Erməni canisindən SARSAQ İDDİA - yanvarın 1-dək...

Ermənistanda yenidən baş qaldırmağa çalışan canilər Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyanın imzaladığı “sənəd”in ləğvi ehtimalının olduğundan danışmağa başlayıblar. Musavat.com-un məlumatına görə, bu barədə oktyabrın 14-də “Vahid Vətən” partiyasının başçısı Samvel Babayan erməni mediasına deyib. “Sərəncam imzalayanda yazdılar ki, yanvarın 1-dək qüvvədədir. Yeganə legitim orqan Artsaxın Milli Məclisidir ki, bu sərəncama baxmalı, məhkəməyə göndərməlidir, görəcəklər ki, nə qədər qanuni olub, yoxsa yox. Parlament bundan sonra atacağı addımlarla bağlı qərar verəcək. Əgər o, buna əməl etməsə, prezidenti vəzifəsindən uzaqlaşdıracaq, idarə etmək üçün yeni qurum seçəcək, bütün xalqı köçürməyə və ya problemi danışıqlar yolu ilə həll etməyə çalışacaq” - S.Babayan sərsəmləyib. Xatırladaq ki, Samvel Şahramanyan 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “fərman” imzalayıb, ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və idarə təşkilatları”nın buraxılacağını, “artsax”ın mövcudluğunu dayandıracağını elan edib.

"Qarabağdakı separatçı liderlərin hər biri canidir" -Erməni yazıçı

“Son 30 ildə biz həm Ermənistanda, həm də Qarabağda (separatçı-red.) hakimiyyəti əclaflardan formalaşdırmışıq. Onların hamısı günahkar və canidir. Qarabağın (separatçı-red.) liderləri həmişə Baqramyan küçəsindən (Ermənistanda mərkəzi hakimiyyəti orqanlarının yerləşdiyi küçədir-red.) idarə olunublar”. Sozcu.az caliber.az saytına istinadən xəbər verir ki, bu sözlər erməni yazıçı Vardqes Ovyanın yerli “Hraparak” qəzetinə müsahibəsi zamanı səslənib. Hovyan həmin müsahibədə Qarabağda ləğv edilmiş xunta liderlərinin həbsini əks etdirən kadrları şərh edib. “Əlbəttə, onların düşmən (Azərbaycanı nəzərdə tutur-red.) keçməsi təəssüf doğurur. Biz hamını, xüsusən də İrəvanda oturanları mühakimə etməliyik. Bizim “Qarabağ liderləri” isə xırda vassal olublar. Ruben Vardanyana görə də çox təəssüflənirəm. Bu adam özü də bilmirdi ki, hara gedib. Ola bilsin ki, gəncliyində romantik illüziyalarla buradan ayrılıb, dünyanı görüb. Orada (Qarabağ-red.) gəlib özünü nə əxlaqın, nə də insanlığın olmadığı tamam başqa bir dünyada görüb. Sonradan o, Qarabağdakı “hökuməti” (qondarma-red.) xalq vasitəsilə yox, ətrafı vasitəsilə öyrəndi”, - deyə Vardqes Ovyan qeyd edib.

Xocalı qatili Vitali Balasanyan MTX-də dindirildi

Xocalı qatili, azərbaycanlı dinc sakinlərə və əsirlərə qarşı xüsusi qəddarlığı ilə məşhur olan cani Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan mediaya açıqlamasında deyib. Vəkil Balasanyanın niyə çağırıldığını deməsə də, yalnız şahid qismində ifadə verdiyini vurğulayıb. Qeyd edək ki, Balasanyanın ən son üzə çıxan cinayətlərindən biri də azərbaycanlı döyüşçü Natiq Qasımovu xüsusi işgəncə və qəddarlıqla qətlə yetirməsidir. Onun 19-20 sentyabr antiterrir tədbirlərindən sonra Ermənistana necə qaça bildiyi bəlli deyil.

Abbas İsrailin təklifini rədd etdi: HƏMAS cavab verir!

