Krımda telekanalların yayımı kəsildi - Zelenskinin müraciəti göstərildi

Krımda telekanalların yayımı kəsilib və Ukrayna prezidenti Vladimir Zelenskinin müraciəti nümayiş etdirilib.  Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb. Krımın “rəhbərinin” müşaviri Oleq Kryuçkov rəqəmsal televiziya xidmətləri göstərən bir sıra internet provayderlərinin sındırıldığını bildirib. Kryuçkovun sözlərinə görə, haker hücumunda Ukraynanın İnformasiya və Psixoloji Xüsusi Əməliyyatlar Mərkəzi (CIPSO) iştirak edib. Məlumata görə, yayımlanan videoda sakinlərə Zelenskinin oktyabrın 24-də Krım Platforması sammitindən sonra yazılan müraciəti göstərilib. Ukrayna lideri həmin videoda Rusiya donanmasının uçuşu barədə danışıb və ilhaq edilmiş Krım əhalisinə müraciət edib: “Hamınız hiss edirsiniz ki, bizim torpaqlarımızda Rusiyanın mövcudluğu əbədi deyil. Mən bunu bilirəm. Ukrayna öz ərazisini, öz xalqını qaytaracaq”.

Dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlandı - Dörd nəfər saxlanıldı

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Araik Bakıdan Şahramanyana tez-tez zəng edir? - Separatçıların yeni planı

Qarabağda qandallanaraq, Bakıya gətirilən separatçı-terrorçu rejimin keçmiş “rəhbərləri” haqda yeni iddialar yayılıb. Ermənistan mediası Araik Arutyunyanın, Arkadi Qukasyanın və Bako Saakyanın Qarabağdan Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanla mütəmadi olaraq əlaqə saxladığını yazır. Bu iddianı İrəvana qaçmış separatçıların qondarma “deputatı” olaraq göstərilən Davit Qalstyan irəli sürüb. “Məhkumlarımız mütəmadi olaraq təkcə ailələri ilə deyil, həm də (qondarma) “artsax prezidenti” ilə əlaqə saxlayırlar. Bildirirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”, - Qalstyan bildirib. Bu iddianın absurd olduğu aydındır. Çünki həbs edilən separatçıların ailələri ilə əlaqə yaratmasından tutmuş bütün digər hüquqları təmin edilsə də, onların özünü ləğv edilmiş qondarma rejimin “rəhbəri” kimi təqdim edən və Qarabağla bağlı iddiaları saxlayan Şahramanyanla əlaqə yaratmasına icazə verilməməlidir. Qalstyanın iddiası daha çox Şahramanyanı “rəhbər” kimi göstərmək məqsədi daşıyır. Bu, Ermənistana qaçan separatçılar arasındakı qarşıdurma fonunda təsadüfi deyil və bu iddiaların Şahramanyanın yeni planı olduğu da istisna deyil. Bununla nümayiş etdirir ki, “keçmiş rəhbərlər” onu “başçı” kimi qəbul edirlər./Publika.az

Qüdsdə terror: 3 ölü, 5 yaralı

10:08 Qüdsdə terror aktı törədilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İlkin məlumata görə, avtobus dayanacağında atışma baş verib. Atışma nəticəsində 6 nəfərin yaralandığı bildirilir. *** Qüdsdə ətrafdakılara atəş açan iki nəfər yerindəcə öldürülüb. Bu barədə İsrail polisi məlumat verib. Qeyd olunub ki, terror aktı nəticəsində 1 mülki vətəndaş ölüb, 5 nəfər isə yaralanıb.

Delimitasiya komissiyasının iclası başladı

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, məlumatı baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb. Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.

Araik Azərbaycan vətəndaşlığı istədi – Şok ifadə

Qarabağda özünü buraxmış keçmiş separatçı-terrorçu xuntanın keçmiş başçılarından olan Araik Arutyunyanın Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsinin daha bir hissəsi yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bez Tormozov” məlumat paylaşıb. İddia edilib ki, Araik özünü “həssas” aparır, hətta cəzasını çəkdikdən sonra Azərbaycan vətəndaşı kimi həyatını davam etdirmək niyyətində olduğunu bildirib. Qeyd edilib ki, o, hazırda İrəvanda olan üç qızı və həyat yoldaşını da Bakıya gətirmək arzusunu ifadə edib.axar)

