Dünən gecə İkinci Qarabağ Müharibəsi şəhidi Telman Kəlbiyevin Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən ata evinə oğru girib. Şəhidin anası 72 yaşlı Dilşad Kəlbiyevanın evdə tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, bıçaqla hədə-qorxu gələrək evdə olan 800 AZN pulu götürərək, qaçıblar.
Bu barədə, filologiya üzrə fəlsəfə doktoru, şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Moderator.az saytına məlumat verib.
“Şəhidin xanmı da hərbçidir. İki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, rayondakı evində oğlunun xatirələri ilə, ömrünün qalan hər gününü oğlunun məzarına gedib-gələrək yaşayacağını bildirib. Gəlini və nəvələri ilə Bakıya köçməyib. Hadisə də o tək yaşadığı evdə baş verib.”
Qəhrəmanımız Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır. Şəhidin xanımı ilə telefon danışığı zamanı o belə deyib:
“Onun sağlığında qapımıza heç kim pis niyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüb maskalı şəkildə evə girib, şəhid anasına bıçaqla hədə-qorxu gəlirlər. Anam şəhid üçün verilən təqaüdü toplayaraq, Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını gözüyaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi.”
Xatırladaq ki, Telman Kəlbiyev 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olsa da, cənazəsi ailəsinə 26 dekabrda təhvil verilib.
Şəhidlər and yerimiz, onların ailələri isə bir ömürlük əmanətimizdir. Kaş belə mövzularda eyni qədər vicdan və həssaslıq nümayiş etdirə bilsəydik.
İnanmaq istəyirəm ki, şəhid Telman Kəlbiyevin ruhu bizi bağışlayacaq...