Fələstinlilərin Qəzzadan köçürülməsi təklifini tamamilə rədd edirik. Sozcu.az “Yerusəlim Post”a istinadla xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas ABŞ Prezidenti Co baydenlə telefon danışığında bildirib. M.Abbas İsrailin Qəzzaya ölümcül hücumuna HƏMAS-ın cavab verdiyini qeyd edib.axar)

Samvel Babayan deyir ki, haylara “xüsusi status” verilməsə, onlar geri qayıtmayacaq...

“Biz ilk növbədə başa düşməliyik ki, Azərbaycan nəyə hazırdır, hansı danışıqlara hazırdır”. Qarabağdakı gorbagor separatçı-terrorçu rejimin keçmiş “müdafiə naziri”, 1994-cü il “atəşkəs”inin həmmüəllifi, sentyabrın 19-20-dəi hərbi əməliyyatlarda sonra müəmmalı şəkildə Ermənistana keçmiş general Samvel Babayan jurnalistlərə bildirib ki, o, Qarabağ ermənilərinin geri köçürülməsini real hesab edir. Moderator.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb. “Göndərdiyimiz təkliflər paketi, hazırdırsa, bu barədə danışacağıq, o səlahiyyətləri alacağıq, kimin danışıqlar aparacağını anlayacağıq. İndi bunu müzakirə etməyə çalışmaq düzgün deyil”. Babayan bildirib ki, Azərbaycan öz daxili problemini Ermənistanla müzakirə etmək istəmir. “Azərbaycan Qarabağ problemini özünün daxili problemi hesab edir və bunu sizinlə müzakirə etməyə hazır olmayacaq, ancaq Qarabağ xalqı seçdiyi rəhbəri ilə bunu müzakirə edərsə, bu, artıq başqa problemdir”,- separatçı general belə deyib. Sonda Babayan çərənləyir ki, Qarabağdan köçən ermənilərə xüsusi status, muxtar vilayət statusu verilməsə, onlar geri qayıtmayacaq.

Qarabağda haylardan müsadirə olunmuş silahlar Ermənistana aparılacaq?.. - Ekspert

"Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar...” "Rusiya “sülhməramlı” kontingentinin əsgər və zabitlərinin sayı dəyişməyib, lakin qeyri-qanuni silahlı birləşmələrdən ələ keçirilən silahlar hesabına "sülhməramlı"ların daha çox silahı var". Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında “PsyLand” psixologiya və inkişaf mərkəzinin əməkdaşı, hərbi ekspert Azad İsazadə söyləyib. "Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar. Azərbaycan 2 minə yaxın pulemyot və qumbaraatan, “sülhməramlı”lar isə 7 minə yaxın silahı müsadirə edib. Müsadirə olunan silahların taleyi həll olunacaq və çox güman ki, Ermənistana aparılacaq, Bakı buna qarşı çıxış etmir”, - deyə İsazadə bildirib. Ekspert 2023-cü il sentyabrın 20-dən sonra “sülhməramlı”ların postlarında və bir sıra yerlərdə Azərbaycan ordusunun əsgərləri ilə birgə meşələrdə gizlədilmiş silahlıların - Qarabağın ləğv edilmiş ordusunun keçmiş əsgərlərinin yerləşə biləcəyi ərazilərə baxış keçirdiyini də qeyd edib. Onun sözlərinə görə, Qarabağda fəaliyyət göstərən “sülhməramlı” postlarının sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur, lakin “erməni əhalisinin ölkədən getməsi ilə bağlı yaranmış yeni situasiyadan sonra postların təxminən yarısı yararsızlıq üzündən ləğv edilib. “Xüsusən də Xocalı aeroportu ətrafındakı postlarda olan hərbi qulluqçular kazarmalara qayıdıb, postlar ləğv edilib”, - deyə ekspert vurğulayıb. Bundan əlavə, Azərbaycan postları quraşdırılıb. "Azərbaycan tərəfi Qarabağda asayişi qorumaq üçün daxili qoşunları və ordusunu yerləşdirib. Sərhəd xidməti Azərbaycan-Ermənistan sərhədində tapşırıqları yerinə yetirir", - deyə Azad İsazadə əlavə edib.

Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyuldu: Onun həbs...

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib. Baxmayaraq ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı. AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib. “Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”, - Hacıyev deyib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, AFFA prezidenti Estoniyaya Azərbaycandan çıxışına qadağa qoyulduğu üçün gedə bilməyib. Məlumata görə, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti aşkarlanıb. Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir.

"Bundan sonra hədəfimiz İrandır" - İsrail səfirindən ŞOK AÇIQLAMA

Ayətullahlar rejimi bu gün tam olaraq İkinci Dünya müharibəsindəki Almaniyanın nasist rejiminə çevrilib. Sozcu.az axar.az-a istinadla xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Ardan xarici mediaya açıqlamasında deyib. O, HƏMAS-ın ardınca İranın əsas hədəf olacağını bildirib: "Dünya anlamalıdır ki, onları ciddi şəkildə təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün böyük təhlükədir. İsrailə qarşı hücumlarda İranın əli olduğuna 100 faiz əminik. Tehranın bölgədə proksi qüvvələrini silahlarla təmin etdiyini nəzərdən qaçırmamalıyıq. HƏMAS oktapodun (səkkizayaq - red) ayaqlarından yalnız biridir. Onlarla problemimizi həll edən kimi İsrailin əsas prioriteti İran təhlükəsi ilə mübarizə aparmaq üçün dünyanı birləşdirmək olacaq".

HƏMAS-dan Türkiyəyə çağırış: İsraili dayandırın!

HƏMAS-ın siyasi liderlərindən Xalid Meşal Türkiyəyə çağırış edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Türkiyəyə çox böyük hörmətim var. Ankara İsrailin hücunlarına müdaxilə edib, dayandırmalıdır”, - X.Meşal çağırışında bildirib.

HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri öldürülüb

İsrailin Müdafiə Ordusu Qəzzada HƏMAS qruplaşmasının rəhbərlərindən biri olan Murad Əbu Muradı məhv edib. “Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. O, HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbəri idi. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

İlham Əliyev Ərsin Tatarla görüşdü

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarla görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir. Ərsin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

24 saat tamam oldu: ÇAXAL daha 6 saat vaxt verdi

Qəzza zolağı sakinləri daha 6 saat ərzində cənub istiqaməyinə sərbəst gedə biləcəklər. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "Qəzza sakinlərini Qəzza şəhərini tərk etməyə və təhlükəsizlikləri üçün cənuba doğru getməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, İsrail ordusu saat 10:00-dan 16:00-a (12:00-18:00) bu küçələrdən heç bir problem olmadan keçməyə icazə verəcək. Bu vaxtdan cənuba getmək üçün istifadə edin”, – İsrail ordusunun sözçüsü Avixay Adrai X sosial şəbəkəsində yazıb. Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzanın şimalından cənubuna getmək üçün sakinlərə 24 saat vaxt vermişdi. Qəzzanın şimalında 1 milyondan çox insan yaşadığı üçün BMT və AB bu vaxtın çox az olduğunu bildirmişdi.

Azərbaycanda ali məktəblər pulsuz təhsilə keçir: Bu il...