Psixoloqlara daha çox hansı peşə sahibləri MÜRACİƏT EDİR? – Qalmaqallı AÇIQLAMA

Dünyada və dünyanın bir parçası olan ölkəmizdə psixoloqa ehtiyac duyanların sayı artır. Ailədə, işdə yaranan gərginlik, gündəlik qayğıların yaratdığı narahatlıqdan qurtulmağın yolu həm də psixoloji sakitlik və rahatlığın tapılmasındadır. Bu rahatlığı təmin edənlər psixoloqlardır. Əvvəllər cəmiyyətimizdə psixoloqun məsləhətlərindən yararlanmaq adət olmasa da, indi bu xidmətdən istifadə edənlər kifayət qədərdir.  Maraqlıdır, daha çox hansı peşə sahibləri psixoloqa müraciət edir? Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Vəfa Rəşidova gördüyü işdən asılı olmayaraq psixoloqun məsləhətlərindən yararlananların olduğunu deyib: “Bütün sahənin insanları müraciət edir desəm, inanmayacaqsınız. Məmurundan tutmuş soyuducu ustasına qədər seanslara üz tuturlar. Bu məsələ insanı çox düşündürür. Bəzən elə bir sahənin insanı ilə rastlaşırsan ki, çox önəmli bir işin sahibidir. Amma o insanın belə psixoloqa ehtiyacı olur və psixoloqla görüşür”. Psixoloq seanslara müraciət edənlər barədə məlumatların məxfi saxlanıldığını desə də, onların arasında, müəllimlərin çoxluq təşkil etdiyi qənaətindədir:  “Bütün sahənin insanları, xüsusən, müəllimlər və digərləri müraciət edirlər. Məmurlar, iş adamları da müraciət edir. Bütün oxumuş, təhsilli, özünə hörmət qoyan və psixoloqa dəyər verən insanlar bu xidmətdən yararlanırlar. Hər bir peşə sahiblərinin müraciəti gözəl bir haldır. Deyirlər ki, bir psixoloqa iki psixoloq lazımdır, yəni psixoloqun özü də psixoloqa müraciət edir. Psixoloqsuz indiki zamanda addım atmaq olmur, indi düşüncə dəyişib, hər şey fərqlidir, heç nə əvvəlki kimi deyil”.

Paşinyan Qarabağ erməniləri üçün ayrıca idarə yaratmaqdan imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarənin yaradılmasından imtina edib. Sozcu.az xəbər verir ki, bunu özünü buraxmış qondarma rejimin keçmiş "TŞ katibi" və sabiq "müdafiə naziri" olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib. Babayanın sözlərinə görə, Paşinyanın bu qərarının və imtinanın səbəbləri ona məlum deyil. O əlavə edib ki, Ermənistan baş naziri ilə bu məsələ ilə əlaqədar olaraq şəxsən əlaqə saxlamayıb. Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.

Xarici ölkələrə gedən azərbaycanlıların sayı 27,1 faiz artıb – Rəsmi

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı sonuncu məlumatda deyilir. Bildirilib ki, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 17,9 faizi Türkiyə, 7,7 faizi İran, 5,1 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Küveyt, 1,4 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları olub: Qeyd olunub ki, gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir: “Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 faiz, Kanadadan - 42,7 faiz, ABŞ-dan - 39,4 faiz, Gürcüstandan - 30,5 faiz, Niderlanddan - 29,4 faiz, Küveytdən - 27,3 faiz, İsraildən - 27,2 faiz, Fransadan - 26,9 faiz, Böyük Britaniyadan - 25,7 faiz, Almaniyadan - 22,0 faiz, Türkiyədən - 20,3 faiz, Ukraynadan - 11,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,0 faiz artıb”. DSK-nın məlumatında qeyd olunur ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olub: “Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.                                                                                                                            2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,1 faiz artaraq 1545,2 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6 faiz, Türkiyəyə gedənlərin sayı 20,7 faiz artmış, İrana gedənlərin sayı 13,9 faiz azalıb. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,5 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,2 faizini kişilər, 34,8 faizini qadınlar təşkil edib. 2023-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib”.

Arayik arvadını və qızlarını Bakıya gətirtmək istəyir - Sensasion iddia

Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir.  Bu barədə Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir.  Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir. Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Araikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb"... Onun istintaqa verdiyi ifadələrlə bağlı da ümumi və qismən məlumat ala bilmişik. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Araik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara "...mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb..."  Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün suçu Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxartmağa çalışır.  Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", -deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.  Məlumatda o da vurğulanır ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Araik 10 kq kökəlib.  Yaxın zamanlarda onların cinayət istintaqı yekunlaşacaq və iş məhkəmə instansiyasına təqdim olunacaq. O zaman bu müharibə suçlularını hakim qarşısında görüb, çəkmək, yaymaq imkanımız da olacaq. 

