Netanyahu hədələdi: Bu, hələ başlanğıcdır

İsrail ordusunun HƏMAS-ın hücumlarına cavab olaraq Qəzza sektorunda həyata keçirdiyi fəaliyyət sadəcə başlanğıcdır. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. "Biz düşmənlərimizə böyük, görünməmiş güclə cavab veririk. Vurğulayıram: bu, hələ başlanğıcdır. Düşmənlərimiz bunun bədəlini yenicə ödəməyə başlayıblar və bundan sonra nələrin baş verəcəyi ilə bağlı təfərrüatlara varmayacağam, amma bunun yalnız başlanğıc olduğunu deyirəm", - Netanyahu bildirib.

Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur

14 oktyabr millət anasının doğum günüdür Keçmiş Rusiya müsəlmanları qadın hərakatının öncüsü, müsəlman dünyasında ilk qadın jurnalı "Aləmi-nisvan"ın baş redaktoru, Kırım Cümhuriyyəti parlamenti sədrinin katibi(həmçinin türk dünyasında ilk 4 qadın millət vəkilindən biri), İsmayıl bəy Qaspıralının qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur. Millət anası Şəfiqə xanım Qaspıralını sevgi və hörmətlə xatırlayırıq ! Sözcü.az

HƏMAS Natanyahunun qardaşının nəvəsini girov götürüb

İsrailin Baş naziri Benyamin Netanyahunun qardaşının nəvəsi HƏMAS-ın girovluğundadır.  Sozcu.az sosial şəbəkələrə istinadən xəbər verir ki, bu barədə Benyamin Netanyahu özü məlumat verib.  O, bildirib ki, HƏMAS qardaşının nəvəsini (qardaşının oğlunun oğlunu) girov götürüb.Musavat.com)

Henri Kissincer HƏMAS-a hücumların nəticəsi haqqında: Almaniya çoxlu əcnəbini ölkəyə buraxdı

Berlində bir azlıq HƏMAS-ın İsrailə hücumlarını alqışlayır, ABŞ-ın keçmiş baş diplomatı deyir ki, kütləvi immiqrasiya “ciddi səhvdir” ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin sözlərinə görə, Həmas-ın Berlin küçələrində İsrailə qarşı hücumu Almaniyanın ölkəyə həddən artıq çox əcnəbi buraxdığını göstərir. 100 yaşlı keçmiş amerikalı diplomat Almaniyanın Welt televiziyasına Axel Springer-in baş direktoru Matias Döpfnerə müsahibəsində deyib:  "Tamamilə fərqli mədəniyyətə, dinə və anlayışa malik bu qədər çox insanın içəri buraxılması böyük səhv idi, çünki bu, hər bir ölkədə təzyiq qrupu yaradır". 1938-ci ildə ailəsi ilə birlikdə Nasist Almaniyasından qaçan və Vyetnam müharibəsi zamanı Amerikanın xarici siyasətinin memarı olan alman əsilli Kissincer Berlində ərəblərin bayram etməsi ilə bağlı suala cavab olaraq bunun “ağrılı” olduğunu söylədi. keçən həftə sonu İsrailə hücum, şənbə günü səhər saatlarında başlayan qəfil hücumda Həmas yaraqlıları Qəzza zolağından çıxaraq 1200-dən çox israillini öldürüb, onlarla adamı qaçıraraq, Tel-Əviv və Qüds də daxil olmaqla şəhərlərə raket zərbələri endirib. İsrail bundan sonra Qəzzanı mühasirəyə alaraq və öz cavab raketləri ataraq yüzlərlə fələstinlini öldürərək cavab zərbəsi endirib. Kissincer regionda təhlükəli eskalasiya potensialı barədə xəbərdarlıq edərək, HƏMAS-ın "açıq təcavüz aktı"nın "müəyyən cəza ilə qarşılanmalıdır" dedi. Kissincer 1973-cü ildə Misir və Ərəb koalisiyasının başçılıq etdiyi Yom Kippur müharibəsindən əldə edilmiş dərslərə işarə edərək, "Yaxın Şərq münaqişəsinin genişlənməsi və digər ərəb ölkələrini ictimai rəyin təzyiqi altına salmaq təhlükəsi var" deyə xəbərdarlıq edib. Suriya İsrailə hücum etdi. Kissincer bildirib ki, Həmas və onun tərəfdarlarının əsl məqsədi “yalnız ərəb dünyasını İsrailə qarşı səfərbər etmək və dinc danışıqlar yolundan çıxmaq ola bilər”. Keçmiş baş diplomat əlavə edib ki, İsrail hücumda Tehranın əli olduğunu hesab edərsə, İrana qarşı tədbir görə biləcəyi də “mümkündür”. Kissincerin sözlərinə görə, Rusiyanın Ukraynada davam edən təcavüzü və HƏMAS-ın İsrailə hücumu “beynəlxalq sistemə əsaslı hücumdur”. Sözcü.az

"İrəvan bütün hərbi cinayətkarları Bakıya verməyə məcbur olacaq" - Erməni politoloqdan SENSASİON AÇIQLAMA

“Bakının parlaq siyasi addımı İrəvanı Ermənistan ərazisində olan bütün hərbi cinayətkarları qeyd-şərtsiz Azərbaycan tərəfinə verməyə məcbur edəcək”. Sozcu.az xəbər verir ki, bu sözləri erməni erməni politoloq Benyamin Matevosyan deyib. O bildirib ki, həmin cinayətkarlar Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır. “Necə izah edəcəyəm… Ermənistanın siyasi təbəqəsi nə baş verdiyini yaxşı başa düşmədi: Bakı niyə Arkadi Qukasyanı, Bako Saakyanı, David Babayanı, David Manukyanı və Ruben Vardanyanı saxladı? Azərbaycanın məqsədi onlardan “Artsaxın dövlət-hüquqi quruluşu”nun formalaşmasında Ermənistanən rolu, habelə İrəvanın qərarların qəbulu mərkəzi olması barədə aydın sübutlar əldə etməkdir. Bu, Ermənistandan təzminat tələb etməyə imkan verəcək. Onlar həmçinin Ermənistanın müxtəlif illərdəki siyasi rəhbərliyinin Azərbaycana ekstradisiya edilməsini və ya hansısa formada hərbi cinayətkar kimi cəzalandırılmasını tələb edəcəklər”, – deyə erməni Matevosyan bildirib. Erməni politoloq əlavə edib ki, Bakının bunu etmək üçün qanuni hüququ var.