Son illər istər sosial şəbəkələrdə, istər tələbələr tərəfindən bildirilən şikayətlərdə bir çox ali təhsil müəssisələrində təhsilhaqqını ödəməkdə çətinlik çəkən tələbələrin olduğu bildirilir.  Təbii ki, bir tərəfdə öz ödənişini tələb edən müəssisə, digər tərəfdə maddi imkanları zəif olduğu üçün tələb olunan vəsaiti ödəyə bilməyən tələbə olduqda ortaq qərar vermək asan deyil.  Bəziləri ali təhsilin pulsuz olmasının tərəfdarıdır. Bəs bu Azərbaycan reallığında mümkündürmü?  Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda ölkədə ödənişsiz ali təhsilin əlçatan olduğunu bildirib:  “Hazırda Azərbaycanda ali təhsil tamamilə pulsuzdur. Rəqəmlər üzərindən baxsaq, 2019-cu ilə qədər ali təhsil müəssisələrinin qəbul plan yerində cəmi 12 min dövlət sifarişi üzrə pulsuz yer var idi. Amma 2023-ci ildə bu rəqəm 28 min oldu.  Təhsil müəssisələrindən bu il 55 800- 56000 minə kimi yer var idi və bunlardan 52%-i dövlət sifarişli idi. Bu il 1-ci ixtisas qrup üzərin 200 balla pulsuz ixtisaslara qəbul olmaq mümkün olubdur.   Məsələn, Gəncə Aqrar Universitetində 188-190 balla pulsuz təhsil alan tələbələr vardı.  Bundan da aşağı pulsuz təhsil olmayacaq ki!  Əlavə olaraq 2, 3 həmçinin 4-cü ixtisas qrupu üzrə 200, 230 balla təhsil alan tələbələr vardır.  Məsələn, 1-ci ixtisas qruplarında özəl universitetlərdə 203 balla ödənişsiz təhsil alan tələbələr vardı.  Bundan da aşağı biliyə malik olan insanların təhsil haqqını dövlət ödəməli deyil...  Yəni Azərbaycanın təhsil müəssisələrində ali təhsilin əlçatanlığı təmin olunub və hər il də mütəmadi olaraq say artırılır”.  Ekspert növbəti illərdə dövlət sifarişli plan yerlərinin daha da artırılacağını açıqlayıb: “Bu il tələbələrin 52 faizə qədəri ödənişsiz təhsil alır. Bundan əlavə ödənişli əsaslarla təhsil alan tələbələr var ki, onlar ödənişli olsalar da aztəminatlı ailələr, məcburi köçkün, şəhid ailələrini təmsil etdiləri üçün ödəniş etmirlər.  Növbəti illərdə plan yerləri 60 minə çatacaq. “Bu mütəxəssislərin sayının azalmasına səbəb olacaq” fikri isə tamamilə yanlışdır. Mütəxəssislər imtahan balları ilə yetişmirlər, onlar ali məktəblərdə yetişirlər. Qıbul imtahanı zamanı toplanan bal isə sadəcə ixtisas seçimi üçündür. Bu vaxt abituriyentlər ixtisaslarını seçirlər və 4 il təhsil müddətində mütəxəssisə çevrilirlər”. 