“Ermənistan 1 ildə 8 dəfə bildirib ki, Qarabağ Azərbaycan ərazisidir”

“Baş nazirlərin müavinlərinin Azərbaycan-Ermənistan sərhədindək sabahkı görüşündən sonra tərəflərin yekun sülh müqaviləsi imzalayacağını real görmürəm. Çünki prosesə təsir edən üçüncü tərəflər, əsasən də Rusiya mövcuddur”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında müstəqil siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı deyib.  O, sabah sərhədin Qazax-İcevan istiqamətində keçirilməsi planlaşdırılan Baş nazirlərinin müavinlərinin delimitasiya ilə bağlı görüşünün pərdəarxası məqamlarına toxunub. Analitik düşünür ki, Qərb sənədin imzalanmasından yanadır bu, Qərbin maraqlarına tamamilə uyğundur: “Sual oluna bilər ki, hər hansı bir sazişin imzalanması Moskvanın hansı maraqlarına uyğun deyil? Kreml hesab edir ki, 2020-ci ilin 10 noyabr sənədində qeyd olunan Ermənistan ərazisindən keçəcək kommunikasiya xətləri məhz Rusiyanın nəzarəti altında olmalıdır. Bu, həll olunmayana qədər də heç bir saziş imzalana bilər. Məhz buna görə də Rusiya bu məsələlərdə ciddi təzyiq göstərir. Ona görə də mən sazişin yaxın müddət ərzində imzalanmasına skeptik şəkildə yanaşıram”.  “Lakin Baş nazirlərinin müavinlərinin delimitasiya ilə bağlı sərhəddə keçirəcəyi görüşü müsbət hesab edirəm. Təbii ki, görüşmək və danışmaq lazımdır. Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağı Azərbaycanın suveren əraziləri kimi tanıyır. O, hətta qeyd edib ki, son 1 ildə rəsmi İrəvan bununla bağlı 8 dəfə açıqlama verib və bu məsələdə 2 dövlət arasında heç bir problem yoxdur”, - deyə o, vurğulayıb.  Onun sözlərinə görə, bu amillər təbii ki, müsbətdir və bütün bunları nəzərə alaraq, sülh sazişinin bu şəkildə imzalanması Azərbaycanın milli maraqlarına tam şəkildə uyğundur: “Bu, eləcə də Ermənistan, ümumilikdə isə bölgənin maraqlarına uyğundur. Yekun müqavilə Vaşinqton, yaxud Moskva formatında da imzalanmasa, ən azı, 2 dövlət başçısı bu sənədi öz aralarında görüşüb imzalaya bilərlər. Hətta düzgünü və yaxşı olanı da budur.  Başa düşüyüm qədəri ilə, Qərb də bunun əleyhinə deyil. Onlar buna müsbət yanaşırlar. Bu sənədin imzalanmasının əleyhinə olan isə Rusiyadır. Kreml nəyinsə imzalanmasını məqsədəuyğun hesab etmir və bunu açıq şəkildə bildirir. Yəni həm Lavrov, həm Putin, həm də Zaxarova səviyyəsində bu mesajlar verilib”.  “Yeri gəlmişkən, delimitasiya və demarkasiya ilə bağlı komissiya yayda yaranmışdı və sərhəddə görüşüb müzakirələr aparmışdılar, amma bunun axırı gəlmədi. Halbuki həmin ərəfədə Ermənistan Azərbaycan ərazi bütövlüyünü qəbul etmişdi. Düzdür, həmin dönəm Qarabağda ermənilər var idi və İrəvan onların təhlükəsizlik məsələsini müzakirə edilməsini önəmli hesab edirdi. Lakin görüşlərdən həmin toplantı ilə bitdi. Eynisi yenə də ola bilər. Yəni yenə də hansısa bir çaxnaşma və gərginlik ola bilər. Çünki Rusiyanın hərbi kontingenti hələ də Qarabağdadır və hələ də onların prosesə təsir etmək imkanları var”, - deyə o, fikirlərini yekunlaşdırıb. 