İsrail ümumilikdə Qəzza zolağına 4000 ton ağırlığında 6000 bomba atıb...-"ƏL-Cəzirə"

Ümumilikdə İsrail Qəzza zolağına 6000 bomba atıb. Sozcu.az xəbər verir ki,“Əl-Cəzirə” bu barədə İsrail ordusuna istinadla məlumat yayıb. Atılan bombaların ümumi kütləsinin 4000 ton olduğu qeyd edilir. Fələstin rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində azı 1417 nəfər (təxminən yarısı uşaq və qadın) həlak olub, 6000-dən çox insan isə yaralanıb. Xatırladaq ki, son məlumata görə, "HƏMAS"In son hücumları nəticəsin 1200-dən çox israilli həlak olub, daha 5600-ə yaxın yaralı xəstəxanadadır...

"Ukraynaya yardım davam edəcək və bizi heç kim yalnız buraxmayacaq" - Zelenski

"Dünyada başqa faciələr də var və Rusiya Ukraynaya yardımın bölünəcəyinə bel bağlayır..." Zelenski Qərbin Ukraynaya dəstəyinin azalma riskini etiraf edib Zelenski əmin edib ki, tərəfdaşlar vəziyyətin ciddiliyini anlayır, lakin onlar, o cümlədən ABŞ əmin edir ki, Rusiya ilə mübarizədə Ukraynaya dəstək davam etdiriləcək Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, hazırda Ukraynaya Qərb yardımının azalma riskləri mövcuddur. Lakin o, bunun baş verməyəcəyini əmin edən tərəfdaşlarına inanır. Sozcu.az xəbər verir ki, bu barədə o, Belçikanın baş naziri Aleksandro De Kroo ilə birgə mətbuat konfransında bəyan edib. "Dəstəyin azalmasından əndişələnirəm? Belə risklər var, lakin tərəfdaşlarımız Ukraynanın prioritetləri bilir və bunun üzərində işləyir. Biz İsraildə gərgin vəziyyət və onun təsiri ilə bağlı məsələni müzakirə etmişik. Əlbəttə, tərəfdaşlarımız əmin edir ki, Ukrayna onsuz da yardım alacaq və heç kim Ukraynanı yalqız buraxmayacaq. Biz tərəfdaşlarımıza inanırıq", - o, deyib. Dövlət başçısı əlavə edib ki, çətinliklərin artması, əlbəttə ki, tərəfdaşlarımızın diqqətinin istiqamətini bir qədər dəyişməyə məcbur edəcək, bu da, onun fikrincə, tamamilə aydındır. Zelenski hesab edir ki, bununla əlaqədar olaraq hazırda vəziyyət təhlükəlidir. "Hamı əndişəlidir, o cümlədən ona görə ki, dünyada başqa faciələr də var. Çünki tərəfdaşların təklif edə biləcəyi yardımın həcmi sabitdir. Düşünürəm ki, Rusiya,həm də təkcə Rusiya deyil, buna, yardımın bölünəcəyinə bel bağlayır", - Zelenski hesab edir. Eyni zamanda, o, dəqiləşdirib ki, tərəfdaşlar, o cümlədən ABŞ əmin edib ki, Ukraynaya dəstək hələlik azalmayacaq. Ukraynaya Qərb tədarükü məsələsi Xəbər verildiyi kimi, bundan öncə Pentaqon rəhbəri Lloyd Ostin Zelenskini Ukrayna Silahlı Qüvvələrinə fasiləsiz silah təsarükünə əmin edib. ABŞ müdafiə naziri vurğulayıb ki, onun ölkəsi zəruri resurslara və imkanlara malikdir və diqqətini Ukraynaya yönəltməkdə davam edəcək. Ağ ev bütün tərəfdaşlarına-həm İsrailə, həm Ukraynaya, həm də Asiya-Sakit okean regionundakı tərəfdaşlarına yardım göstərilməsini vəd edib.  Bu bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan çıxış edib.

"Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir" - Y.N.Harari

İsrailli tarixçi Yuval Noah Harari BBC-yə HƏMAS hücumunun mümkün nəticələri barədə danışıb. Harari qeyd edib ki, hücumun şiddət səviyyəsi və sonradan İsrailin cavab tədbirləri nəsillərə təsir edəcək nəticələr verə bilər. Harari, hücumdakı kəşfiyyat uğursuzluğu ilə Netanyahunun siyasəti arasında əlaqə olduğunu müdafiə etdi. Məşhur yazıçı demişdir: "Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir. Netanyahu Fələstinlə hər hansı sülh təşəbbüsünü görməməzliyə vuraraq milləti qütbləşdirərək siyasi karyera qurdu. O, sistematik olaraq dövlət qurumlarına hücum etdi. Biz indi bunun fərqindəyik. Bunun bədəlini biz ödəyirik. Bu, dünyanın bütün demokratik ölkələri üçün bir dərsdir. Buradan alınan ibrət ondan ibarətdir ki, güclü populist liderlərə öz siyasi karyeraları üçün millətləri parçalamağa icazə verilməməlidir." Harari uzun illər ən çox satılan kitablar arasında yer alan “Heyvanlardan Tanrılara, Sapiens: İnsan növlərinin qısa tarixi” kitabının müəllifidir. Sözcü.az 

Kürdəmirdə DƏHŞƏT: yaş yarımlıq körpə su maşınının altında qalaraq öldü

Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb. Sozcu.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, həyətyanı sahəyə içməli su gətirən “QAZ-53” markalı su maşınının sürücüsü İsgəndərov Sahib Sabir oğlu avtomobili geriyə verərkən ehtiyyatsızllq edib və 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

“Moskva demək istəyir ki, Qarabağda bir erməni qalsa belə, Rusiya qoşunu orada qalmalıdır...”