Araikə görə ölüm hökmü bərpa olunur? - Hüquqşünasdan açıqlama

“Azərbaycan tərəfindən həbs olunan separatçılar barəsində ölüm hökmünün çıxarılması qeyri-mümkündür”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib. O, DTX təcridxanasında saxlanılan separatçılara görə ölüm hökmünün bərpa olunması çağırışlarına münasibət bildirib: “Avropa Şurasının (AŞ) üzvü olan hər bir dövlət ölüm hökmünün tətbiqini istisna edir. Yəni AŞ üzvü olmanın əsas tələblərdən biri ölüm hökmünün ləğv olunmasıdır. Azərbaycanda o, ləğv edilib. Bilirik ki, bəzi ölkələrdə, hətta ABŞ-nin bəzi ştatlarında ölüm hökmü var, ancaq indi hər şey ona gedir ki, bütün ölkələrdə ölüm hökmü ləğv olusun. Bu artıq tendensiyadır və Azərbaycan da keçmişə qayıda bilməz. Lakin ölüm hökmünün bərpası təklifləri mütəmadi olaraq cəmiyyətdə səslənir. Eləcə də Avropa Şurasının üzvü olan bəzi ölkələrdə, xüsusilə, Rusiyada. İndi Rusiya Avropa Şurasının üzvü deyil deyə, bəlkə də onu hüquqi cəhətdən bərpa edə bilər, ancaq bu, əhali arasında olan fikirlərdir və rəsmilər onu dəstəkləmir”. Ə. Mustafayevin sözlərinə görə, bir neçə il bundan əvvəl Azərbaycanda pedofillərə və çoxsaylı qətllər törədən şəxslərə ölüm cəzasının verilməsi ilə bağlı təkliflər səslənib: “Amma bu, cəmiyyətdəki nifrət və hüquqi biliklərin azlığından irəli gələn fikirlərdir. Şəxsən mən bir hüquqşünas, vətəndaş olaraq bunu dəstəkləmirəm, çünki ölüm hökmünün ayrı-ayrı – məsələn, terrorçular, pedofillər, qatı cinayətkarlar və s. bu qəbildən olan şəxslərə tətbiqi, ümumiyyətlə, hüquqdan uzaq bir addım ola bilər Düşünürəm ki, hər bir məhkəmə səhvini bərpa etmək olar. Yəni azadlıqdan məhrum olunub 10-15 il həbs yatan insanlar var ki, sonradan onların günahsız olduğu məlum olur. Hökumət çox zaman belə səhvləri düzəldir, bu adamlara bəraət, eləcə də böyük məbləğli kompensasiya verir. Lakin yeganə düzəldilə bilməz səhv ölüm hökmünün icrasıdır. Yaxın keçmişdə çoxsaylı belə səhvlərin mövcudluğu bəllidir. Məsələn, SSRİ dövründə seriya qatil Aleksandr Çikatilonun törətdiyi cinayətlərə görə qətllərə aidiyyəti olmayan 2 nəfəri edam olunub. Sonradan onların günahsız olduğu üzə çıxdı”. Həmsöhbətimizin fikrincə, ölüm hökmünün şəxslərə görə bərpa olunması, ümumiyyətlə, düzgün yanaşma deyil: “Ona görə də bu təklifləri dəstəkləmirəm. Ən əsası odur ki, biz Avropa Şurasının üzvüyük və hüquq sistemi inkişaf etməli, ölüm hökmü geri qayıtmamalıdır. Onsuz da Azərbaycanda ömürlük həbs cəzası var və bu cəza elə ölümə bərabərdir. Bəlkə də bu, cinayətkar üçün daha çox əziyyətlidir. Yəni belə rahat ölümdənsə, cani kamerada tək-tənha qalıb törətdiyi əməllər barədə uzun illər düşünsün, peşmanlıq çəksin”.

Başlandı: İrəvanda “artsax dövlətçiliyinin qorunması komitəsi” yaradıldı...

"Bu, Putinin 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından sonra Qarabağda başlatdığı yeni “KQB”-“FSB” ssenarisinin Ermənistandakı ilk cücərtiləridir..."  Ermənistanın “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyanın təsis etdiyi “artsax dövlətçiliyinin qorunması komitəsi” Ermənistanda yeni siyasi gündəm müəyyən edib. Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” qəzeti məlumat yayıb. “Hakimiyyətin və müxalifətin susmasını” vurğulayan Petrosyan ötən gün mətbuat konfransı zamanı komitənin prioritetlərini açıqlayıb.  “A. artsax respublikasının subyektivliyinin və ilkin mandata malik qurumlarının qorunması B. artsax respublikası vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnun Ermənistan Respublikası və beynəlxalq məhkəmələr tərəfindən tanınması C. artsax respublikası vətəndaşlarının öz vətənlərinə təhlükəsiz qayıtmasının təmin edilməsi”. “Johovurd” qəzeti öz mənbələrindən öyrənib ki, Suren Petrosyan artıq  gorbagor separatçı-terrorçu rejimin bir neçə üzdəniraq “deputatı” və “naziri” ilə görüşməyə və “prioritet”ləri müzakirə etməyə nail olub. “Bizə məlumat verildi ki, yaxın həftə ərzində komitənin formatında yeni inkişaflar gözlənilir”- erməni nəşri belə yazır. Xatırladaq ki, keçmiş separatçı-terrorçu rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan, sabiq “müdafiə naziri” Samvel Babayan, qondarma “ombudsman”  Qegam Stepanyan və s. başda olmaqla bir sıra liderləri Ermənistana keçməyi bacarıb...  P.S. Hələ 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından bir müddət sonra yazmışdıq ki, Putin Qarabağda yeni “KQB”-“FSB” ssenarisi başladıb. Ondan sonra  "sülhməramlı"ların Qarabağdan köçən erməniləri geri qaytarması, Qarabağdakı separatçı-terrorçuların silah-sursatla təmin edilməsi, indi isə yenidən kütləvi şəkildə Ermənistana köçmələri  və s. həmin ssenarinin tərkib hissəsidir. Hesab edirik ki, Kremlin növbəti planlarına, imperiyanın varlığını qoruyub saxlayacaqları təqdirdə, bir müddət sonra – məqamı yetişəndə Qarabağdan köçmüş hayların geriyə qayıtma, “torpaqlarını azad etmə”, “dövlətçilik”lərini bərpa arzusu və enerjisindən yararlanaraq Azərbaycan dövlətini və xalqını təzyiq altında saxlamaq, yenidən hayların Qarabağda “partizan”-təxribat hərəkatını təşkil etmək,  və s. daxildir. İrəvanda sarsax ideologiyalı hay siyasətçilərinin “artsax dövlətçiliyinin qorunması komitəsi”ni yaratması da məhz bu ssenarinin ilk cücərtiləridir... O "100 minlik köç" hələ çox su aparacaq...

