Müəllimlərin sertifikasiya imtahanı bu aylarda KEÇİRİLƏCƏK

Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi ilə bağlı məlumatların açıqlanmaması müəllimlər arasında narahatlığa səbəb olub.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.

Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, sertifikasiya imtahanlarının tarixləri hər il aprelin sonu mayın əvvəllərində açıqlanır:

"Bundan əvvəlki sertifikasiya imtahanları da imtahana 1 ay qalmış açıqlanıb. İndi daha erkən açıqlanması mənə görə əvvəlki illərdə imtahan verən müəllimlərə haqsızlıq olar. Eyni zamanda imtahanın keçirilməsi bir neçə qurumun razılığı əsasında keçirilir. Burada Elm və Təhsil Nazirliyi ilə yanaşı Səhiyyə Nazirliyi və hüquq mühafizə orqanları da iştirak edirlər. Ona görə də imtahan tarixi həmin qurumlarla da dəqiqləşdirilməlidir".

Ekspert bildirib ki, imtahanlar böyük ehtimalla iyunun 14-dən sonra keçiriləcək:

“Tədris ili ərzində sertifikasiya imtahanı olmayacaq. Tədris bitdikdən sonra iyunun 20-21-dən başlamaqla, iyulun ortalarına qədər bu proses davam edə bilər. Müəllimlər bilməlidirlər ki, iyunun 14-ə qədər imtahan olmayacaq. Qərarı isə aprelin sonu mayın əvvəlinə gözləmək olar”.

Təhsil eksperti Məzahir Məmmədli isə qeyd edib ki, bu məsələ ilə bağlı cavab verəcək orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA):

“Onlar bu məsələlərə aydınlıq gətirməli, izahat verməlidirlər. Amma təəssüflər olsun ki, bu məsələ ilə bağlı mediada və sosial şəbəkələrdə səslənən fikirlərə belə konkret cavab yoxdur. Ona görə də müəllimlər bu məsələ ilə bağlı haqlı narahatlıq ifadə edirlər. Amma 2025-ci ildə müəyyən fənnlərin imtahanı ilə bağlı fikirlər var. Amma konkret olaraq vaxt müəyyən olunmayıb. Düzdür təlimatda nəzərdə tutulub ki, imtahana 1 ay qalmış xəbər verilir. Amma pis olmazdı ki, müəllimlər ən azından hansı ixtisasların sertifikasiyaya cəlb olunmasını bilələr və hazırlıqlı olalar”.

M.Məmmədli müəllimləri təmkinli olmağa çağırıb:

“Qanunvericiliyə görə, müəllimlər imtahanda müvəffəq olmasalar belə, onlara 1 il müddət verilir və yenidən imtahan verə bilirlər. Yəni imtahanı keçə bilməsələr birbaşa işdən azad edilmirlər. Onlar yenidən hazırlaşıb sonrakı il imtahanda iştirak edə bilərlər”.

Share on Facebook