“Rusiya ordusunun 2025-ci ildə ərazimizdən çıxması üçün artıq ən geci bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...” Azərbaycan ordusunun Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçulara qarşı son uğurlu təmizləmə əməliyyatından, erməni əhalinin əksəriyyətinin də könüllü şəkildə ərazini tərk etməsindən sonra da Rusiya hər vəchlə öz “sülhməramlı”larının müstəqil(!), suveren(!) Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində qalma müddətini uzatmağa çalışır. İddia edirlər ki, guya ermənilərlə inteqrasiya prosesində bizə lazım olacaqlar. Halbuki, orada uzağı bir neçə yüz erməni qalıb. Gedənlərin də geri qayıtmaq ehtimalı azdır... Hələlik isə “sülhməramlı”lar bəhanə edirlər ki, azərbaycanlılarla bərabər ermənilərdən yığdığımız silah-sursat, texnika anbarlarına 25 postda keşik çəkirik... Halbuki, həmin silah-sursatın da çox hissəsinin də daşınmasını son 3 ilə yaxın müddətdə özləri təşkil edib... Bütün bunları son baş verən olaylar fonunda nəzərdən keçirəndə, sizcə, heç olmazsa, 2025-ci ildə Rusiya hərbi qüvvələrinin torpaqlarımızı tərk etməsinə nail ola biləcəyikmi?.. Moderator.az-a açıqlamasında  siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Real görünən budur ki, Rusiyanın ermənilərin Qarabağda qalıb-qalmamasından asılı olmayaraq Azərbaycan torpaqlarını tərk etmək istəyi yoxdur. Biz gördük ki, ermənilərin Qarabağı tərk etməsindən sonra ruslar müqavilənin müddətinin uzadılmasından danışdılar. Bu barədə prezident Putinin sözçüsü Peskov da, Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova da danışdı. Və belə çıxır ki, bu, konkret olaraq Rusiya dövlətinin mövqeyidir. Beləliklə, Moskva demək istəyir ki, Qarabağda erməni qaldı-qalmadı, yüz erməni qalsa, hətta bir erməni qalsa belə, Rusiyanın hərbi qüvvələri orada qalmalıdır. Halbuki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin Qarabağın dağlıq hissəsində qalmasının heç bir əsası yoxdur. Azərbaycan həmin kontingentin heç olmasa, 2025-ci ildə ərazimizdən çıxması üçün artıq bu gün Moskva qarşısında məsələ qaldırmalıdır ki, sülhməramlı əməliyyatının predmeti, obyekti artıq mövcud olmadığı üçün Rusiya qoşunları Azərbaycan ərazilərini tərk etməlidir. Və o məsələ ən geci bu gün qaldırılmalıdır ki, 2025-ci ildə biz buna nail ola bilək...”

“Qarabağdan gedən ermənilər silahlarını meşədə gizlədiblər, bir gün qayıdıb...”

Erməni separatçıların Qarabağda bütün silahları təhvil verdiyinə şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərlər. Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qurmaları istisna deyil.  Sozcu.az xəbər verir ki, bu iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib.  E.Şahinoğlu deyib ki, bəziləri “Azərbaycan vətəndaşlığını qəbul edirəm” adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını hərəkətə gətirə bilərlər: “Bu səbəbdən geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar. Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər. Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl içərilərindən bir qrupunu meşələrdə yerləşdirə bilərdilər. Antiterror əməliyyatından sonra hərbçilərimizə arxadan atəş açanlar olub. Bu ehtimalları gözardı edə bilmərik. Kremlin Rusiya hərbi kontingentini bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər”. 

