruyacaq.

Tanınmış jurnalistin biznesmen əri niyə intihar etdi?

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli ötən gün intihar edib. Sozcu.az xəbər verir ki, Orxan Məmmədli iş adamı olub, “Avantaj” turizm şirkətinə rəhbərlik edib. Orxan eyni zamanda Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Sosial şəbəkələrdə yayılan iddiaya görə, intiharın səbəbi Orxan Məmmədlinin külli miqdarda borcu olmasıdır. Ailəni tanıyanlar cütlüyün bir-birini çox sevdiyini də vurğulayır. Orxan Məmmədlinin qürurlu olduğu, borclu qalmağı ləyaqətinə sığışdırmadığı üçün özünə qəsd etdiyi bildirilir.

Meşəlidə terror törədən ermənilərin adları açıqlandı

Hazırda məhkəməsi keçirilən Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adı məlum olub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Zina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikoviç, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglarovic, Avakyan Artur Vartanoviç, Sarkisyan Surik Armaisoviç, habelə Verdi Allahverdiyan. Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç, Qavruşa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərdir. Onlar Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı harbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər. Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli layaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönəlinın hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xoca Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döymək, nalayiq sözlərlə təhqir etmək, öldürməklə hədələmək, əmlaklarını məhv etmək və onların fiziki məhvinə yönəlmiş digər əməllər törədiblər.

Qəzzada köçkünlərin sayı 1 milyona çatdı

İsrailin bombardmanları nəticəsində Qəzza zolağındakı evlərini tərk edənlərin sayı 1 milyon nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

"Netanyahu Haaqa Məhkəməsində mühakimə olunmalıdır" - İspaniyalı nazir

İspaniyanın sosial hüquqlar naziri vəzifəsini icra edən İone Bellara İsraili Qəzza zolağında soyqırıma cəhddə ittiham edib. Sozcu.az xəbər verir ki, o çıxışında həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə etməyə çağırıb. “İsrail Qəzza zolağında planlı soyqırım həyata keçirir, yüz minlərlə insanı su və işıqsız qoyur və heç bir təhlükəsizlik zəmanəti olmadan onların təxliyəsini tələb edir”, – deyə Bellara vurğulayıb.

Brüsseldə terror aktı olub, iki nəfər ölüb

Belçikanın paytaxtında terror aktı törədilib. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Qeyd olunub ki, naməlum şəxs avtomatla iki nəfər İsveç vətəndaşını öldürüb. Polis münaqişənin səbəblərini araşdırır.

Bank işçisi meşədə özünü asdı

Lənkəranda intihar hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Lerik rayon Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov Lənkəran rayonunun Rvo kəndində şadlıq sarayının arxasındakı meşə massivində özünü asaraq intihar edib. R.Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil. Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov banklardan birinin Lənkəran filialının işçisi olub.

I kurs tələbəsi ürəktutmasından öldü

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Bəxtiyar Paşayev dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, o, universitetə gedərkən ürəktutmasından vəfat edib. Qeyd edək ki, 2005-ci il təvəllüdlü B.Paşayev AzTU-nun 1-ci kursunda təhsil alırmış. O, bu gün sakini olduğu Biləsuvar rayonununda dəfn olunub. 

İmran Xan edam oluna bilər

Pakistan hökumətinin keçmiş rəhbəri, (Ədalət Uğrunda Hərəkat müxalifət partiyasının sədri İmran Xanın dövlət sirlərini açıqladığı sübut olunarsa, siyasətçi ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər. Bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib. “İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və “Dövlət sirləri haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – Abbasi deyib. Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. Bu işdə təqsirləndirilən digər şəxs isə partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşidir. Mənbə: TASS

İstefa verməyəcəyəm! - Zurabişvili

İstefa verməyə hazırlaşmıram. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili xüsusi brifinqdə çıxışında deyib. Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvili barəsində impiçment prosesinin başlanmasına müsbət rəy verib.