Beynəlxalq hüquq baxımından yanaşsaq, haqsız və işğalçı tərəf İsraildir

Fələstin məsələsində Azərbaycanın rəsmi mövqeyi düzgündür. Bakının siyasəti iki dövlətli çözümə dəstək və İsrail ilə əlaqələri səssiz-sədasız inkişaf etdirməkdən ibarətdir. Təbii ki, vətəndaşlar bu məsələdə Azərbaycan dövləti (hökuməti) ilə eyni mövqedə olmaq məcburiyyətində deyil. Hər kəsin fərqli baxışı, münasibəti ola bilər və bunu anlayışla qarşılamaq lazımdır: bir şərtlə ki, cinayətlərə, kütləvi qətllərə haqq qazandırılmasın. Subyektiv qənaətim budur ki, bu məsələyə sırf beynəlxalq hüquq baxımından yanaşsaq, haqsız və işğalçı tərəf İsraildir. Lakin o coğrafiyada yəhudilərin də öz dövlətinə sahib olmaq haqqı var. Bu gün 23 ərəb dövləti mövcuddur, kiçik bir yəhudi dövlətinin də varlığına dözümlü yanaşılmalıdır. Yəhudi tarixini bir az oxuyub, empatiya quranda dəhşətə qapılmamaq mümkün deyil. Az qala bütün yəhudi tarixi təqiblər, sürgünlər, kütləvi qətllər və soyqırımlardan ibarətdir. Bunun nəhayət ki, bir sonu olmalıdır. Şahin Cəfərli, politoloq

TƏBİB dərmanları xəstələrdən gizlədir

Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatı (Somatotrop hormon, somatropin) (qiyməti təqribən 200 AZN-dir) TƏBİB tərəfindən xəstələrə verilmir! Daha doğrusu “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq” səbəblərdən verilmir. Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırki iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər! Bu insanlar çox çətin duruma düşüblər. Həkim Aydın Əliyev

Neftin qiyməti artdı - SƏBƏB İsrail müharibəsidir...

Oktyabrın 13-də investorların İsrailin Qəzza zolağında quru reydlərinə başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyi ehtimalını qiymətləndirməsi fonunda neft qiymətləri təxminən 6 % yüksəlib. “Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, “Brent” fevral ayından bəri ən yüksək həftəlik artım nümayiş etdirib. “Brent” fyuçersləri 4,89 dollar və ya 5,7 % artaraq 90,89 dollar/barelə bərabər olub. ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı nefti 4,78 dollar və ya 5,8 % artaraq 87,69 dollar/barelə çatıb. Hər iki bençmark aprel ayından bəri ən yüksək gündəlik faiz artımını dərc edib. “Brent” həmçinin həftəlik 7,5 % artım əldə edib ki, bu da fevral ayından bəri ən böyük yüksəlişdir. WTI isə həftə ərzində 5,9 % bahalaşıb. Agentlik qeyd edib ki, Yaxın Şərqdəki münaqişə qlobal neft və qaz tədarükünə az təsir göstərib, belə ki İsrail böyük istehsalçı deyil. Bununla belə, investorlar və bazar müşahidəçiləri bunun necə arta biləcəyini və dünyanın ən çox neft hasil edən regionunda yerləşən yaxın ölkələrdən tədarük üçün nə demək ola biləcəyini qiymətləndirirlər.