Azadlıq ideyalarının müdafiəçisi Tomas Peyn

Tomas Peyn Amerika və Avropada inqilabi səbəbləri dəstəkləyən İngiltərə əsilli siyasi filosof və yazıçı idi. 1776-cı ildə nəşr olunan və beynəlxalq şöhrət qazanan “Sağlam düşüncə” Amerikanın müstəqilliyini müdafiə edən ilk kitabça idi. İnqilab Müharibəsi zamanı "Amerika Böhranı" məqalələrini yazdıqdan sonra Peyn Avropaya qayıtdı və "İnsan Hüquqları" ilə Fransız İnqilabının həyəcanlı müdafiəsini təklif etdi. Onun siyasi baxışları həbsxanada qalmasına səbəb oldu; azadlığa çıxdıqdan sonra institutlaşmış din və xristian ilahiyyatının mübahisəli tənqidi olan “Ağıl dövrü” adlı son möhtəşəm essesini yazdı.  Sağlam düşüncə Peynin ən məşhur broşürü olan “Sağlam düşüncə” ilk dəfə 1776-cı il yanvarın 10-da nəşr olundu və onun min çap nüsxəsi dərhal satıldı. Həmin ilin sonuna qədər 150.000 nüsxə - o dövr üçün çox böyük məbləğ idi - çap edilib satıldı.  “Sağlam düşüncə” kolonistləri İngiltərəyə qarşı silahlanmağa inandırmaqda mühüm rol oynayır. Burada Peyn iddia edir ki, təmsilçi hökumət aristokratiya və irsiyyətə əsaslanan monarxiya və ya digər idarəetmə formalarından üstündür. Broşür o qədər təsirli idi ki , Con Adamsın “Sağlam düşüncə” müəllifinin qələmi olmasaydı, Vaşinqtonun qılıncı boş yerə qalxardı” demişdi. Peyn həmçinin iddia edirdi ki, Amerika koloniyaları sağ qalmaq üçün İngiltərə ilə qopmalıdırlar və bunun baş verməsi üçün tarixdə heç vaxt bundan yaxşı an olmayacaq. O, Amerikanın təkcə İngiltərə ilə deyil, bütövlükdə Avropa ilə əlaqəli olduğunu və Fransa və İspaniya kimi dövlətlərlə sərbəst ticarət etməli olduğunu müdafiə etdi.  T.Peyn İngiltərənin Norfolk əyalətinin Thetford şəhərində anadan olub. Londonda tanış olduğu Benjamin Franklinin təklifi ilə 37 yaşında Amerikaya köçüb . Bu dövrdə Amerika müstəmləkələri ilə İngiltərə arasında münasibətlər korlanmağa başladı və koloniyalarda müstəqillik ideyası çiçəklənməyə başladı. Amerikada siyasətlə yaxından maraqlanan Peyn köləliyin ləğvini və Amerika koloniyalarının İngiltərədən ayrılmasını müdafiə edən məqalələr yazır.  O , Amerikanın Müstəqillik Bəyannaməsinin hazırlanmasında mühüm rol oynamışdır. Corc Vaşinqtonun fikrincə , "Sağlam düşüncə"insanların şüurunda əhəmiyyətli dəyişikliklərə səbəb oldu". Amerika Müstəqillik Müharibəsi zamanı müxtəlif dövlət vəzifələrində çalışan Peyn 1787-ci ildə Avropaya qayıtdı. O, İngiltərə və Fransadakı krallıqları devirmək və əvəzinə respublikalar qurmaq üçün mübarizə apardı. 1789-cu il Fransa İnqilabı ilə onların bəzi gözləntiləri gerçəkləşdi. 1791-1792-ci illərdə o, iki hissədən ibarət "İnsan hüquqları" kitabını nəşr etdirir. Bu kitabda o, respublika idarəçiliyini müdafiə etdi və ingilisləri monarxiyanı devirməyə çağırdı . O, xalqın təhsil almasını, kasıblara köməklik göstərilməsini, dövlətin işsizlərə iş yerlərinin açılmasını, pensiyaların verilməsini, gəlirlərinə görə artan nisbətdə vergilərin yığılmasını istəyirdi. Bu kitaba görə İngiltərədə vətənə xəyanətdə günahlandırılan Peyn, bu vaxt Fransada Milli Məclisin deputatı seçildi . O, Fransaya gedib parlamentin fəaliyyətində iştirak edib, monarxiyanın ləğvinə səs verib. Bununla belə, Maksmillan Ropespierin dövründə o rəğbətini itirdi, çünki o , XVI Lüdovikin edamına qarşı çıxdı və bir ilə yaxın həbs edildi. Ropespierin süqutundan sonra azad edildi və ağır xəstə olsa da, Milli Konvensiyaya yenidən qəbul edildi . Peyn 1 sentyabr 1802-ci ilə qədər Fransada qaldı və oradanda ABŞ-a getdi . O, ölkə qarşısındakı xidmətlərinin tamamilə unudulmuş olduğunu və onu yalnız dünyanın ən böyük kafiri kimi qəbul etdiyini tez bir zamanda kəşf etdi . Kasıblığına və bəzən sərxoşluqdan pisləşən fiziki vəziyyətinə baxmayaraq, Peyn imtiyazlara və dini xurafatlara hücumlarını davam etdirirdi. 1809-cu ildə Nyu-Yorkda vəfat etdi və Nyu-York ştatı tərəfindən İnqilabçı yazılarına görə mükafat olaraq ona verilən fermada Nyu-Roşeldə dəfn edildi . On il sonra siyasi jurnalist William Cobbett sümükləri çıxararaq İngiltərəyə apardı və burada Peynə bəşəriyyətə verdiyi böyük töhfələrə layiq bir dəfn mərasimi keçirməyə ümid etdi. Lakin plan əks nəticə verdi və sümüklər heç vaxt bərpa oluna bilməyərək itdi.  30 yanvar 1937-ci ildə London Times onu “İngilis Volteri” adlandırdı və 18 May 1952-ci ildə Peynin büstü Nyu York Universitetinin Şöhrət Zalına yerləşdirildi. Tomas Peynin fikirlərindən seçmələr 1. Sağlam düşüncə bizə deyəcək ki, bizi özünə tabe etdirməyə cəhd edən qüvvə, bizi müdafiə etmək üçün ən düzgün olmayan qüvvədir. 2. Bir dəfə işıqlanan ağıl bir daha qaranlıq ola bilməz. 3. Hakimiyyət özünün ən yaxşı şəklində belə pislikdir, özünün pis halında isə dözülməzdir. 4. Hər bir vətənpərvər insanın borcu ölkəsini hakimiyyətdən qorumaqdır. 5. Bu kitabı sizə əmanət edirəm. Kitab dinlə bağlı fikirlərimdən ibarətdir. Hər bir insanın öz fikrinə sahib olmaq hüququnu, fikri mənim fikrimdən nə qədər fərqli olsa da, mən qətiyyətlə müdafiə etdiyimi bilməniz ədalətli olardı. Bu haqqa qarşı çıxan hər kəs indi sahib olduğu düşüncənin köləsi olacaq, çünki onu dəyişdirməkdən özünə mane olur. Hər cür yanlışa qarşı ən amansız silah Ağıldır. Bu günə kimi başqa silahdan istifadə etməmişəm, bundan sonra da istifadə etməyəcəyəm. 6. Doğru olmayan bir hökümət sistemi tərəfindən insanlar bir-birilərinə qarşı düşmən edilmədiyi halda, insan insanın düşməni deyildir. 7. Münaqişə nə qədər ağır olarsa, zəfər də bir o qədər şərəflidir. Çox ucuz əldə etdiyimiz şeyi çox yüngül qiymətləndiririk; əzizlik yalnız hər şeyə öz dəyərini verəndir. 8. Müstəqillik mənim xoşbəxtliyimdir və mən yerdən və şəxsdən asılı olmayaraq hər şeyə olduğu kimi baxıram; mənim ölkəm dünyadır, mənim dinim yaxşılıq etməkdir.  9. İnsan qəddarlığı, təcavüzü və adam öldürməyi Müqəddəs Kitabdan öyrənib; çünki zalım Tanrı inancı zalım insanı yaradır. 10. Uşaq şüurunu sarsıdan hər hansı bir din sistemi doğru ola bilməz.  11. İnsan təbiəti özlüyündə pis deyil.  12. Öz azadlığını təmin etmək istəyən, hətta düşmənini zülmdən qorumalıdır; çünki bu vəzifəni pozarsa, özünə çatacaq bir presedent yaradır. 13. Mən insanın bərabərliyinə inanıram; və inanıram ki, dini vəzifələr ədalətli davranmaq, mərhəməti sevmək və həmvətənlərimizi xoşbəxt etməyə çalışmaqdan ibarətdir. 14. İnsan ancaq ağlını icra etməklə Allahı kəşf edə bilər 15. Qəzəbin ən böyük dərmanı gecikdirməkdir. 16. Bir dəfə işıqlanan ağıl bir daha qaranlıq ola bilməz. 17. Ağıldan istifadə və ixtiyardan əl çəkmiş və fəlsəfəsi bəşəriyyətə nifrət etməkdən ibarət olan bir adamla mübahisə etmək, ölülərə dərman vermək və ya ateisti müqəddəs kitabla dinə çevirməyə çalışmaq kimidir. 18. Azadlıq ağacının meyvəsini yemək istəyənlər ağacın yıxılmaması üçün ona dəstək olmaq yorğunluğunu da riskə atmalıdırlar. 19. “Hökumətin legitimliyi onun xalqın xoşbəxtliyini təmin etmək qabiliyyətindən asılıdır.  20. Hökumət insanların həyatını idarə etmək üçün deyil, insanların hüquqlarını qorumaq üçün bir vasitədir.  21. Hər bir insanın haqqı ədalətin olmasıdır. 22. Fikir azadlığı azadlığın özüdür  23. İnsan hüquqları bir şəxsin digərləri üzərində səlahiyyətinə deyil, hamının bərabərliyinə əsaslanır 24. Cəmiyyətin qanunun aliliyinə inamı hökumətin legitimliyini təmin edir 25. Azadlıq, insanların fikirlərini sərbəst ifadə etmələri və fikirlərini bölüşmələridir 26. Azadlıq insanların öz qərarlarını verə biləcəyi bir mühitdə yaşamasıdır. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Qəzzadan 338 mindən çox fələstinli didərgin düşüb