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1140 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 327 580 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 27 zirehli döyüş maşını, 32 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Rusiya ordusunun generalı minaya düşərək həlak olub

Rusiya ordusunun general-mayoru Vladimir Vasilieviç Zavadski minaya düşüb. O, mina partlayışı nəticəsində həlak olub. Hadisənin konkret olaraq hansı ərazidə baş verdiyi hələ ki məlum deyil. Məlumata görə, general 1978-ci ildə anadan olub.

Alen Simonyan: "Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri bərpa olunmalıdır"

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvanın iki qonşu ölkə kimi ən yaxşı yolunun sülh şəraitində yaşamaq və ticarət əlaqələrinin bərpa edilməli olduğunu deyib. Bunu parlamentin sədri özünün teleqram hesabında yazıb: “Uzun, qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var. Ümumiyyətlə, bunun alternativi yoxdur". Qanunverici orqan spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək. A. Simonyan, həmçinin qeyd edib ki, iki dövlət arasında ticarət əlaqələri də bərpa olunmalıdır.

Ukrayna ordusu bu vilayətdə Rusiya qoşunlarının müqavimətini qıraraq irəlilədi...

Ukrayna döyüşçüləri Zaporojye vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirərək irəliləyiblər. Sozcu.az “UNİAN”a istinadal xəbər verir ki, bu haqda  ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (“ISW”) hesabatında bildirilir.  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi rəsmi məlumata görə, Ukrayna qoşunları Melitopol istiqamətində hücum əməliyyatlarını davam etdirib. Hərbi icmalçı Konstantin Maşovets isə bildirib ki, son bir neçə gündə Ukrayna qoşunları Rabotinodan qərbdə Kopani istiqamətində (Rabotinodan 5 km şimal-qərbdə) qeyri-müəyyən uğura imza atıblar. Rusiyalı hərbi bloqçular iddia edirlər ki, Ukrayna qüvvələri ağır texnika və zirehli texnikanın dəstəyi ilə Rabotinonun qərbində və Novoprokopovka yaxınlığında (Rabotinonun cənubu) uğursuz hücuma keçiblər. Belə bloqçulardan biri iddia edir ki, Rusiya qüvvələri Verbovoye yaxınlığında (Rabotinodan 9 km şərqdə) Ukraynanın zirehli hücumunu dəf edib. İşğalçılar da noyabrın 28-də Zaporojye vilayətinin qərbində quru hücumlarını davam etdiriblər, lakin heç bir təsdiqlənmiş irəliləyiş əldə etməyiblər. Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının Rabotino və Novoprokopovka yaxınlığında uğursuz hücuma keçdiyini bildirib. Rusiyalı hərbi bloger hava şəraitinin pisləşməsi səbəbindən hər iki tərəfin hava kəşfiyyatında çətinlik çəkdiyini iddia edib.

“Deputatların çoxu əsgərlikdə olmayıb, olanlar da 365 gün sızıldayıb”