Stoltenberq: İsraildəki müharibə NATO-nun Ukraynaya kömək qabiliyyətini zəiflətməyəcək

Şimali Atlantika Alyansı İsrailin Həmas yaraqlıları ilə müharibəsinə baxmayaraq, Ukraynaya köməyə davam edəcək. Sozcu.az-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq DW-yə müsahibəsində deyib. Baş katib xatırladıb ki, prezident Vladimir Zelenski Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatı) sonuncu iclasında iştirak edib. “NATO ölkələri qəti şəkildə bildirdilər ki, biz İsrailə qarşı törədilən terror aktının vəhşiliyindən narahatıq. Lakin bu, bizim qabiliyyətimizə, hazırlığımıza və Ukraynanı dəstəkləməyə davam etmək əzmimizə xələl gətirməyəcək”. Stoltenberq qeyd edib ki, Alyans bunu təkcə sözdə deyil, həm də əməldə təsdiqləyir.apa

Husilər Fələstinə 100 min döyüşçü göndərmək istəyir

Yəmənin paytaxtı Səna və üsyançı husilərin nəzarətində olan digər vilayətlərdə Fələstin xalqına kütləvi dəstək nümayişi keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli “əl-Masira” telekanalı məlumat yayıb. Nümayişçilər Fələstin bayraqları qaldıraraq, Fələstin müqavimətini dəstəkləyən şüarlar səsləndiriblər. “Ənsarullah” (husi) hərəkatının nümayəndəsi döyüşdə real iştiraka və Fələstini, Fələstin xalqını və müqəddəs yerləri müdafiə etmək üçün yüzminlərlə döyüşçü göndərməyə hazır olduqlarını bəyan edib.

Hadisələrin canlı şahidi: “Xaçaturyan gözümün qabağında baş kəsib” - Video

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçaturyan azərbaycanlı əsirlərə belə əzab verib. Sozcu.az xəbər verir ki, RTV bununla bağlı sujet hazırlayıb. Həmin sujeti təqdim edirik:

"Mənə su əvəzinə sidik içirtdi": Balasanyanın şok cinayəti üzə çıxdı! Əsirlikdəki o qadın danışdı! VİDEO

Ötən ay tarixi anlar yaşadıq. Ordumuz Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə bayrağımızı ucaltdı. Torpaqların azad edilməsindən sonra növbəti sevindirici xəbər isə separatçıların həbsi ilə bağlı oldu.  Bununla belə, azadlıqda hələ də separatçılar var ki, onlardan biri də  Qarabağda keçmiş separatçı dəstənin “rəhbərlərindən” olan Xocalı qatili Vitali Balasanyandır.   Amma erməni və bizim bəzi sosial media istifadəçiləri terrorçu Balasanyanla bağlı yazıblar ki, Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırovla dostluq edib, xocalıları geri qaytaran da odur. Bəs bütün bunlar nə dərəcədə həqiqəti əks etdirir? Əslində Xocalıda 26-dan 27-ə keçən gecə nələr baş verib? Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi Dürdanə Ağayeva "TV Müsavat"a bütün həqiqətləri danışıb.  Musavat.com həmin videomaterialı təqdim edir.

ABŞ-dan İsrailə: Əməliyyatı təxirə sal!

ABŞ hakimiyyəti İsraildən Qəzza zolağında quru əməliyyatının başlamasını mülki şəxslər üçün təhlükəsiz dəhliz yaradılana qədər təxirə salmağı xahiş edib. Sozcu.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. İsrail tərəfinin bu tələbi təmin edib-etmədiyi məlum deyil.

İsrailin zərbələri nəticəsində 614 uşaq, 370 qadın ölüb

İsrail ordusunun Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 1990 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumata görə, İsrailin zərbələri nəticəsində 7696 fələstinli də yaralanıb. Ölənlər arasında 614 uşaq, 370 qadın var.