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 1203-ə çatdığı halda, BMT-nin məlumatına görə, 338 mindən çox fələstinli didərgin düşüb. İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 1300-ə çatıb. Sözcü.az

Rusiyanın Belqorod vilayətinə PUA hücumu edilib: ölənlər var

Rusiyanın Belqorod vilayətinə PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi PUA yaşayış evinə düşüb: “3 nəfər həlak olub, yaralılar var. Ölənlərdən biri uşaqdır. Yaralılar ağır vəziyyətdə reanimasiyaya yerləşdiriliblər. Həkimlər onların həyatlarını xilas etmək üçün hər şey edirlər”, - Qladkov bildirib.

İsrail Blinkeni Qəzzaya kütləvi zərbə ilə qarşıladı

HƏMAS-ın Qəzza zolağındakı hədəflərə zərbələr endirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. “Cümə axşamı səhər saat 4:30 radələrində İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus hədəflərə geniş miqyaslı zərbə həyata keçirib”, - məlumatda deyilir. Şahidlərin bildirdiyinə görə, İsrail təyyarələri Qəzza şəhərini güclü bombardman edib. Qəzza rəsmiləri isə Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə hava zərbəsi endirdiyini bildiriblər. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken münaqişənin hər iki tərəfinin liderləri ilə görüşmək üçün bölgəyə yollanıb.

Araik Xankəndidə görün harada gizlənibmiş - Erməni jurnalist AÇIQLADI

Erməni jurnalist Tatul Akopyan Arayik Arutyunyanın saxlanılmasının bəzi təfərrüatlarını açıqlayıb. Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, “Telegram” hesabında məlumat yayıb. Jurnalistin sözlərinə görə, Arutyunyan səhmdarlarından biri olduğu Xankəndi konyak zavodunda saxlanılıb: “DTX-nin xüsusi təyinatlı dəstəsi onu Tumanyan küçəsində yerləşən zavodda həbs edərək Bakıya aparıb”, – o, yazıb. Akopyanın bu iddiası sosial şəbəkələrin erməni seqmetində müzakirələrə səbəb olub. Xankəndidən könüllü köçmüş ermənilər müzakirələr zamanı bəzi gizli məqamlara aydınlıq gətiriblər. Onlar Araikin gizləndiyini təsdiqləsələr də, ehtiyat tədbirlərinə yetərincə diqqət ayırmadığını bildiriblər. Arutyunyanın gizləndiyi məkandan tez-tez yaxın silahdaşlarına telefon açdığı və şəhərdəki son durumla bağlı onlardan məlumat aldığına dair iddialar var. Vaxtilə Araiklə eyni küçədə yaşamış ermənilər Rusiya sülhməramlılarının onu öz qanadları altına alacağına inandığı üçün təhlükəsizlik tədbirlərinə xüsusi önəm vermədiyini vurğulayıblar.

Rusiyanın Ukraynadakı itkiləri 284 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 990 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 284 890 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 42 tank, 44 zirehli döyüş maşını, 32 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

"HƏMAS"-ın hücumu nəticəsində İsraildə yaralıların sayı 5600-ə çatdı...

"Hazırkı rəqəmlərə görə, müharibədə 1200-dən çox israilli həlak olub, daha 5600-ə yaxın yaralı xəstəxanadadır" Sozcu.az xəbər verir ki, İsrail mediasının Bakı vaxtı ilə səhər saat 08:40-da yaydığı məlumatda belə deyilir. "İsrail qəfildən ölkəmizə hücum edən "HƏMAS" terrorçuları ilə müharibənin altıncı günündədir. İsrail ordusu gözlənilməz kombinə edilmiş hücuma cavab olaraq Qəzza zolağında "Dəmir qılınclar" hərbi əməliyyatına başlayıb. Onun əsas məqsədləri "HƏMAS"-a qurtula bilməyəcəyi güclü zərbələr endirmək, həmçinin əsir götürülmüş israilliləri azad etməkdir. Döyüş əməliyyatlarının uzanmasına baxmayaraq, İsrail öz qələbəsinə əmindir,- xəbərdə bildirilir.

"Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq" - Ekspert

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşahidə məntəqələri bağlanır. Oktyabrın 6-da 3, 7-də bir, 8-də daha iki müşahidə məntəqəsi ləğv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi ardıcıl məlumat yaysa da, Azərbaycan tərəfi sözügedən məlumatları təsdiqləməyib. Müşahidə məntəqələrinin ardıcıl olaraq bağlanması sülhməramlıların Qarabağ ərazisindən vaxtından öncə çıxması demək ola bilərmi? Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiya sülhməramlılarının qısa zamanda Qarabağ ərazisindən çıxması gözlənilmir: "Heç bir halda Rusiya sülhməramlıları Qarabağdan çıxmır. O necə Qarabağdan çıxmaqdır? Rusiya dünən bəyan edib ki, 24 yeni müşahidə məntəqəsi açıb. Onun 14-ü Azərbaycan ilə birgə fəaliyyət göstərəcək. Guya orada silah-sursat və texnikanı qoruyurlar. Rusiya Təhlükəsizlik şurasının sədri Nikolay Patruşevin Azərbaycana səfəri, Lavrovun açıqlamaları, dünən Tatarıstan gəmisinin Bakıya gəlməsi göstərir ki, Rusiya heç bir yerə getməyə hazırlaşmır. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi son günlər davamlı şəkildə sülhməramlıların fəaliyyətini reklam edir ki, guya "sülhməramlılar olmasa, Cənubi Qafqaz batar" ab-havası yaradırlar.  Rusiya Müdafiə Nazirliyi postların bağlanması xəbərini verir, növbəti gün eyni məlumatın təkrarını verir".  Ekspert əlavə edib ki, sülhməramlıların yerləşdirildiyi ərazidə yaşayış olmadığı üçün sülhməramlıların orada qalmağına ehtiyac yoxdur: " O postlar nə üçün saxlanmalıdır? Ağacı qoruyacaqlar ya işıq dirəyini? Orada ermənilər yaşayırdı deyə sülhməramlılar da orada fəaliyyət göstərirdi. Guya nə iş görürdülər ki? Sadəcə əyyaşlıqla məşğul idilər". Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya silahları Azərbaycana təhvil verməlidir: "Yəqin Rusiya düşünür ki, gələcəkdə separatçıların bir qismini qaytaracaq və yenə də separatçılara dəstək olacaq. Rusiya ehtiyat variant kimi, ola bilsin ki, Ermənistandan çağırılan qoşunları bir hissəsini müəyyən müddətdə  sülhməramlı adı ilə saxlayacaq. Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq. Bölgədə sabitlik və əmin amanlıq varsa, sülhməramlılara nə ehtiyac var? Rusiya separatçılığa meyillidir və separatizmi dəstəkləyir. Ona görə də bölgədən hələ uzun müddət çıxmağı planlaşdırmır". Ekspertin fikrincə, yeni yol istifadəyə verildikdən sonra sülhməramlıların 5 müşahidə məntəqəsi artırılıb. Rusiya bununla bağlı Azərbaycana məlumat verməlidir.  Millət vəkili Elman Məmmədov isə bildirdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması gözlənilən məqamdır:  "10 noyabr 2020-ci il sənədində yazılır ki, sülhməramlıların gəlişində məqsəd Laçın dəhlizində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Sülhməramlılar gəlib nə etdilər? 90-cı illərin əvvəllərində olduğu kimi keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin bütün ərazisində öz keçid buraxılış məntəqəsini yaratdılar. Bu, onların missiyası deyildi. Gəldikləri gündən separatçıları qorumağa və onlarla əməkdaşlıq etməyə başladılar. Bu gün həmin separatçılar, işğalçılar ərazilərimizdə yoxdur. Azərbaycan öz ərazisini bütün separatçılardan təmizləyib. Bu səbəbdən də sülhməramlıların ərazimizdə olmasına qətiyyən ehtiyac yoxdur. İki dövlət arasında Rusiya sülhməramlılarının qalıb-qalmaması, nə qədər müddət qalması və qaldıqları dövrdə necə fəaliyyət göstərəcəkləri ilə bağlı danışıqlar aparılır, razılaşmalar əldə olunur. Biz istəyirik ki, özünü sülhməramlı adlandıran Rusiyaya məxsus hərbi kontinget ərazimizi tez vaxtda tərk etsin".

Qəzzada qətlə yetirilənlərin sayı 1100-ü keçdi - 5 mindən çox yaralı var

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 1100-ə yaxın fələstinli həlak olub, 5339 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, Qəzzada blokada vəziyyəti davam edir. Anklavdan yeganə çıxış yolu olan «Rəfah» keçidi İsral qoşunlarının zərbələrinə məruz qalıb.  BMT 200 minə yaxın qaçqınıa yardım edəcəyini bildirib. Lakin yüz minlərlə insan hələ də Qəzzanı tərk edə bilmirlər və sığınacaqlarda hava zərbələrindən qorunmağa çalışırlar.

“Dağlarda gizlənən separatçılar Ermənistana keçməyə çalışırlar, Kəlbəcər və Laçında...”

“Çox şükürlər olsun ki, 44 günlük savaş və son təmizləmə əməliyyatı nəticəsində də şəhid və qazilərimizin canı-qanı hesabına Qarabağın dağlıq hissəsi və ətraf rayonlarımızın, demək olar ki, hər metrini hərbi baxımdan nəzarətə götürdük. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və s. kimi separatçı liderləri dövlət qurumlarımız yaxalayıb Bakıya gətirdi və hazırda zindandadırlar. Lakin əvvəlki söhbətimizdə, dediyim kimi, təəssüf ki, Samvel Babayan, Vitali Balasanyan, Samvel Şahramanyan kimi bəzi separatçı general və məmurlar hansısa yolla Ermənistana keçə bildilər”. Sozcu.az xəbər verir ki, bunu Qarabağdakı son lokal hərbi əməliyyatlar zamanı bələdçi və döyüşçü kimi, nəhayət, 31 il sonra öz doğma yurduna – Şuşa rayonunun Malıbəyli kəndinə gedib çıxa bilmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Azay Kərimov söyləyib. “Dediyim baxımdan bu gün Azərbaycan ordusunun, xüsusən Ermənistanla sərhəd rayonlardakı Milli Ordu və Dövlət Sərhəd Xidməti hərbçilərinin üzərinə böyük məsuliyyət düşür. Çünki Qarabağda hələ də orda-burda meşələrdə, dağlarda, dərələrdə gizlənən separatçılar, terrorçular bu dəqiqə Ermənistana keçməyə yol-riz axtarırlar. Onlar artıq qapısı bağlı anbarda qalmış siçovul kimi qaçmağa dəlmə-deşik arayır. Və həmin separatçıların çoxu son 30-35 ildə həm keçmiş Dağlıq Qarabağla, həm də Ermənistanla həmsərhəd olan rayonlarımızın hər qarışına, hər dağına, hər təpəsinə, hər qayasına, hər daşına, hər cığırına yaxşı bələddirlər. Xüsusən də Kəlbəcər, Laçın əraziləri relyef baxımıdan çox mürəkkəb, tamamilə dağlıq, meşəlik olduğundan erməni separatçı və yaraqlıları üçün o ərazilərdən Ermənistana keçmək bir növ daha asandır. Bu baxımdan dağ, meşə və dərələrimizdə güclü axtarış tədbirləri ilə yanaşı, sərhədlərimizdə də hər dağ keçidinin, hər meşəliyin, hər kolluğun başında 4-5 əsgər dayanmalıdır. Sərhədlərimizi elə möhkəmləndirməliyik ki, daha heç bir nəfər separatçı, yaraqlı da Ermənistana keçə bilməsin. Ehtiyac yaranarsa, ehtiyatda olan qüvvələrimiz də cəlb olunmalıdır. Təki sərhədlərimiz daha etibarlı qorunsun və Qarabağda qalan separatçı rejim tör-töküntülərinin canlarını ədalətli cəzamızdan qurtarmaqlarına imkan verməyək”, – deyə davamında kəşfiyyatçı zabit vurğulayıb./Moderator.az