“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. “Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır” fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.  Öz növbəsində, polkovnik əlavə edib ki, hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir:  “Hərbçi üçün saat anlayışı yoxdur. Əgər mülki şəxs əmək müqaviləsi ilə işləyirsə, hərbçi vətəninə xidmət edir:  “Vətən ona əmr etsə ki, get səngərə, səngərə gedəcək, yaxud əmr etsə ki, get düşmən üstünə, düşmən üstünə də gedəcək. Hansı müəllim düşmən üstünə gedib? Hərə öz peşəsini seçib. Əgər müəllim öz peşəsini seçibsə, o niyə hərbçiyə rişxənd etməlidir ki, hərbi qulluqçu 45 yaşında pensiyaya çıxır? Müəllimi hərbçi müdafiə edir. Hərbçi onu müdafiə etməsə, müəllim işləyib ailəsini dolandıra, yaşaya bilər?!”  Onun sözlərinə görə, bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var: “Bu təklifi verən adamlar çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbiyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır. İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən bununla bağlı müsahibəmdə söyləmişəm ki, “nə edirəm o qızıl teşti ki, içinə qan qusum?!” Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq. Bu, ona bənzəyir ki, əgər bir təyyarənin uçuş limiti 1000 saatdırsa, biz onu 2000 saat sürsək, o, istənilən an qəzaya uğraya bilər”. Hərbi ekspertin fikrincə, hərbçilərlə bağlı bu cür yanaşmalar kökündən yanlışdır: “Çox təəssüf ki, bugünkü parlamentdə və idarəetmədə olanlar hərbinin nə olduğunu anlamaq istəmirlər. Lakin bunlar mənim üçün təəccüblü deyil. Çünki bu, həmin Milli Məclisdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səriştəsiz rəhbərliyinin təklifi ilə hərbçiləri 1 səsvermə ilə pensiyaya əməkçi etdilər. Dünyada analoqu olmayan bir şeydir ki, xidmət edən adamı etdilər əməkçi. Ümumiyyətlə, heç bir halda bu tendensiya hərbi xidmətə uyğun gəlmir”. O, xatırladıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun var: “Bütün dünyada belədir ki, harada hərbi varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq”. “Mənim üçün artıq heç nə təəccüblü deyil. Məsələn, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu günə qədər 5 qurum dəyişibsə, indi də hərbi üzərində “dəlləklik” edirlər. Olmaz belə bir şey! Hərbi qorunmalı və hərbini yalnız hərbçi başa düşməlidir. Təəssüf edirəm ki, bu cur yanaşma var. Bunlar hərbi xidmətin nüfuzunu aşağı salacaq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmət olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır və s. İndi deyə bilərlər ki, Qarabağ məsələsi qurtarıb. Doğrudur, qurtarıb, amma bu gün də ölkənin şimalında və cənubunda bizi hər an peşman etmək istəyən qüvvələr var. Ona görə də bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Onlar güc strukturlarından maraqlanmalıdırlar ki, neçə min insan ordudan getmək haqqında raport yazıb. Yəqin ki, ondan sonra başa düşərlər ki, bu məsələ kökündən yanlışdır”, - fikirlərini yekunlaşdırıb. 

“Tərtər işi”: 2 polkovnikə hökm oxundu

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində prokuror V.Ələsgərovun 10 il, R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, F.Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müsavat Avropa Kordinasiya Mərkəzinin rəhbərliyi Almaniya Bundestagının deputatı ilə görüşdü.

Müsavat Avropa Koordinasiya Koordinasiya Mərkəzinin sədri Nurlan Əliyev və Koordinasiya Şurasının üzvü Anar Əliyev Almaniya Bundestaqının Azad Demokratik Partiyasından(FDP) olan deputatı Nico Tippelt ilə görüşüb.  Xatırladaq ki, N.Tippelt həm də Bundestaqın Alman-Cənubi Qafqaz parlament qrupunun üzvüdür.  Görüşdə Azərbaycandakı siyasi vəziyyət müzakirə edilib.  Müsavat Partiyasının başqanı Arif Hacılının oğlunun qanunsuz həbsi, Azərbaycanda Azad media nümayəndələrinə qarşı Azərbaycan hakimiyyətinin son repressiv hərəkətləri, AbzasMedia və Kanal13 kimi media organlarının rəhbərlərinin həbsi ilə bağlı deputata məlumat verilib. Görüşdə həmçinin Azərbaycan -Ermənistan Münaqişəsi, müharibədən sonra vəziyyətin normallaşdırılması, regionda sülhün bərqərar edilməsi üçün atılabiləcək addımlar müzakirə edilib.  "Alman deputata Qafqazda sülhün bərqərar edilməsi yolu hər üç cənubi Qafqaz respublikalarında demokratiyanın bərpasından keçdiyini xüsusi olaraq vurğuladıq. Həmçinin Rusiyanın Qafqazda var olduğu müddətcə hansısa sülh prosesindən danışmağın yersiz olduğunu qeyd etdik. Rusiyanın Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına ,ümumiyyətlə Qafqazda sülhün bərqərar edilməsi üçün maneə olduğunu vurğuladıq. Görüşdə həmçinin bundan sonra Avropa arenasında Azərbaycanla və Qafqazla bağlı müzakirələr zamanı bizlərin də fikirlərinə və təkliflərinə yer verilməsi üçün daimi olaraq FDP nümayəndələri ilə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb. Cənab deputat da bunun üçün Partiyasının maksimum dərəcədə dəstək olması üçün əlindən gələni edəcəyini qeyd edib " - AKM sədri  Nurlan Əliyev bildirib. .

Türkiyədə möhtəşəm əməliyyat: idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib. İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb. Məlumata görə, boksçunumşn ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir. Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.

Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar”

Dünən gecə İkinci Qarabağ Müharibəsi şəhidi Telman Kəlbiyevin Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən ata evinə oğru girib. Şəhidin anası 72 yaşlı Dilşad Kəlbiyevanın evdə tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, bıçaqla hədə-qorxu gələrək evdə olan 800 AZN pulu götürərək, qaçıblar. Bu barədə, filologiya üzrə fəlsəfə doktoru, şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Moderator.az saytına məlumat verib. “Şəhidin xanmı da hərbçidir. İki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, rayondakı evində oğlunun xatirələri ilə, ömrünün qalan hər gününü oğlunun məzarına gedib-gələrək yaşayacağını bildirib. Gəlini və nəvələri ilə Bakıya köçməyib. Hadisə də o tək yaşadığı evdə baş verib.” Qəhrəmanımız Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır. Şəhidin xanımı ilə telefon danışığı zamanı o belə deyib: “Onun sağlığında qapımıza heç kim pis niyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüb maskalı şəkildə evə girib, şəhid anasına bıçaqla hədə-qorxu gəlirlər. Anam şəhid üçün verilən təqaüdü toplayaraq, Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını gözüyaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi.” Xatırladaq ki, Telman Kəlbiyev 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olsa da, cənazəsi ailəsinə 26 dekabrda təhvil verilib. Şəhidlər and yerimiz, onların ailələri isə bir ömürlük əmanətimizdir. Kaş belə mövzularda eyni qədər vicdan və həssaslıq nümayiş etdirə bilsəydik. İnanmaq istəyirəm ki, şəhid Telman Kəlbiyevin ruhu bizi bağışlayacaq...

Yeni dünya düzəni və Güney Azərbaycanın istiqlalı

İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası artıq mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər. Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni isə bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır.  Yeni dünya düzənin qaçınılmaz bir proses olacağı aydın olsa da, yeni nizamın necə olacağı bağlı bir-birinin tam əksinə olan iddialar var. ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz.  İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsirinin azalması qaçınılmazdır. Əslində isə, general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanın bütün çoğraiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil.  Rusiyanın mövqelərinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərinin də zəifləməsinə səbəb olmağa başlayıb.    Moskvanın itirdiyi mövqeni Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin dövlət başçısı Si Cinpin ABŞ-a qarşı avtoritarların alyansını, yuxaarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verdi. “Şər oxu” yaratmayacağı ilə vəd ilə yanaşı Si Cinpin Çinin ABŞ-ın dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır.  Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın isə İranın yeganə sığınacaqq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümaunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığı üçün dağıldı.   Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə münasibətdə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır. “Post-Rusiya Azad Xalqlarının Forumu”nun ligitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisə edilməz dərəcədə dəstək qazandığını göstərir.  Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükaftı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siaysətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək.  Buna görə də müasir dövrdə “şər oxu”nun liderliyi ilə dünya düzəni yarana bilməz. Yaransa belə, belə dünya nizamı həyati qabliyyətli ola bilməz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Cozef Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır.  “Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir.   Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzənini İranda xalqların öz müqəddəratını təyin etmə hüquqnun tanınacağı bir dünya olacaq. Çünki, İran milli dövət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur.  İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiteror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollara sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki, bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, Hizbullahın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar da qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin ligitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdən qaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə daxil qoyacaq.  Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzənin formalaşması prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanunın diqtəsi olaraq tarixi zərurətə çevrilib. Xəqani Cəfərli, politoloq 

Şagirdi döyən məmur istefa verdi

Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə istefa verib. Sozcu.az xəbər verir ki, R.Hacıyev bu barədə özünün “Facebook” hesabında məlumat yayıb.  Sabiq məmur yorulduğu üçün vəzifədən ayrıldığını açlıqlayıb. O, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəklədiyini, bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağını bildirib. Xatırladaq ki, Rüfət Hacıyev dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun adı sonuncu dəfə Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nazim Ramiz oğluna qarşı zorakılıqda hallanıb. Ailəsinin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. Bundan sonra Mirzəyevlər ailəsi R. Hacıyevdən DİN-nin 102 çağrı mərkəzinə şikayət edib.

Rusiyanın ŞOK itkiləri açıqlandı

Ukrayna müharibənin 643-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 326 440 hərbçi, 5523 ədəd tank, 10285 ədəd zirehli döyüş maşını, 7876 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 302 ədəd avtomobil texnikası, 5905 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.

Şimal rayonlarında 14 santimetrdən çox qar yağıb

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Sozcu.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb. Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir. Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.