"Rusiya həm İsraildə, həm Suriyada, həm də Ukraynada terrorçu qruplaşmalara dəstək verir..."

"İsraildə və Ukraynada baş verənlər dünyada düşünüldüyündən çox böyük təhlükədir və yeni dünya savaşına rəvac verə bilər..." "Rusiya həm İsraildə, həm Suriyada, həm də Ukraynada terrorçu qruplaşmalara dəstək verir..." "Rusiya Yaxın Şərqdə müharibənin qızışdırılmasında maraqlıdır..." Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Rusiya "bu və ya digər dərəcədə" HƏMAS-ın İsraildə apardığı əməliyyatları dəstəkləyir. Sozcu.az xəbər verir ki, Zelenski Moskvanın Fələstin terrorçularına yardımı haqqında Fransanın "France 2" telekanalına müsahibəsində bəyan edib. "Bizim xüsusi xidmət orqanları üçün bu, aydındır. Bizdə olan sübutlar bizə Rusiyanın müəyyən terrorçu əməliyyatların aparılmasına kömək etdiyini güman etməyə əsas verir", - Ukrayna prezidenti uzah edib. Onun sözlərinə görə, Rusiyanın terrorçu qruplaşmalara dəstək verməsi ilk dəfə deyil, bunu o, həm İsraildə, həm Suriyada, həm də Ukraynada edib. Rusiyanın HƏMAS-a ilk kömək edənlərdən biri olduğu barədə Zelenski oktyabrın 10-da Rumıniyanın paytaxtı Buxarestə səfəri zamanı bəyan edib. "HƏMAS-ın arxasında kim dayanır? Düşünürəm ki, cavab kifayət qədər sadədir, bunu edən onu dəstəkləyəndir. Biz görürük ki, bu dəstək açıq-aşkardır, silahla dəstəkdir. Bu ki, bir gündə deyil, uzun müddətdir baş verir", - Ukrayna prezidenti Rumıniya lideri Klaus Yohannislə birgə mətbuat konfransında qeyd edib. Zelenski qeyd edib ki, Ukrayna kimi Rumıniya da İsrailə terrorçu hücumu prinsipial olaraq pisləyir. "Bu, çox vacib və lazımlıdır ki, bütün dünya məhz belə prinsipial münasibət bildirsin, terroru və terrorçu hücumlara kömək edənləri və kömək edə bilənləri pisləsin.  Yaxın Şərqdə zorakılığın yayılmasına, Rusiya və ya kimsəyə qarşıdurmanı qızışdırmağa yol vermək olmaz, regionda aparılan və, nəhayət, çoxdan gözlənilən sakitlik gətirəcək və terror təhlükəsindən qoruyacaq bütün fəaliyyətin nəticələrini qoruyub saxlamaq lazımdır", - Zelenski vurğulayıb. Xatırladaq ki, Zelenski dünən axşam videomüraciətində deyib ki, Ukrayna kəşfiyyatı və diplomatları ilə İsraildə və onun ətrafında, habelə bütövlükdə Yaxın Şərqdə vəziyyətlə bağlı müşavirə keçirib. O, qeyd edib ki, "əldə olan çox dəqiq məlumata görə, Rusiya Yaxın Şərqdə müharibənin qızışdırılmasında maraqlıdır". "Məqsəd yeni ağrı və əzab mənbəyinin dünyada birliyi zəiflətməsi, parçalanma və ziddiyyətlərin artırılması, bununla da Avropada azadlığın məhv edilməsinə kömək etməkdir. Biz rusiyalı təbliğatçıların bu hadisələrə necə sevindiyini görürük. Biz Moskvanın İran dostlarının tamamilə açıq şəkildə İsrailə hücum edənlərə çiyinlərini irəliyə verdiyini görürük", - Ukrayna prezidenti qeyd edib. O, vurğulayıb ki, İsraildə və Ukraynada baş verənlər dünyada düşünüldüyündən də çox böyük təhlükədir. Axı, keçmişdə dünya savaşları məhz lokal təcavüzlərdən qızışaraq törədilib.

Akşənərdən Qarabağla bağlı şok xəbərdarlıq

Bu günə qədər Qarabağ təkcə Azərbaycan deyil, böyük bir coğrafiyada hər bir türkün davası olmuşdur. Sozcu.az xəbər verir ki, bu sözləri türkiyənin İYİ Partiyasının başqanı Maral Akşənər qrup toplantısındakı çıxışında deyib. “Nə mutlu bizə ki, biz bu davanın sona çatdığını görə bildik. Şübhəsiz ki, Qarabağ bizim üçün bir həsrət, türklüyün qovşağı, hüquq və azadlıq mübarizəsinin adıdır. Eyni zamanda, Qarabağ bizim üçün, bölgəmizdə sülh və əmin-amanlığı təmin etmək üçün mədəniyyət və ticarət körpüsüdür ki, onu tez bir zamanda sabitləşdirmək lazımdır. Təxminən 30 il əvvəl Azərbaycan ərazisinin 20 faizini təşkil edən Qarabağ işğal edilmiş, 1 milyondan çox bacı-qardaşımız öz yurd-yuvasından köç etmək məcburiyyətində qalmışdı. Heç vaxt unutmuram, Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə onları “Didərgin” adlandırırdı. Yəni öz yerindən, yurdundan köçə məcbur olan qardaşlarımız. Vahabzadə onların çəkdiyi əziyyəti şeirində belə təsvir etmişdi: “Başına haranın külünü töksün, Sinəsi əzabdan dağ-dağ didərgin. Təzə vətənində qərib, çəkingən, Köhnə vətənindən qaçaq didərgin”. İllərlə davam edən bu böyük mübarizə, bu böyük iztirab İkinci Qarabağ müharibəsində Can Azərbaycanımızın qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci ildə atəşkəs anlaşması ilə bərabər, Qarabağ yenidən azadlığına qovuşdu. Ancaq buna baxmayaraq, geridə qalan 2 illik dönəmdə anlaşmanın heç bir maddəsinə əməl olunmadı. Azərbaycanın ərazi bütövlüyünə məhəl qoyulmamağa çalışıldı. Bu səbəbdən 19 sentyabrda Azərbaycan Ordusu Xankəndi və ətrafına yönəlik bir antiterror əməliyyatı gerçəkləşdirərək, konstitusional haqlarını təmin etdi. Beləcə artıq “Dağlıq Qarabağ” anlayışı tarixə qarışmış oldu. Dəyərli millət vəkilləri, indi bizim regionun sülhü və sabitliyi üçün çox mühüm imkanımız var. Bu fürsət yaxşı qiymətləndirilərsə, Azərbaycan ilə Türkiyə arasında birbaşa və fasiləsiz nəqliyyat təmin ediləcək və beləliklə, türk dünyasının inteqrasiyası üçün tarixi bir addım atılacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və onun Orta Dəhlizə qoşulması; O, bütün region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək. Xaoş və münaqişə əvəzinə bölgədə sülh və sabitlik hakim olacaq. Buna nail olmaq mümkün olsa, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin də sağlam nəticəyə çatacağını rahatlıqla deyə bilərik. Lakin unutmaq olmaz ki, bu imkanlar həm də təhlükələr gətirir. Biz imkan verə bilmərik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və regionda yaranan bu potensial qarşısında yeni terror ocağı meydana çıxsın. Çünki son zamanlarda kiçik yaşlı uşaqlara silah təlimi verərək, terroru təşviq etməklə Qarabağda daimi sabitliyin qarşısını almaq üçün terror təşkilatının əsaslarının qoyulduğunu görə bilərik. Qarabağda Azərbaycana qarşı varlığını göstərə bilməyən Ermənistan ASALA-ya əsaslanan VOMA adlı təşkilatla asimmetrik müharibəyə hazırlaşır. Mərdcə döyüşdən qaçanlar öldürmək üçün xain yollar axtarırlar. Ermənistan hökumətlərinin uzun illərdir PKK-ya maddi-texniki və insan resursları dəstəyi verdiyini zatən bilirik. Türk və Türkiyə düşmənçiliyi əsasında başlayan bu birliyin VOMA-PKK ortaqlığı ilə davam etməsi də təbii ki, mümkündür. Buna görə də sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidinə qarşı daha möhkəm qorumalıyıq. Bu terror quruluşunu diplomatik yollarla aradan qaldırmaq üçün biz bütün məlumat və sənədləri beynəlxalq ictimaiyyətə çatdırmalı, Ermənistana terrora sərmayə qoymağın qaçılmaz nəticələrini izah etməli və bununla da onun növbəti tarixi səhvə yol verməsinin qarşısını almalıyıq. Başda Ermənistan hökuməti olmaqla hər kəs bir həqiqəti çox yaxşı bilməlidir: Qarabağ türkdür! Qarabağ türklərindir! Qarabağ Azərbaycanındır! Heç bir terror növü bu həqiqəti dəyişdirə bilməyəcək! Buna görə də bölgədə bir an öncə barış və sabitliyin bərqərar olmasını arzulayır, can azərbaycanlı qardaşlarımıza sevgi və məhəbbətimizi çatdırıram. Əziz dava arxadaşlarım, təəssüf ki, coğrafiyamızda yaranmış və yaradılmış terror təşkilatlarının ortaq nöqtəsi türk düçməni olmalarıdır. Bu gün bizim üçün PKK, YPG, İŞİD nədirsə, Qarabağı hədəf alacaq yeni bir terror təşkilatı da onların qanlı əksi olacaqdır. Ancaq hər kəs bilməlidir ki Azərbaycana yönəlik bu və buna bənzər gedişlər qarşısında türk milləti tək yumruq olacaq və polad yumruğunu terrorun təpəsinə endirəcəkdir. ASALA ilə yoxladılar, başarmadılar, PKK/YPG ilə yoxladılar, başarmadılar. Hizbullah ilə yoxladılar, başarmadılar. İŞİD ilə yoxladılar, başarmadılar. FETÖ ilə yoxladılar, başarmadılar. Nə hikmətdirsə, bütün terror təşkilatlarının hədəfində türk milləti var. Bəziləri ulu dinimizi alət edib millət anlayışına qarşı müharibə elan edirlər. Bəzi insanlar etnik mənsubiyyətdən istifadə edərək millət anlayışına müharibə elan edirlər. Amma onların hamısının ortaq cəhəti türk millətinə, türk dövlətinə və Atatürkə qarşı allergiyalarıdır…” – Aşkənər bildirib.

Ərdoğan HƏMAS nümayəndələri ilə görüş keçirdi – Təcili

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparıb. Sozcu.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı mənbələrə istinadən məlumat yayıb. Danışıqlarda qruplaşmanın saxladığı girovların azad edilməsi məsələsi müzakirə olunub. Mənbənin sözlərinə görə, görüş Ankarada baş tutub. Türkiyə rəsmiləri bu danışıqlarla bağlı rəsmi şərh yaymayıb.